Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:43

“Məşhur azərbaycanlı yazıçı” adıyla Türk naşirlərinə kimi sırıyırlar?


Muhammed Çiftçi:

Muhammed Çiftçi:

Türkiyənin "Kaknüs yayınları" nəşriyyatının sahibi Muhammed Çiftçi:

"Çingiz Abdullayevin romanlarının heç birini ikinci dəfə çap edə bilmədik. Bir qədər satılsa da, ikinci nəşr üçün tələb olmadı".

"Mir Cəlalın “Dirilən adam” romanını, Adil Şirinin şeir kitabını çap etsək də, bazarda rəğbət görmədyinə şahid olduq".

"Qardaşım, sən kitab yarmarkasına gəlirsən- ölkənin rəhbərinin kitabını nümayiş etdirməyə yox!"

Əli İldırımoğlunun “Aqibət” və “Mənim rəncbər atam” kitablarını “Kaknüs” nəşriyyatı Türk oxucusuna tərcüməçi Əli Əkbər Əliyevin bu sözləri ilə təqdim edib : “Məşhur azərbaycanlı yazıçı Əli İldırımoğlu Azərbaycan nəsrində realist cərəyanın yaradıcılarından və hal-hazırda ən güclü təmsilçilərindəndir".


Muhammed Çiftçi ilə Azadlıq Radiosunun İstanbul müxbiri Mais Əlizadə söhbətləşib.

Sual: Təcrübəli naşir olduğunuzu bilirik. Azərbaycan yazıçılarının əsərlərini nə vaxtdan çap etməyə başladınız?

Cavab: Azərbaycanla əməkdaşlığa 90-cı illərin axırından başladıq. Üsküdarda bir evimiz vardı. Orada Türk dünyasından gələn bəzi tələbələrlə yaxın əlaqə yaratmışdıq.

Azərbaycanla dialoqumuz da oradan başladı. Azərbaycandan Əli (tərcüməci Əli Əkbər Əliyev) adında bir tələbəni nəşriyyatımızda işə götürmüşdük.

O arkadaşımızın bizə tərcümə etdiyi ilk əsər Çingiz Abdullayevin bir romanı oldu - ruscadan çevirmişdi.

90-cı illərin əvvəlində maşınla həm Şimali, həm də Cənubi Azərbaycanı gəzmişdim. Biz Çingiz Abdullayevin 5 kitabını çap etdik.

Onun Rusiyada və dünyada tanınan bir yazıçı olduğunu bilirdik. Biz onunla danışanda dedik ki, Türkiyəni yaxından maraqlandıran bir mövzuda əsər yazsın-burda çap edək.

Çingiz bəy PKK terror təşkilatının KQB ilə əlaqələrinə dair əsər yazmağa söz versə də, əvvəlcə buna müsbət baxdı; sonra isə əsəri yazmadı. Onun kitab bazarı daha çox Rusiyadadır.

Məncə, onun kitabları Azərbaycanda da çox satılmır.

Mən Azərbaycandakı insanları düşündürən birinci dərəcəli məsələnin yaşayış olduğunu gördüm. Hətta orada lüks həyata marağın hər şeydən qabağa keçdiyini deyə bilərəm.

Mən Türkiyədə Çingiz Abdullayevin kitablarını oxuyub bəyənməyən adam görmədim.

Ancaq bu kitablar geniş oxucu kütləsinin marağına səbəb olmadı. Biz onun əsərlərini çap edərkən “Millyyət” , “Hürriyyət” kimi qəzetlərdə yarım səhifə, bir səhifə elanlar da verdik.

Ancaq detektiv roman janrı bizdə rəğbət görmədi. Hər halda, bizim oxucularımız düşündü ki, Şərqdən detektiv yazıçısı çıxa bilməz və biz də bu düşüncəni qıra bilmədik.

Bir də ki, bir nəşriyyatın çap etdiyi hər şeyin satılmasından da söhbət gedə bilməz. Hər kəsin özünə görə bir cizgisi vardır və detektiv əsərlər də bizim üçün yeni bir sahədir.

Biz bunu Çingiz Abdullayevlə sınaqdan keçirdik.

Sual: Çingiz Abdullayevin 5 kitabından hər hansı birini ikinci dəfə çap etdinizmi?

Yox. Heç birini ikinci dəfə çap edə bilmədik. Bir qədər satılsa da, ikinci nəşr üçün tələb olmadı. Ancaq Çingiz bəyin kitabları bizim üçün sıxıntı da yaratmadı.

O, bizim çap etdiyimizə görə, peşman olduğumuz bir yazar deyildir. Çingiz bəy detektiv roman üçün yaxşi bir isimdir. Ondan başqa çap etdiyimiz kitablarda isə vəziyyət başqa cür oldu.

Məsələn, Musa Qasımlının “Azərbaycan tarixi” kitabını çap etdik.

Çox da alıcısı olmadı. Elmi kitabların alıcı kontingenti məhduddur.

Mir Cəlalın “Dirilən adam” romanını, Adil Şirinin şeir kitabını çap etsək də, bazarda rəğbət görmədyinə şahid olduq. Əslində bizim geniş bir konsepsiya yaratmağımız lazım idi. Mən dünyanın müxtəlif kitab yarmarkalarını gəzirəm.

Əli İldırımoğlunun “Aqibət” və “Mənim rəncbər atam” kitablarını “Kaknüs” nəşriyyatı Türk oxucusuna tərcüməçi Əli Əkbər Əliyevin bu sözləri ilə təqdim edib : “Məşhur azərbaycanlı yazıçı Əli İldırımoğlu Azərbaycan nəsrində realist cərəyanın yaradıcılarından və hal-hazırda ən güclü təmsilçilərindəndir. Yazıçı müasir Azəri- Türk ədəbiyyatında epik mövzulu romanların müəllifi kimi də tanınır”

Türkcə dünyada danışılan beşinci dildir. Bu mənada bizim Türkiyədə çap etdiyimiz kitabların ən yaxşı satılacağı yerlərdən biri Azərbaycan olmalıdır. Hal-hazırda Türk dilli ölkələr arasında Türkiyə qədər aktiv nəşr fəaliyyəti olan bir ölkə yoxdur.

Biz son ildə kitab çapı mövsümündə ədəbi-mədəni sahədə ayda 2500 adda kitab nəşr edirik.

Buraya dərsliklər və müxtəlif sahələrə aid kitablar daxil deyildir. İndi Türkiyədə bəzi kitablar dünya ilə eyni gündə çıxır. Azərbaycanda dil Türkiyə Türkcəsinə çox yaxındır. Bir neçə hərf fərqi var.

Hər iki tərəfin müvafiq nazirlikləri kitab mübadiləsi və satışı sahəsindəki əməkdaşlığı reallaşdıra bilmədi. Biz Türkiyədə lazımi qurumlara müraciət etdik.

Türkiyədə bu işlərə liderlik edə biləcək qurumlar vardır. Ancaq hələlik, müsbət cavab ala bilməmişik.

Sual: Azərbaycan yazıçılarının sizdə çap olunan kitabları barədə daha geniş məlumat verə bilərsinizmi?

Cavab: Əli İldırımoğlunun 3 kitabını çap etdik. O, 1950-ci illərin kəndlərini təsvir edən bir yazıçıdır. Bizdəki Yaşar Kemal kimi. Azərbaycanın son 50 ilini onun kitablarında görə bilərsiniz.

Biz onun əsərlərini çap etdik-ancaq satışında istədiyimiz nəticə hasil olmadı.

Sual: Demək istəyirsiniz ki, bu kitablar sizə heç nə qazandırmadımı?

Cavab: Baxın, naşir üçün bir əsər satılarsa, onun xərclədiyi pula dəyər. Kitab satılmayandan sonra o, naşirə ziyan vurur.

Sual: Çap etdiyiniz bu kitablar satılmayanda anbara qayıdırmı?

Cavab: Bizim 500 kvadrat metr anbarımız var və hər il satılmayan kitabları saf-çürük edib dəyər-dəyməzinə satmağa çalışırıq. Biz cəmiyyətə qarşı məsuliyyət daşıyırıq. 33 paraqraf altında kitab nəşr edirik.

Bizimlə mədəni əlaqəsi olan hər ölkə ilə əməkdaşlıq etməyə hazırıq. Türkcənin danışıldığı hər ölkənin bizim üçün bazar olması lazımdır-Qaqauz vilayəti də, Kazan da. Mən Frankfurt kitab yarmarkasında, İstanbuldakı TÜYAP kitab yarmarkasında Azərbaycandan gələn naşirləri görürəm.

Onları bizim mədəniyyət nazirliyimizin 20 il əvvəlki işçiləri ilə müqayisə edə bilərəm. Həyatlarından bezmiş, yarmarkanın bitməsini səbrsizliklə gözləyən, kitab satışını yox, mağazaları gəzməyi düşünən adamlar ölkənizi yarmarkalarda təmsil edirlər.

Bütün yarmarkalara eyni kitabları aparırlar. Sanki Azərbaycanda təzə heç bir kitab çap edilmir.

Stendlərdə duran adamlar az qala kitabları tərsinə qoyacaqlar.

Azərbaycanın stendinə baxırsan, bir də, məsələn, Bəhreyndən, ərəb şeyxlərinin hakim olduğu ölkələrdən gələn kitablara baxırsan. Bunların dəyəri mənim üçün eynidir.

Qardaşım, sən kitab yarmarkasına gəlirsən- ölkənin rəhbərinin kitabını nümayiş etdirməyə yox! Bir də ki, söhbət böyük bir filosofdan-zaddan getmir ki?

Sual :Azərbaycan və Türkiyənin əlaqədar nazirlik və idarələrinin müştərək çap siyasəti yaratmasının lüzumundan bəhs edirsiniz. Siz bu işin gələcəyi ilə bağlı nə düşünürsünüz? Əgər Azərbaycanla əməkdaşlığa davam etsəniz, hansı kriteriyalara üstünlük verəcəksiniz?

Cavab: Əgər işin mədəni-siyasi tərəfindən danışsaq, bəlkə bundan narahat olanlar tapıla bilər. İşin iqtisadi tərəfindən danışaq. Bu, bir bazardır. İşin bu tərəfinə diqqəti cəlb edərək bu bazarı dəyərləndirək.

Kitablarımızı həm burda, həm orda nümayiş etdirək. Kitabların keyfiyyəti yüksəlsin. Azərbaycanda Yazıçılar Birliyi dövlətlə yaxın əlaqəsi olan təşkilatdır. Onlar bu sahədə çox iş görə bilər. Ancaq bunun üçün, ilk növbədə, köhnə təfəkkürdən xilas olmaq lazımdır.

Mən orada bəzi etirazçı gənclərlə də tanış oldum. Onlar Yazıçılar Birliyinə hücuma keçmişdilər. Sorosdan pul alıb orda bəzi işlər görməyə çalışanlar da var. Mən bir naşir kimi öz üzərimə düşən işlərin bəzilərini görməyə çalışdım.

Ancaq Azərbaycandakı zəminin hələ də sürüşkən olduğunu, populizmin çox olduğunu deməliyəm.

Hal-hazırda camaat Bakıda ev almağa mağazadan kitab almaqdan daha çox önəm verir. 3-4 il qabaq Azərbaycan mətbuatı bizim barəmizdə yazırdı. Məsələn, biz “Əli və Nino”nu Çəmənzəminlinin romanı kimi çap etdik.

Burada məqsədimiz Azərbaycana dəstək olmaq idi.

Biz qarşılıqlı bazar yaradılmasının tərəfdarıyıq. Mən 3-4 maşın kitab götürüb Türk dünyasının müxtəlif yerlərindəki sərgilərdə nümayiş etdirmək istəyirəm. Sarayevodan Bakıya qədər hər yerdə kitab mağazası açmağı xəyal edirəm.

İndi bu layihəmə sponsor da axtarıram. Türkcə kitabları kitabxanalara hədiyyə vermək də mənim arzularımdan biridir.

Çap etdiyimiz kitablar üçün peşmançılıq çəkməyimizin bir mənası yoxdur. Yeni sözlər deməli, yeni şeylər hazırlamalıyıq.

Həmçinin oxu
Anbar ədəbiyyatı...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG