Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:33
«ALLAH KÖNÜLLƏRİNƏ RƏHM SALDI»

Bakıdakı «Fatimeyi-Zəhra» məscidiylə bağlı qalmaqalın başa çatdığını demək olar. Məhkəmənin sökülməsi haqda qərar çıxardığı məscid Qafqaz Müsəlmanları İdarəsinə verilib. Prezident İlham Əliyevin göstərişiylə. Dövlət başçısı bu addımı Qafqaz Müsəlmanları İdarəsinin müraciətindən sonra atıb. Qurumun başçısı Allahşükür Paşazadə prezidentə müraciət edərək tikilinin sökülməsi haqda məhkəmə qərarının dayandırılmasını xahiş edib, tikilinin idarənin sərəncamına verilməsini təklif etmişdi.

«Fatimeyi-Zəhra» dini icmasının rəhbəri Mirtofiq Rəsizadənin sözlərinə görə, mayın 14-də onları Qafqaz Müsəlmanları İdarəsinə çağırıblar. Və dini icmaya verilən məlumata görə, məscid bundan sonra Qafqaz Müsəlmanları İdarəsinin sərəncamında olacaq, yarımçıq qalan tikilinin inşasını isə Bakı Şəhər İcra Hakimiyyəti başa çatdıracaq. Hətta Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi də dini icmanı qeydiyyatdan keçirəcək.

Qafqaz Müsəlmanları İdarəsinin sözçüsü Rəhimə Dadaşova isə bunu deyir:

«Əsas odur ki, ortada siyasi iradə var. Şeyx həzrətləri bu məsələylə bağlı mövqeyini dəfələrlə açıqlayıb…» .

Polis «Fatimeyi-Zəhra» dini icmasının üzvlərini Ali Məhkəməyə yaxın buraxmır, 28 aprel 2010
Qərara sevinən «Fatimeyi-Zəhra» məscidi dini icmasının rəhbəri Mirtofiq Rəsizadə isə şərh verməkdən imtina etdi:

«Nə bilim vallah, bunu qərar verənlər özü bilər. Allah ürəklərinə rəhm saldı. Yuxarıda Allaha təşəkkür edirik, yerdə möminlərə dua edirik. Prezidentə, şeyxə, hamıya təşəkkür edirik».

Yada salaq ki, bir il əvvəl Suraxanı rayon İcra Hakimiyyətinin iddiası əsasında 1 saylı İqtisad Məhkəməsi «Fatimeyi-Zəhra» məscidinin sökülməsi ilə bağlı qərar vermişdi. Bu il aprelin 30-da isə Ali Məhkəmə bu məscidin sökülməsi ilə bağlı qərarı qüvvədə saxlamışdı. Son bir neçə gündəsə məscidlərin dağıdılmaması ilə bağlı xaricdən prezidentə müraciətlər gəlirdi. Sonuncu belə bir müraciət iranlı Ayətullah Məkarim Şirazinin dilindən səslənmişdi. O, hökumətə xəbərdarlıq etmişdi ki, məscidlərin dağıdılması davam edərsə, müqavimət fətvası verəcək və bu yolda həlak olanları şəhid elan edəcək.

BU ADDIM KÖNÜLLÜ ATILMAYIB

Konfliktoloq Arif Yunus deyir ki, hökumətin bu addımını yüksək qiymətləndirir. Amma əlavə edir ki, hökumət bu addımı öz xoşuna, könüllü atmayıb, bu qərar dindarların və cəmiyyətin təzyiqi altında verilib:

«Yaxşı olardı ki, problemə həmişə belə yanaşaydılar. Gözləməyəydilər ki, kimsə hardansa müraciət etsin. Yəni, bu məscidlə bağlı dəfələrlə müraciət olub, etiraz aksiyaları olub, bu addımı çoxdan atmaq olardı…».

«TƏSADÜFDƏN NƏTİCƏ ÇIXARTMAYAQ»

Rauf Mirqədirov
Parlamentin İnsan Haqları Komitəsinin rəhbəri Rəbiyyət Aslanova isə deyir ki, bu, prezidentin müstəqil qərarıdır və öz iradəsiylə atılmış addımdır. Onun fikrincə, təsadüfdən nəticə çıxartmaq da lazım deyil.

TƏHLÜKƏLİ PRESEDENT


«Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirov isə deyir ki, düzdür, QMİ rəhbəri məscidlə bağlı çoxdan müraciət edib. Amma o da var ki, Azərbaycanda məscidlərlə bağlı başqa problemlər də var. Ən azı təmir adıyla qapısı bir ildir bağlı qalan Türkiyənin Dəyanət Vəqfinin tikdiyi məscidi də açıla bilərdi. Rauf Mirqədirova görə, qərarın məhz indi verilməsi təhlükəli presedentə yol açır:

«Bu da təhlükəli presedent yaradır. Çünki İranın Ayətullahı Şirazi Azərbaycan hakimiyyətini təhdid etdi. Bəyan etdi ki, fətva verə bilər. Bu bəyanatlardan sonra sərəncam verilməsi məhz İranın ruhani dairələrində belə fikir yaradar ki, Azərbaycanla şantaj dilində danışmaq olar. Eləcə də beynəlxalq aləmdə bu təəssürat yarana bilər».

Şərhləri göstər

XS
SM
MD
LG