Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan-Ermənistan - əbədi çözülən problemlər variantı


Niyazi Mehdi
Niyazi Mehdi
Bu günlərdə SİMERA dərnəyinin Cenevrədə çağırdığı konfransa qatılmışdım. Mövzu beləydi: «Yeni Geosiyasət və Qafqazda diplomatiyanın rolu». Mənim mövzum isə beləydi: «Qafqazda konfliktlərin Semiotik anomaliya prinsipində çözümü».

Bu çıxışımın mətni ötən yüzilin axırına yaxın «Yeni Müsavat»da çap olunmuşdu. Onun üçün də hələ ki özümdən yox, konfransdan danışacam.

ANCAQ ÜSLUB POZUNTUSU DA OLDU...

Ora, sözsüz, ağıllı adamlar toplaşmışdı. Ona görə də hətta iştirakçıların az qala yarısı erməni olsa da bəzi istisnalarla ideoloji çıxışlar yapmırdılar. Bu o deməkdir ki, mətnlərini Azərbaycanla bağlı qınaqlarla «bəzəmirdilər». Yadımda yalnız bu üslubu pozan iki-üç deyim qalıb.

ÜSLUB POZUNTUSU NƏDƏ OLDU

Birini Tevan Poqosyan söylədi: bizimkilər Azərbaycan TV-lərinə baxırlar, orada isə adamlar qəzəblə söyləyir ki, ermənisiz Qarabağ istəyirlər (bu da yersiz «kişilənmənin» ziyanı). Bunu mənim yanımda Ter-Petrosyanın müşaviri olmuş Jerar Libardiana dedi və mən məcbur oldum söyləyim ki, elə səhnələr xarakterik deyil, bəlkə də savaşdan yaxınını itirmiş adamların affekt halıdır, ya da sadəcə, girdirmə vətənçilik hoqqasıdır. Əgər Heydər Əliyev və indi onun oğlu rəsmi olaraq bəyan edirlərsə ki, Dağlıq Qarabağın ən yüksək statusda muxtariyyətini tanıyarlar, deməli, ciddi Azərbaycan siyasətində ermənisiz Qarabağ ideyası yoxdur. Onu da artırdım ki, bütün normal müxalifət partiyaları da qəbul edirlər ki, Dağlıq Qarabağ elə muxtariyyətdə olmalıdır ki, orada bütün insanların haqlarının qorunması tam qarantiyalı olsun.

YENƏ MİLLƏTLƏRİN ÖZ MÜQƏDDƏRATININ HƏLL ETMƏK HAQQI

Başqa bir çıxışda Süzanna Vasilyan Dağlıq Qarabağla bağlı öz müqəddəratını həll etmək haqqını yada saldı. O zaman mən replika atdım ki, bu yaxınlarda Tbilisidə «Günel Quliyeva Xalqların öz müqəddəratını həll etmək haqqına qarşı» mövzusunda Rəmzi Qafqaz Məhkəməsi keçirmişik.

Orada Günelin opponenti Vahe Avetyan olmuşdu və bizim qız ona göstərmişdi ki, bu haqqı yalnız separatizmə, yeni dövlət qurmağa icazə kimi anlamaq düz deyil. Onun bir açımı da odur ki, xalqlara Dövlətin içində İnsan Haqları baxımından tam şərait yaradılmalıdır.

MİLLƏTLƏRİN ÖZ MÜQƏDDƏRATININ HƏLL ETMƏK HAQQINA QARŞI BİZDƏ DEYİLƏNİN ZƏİFLİYİ

Mən daha söyləmədim ki, həmin Məhkəməni Günel uddu. Məsələyə belə yanaşma gürcülər üçün də düz olduğundan həmin meydanda udmaq heç də böyük iş deyildi. Yeri gəlmişkən, Günellə söhbətdən mənə aydın oldu ki, həmin haqla bağlı «ermənilər, artıq, bir dəfə öz müqəddəratlarını həll ediblər» söyləmək Uluslararası hüquq baxımından düz deyil, ancaq təəssüf ki, son zamanlar onu Prezidentin dilindən də eşitmişəm. Avstriya almanca danışanların, Avstraliya, ABŞ ingiliscə danışanların dövlətidir və hamısında da suverenlik savaşları olub. Sabah Dağlıq Qarabağ erməniləri özlərini rəsmi sənədlərə «arsaq» adında yazsalar həmin arqument də puç olacaq. Onun üçün də Prezidentin beynəlxalq hüquq üzrə məsləhətçiləri bu variantı nəzərə almalıdırlar.

MİLLƏTLƏRİN ÖZ MÜQƏDDƏRATININ HƏLL ETMƏK HAQQI ÜSTÜNDƏ ERMƏNİLƏRİN DƏ BİR-BİRİ İLƏ MÜBAHİSƏSİ OLA BİLƏR


Ancaq mənim üçün maraqlı oldu ki, Poqosyanla Jerar Libardian arasında mübahisə düşdü və axırıncı da təsdiq etdi ki, Dövlətin sınırlarını dəyişmədən «Xalqların öz müqəddəratını həll etmək haqqını» gerçəkləşdirmək olar, məsələn, Kanadada Kvebek kimi. Cavabında Poqosyan kinayə etdi ki, Azərbaycan Kanada deyil. Ancaq bu kinayə işləmədi.

KONFLİKTLƏRİN BELƏ ÇÖZÜMÜ DƏ OLA BİLƏR

Bizdə adamlar var ki, ermənilərin iştirak etdiyi hər konfransdan «onlara göstərdim» hayqırtısı ilə qayıdırlar. Mən istəməzdim belələrinə oxşayım. İştirakçıların yetkin ingilis dili fonunda mənim ingilis dilim semantik çalarlarla oynamağa, incəlikləri açmağa yetərli deyildi.

Ona görə də bir neçə ideyanı atıb dayandım. Söylədim ki, Qafqazda konfliktləri virtuallaşdırmaq konfliktləri çözməyin bir yoludur. Sonra çalışdım qısaca virtuallaşdırmağa örnəklər göstərim.

ƏBƏDİ ÇÖZÜLƏNLƏRDƏN

Daha sona söylədim ki, adi düşüncəyə görə problem varsa, onu birdəfəlik çözmək yolu da var. Ancaq, məncə, elə problemlər var ki, birdəfəlik yox, gündə, yəni əbədi olaraq çözülməlidirlər. ABŞ-da zəncilərə, İspaniyada basklara hakimiyyətlər əbədi, gündəlik çözülməli olan problemlər kimi baxırlar. Qafqazda da Gürcüstan, Azərbaycan hökumətləri azlıqlara əbədi, yəni hər gün çözülən problemlər kimi yanaşmaq mədəniyyətini mənimsəməlidirlər. Bizim variantda isə ermənilər problemin birdəfəlik həll oluna bilinməsi aldanışından qurtulmalıdırlar.

TOPLANTIDA SƏSLƏNƏN MARAQLI FİKİRLƏRDƏN

Jerar Libardian: Mən Bakıda, Yerevanda, Tiflisdə, Tehranda. Türkiyədə seminarlar aparmışam. Hamısında hamının yanaşması budur ki, biz normalıq, qonşularımız anormal.

Qarabağ konfliktinin iştirakçılarından soruşdum ki, nədir sizin üçün Qarabağ? Aydın oldu ki, biri üçün ərazidir, o biri üçün etniklik.

Qarabağla bağlı tərəflər maksimum nə istədiklərini bilirlər, minimum istədiklərini isə bilmirlər.

Miklaus Farbi: Kosovonun tanınması istisnadır, presedent deyil (is exceptional, but not precedential).

Oksana Antonenko: Obamanın vaxtında dünya problemlərinin çözümündə ABŞ və Rusiya sıfır əməkdaşlıq modelindən çıxıblar. Bunu Qırğızıstan və Ukrayna ilə bağlı görmək olar.

İndiki Rusiya siyasətində Rusiyanın gələcəyi mərkəzdədir və Qafqaz probleminə apatiya yaranıb. Ondan «xala xətri» danışırlar.

Qarabağla bağlı da Rusiya siyasəti həvəssizləşib. İmitativ nəsə edilir. Gerçək isə heç nə! Bəzən Medvedev göstərmək istəyir ki, bəlkə də Gürcüstanda bir az yaxşı davranmamışıq, ancaq əvəzində baxın, görün Qarabağ məsələsində necə pozitivik.

Piter Semnebi: Güney Qafqazda bağanmış sınırlar bizim üçün fundamental problemdir, çünki bağlı sınırların özü də konfliktlər qaynağıdır. Axı, yeni nəsillər yetişir və onlar qapalı mühitdə qonşulardan xəbərsiz qaldıqları üçün düşmənçilik psixolojisində formalaşırlar.

Tevan Poqosyan: İndi savaş başlasa tüfəng, top yox, uçaqların və raketlərin savaşı olacaq. Bunun nələr doğuracağını düşünmək çətin deyil.
XS
SM
MD
LG