Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:31

Mənfi azərbaycanlı obrazları – vətənə xəyanətdir?


"Dədə Qorqud" filmindən kadr
"Dədə Qorqud" filmindən kadr
Tərcüməçi Sevil Gültən hesab edir ki, “Qorxaq, laqeyd, vətəninin dərdinə biganə azərbaycanlı obrazları olan əsərləri xarici dillərə çevirmək ölkə haqda mənfi rəy yaradır və bu, ermənilərin dəyirmanına su tökməkdir.

TƏRCÜMƏ ETDİYİM ƏSƏRLƏRDƏ AZƏRBAYCANLI OBRAZLARI

Bəri başdan deyim ki, məqsədim hansısa əsəri tənqid etmək deyil.

Sadəcə, başqa millətin oxucularına ingilis dili vasitəsilə çatdırılan əsərlərdəki Azərbaycanlı obrazları barədə öz fikirlərimi oxucularla bölüşməkdir.

Bəlkə də başqa vaxt zəif Azərbaycanlı obrazı yaradılmış əsəri başqa dillərə tərcümə etmək elə də diqqəti cəlb etməzdi.

Amma indi Azərbaycanlılarla ermənilər arasındakı münaqişəyə hələ də son qoyulmadığı bir dövrdə qorxaq, laqeyd, vətəninin dərdinə biganə obrazları yaradıb tərcümə etdirmək elə ermənilərin dəyirmanına su tökmək kimi bir şeydir.

Bu barədə yazmağı planlaşdırsam da sonra nədənsə fikrimdən daşındım.

Amma bu yaxınlarda Mirkazım Seyidovun “ Erməni vandalizmi” kitabının təqdimat mərasimində çıxış edən Moskvada yaşayan həmyerlimiz İntiqam Zeynalovun çıxışını dinləyəndən sonra yazmağı qərara aldım.

İntiqam Zeynalov dedi ki, Moskvada bir erməni həmişə öz qəzetində Azərbaycanlılar əleyhinə məqalələr çap edirmiş. İntiqam Zeynalov da həmin ermənini məhkəməyə verir.

ANCAQ MƏHKƏMƏNİ UDUZUR

Çünki məlum olur ki, həmin erməninin öz qəzetində çap etdiyi məqalələrdəki faktların hamısı elə biz Azərbaycanlıların yazdıqları məqalələrdən götürülüb.

Belə bir atalar sözü var: “ Ağıllını kənara qoyma, hayıfdır, dəlini kənara qoyma, ayıbdır.”

Cəmiyyətimizdə sözsüz ki, çatışmayan cəhətlərimiz, nöqsanlarımız var. Bunu bilirik. Bu nöqsanları daha da böyüdüb aləmə car cəkmək bizim xeyrimizə yox, əksinə ziyanımızadır.

Bir neçə ay əvvəl yazıçı Azər Abdulla bir hekayəsini mənə verdi ki, ingilis dilinə tərcümə edim.

“ Qəmərlidən keçən qatar” adlı bu hekayədə qorxaq Azərbaycanlı obrazı yaradılmışdı. Hekayə ermənilərlə münaqişə başlamazdan neçə il əvvəl qələmə alınıb.

Eyni bir qatarda erməni dığaları ilə birgə Azərbaycanlı ailəsi də gedir. Ermənilər yaşlı Azərbaycanlı kişinin papağını vaqondan çölə tullayır, onları təhqir edir.

Yaşlı kişinin oğlu isə onlarlın payını vermək əvəzinə az qala onlara yalvarır. Sonda isə atasına deyir ki, kədərlənməsin, ona təzə papaq alacaq. Mən hekayənin qısaca məğzini yazdım.

ÖZ GİLEYLƏRİMİ MÜƏLLİFƏ DƏ DEDİM

O isə dedi ki, guya atasının papağı dığalar tərəfindən çölə tullanan oğul böyük iş görüb, ailəsinin sağ –salamat qalması üçün onun başqa yolu yoxdur. Yazıçı onu da dedi ki, hadisə onun öz başına gəlib.

Ola bilər. Ədəbiyyat ümümiləşdirmədir.

Bir fərdin qorxaqlığı bütöv bir millətin qorxaqlığı kimi başa düşülə bilər.

Təsəvvür edək ki, həmin hekayəni ingilis dilinə tərcümə edildikdən sonra Azərbaycan və Azərbaycanlılar haqqında yalnız ermənilərin uydurduqlarını oxuyan bir avropalı oxucu oxuyur. Sözsüz ki, həmin oxucunun beynində Azərbaycanlı deyiləndə

“ qorxaq” bir obraz canlanacaq. Mən həmin hekayəni tərcümə etmədim.

Yəqin ki, Azər Abdulla öz hekayəsini başqa birisinə tərcümə etdirib və əgər hekayə peşəkarcasına tərcümə edilibsə onda avropalı oxucular onun sayəsində “ qorxaq” Azərbaycanlı ilə tanış olublar.

Mən bu yazımda tərcümə etdiyim bir hekayədən ( yazıçı nədənsə öz hekayəsini neo-roman adlandırır, halbuki o, hekayədən başqa bir şey deyil) . Söhbət Mahirə Abdullanın “ Ağıllı qadının intiharı” adlı “ neo-roman” –ından gedir.

Düzünü desəm, hekayəni tərcümə etməzdən əvvəl bir neçə dəfə oxusam da bəzi şeylərə diqqət yetirməmişdim.

Yalnız hekayəni ingilis dilinə tərcümə edib qurtarandan sonra, ingilis dilində oxuyandan sonra

BƏZİ YERLƏR DİQQƏTİMİ CƏLB ETDİ

Hekayənin ilk sətirlərinə fikir verək : “ Özünə qəsd edən “ vətənpərvər “ qadından yazmağa başlamısan.” Niyə əsl vətənpərvər qadından yox, dırnaq işarəsi arasında olan “ vətənpərvər” qadından yazır yazıçı? Məgər Azərbaycanda

vətənpərvər qadın yoxdurmu? Heç son illəri demirəm, Böyük Vətən Mühəribəsi ərzində qəhrəmanlıq göstərən neçə -neçə qəhrəman qızlarımız, qadınlarımız olub. Olmazmı ki, Mahirə xanım o qadınlardan birinin obrazını yaradaydı.

Və ingilis dilli oxucular da görəydi ki, hələ özünün“ ümumi” vətəni olan SSRİ- i üçün öz canlarından keçən qadınlar gör öz müstəqil dövlətləri üçün nələr etməzlər?

Daha sonra qadın deyir: “ Məni ermənilər öldürməyib. Yalandır. Məni siz öldürmüsünüz.”

Olmazdımı ki, Mahirə xanım ermənilərə əsir düşən, öz namusunu qorumaq üçün özünü öldürən qadınlarımızdan, qızlarımızdan yazaydı. Erməni vəhşiliyini öz sözlərilə təsdiqləyəydi?

Hekayədə intihar etmək istəyən qadın ilgəyi keçirmək üçün bu boyda Azərbaycanda yer tapmır. İlgəyi erməni Lalanın sırğalarına keçırir.

“ Lalanın uzun barmaqlarında mənə hədiyyə etdiyi sırğalar halqalanır.

Budur, nicat yeri, əllərmi uzadıram, ilgək asanlıqla barmaqlarına keçir. “
Bu cümləni dəfələrlə oxudum.

İnanın mənə, başa düşə bilmədim ki, müəllifin nicat yeri kimi erməni qadınının barmağında halqalanan sırğaları seçməsində məqsədi nədir. Onu da əlavə edim ki, intihar etmək istəyən qadının adı Natəvandır.

Bu adın özü ümumiləşdirilmış bir Azərbaycanlı qadınının adıdır. Qadının ərinin adı isə Zabitdir. Zabit adının içində də iki məna gizlənib. Bu adı həm həqiqi həm də məcazi mənada başa düşmək olar.

Yəni torpaqları alınmış bir ölkənin əsgəri, yaxud zabiti mənasında.

ƏRİNİ SEVMƏYƏN, AİLƏSİ ÜÇÜN XÖRƏK BİŞİRMƏKDƏN BEZƏN AZ QADIN TAPILAR

Azərbaycanlı qadın həmişə ailəsini hər şeydən üstün tutub.

Ərini sevməsə də onun qulluğunda durub, övladları üçün həyatlarını qurban verməyə hazır olub. Nədənsə Mahirə Abdulla nəinki ərini sevməyən hətta ərini söyən bir Azərbaycanlı qadınını başqa millətlərə təqdim etmək istəyib: “ Zabit deyəndə, deməli, ərimdir, atasının adı Zal, bacısının adı Zabitə. Adlara bax... zzz. Zırrama uşağı.”

Bəs elə isə görək bu Zabit necə kişidir? “ Adına baxma, başını əsgər kimi tutmağı, heş yeriməyi də bacarmır, gözü ayaqqabısının ucundan qalxmır, danışanda qızarıb pörtür, hamı da elə bilir utanır, yox ey, xəbisliyindən pörtür.

Həmişə belələrinin arvadı “ Qəhrəman ana” medalı alıb, özü uşaqpulu xərcləyib. “ Yenə də yazıçını başa düşmək çətindir. Görəsən o nə üçün məhz bu cür kişi obrazı yaradıb?

Döyüşdə qəhrəmanlıqlar göstərən, özlərini tankın altına atan kişilərimiz yoxdurmu? Arvadının qeyrətini çəkə bilməyən kişi obrazı ilə ingilisdilli oxucuları tanış etməkdə yazıçının məqsədi nədir görəsən?

“ Bir dəfə meşədə məni səhadət barmağı boyda ilan balasının qabağında qoyub qaçmışdı.”

Balaca ilan balasından qorxub qaçan kişinin silahlı erməni ilə üzbəüz qalıb döyüşməsinə kim inanar? “ Xocalı gedəndə Zabitin ürəyi partlamadı”. Ürəyi partlayan şairlərimiz oldu, neçə -neçə kişilərin saçı bir gecədə ağardı. Niyə müəllif onların obrazını yaratmır?

Çətinliklər var ölkəmizdə. Bu çətinliklər barədə yazıb düşmənlərimizi sevindirməliyikmi? “ Milli məclidə deputatlar yumruq davasına çıxirlar” . Bu cümlələri ingilis dilində oxuyan

ERMƏNİ NƏ FİKİRLƏŞƏR?

Yaxud “ Qoşunlarımız geri çəklilir”, “ Torpaqları verdilər“, “ 37 –ci il çoxdan bitib, donosa eytiyac yoxdur. Meydanda, tribunada hamı bir-birini istədiyi kimi söyür.” Bu cümlələri oxuyan oxucu heç fərqinə də varmır ki , söhbət hansı illərdən, hakimiyyətdə kimlərin olduğu dövrdən gedir.

Oxucu üçün Azərbaycanlı obrazı formalaşır.

Gəlin aşağıdakı cümlələrə də fikir verək : “ Doğulduğum torpaq, isindiyim ocaq, sığındığım ev-eşik, içdiyim bulaq suyu, gəzdiyim xalı çəmənlər heç vaxt mənim olmayıb.”

Görəsən Mahirə xanım yaratdığı obrazın dili ilə bu cümlələri deyəndə düşünməyibmi ki , Azərbaycanlı qadının dili ilə deyilmiş bu cümlə elə ermənilərin dediyiklərini təkrarlamaqdır? Doğulduğumuz torpaq əgər bizim olmayıbsa bəs kimin olub, Mahirə xanım?

Nədənsə yazıçı sanki qarşısına bir məqsəd qoyub ki, yaratdığı obrazda yalnız pis əlamətlər yaratsın. Mindən bir uşaq böyüyəndən sonra da altını isladır, hansısa xəstəliklə əlaqədar.

“ Uşağın 12 yaşı var, öz balandır, doqquzuncu sinfə kimi sən də altını isladırdın. Yaz-qış döşəyin ardıc payalarından düzəldilmış cağın üstündə buğlanırdı.”
Rüşvət sözü ingilis dilində də var. Deməli, rüşvət sözü varsa rüşvət də var.

HƏR MİLLƏTDƏ RÜŞVƏT ALAN DA VAR, VERƏN DƏ

Erməniyə neft satan müdiri rüşvət alıb azad edən müstəntiq obrazı ilə müəllif nə demək istəyir başqa millətin oxucularına?

“ Deyilənə görə müdirimiz Gürcüstandan Ermənistana neft satırmış”. Daha sonra isə “ Müdir çulunu sudan quru çıxarmışdı.” Rüşvət alanlarımız var, lap elə bəlkə də erməniyə neft satanı da rüşvətlə azadlığa buraxan müstəntiqlər var. Amma bu çoxluq deyil. Bu cür cümlələrlə biz ermənilərə haqq qazandımış olmuruqmu?

Mənə elə gəlir ki, başqa dillərə tərcümə etdiyimiz əsərlərdə milli elementlər üstünlük təşkil etməlidir. “ Rusiyanın birinci kanalında “Mimino” kinosu gedir. Kinoya baxıb bir az dincimi almaq istəyirəm.” Insan ruhunu dincəldən muğamlarımızın görəsən yazıçının yaratdığı obrazın ruhunu dincəltməyə gücü çatmazdımı?

Yaxud məşhur kinolarımız olan “ O, olmasın bu, olsun” , “ Arşın mal alan” filmləri niyə yada düşməyib? ”

Adətən ermənilərin ağızları yay-qış sarımsaq qoxuyur. O qədər milli yeməklərimiz var ki... Müəllifin yaratdığı obrazlar isə sarımsaq olmadığı üçün deyinənlərdir. Yarpaq dolması qatıqla yeyilir. Yalnız könlü istəyənlər qatığa sarımsaq əlavə edə bilərlər.

Hekayənin sonuna yaxın bir yer var. “ Köhnə müsəlman qəbirstanlığında Səfər bəy əsil-nəcabətli qohum-əqrəbaları ilə yanaşı basdırılıb. Lala ( erməni qadını) güllələnmiş qəbir daşlarını ətəyiylə silir. Yasılar silinir, əyri xaçlar qabarır.”

Yuxaridakı cümlələri ingilis dilində oxuyan erməniyə də elə bu lazımdır. Yoxsa bu cümlə vasitəsilə müəllifin hansı mənanı ifadə etmək istəməsi erməniyə gərək deyil.

“ Lala, Lala, üzügülər, dərdəqalan, hər işə yarayan Lala.

Erməni olanda nə olar, sənin üçün darıxıram.

BİZ ERMƏNİLƏRSİZ YAŞAYA BİLMƏRİK

Ermənilərsiz bir günümüz olmasın. Bir yekə Amin!

Mahirə Abdulla deyir ki, bü cümlələr istehza ilə deylib. Bu cümləni oxuyanda onun istehza ilə deyildiyini necə hiss etmək olar?

Yaxud “ Sən məndən yazma, bu evin əsl yiyəsi, Səfər bəyin gəlini Laladan yaz. Yaşadığın ev qaynatasının mülküdür. Günü sabah gəlib evdən şıxaracaq, Qarabağdan çıxardığı kimi. ”

Onu da deyim ki, erməni qızı Lala Azərbaycanlı Səfər bəyin gəlini olub. Bu qədər insanlar arasında erməni iə evlənən Azərbaycanlı kişidən yazınca müəllif niyə əxlaqsız erməni qızlarından yazmır?

Mən bu hekayə barədə öz fikrimi yalnız bir tərcüməçi kimi bildirdim. Yazıçının haqqı var ki, istədiyi obrazı yaratsın. Ancaq mənə görə başqa millətin oxucularına elə əsərlər təqdim edilməlidir ki, həmin əsərlər Azərbaycan və Azərbaycanlı barədə təsəvüürü olmayan insanlara əsl Azərbaycanlı obrazı ilə tanış etsin.

Hər hansı bir fərd millət deyil.

P.S. Mahirə Abdulla YB –də rəyçi vəsifəsində işləyir. Bu hekayəni oxuyandan sonra mənim üçün çox maraqlıdır ki, o, hansı əsərlərə müsbət rəy verir? Özü kimi, yalnız mənfi cəhətləri özündə cəmləşdirən Azərbaycanlı obrazları yaradanlara yoxsa .....

Sevil Gültən
YB-nin üzvü, tərcüməçı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG