Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:12

Min nəfəs, bir səs...


Vaqif İbrahimoğlu
Vaqif İbrahimoğlu
«Bu festivalda biz daha çox insani ilişgilər, insani münasibətlər yaratdıq. Aktyorlarımız öz həmkarlarıyla, mən də öz növbəmdə rejissorlarla ünsiyyət qurdum».

Konyada keçirilən Türkcə Teatr Yapan Ölkələr Festivalının iştirakçısı «Yuğ» Dövlət Teatrının bədii rəhbəri Vaqif İbrahimoğlu bu fikri AzadlıqRadiosunun «Can Bakı» proqramının canlı efirində səsləndirdi.

Alma-Ata Akademik Dram Teatrının bədii rəhbəri İsmixan ağa ilə tanış olduğunu, doyunca söhbət etdiyini, ona Azərbaycan müəlliflərinin əsərlərini verdiyini dilə gətirən Vaqif bəy «gələcək üçün çox səmərəli layihələr barədə saziş bağlamaq fikrimizi yəqinləşdirdik» dedi.

BAKIDA BEYNƏLXALQ TEATR FESTİVALLARI KEÇİRİLİRMİ?

Yeni tariximizdə Bakıda bir neçə dəfə «beynəlxalq» adlanan teatr festivalları keçirildiyini, Sankt-Peterburq şəhərindən, Gürcüstandan, İrandan teatr kollektivlərinin dəvət olunduğunu bildirən Vaqif İbrahimoğlu «Rəhmətlik Həsənağa Turabovun dövründə bu təcrübəyə yiyələnməyə təzəcə başlamışdıq, sonra hansısa obyektiv, subyektiv, mistik səbəblərdən bu proses bir qədər ləngidi».

V.İbrahimoğlu bu ilin oktyabrında Bakıda 1-ci Beynəlxalq Teatr simpoziumu keçiriləcəyini də söylədi və çox gərgin hazırlıq içində olduqlarını dedi: «İnşallah, biz onu normal səviyyədə keçirsək, yəqin ki, davamı olacaq».

Qonağımız Beynəlxalq Festival keçirməyin elə də asan olmadığını etiraf etdi:

«Konyada keçirilən festivalın təşkili çox mükəmməl idi. 10-12 teatr kollektivini dəvət etmək, onları yerləşdirmək və 10 gün tamaşalar oynamaq, mədəni proqram sərgiləmək, tanışlıq qurmaq çətin işdir».

POTENSİALIMIZ BÖYÜKDÜR…

Konya Dövlət Teatrının həm də festivalda bir-birindən gözəl üç tamaşa göstərdiyini qeyd edən İbrahimoğlu «Bizim Bakı olaraq belə bir festival keçirmək potensialımız çox böyükdür. İnanıram ki, oktyabrda keçiriləcək simpozium Bakının, Azərbaycanın mədəni həyatını, teatr həyatını canlandırmaq üçün çox gözəl vasitə olacaq» deməyi də unutmadı.

Vaqif Ibrahimoğlu və Yaqut Paşazadə
«Yuğ» teatrının aktrisası Yaqut Paşazadə isə, bu fikirdədir ki, Azərbaycan teatrlarının təqdim edəcəyi işlər daha çoxdur: «Konya teatrı tək Dövlət Teatrı olaraq bu festivala qoşulmuşdu. Amma Azərbaycanın, görün, nə qədər böyük teatrları var? Hərə bir tərəfdən qoşulsa, gələcək qonaqlara hər teatrdan dəstək gəlsə, keçirəcəyimiz festivalın səviyyəsi daha yüksək olar».

TƏƏCCÜBLƏNDİRDİK!

Yaqut xanım ötən il Misirdə teatr festivalına qatıldıqlarını, təəccüblənmək əvəzinə, təəccübləndirdiklərini bildirdi: «Keçənilki Misir festivalının səviyyəsi Azərbaycan teatrından—«Yuğ» teatrından üstün deyildi. Tamaşalarımızı görəndən sonra onların bizə baxışı dəyişdi. Hər tamaşadan sonra keçirdiyimiz ənənəvi müzakirələr də çox bəyənildi. Misirdən fərqli olaraq Konya festivalında nə istədiklərini bilirdilər. Şüarları da bəlli idi: Min nəfəs, bir səs. Bu festival təkcə tamaşalarla deyil, həm də atmosferlə yadda qaldı. Şəxsi dostluqlar, müxtəlif teatrların iş prinsipləri ilə tanışlıq maraqlı idi».

MƏN GƏLƏCƏYƏ NİKBİN BAXIRAM


«İnşallah, gələcək illərdə biz bütün dediklərimizi gerçəkləşdirəcək, əsl beynəlxalq festivallar keçirəcəyik» deyən Vaqif İbrahimoğlu «bu, qaçılmazdır» fikrini də sözünə əlavə etdi.

- Qədim şəhər—Konya söylənilən kimi gözəldirmi?

- Qnaqlarımız Konyada Mövlanə Cəlaləddin Ruminin məqbərəsini hansı hislərlə ziyarət etdilər?

- Mövlanə muzeyində Nizaminin və Füzulinin əsərlərinin əlyazmasını görəndə niyə təəccübləndilər?

- «Mən Məhəmməd Füzuli» tamaşasiyla festivala qatılan sənətkarlarımızı muzeydə «Qurani-Kərim»lə yanaşı qoyulan «Həqiqətüs-süəda» niyə kövrəltdi?

- Tamaşalardan sonra keçirilən ənənəvi müzakirələri konyalı sənətkarlar necə qarşıladılar?

- SMS-lər necə cavablandırıldı?

«Can Bakı»nı dinləyin

XS
SM
MD
LG