Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:48
"Cahan" jurnalından

SƏNİN ÇİYİNLƏRİN


Sənin çiyinlərin,
Yalçın qayalar tək vüqarlı, məğrur
Mənim saçlarımın dalğaları da
Bu yalçın qayalar enişlərindən
Tökülür, tökülür şəlalə kimi.

Sənin çiyinlərin,
Böyük bir qalanın divarlarıdır
Mənim saçlarımın telləri bir-bir
Rəqs edir divarlar üstündə, sanki
Çinar yarpaqların külək titrədir.

Sənin çiyinlərin,
Dəmir minarədir və bu minarə
Böyük cilvəsidir qanın, həyatın
Rəngi də qızarmış mis rəngi kimi
Həvəsin o səssiz məbədindəyik
Qərarsız yatmışam kənarında mən
Öpüşlərin yeri sənin canında
Yandırır səni
Sanki bədənini ilan çalıbdır.

Sənin çiyinlərin,
Günəşin o isti, qızmar çağında
Büllur, gilə-gilə tərin altında
Parlayır bir dağın zirvəsi kimi.

Sənin çiyinlərin,
Mənim istək dolu baxışlarımın
Qibləgahıdır.

Sənin çiyinlərin
Daşdan səccadədir,
Qutsal səccadə
Alın yapışdırıb namaz qılmağa.

**
Öpüş

Mənim dodağımı öpüşlərinin
yanar atəşiyə öpüb yandıran
mənim gözlərimin dərinliyinə
sığınan sirləri anlamayırsan.

*

Mən öz ürəyimdə, bilirsənmi ki,
gizlin saxlamışam sirrini sənin?
Bu gizlin sevgidən, bilirsənmi ki,
bağrıma bir atəş yerləşmiş dərin?

*

Deyirlər o qadın divanədir tam,
Dodağından öpüş verir o, asan.
Doğru, ancaq sənin öpüşlərindir,
Solğun dodağıma bağışlayır can.

*

Şöhrət arxasınca deyiləm qəti,
Sənin qucağını istəyirəm mən.
İçimi yandıran sönməz atəşə
Alıb qucağında su çiləyəsən.

*

Fürsət axtarıram gözlərdən uzaq,
Səninlə məst olum ağlar, gülümsər.
Qızıl çiçəklərdən bir döşək üstə,
Səninlə bir gecə eyləyəm səhər.

*

Mənim dodağımı öpüşlərinin,
Yanar atəşiylə öpüb yandıran.
Bu sonsuz kitabdır, ancaq sən ondan,
Yalnız bir səhifə oxuyacaqsan.

**

Hədiyyə

Mən gecənin dərinliyindən danışıram
Qaranlıqdan danışıram.
Gecənin və qaranlığın qatılığından danışıram.
Əgər bizə gəlsən, mehriban gözəl,
mənim üçün bir çıraq gətir
və bir pəncərə.
O pəncərədən baxım,
Mutluluq küçəsində
Mutlu insanların izdihamına.

**

BAHAR VƏ QIZ

Bir qız pəncərədən baxarkən dedi:
“Ay baharın qızı, sən nə gözəlsən!
Ətrini, gülünü, gözəlliyini
Nəyə mail olsan, alaram səndən.”

*

Cavan bir budağın tumurcuqları,
Bayğın gözlərini naz ilə açdı.
Qızıl saçlarıyla, al qanadıyla,
Gümüş bulaqlarla o qucaqlaşdı.

*

Günəşin gülümsər dodaqlarından,
Gündüzün üzündə nur aşıb-daşdı.
Kiçik bir ləpəyə bir əsinticik (nəsim)
Bir sirri söyləyib tez uzaqlaşdı.

*

Bağban sevindi ki, yetişdi bahar,
Gülləndi əkdiyim gözəl ağaclar.
O qız pəncərədən dedi: “Nə fayda,
Mənimçün olmadı heç zaman bahar.”

*

Günəş qıpqırmızı göyün dibində
Qan dənizi içrə sanki axırdı.
Heyran fikirlərlə gündüz gedirdi,
O qız pəncərədən qəmli baxırdı.

**

ÇİMMƏK

Soyundum könlümü açan havada,
Zülal bir bulaqda yuyunum, çimim.
Gecədən könlümə şübhə ələndi:
Sirrimi çeşməyə deyim, deməyim?

*

Sular sərin idi, ləpələr duru,
Sarıldılar mənə pıçıldaşaraq.
Sanki söyləyirdi büllur ləpələr:
Sən də qatıl bizə, qatıl bizə, ax…

*

Uzaqlardan külək əsərək birdən
Bir ətək üstümə çiçək ələndi.
Çiçəyin, yarpızın, gülün ətrindən
Könül təzələndi, ruh təzələndi.

*

Yumdum gözlərimi səssiz və bayğın
Bütün çiçəkləri köksümə aldım.
Aşiqiylə yatan bir qadın kimi,
Yerimi bulaqla bir yerə saldım.

*

Ötdü ayaqlarım üstündən sular,
Qalxıb dodağımdan öpüş aldılar.
Mənim bədənimdən kam almaq üçün,
Mənə sarıldılar, qucaqlaşdılar.

**

Yer ayələri

Bərəkət tərk etdi yer kürəsini
Günəş buza döndü
Yaşıllıqlar soldu, balıqlar öldu,
dənizlər qurudu, dağlar yıxıldı
Torpaq ölüləri dəfn olunmağa qəbul etmədi
Gecə, rəngi qaçmış pəncərələrdə
şübhəli şəbih tək, daim tüğyanda
…Və yollar, sonunu qaranlıqlarda
Buraxıb, nəhayət təslim oldular.
Qələbəni, eşqi kimsə anmadı
Təklik daxmasında doğuldu boşluq
Qanlardan qorxunc bir qoxu qalxaraq.
Qadınlar doğduğu çocuqlar bütün
başsız oldular.
Beşiklər hamısı utandığından
Soyuq məzarlarda itib, batdılar.
Nə acı, dəhşətli, qara rüzigar.
Ehtiyac vicdanın gözün kor etdi
Ehtiyac vicdanın gücün, qüdrətin məğlub eylədi.
Peyğəmbərlər ac, lüt
Ulu Tanrının vədə yerlərindən qoyub qaçdılar.
Və itgin quzular artıq çobanın səsin örüşlərdə eşitmədilər
Güzgünün önündə sanki təsvirlər, rənglər, hərəkətlər, tərsələşirdi
Alçaq adamların, fahişələrin
Üzlərin müqəddəs işıq bürüdü.
Şərab bataqlığı pis qoxusuyla
Sakit, hərəkətsiz ziyalıları
Kamına çəkdi.
Zərnigar kitablar qəfəsələrdə-
Siçanlar hamısın didib, tökdülər.
Günəş ölmüşdü….
Sabah, çocuqların zehnində ancaq
Məchul və qaranlıq bir şey olmuşdu.
Çocuqlar anlamsız bu ləfzi yalnız
Məşq dəftərində qara ləkələrlə təsvir edirdi.
Ruhən ölmüş millət, hədəfsiz və dalğın heyrət içində
Diyardan diyara daşınırdılar.
Cinayətə rəğbət hissi onların
Əlləri içində düyünlənmişdi.
Öz dəhşətlərində qərq olmuşdular.
Bəzən bir qığılcım, kiçik qığılcım
Bu səssiz milləti tərpətsəydi də
Hədəfsiz olduqda millət hamısı
Didib bir-birini parçalayırdı bu tərpənişdə.
Onlar bir-birinin başını kəsib
Al qanın içində
Körpə qızlarla bir yerdə yatırdı yekə kişilər
Öz dəhşətlərində qərq olmuşdular.
Günahkarlıq hissi kor ruhlarını,
vicdanlarını
çolaq eyləmişdi.
Edam günlərində dar ağacında
Bir məhkum gözünü oyub sökəndə
dalardı özünə səfil adamlar.
Şəhvət dolu hisslə
Yorğun və düşgün
çürük damarları nalə çəkirdi.
Bu kiçik canilər meydan içində
Durub heyran-heyran
Baxırdı onlar
fəvvarələrə.
Bəlkə də əzilmiş gözlər içində
Qalmışdı yarı can nəfəssiz təlaş.
Ki o istəyirdi son nəfəsində
Sular nəğməsi tək müqəddəs iman,
İman bağışlasın bezgin canlara
Bəlkə də, bəlkə də ancaq ki, əfsus
Günəş ölmüşdü.
Və heç kəs bilmirdi ki, ürəklərdən
Uçan o pərişan, solğun göyərçinin adı eşq idi
Adı sevgiydi.
Ey dustaq fəryadı!
Sənin ruhundakı umutsuzluğun
Böyük ehtişamı işığa doğru
Bir iz çəkəcəkmi bu qaranlıqdan?
Ey dustaq fəryadı!
Ey sönən, buzlaşan sonuncu fəryad……

**

Çevirən: Güntay Gəncalp
Ərdəbil, 1987

Günün bütün mövzuları

XS
SM
MD
LG