Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:23

Kərzayi Obamanı Talibanla barışığa razı salmağa çalışır


Əfqanıstan prezidenti Həmid Kərzayi mayın 11-i Ağ Evə dördgünlük səfərə başlayır. Kərzayi Vaşinqtona 12 nazir və başqa yüksək vəzifəli nümayəndə heyəti ilə gedib. Qarşıdakı üç gün ərzində Kərzayi ABŞ-ın prezidenti və dövlət katibi də daxil olmaqla əksər yüksək səviyyəli rəsmiləri ilə görüşəcək.

Kərzayi ABŞ hökuməti qarşısında son vaxtlar zədələnmiş nüfuzunun bərpasına çalışır. O, ölkədə korrupsiyanın səviyyəsinə görə davamlı olaraq beynəlxalq təşkilatlardan tənqidlər alırdı. Son aylar isə Kərzayi əks hücuma keçərək keçən ilki mübahisəli prezident seçkilərində BMT və başqa beynəlxalq təşkilatlardan olan təşkilatçıların saxtalaşdırmaya yol verdikləri, xarici qüvvələrin Əfqanıstan hökumətinin işinə müdaxilə etdikləri barədə sərt çıxışlar etdi.

Bu çıxışlarına görə hətta Kərzayinin bu səfərinin təxirə salınması ehtimalı barədə fikirlər dolaşırdı.

Kabildə hətta bəzi deputatlar belə fikirlər səsləndirirdilər ki, əgər Kərzayinin hökumətinə xaricdən müdaxilələr indiki şəkildə davam edərsə, Əfqanıstan prezidenti də Talibana qoşula bilər.

HƏR İKİSİNİN BİR-BİRİNƏ EHTİYACI VAR

Müşahidəçilərin fikrincə, Kərzayinin gündəliyində olan əsas məsələlərdən biri prezidenti Obamanı «Hezb-e İslami» təşkilatının lideri Gülbəddin Hikmətyarla barışığa inandırmaqdır
İndi vəziyyət elə gətirib ki, Obamanın Kərzayiyə, Kərzayinin də Obamaya ciddi ehtiyacı var. Kərzayinin köməyi olmadan Obama gələn ilin yayından ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması prosesinə başlaya bilmir. Kərzayi də Obamanın köməyi olmadan Talibanla barışıq müzakirələrini başa çatdıra bilmir.

Ağ Evin üstünlük verdiyi mövzulardan biri də Əfqanıstan hökumətinin korrupsiyaya qarşı mübarizə tədbirlərini gücləndirməsidir. ABŞ rəsmiləri bildiriblər ki, bu istiqamətdə ölkədə bəzi vacib addımlar atılıb. Amma korrupsiyanın qarşısının alınması üçün görüləsi işlər hələ çoxdur.

Mayın 10-da Vaşinqtonda siyasi təhlilçilər və jurnalistlərlə görüşündə Əfqanıstan prezidentinin sözçüsü Vahid Omar bildirib ki, Əfqanıstan nümayəndə heyəti korrupsiya ilə mübarizə sahəsində daha çox öhdəliklər götürəcək.

Amma Kərzayinin bu səfərinin əsas müzakirə mövzusu mayın sonunda Kabulda Taliban nümayəndələri ilə hökumət rəsmiləri arasında görüşdür. Kərzayi bu görüşə ABŞ-dan dəstək almağa çalışır. Əfqanıstan prezidenti təklif edib ki, Taliban yaraqlıları silahı yerə qoysunlar, əvəzində də onların liderlərinin hökumətdə iştirak etmələri mümkündür. BMT Kərzayinin bu istiqamətdə cəhdlərini alqışlasa da, çox ciddi xəbərdarlıqlar edib.

ƏSAS MƏSƏLƏLƏRDƏN BİRİ HİKMƏTYARLA BAĞLIDIR

Müşahidəçilərin fikrincə, Kərzayinin gündəliyində olan əsas məsələlərdən biri prezidenti Obamanı «Hezb-e İslami» təşkilatının lideri Gülbəddin Hikmətyarla barışığa inandırmaqdır. ABŞ onu 2003-cü ildə terrorçu elan edib. Hətta Hikmətyarın adamlarının Kərzayiyə sui-qəsd hazırlaması haqqında məlumatlar vardı.

Hikmətyarın təmsilçiləri martın sonunda Kərzayi və BMT təmsilçiləri ilə görüşüblər. O bildirib ki, əgər Qərb qüvvələri tədricən Əfqanıstandan çıxmağa başlasa, Kərzayinin hökumətinə kömək etməyə hazırdır. Hikmətyar bu ilin əvvəlindən «Əl-Kaidə» ilə arasında məsafə saxlamağa başlayıb. O, 1990-cı illərin ortalarında qısa müddətə baş nazir postunu tutub. Hikmətyarın tərəfdarlarının bir çoxu indi də Kərzayinin hökumətində yerli qubernatorlar, məsləhətçilər, deputatlar kimi çalışırlar.

Amma Talibanla barışıq danışıqlarının necə aparılacağı hələ aydın deyil. Bu qrupun rəhbəri Molla Məhmməd Ömər Kərzayi hökuməti ilə danışıqlar üçün şərt kimi Qərb qüvvələrinin Əfqanıstandan çıxarılmasını tələb edir.

ŞƏRTLƏR HƏR KƏSƏ MƏLUMDUR

Əfqanıstan prezidentinin son bir aydakı çıxışlarına görə Konqresdə soyuq qarşılanacağı, həm iqtidardan, həm də müxalifətdən olan konqresmenlərin Əfqanıstana yeni büdcə verilməsinə qarşı çıxacaqları haqqında fikirlər var
ABŞ-ın Əfqanıstandakı səfiri Karl Eikenberry mayın 10-da bildirib ki, ABŞ və Əfqanıstan hökumətləri artıq yaraqlılar üçün irəli sürüləcək şərtləri razılaşdırıblar:

- Məncə, barışıq üçün hansı şərtlərin tələb olunmasında artıq hər iki hökumətdə fikir birliyi var. Düşünürəm ki, həmin şərtlər də hər kəsə məlumdur.

Yaraqlılarla danışıqlarda hökumətin mümkün şərtləri yazılan sənədin surəti AzadlıqRadiosuna daxil olub. Orada qeyd edilir ki, barışıq üçün Taliban zorakılıqdan əl çəkdiyini bəyan etməli, «Əl-Kaidə» və başqa terror təşkilatı ilə əlaqələrini kəsməli, Əfqanıstan Konstitusiyasını qəbul etməlidir. Əvəzində də silahı yerə qoymuş Taliban yaraqlılarına Konstitusiyanın verdiyi bütün azadlıqlar və hüquqlardan vəd edilir.

Ağ Ev barışıq məsələsində həm də qadınların hüquqlarının tanınmasının lazım olduğunu vurğulayır.

FİKİR BİRLİYİNƏ NAİL OLMAQ MÜMKÜNDÜR

Kərzayinin sözçüsü Vahid Omar da bildirib ki, Kabulla Vaşinqton Taliban yaraqlıları üçün şərtlər üstündə tam razılığa gəlib, fikir ayrılıqları yalnız yaraqlıların rəhbərləri ilə barışıq prosesinin necə olacağı üstündədir:

- Biz beynəlxalq tərəfdaşlarımızın narahatlıqlarını tamamilə başa düşürük. Bu komandirlərə tətbiq ediləcək şərtlər, barışığın qadınların hüquqlarına necə təsir edəcəyi üstündə narahatlıqlar qalır. Bütün bu sualların da hamısını bir yerdə deyil, hissə-hissə müzakirə edib fikir birliyinə nail olmaq mümkündür.

Omar bildirib ki, Əfqanıstan nümayəndə heyəti ABŞ rəsmiləri ilə görüşlərdə ölkələrindəki hərbi əməliyyatlar zamanı mülki əhali arasında itkilərin azaldılması yollarını, ABŞ-ın nəzarətində olan Baqram kimi həbsxanaların Əfqanıstan hakimiyyətinə qaytarılmasını da müzakirə edəcəklər.

Kərzayi səfərinin sonuncu günü Konqresdə görüşlər keçirəcək. Hazırda Konqres Əfqanıstana əlavə 33 milyard dollar pul ayrılması məsələsini müzakirə edir. Amma Əfqanıstan prezidentinin son bir aydakı çıxışlarına görə Konqresdə soyuq qarşılanacağı, həm iqtidardan, həm də müxalifətdən olan konqresmenlərin Əfqanıstana yeni büdcə verilməsinə qarşı çıxacaqları haqqında fikirlər var.
XS
SM
MD
LG