Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:35
“Kitab klubu” – yeni nəşr edilən əsərlərin müzakirə edildiyi bu verilişi Amerikada tanımayan yoxdur. Veriliş öz aparıcısı Opra Uinfri kimi qeyri-adi populyarlığa malikdir.

Opranın bir sözü kifayətdir ki, hər hansı kitab bestsellerə çevrilsin. Hər halda “Business Week” jurnalı hesab edir ki, onun kimi kitab satışını artıra bilən ikinci adam yoxdur.

Opra Uinfri kitab klubuna 1996-cı ildə start verib. Verilişin populyarlığına görə - əvvəllər tanınmayan bir sıra əsərlər sonradan bestsellerə çevrilib, satışı bir neçə milyon nüsxəyə qalxıb. Bu hadisəyə xüsusi ad da verilib - Opra effekti.

Amma 2002-ci ildə Opra öz şousunu dayandırıb, bildirib ki, yeni əsər oxumağa lazımi qədər vaxt tapa bilmir. Bir il sonra klub yenidən canlanıb, amma daha ayda bir yox, üç ayda bir yeni əsər müzakirəyə çıxarılıb.

2007-ci ildə tanınmış Amerika yazıçısı Kormak MakKarti ilk televiziya müsahibəsini ona verib. Opra onun “Yol” əsəri haqda veriliş hazırlayıb.

Çox keçməmiş həmin əsər fantastika üzrə Pulitser Mükafatına layiq görülüb.

Yazıçı, jurnalist Katlin Runi özünün “Opra ilə mütaliə: Amerikanı dəyişən kitab klubu” məqaləsində yazır ki, Uinfri elektron mediadan – xüsusilə televiziya və internetdən istifadə edərək milyonlarla kitab oxumayan insanda əlinə kitab alıb mütaliə etmək həvəsi yaradıb.

"Kitab klubu" televiziya tarixində bu tipli verilişlər arasında ən populyarıdır.

Opra həm də uğurlu biznesmendir, dünyada ilk qaradərili milyarder olub.

O, xeyriyyə işlərinə ən çox pul xərcləyən biznesmenlərdəndir. Bəzi jurnallar özlərinin müxtəlif illərdə hazırladıqları reytinqlərdə Opranı dünyada ən nüfuzlu qadın elan ediblər.

Amma kitab klubunun adı qalmaqallarda da hallanıb.

2005-ci ilin sonu 2006-cı ilin əvvəllərində Opranın kitab klubu Ceyms Freyin “Bir milyon hissəcik” əsərini müzakirəyə çıxarmışdı.

Müəllif əsərini memuar kimi təqdim edib və bildirib ki, əsər onun taleyindən, bir vaxtlar əyyaş, narkotik istifadəçisi və cinayətkar olması barədə həqiqi məlumatları əks etdirir. Şoudan sonra həmin kitab bestsellerə çevrilmişdi.

Amma sonradan kitabda yazılanların həqiqiliyinə şübhələr artdı, qalmaqal yarandı, hətta müəllif bəzi hadisələri uydurduğunu, həbsxanada keçirdiyi dövrlə bağlı yalanlar yazdığını etiraf etməli oldu.

Günün bütün mövzuları

XS
SM
MD
LG