Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:26
Jurnalist Azər Qaraçənlinin “Azadlıq nitqləri” kitabı işıq üzü görüb.

“Qanun” nəşriyyatında çap olunan kitabda müəllifin esse silsiləsi toplanıb. (Mediaforum)

Müəllifin düşüncəsinə görə, “Azadlıq nitqləri” azadlıq üçün təhlükəli olan bir mühitdə heç kimi qızışdırmadan, heç kimə ziyan vurmadan, təmənnasız, təvazökar, məsuliyyətli, insaflı və tamamilə dinc mübarizə metodlarını tapmaq cəhdidir.

Müəllif bu silsiləni hardasa nitq kimi söylədiyinə görə yox, yazı üslubuna görə nitqlər adlandırıb.

Kitabdan bir parçanı müəllifin icazəsi ilə çap edirik.



Azər Qaraçənli

"AZADLIĞIN TƏRƏFİNƏ KEÇ"

Hər kəs ürəyində azadlığın tərəfinə keçməlidi.

Səndən ayrı heç nə istəyən yoxdu, çay içirsən, çayını iç, işə tələsirsən, adamları yara-yara yüyürməyində ol, iclas keçirirsən, çıxışını davam elətdir, gül dəstəsi alırsan, çiçəkləri seç, lətifə danışırsan, uğunub get, toydasan, qol götürüb oyna, həkimdəsən, dərindən nəfəs al ciyərinə qulaq assınlar, qarovuldasan, qışqır farağat dursunlar, gəlmisən, zəngi bas qapını açsınlar… heç bir işindən-gücündən ayrılma, ayaq saxlama, əl saxlama, sözünü yarıda qoyma, azadlıq üçün ayrı heç nə eləmə, eləcə ürəyində azadlığın tərəfinə keç. İçə-içə, yüyürə-yüyürə, danışa-danışa, oynaya-oynaya özünə denən, bax, indi, bu dəqiqə mən ürəyimdə azadlığın tərəfinə keçəcəm və azadlığın tərəfinə keç.

Qoy qarşındakı adam sənədləri göyə qaldırıb rəqəmləri göstərməyində olsun, rəqəmlərə diqqətlə bax, həm də azadlığın tərəfinə keç.

Ağacların budaqları barmağını dodağına dayayıb deyir, sakit ol, quşların səsini dinlə, sən quşların səsini dinlə və azadlığın tərəfinə keç.

Eyvandan boylanan adam həyatı olduğu kimi görmək istəyir, pəncərənin dalından baxmaq darıxdırıb onu, sən də başını qaldır eyvandan baxanı gör, azadlığın tərəfinə keç.

Uşaqların çiynindəki çanta uşaqların özü boydadı, çantaları atılıb-düşür uşaqlar qaçdıqca – azadlığın tərəfinə keç.

Kompüterdə artıq yazıları silib atmaq lazımdı, şəkillər də ağırlıq eləyir, seçib yığmaq lazımdı, biri iki yerə düşüb deyəsən – azadlığın tərəfinə keç.

Xaricdə dörd tələbə imtahanda saxtakarlıq eləyib, neçə ildən sonra açılıb işin üstü, aləm bir-birinə dəyib – azadlığın tərəfinə keç.

Saatsaz deyir, bu o qədər incə mexanizmdi ki, zərgər kimi işləməlisən onun üstündə, elə bil saat yox, üzük qaşı düzəldirsən, deyir saatsaz gərək zərgər kimi dəqiq olsun, zərgər də saat kimi dəqiq olmalıdı, özü deyir, özü də gülür – sən azadlığın tərəfinə keç.

Dükanın qapısına çöldən baxanda elə bil içəridəki bolluğu duyursan, qapı açılıb-bağlandıqca içəridəki sıxlığın havası dəyir sənə – azadlığın tərəfinə keçmisənmi?..

Yavaş ol, qoy bu maşın dayansın, dəmirə etibar yoxdu, bir də gördün özünü saxlaya bilmədi, bir az artıq səbir elə, ziyanı yoxdu – azadlığın tərəfinə keçdinmi?

Radioda mahnı, televizorda mahnı, reklam lövhələrində mahnı, adamların qulağında mahnı, ürəyində mahnı, telefonda mahnı, bir az da özün zümzümə elə, dilində mahnı olsun – azadlığın tərəfinə keçdinmi?

Ölüm hökmü ləğv olunub, ömürlük həbs cəzası da ləğv olunacaq, axırda türmələri də ləğv eləyəcəklər, yaşadığın hər dövrdən yaxşı dövrlər olacaq, gələcək indidən üstündü, yoxsa gəlməyinin nə mənası olardı, içək gələcəyin sağlığına – azadlığın tərəfinə keçəkmi?

Biri əməldə azadlığın əleyhinə çıxır, yenə cəhənnəm, başa düşmək olar, biri sözdə azadlığın əleyhinə danışır, cəhənnəm, bir səbəbi var, bəs bunlar niyə ürəklərində də azadlığın əleyhinə gedirlər – mən bilmirəm.

Ürəkdə azadlığın əleyhinə çıxmaq nəyə lazımdı – mən bunu başa düşmürəm.

Kimdi sənin ürəyinə girib baxan?!

Ürəyinlə nə işin var, qoy ürəyin dursun yerində, sənin ürəyin azadlığın tərəfindədi, qoy elə o cür də dursun.

Qorxma, qorxulu olsa demərəm, ürəyini azadlığın tərəfində saxla, ürəyində azadlığın tərəfində dur, heç kimə də ürəyini açma, qoy bu sənin sirrin olsun, bəlkə də bütün xoşbəxtliyini o sirrində görəcəksən, onun verdiyi sevinci heç nədən ala bilməyəcəksən, heç nədə tapa bilməyəcəksən...

Ən böyük bədbəxtlik ürəkdən azadlığın əleyhinə çıxmaqdı, bu sənin nəyinə lazımdı, ürəkdən azadlığın əleyhinə durma, ürəkdə azadlığın əleyhinə heç durma, görsən zalım səni tamam tilsimləyib, elə ovsunlayıb ki, elə bilirsən ürəyini də oxuyurlar, bil ki, yalandı, hamısı qorxudandı, ürəyini heç kim oxuya bilməz, ürəyini buz kimi saxla, elə zalımın düz gözünün içinə baxa-baxa ürəyində azadlığın tərəfinə keç, heç tükün də tərpənməsin, bir adamın da əlində sübut yoxdu, zərrə qədər də olsun fakt vermirsən, qəti çəkinib eləmə, narahat olma, özünü şübhəli aparma, səni bir özün görürsən, bir də Allahın görür, dörd bir yanında düşmən dayana-dayana da azadlığın tərəfinə keçə bilərsən – ürəyində, görən yoxdu, “heç olmasa ürəyində” demirəm, azadlığın tərəfinə keçəndə biləcəksən niyə demirəm.

Azadlığın tərəfinə keç. Hamı azadlığın tərəfinə keçə bilər, hamı azadlığın tərəfinə keçməlidi.

Hamı ürəyində azadlığın tərəfində durmalıdı. Ürəyində azadlığın əleyhinə çıxanın ürəyi yoxdu. Ürəyində azadlığın əleyhinə çıxanın ağlı da yoxdu. Azadlığın tərəfinə keç.

Günün bütün mövzuları

XS
SM
MD
LG