Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:10
Xuraman Hüseynzadə

"ÖZGÜRLÜYÜN TAM TANIMI"

Arkadaşım Nihadın mənə son mesajı: «Özgürlüğü her kes sever. Peki, sana bir şey soracağım. Sence özgürlüğün tam tanımı nedir?»
Özgürlük… Yəni azadlıq…

Canım arkadaşım, sənə net olaraq belə də deyə bilərdim: azadlıq daxili komplekssizlikdir. Amma sənin bu sualına bir köşə həsr edəcək qədər ürəyim doludur.

Nihad, biz bu anlamın təşnəsiyik… Gördüyümüz haqsızlıqlardan yazırıq.

Ürəyimiz yana-yana, əllərimizsə əsə-əsə…

Yox, qorxmuruq, amma daxili komplekssizliyimizi olduğu qədər hiss etdirsək ayağımızın üstündən maşın keçə bilər, şərlənib həbsə atıla bilərik, hətta öldürülə bilərik.

Biz 20 il öncə azadlıq uğrunda ölümə necə getmək lazım olduğunu da göstərdik. Bunu ona görə xatırladıram ki, qorxaq olmadığımızı biləsən.

Özgürlük haqda mənim subyektiv fikrimi soruşursan…

Və səni ilgiləndirən yazarların bu ölkədə həmişə karamsar bir şeylərdən yazdığını deyirsən. Nihad, yadındadır, sənə «küçədə ölmüş bir köpəyin dişlərinin gözəl olmasından» yazmışdım.

Cəsəddə gözəllik arayanlardanam mən də. Nə yazıq ki, mənim bu ölkədə gördüklərim «dişlər» deyil, «köpək»dir. Bu məmləkətdə gözəlliklərə bərəlmiş gözlərlə baxmaq mümkünsüz.

Təbiətin özü belə hasarlanıb. Eybəcərliklər o qədər çoxdur ki, gözəlliklər onların kölgəsində yox olur. Sizdə olduğu kimi, bizdə də «əkmək aslanın mədəsində».

Burda iş axtardığın müddətdə gecələrlə arkadaş olduğunu deyirsən.

Bu məmləkətdə səni gecələrdən və dörd divardan başqa kimsə anlamaz.

Bütün bu sadaladıqlarım azadlığa gedən yola qoyulan şlaqbaumu qaldırmaq üçün təkandır, Nihad. Amma o təkanı yazacaq əllərimiz qandallanıb sadəcə.

Sənin soruşduğun «azadlığın tam tanımı»nı 20 il öncə «Azadlıq» meydanında yaşadıq. İndi o meydanı bomboş görüb daha bu meydanın bizə gərək olmadığını düşünmə.

Bir vaxtlar o meydanda ona görə azadlıq uğrunda mücadilə verilmədi ki, indii bivec gənclər orada qol-boyun gəzsinlər. O meydan da özünün işğal dönəmini yaşayır indi.

Sartrın azadlıq haqqında mütləq konsepsiyasından özün nəticə çıxar, Nihad: «Əsas vəzifə dünyanı dəyişdirməkdən ibarət deyil, ilkin şərt bu dünyaya olan münasibəti dəyişdirməkdən ibarətdir».

Bizdə iki təbəqə var.

Birincilərin iki-üç dövlətdən qorxusu olmasa yalan olmasın, dünyanın düzənini dəyişdirmək iddiasına düşərlər. İkincilər bu dünyaya olan münasibəti dəyişdirmək istəyirlər.

Burda da bir «amma»ya əşhədü-ehtiyac var.

Məntiqlə, hansı təbəqə daha ağıllı düşünürsə, qalibiyyət onunladır.

Səninlə apardığımız polemikaya uyğun olaraq, Sartrın subyektiv idealizminin qarşımızda subyektiv volyuntarizm kimi açılmasından da misal çəkmək istəyirəm:

«Mənim azadlığımın dərk olunması bütün maneələri və bütün qadağaları məhv edir».

Bizim ruhumuzun tam azad olduğuna inan, dostum! İnan ki, azadlığımızı tam dərk edirlər.

Gördüyün mitinqlərin, hətta müxalifətin keçirdiyi ən kiçik aksiyanın belə dağıdılması bizim azadlığımızın yaratdığı qorxu xofundandır.

Sabah həmin meydanı girovluqdan xilas eləsək, özün şahid olacaqsan ki, həqiqətən də heç bir maneə və qadağa qarşımızı kəsə bilməz.

Bizdə gənclərin böyük əksəriyyətini başqa mövzular maraqlandırır.

Burda yaşadığından və hər şeyi oluğu kimi gördüyün üçün bu məmləkətdə sənin diqqətini yalnız özgürlük kimi mövzular çəkir.

Ən azından öz ölkəndəki demokratiya ilə burdakı fərqi görürsən.

Bizdə Türkiyədə olduğu kimi, parodiyaçı və ya yazıçı baş nazirin, hətta kiçik ranqlı məmurun belə görüşündən imtina etmək kimi bir cəsarətdə bulunmaz əsla. Anasını ağladarlar.

Dostlarla həmişə bu mövzunu sizlər demişkən, dartışırıq, Nihad.

Çünki… Vətənimizi, insanlarımızı özgür görmək istəyirik…

Həmçinin oxu
Xuraman Hüseynzadə Yeni şeirlər

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG