Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:29
20-ci əsr İran poeziyanın ən məşhur nümayəndələrindən olan Füruğ Fərruhzadın kitablarının Tehran Kitab Sərgisində nümayişinə icazə verilməyib. Bu haqda Türkiyənin “Radikal" qəzeti xəbər yayıb.

Məşhur şairin kitablarının satılmasına icazə verməyən hakimiyyət nəşriyyat stendlərindəki afişaların da yığışdırılmasını tələb edib.

Şairə 1967-ci ildə 32 yaşında ölməsinə baxmayaraq, həmişə İran hakimiyyətinin hədəfində olub.

Yaşadığı dövrdə şeirləri ilə bərabər azad fikirləri ilə də diqqət çəkən Füruğu Şah hakimiyyəti də sevmirdi.

Füruğ Fərruhzad həm də rejissor və rəssam olub.

HƏYATI VƏ İRSİ

Füruğ kapitan Məhəmməd Fərruhzad ilə Turan Vəziritəbərin yeddi uşağından üçüncüsü olub.

Məhəllə məktəbində 9-cu sinfə qədər oxuyub. Daha sonra qızlar üçün nəzərdə tutulan sənət məktəbinə gedib.

Rəsm, tikmə-naxış və əl işlərini öyrənib. Həcv janrında yazan Füruğ 16-17 yaşlarında Pərviz Şapur ilə ailə qurur. Təhsilini ərinin yanında Əhvazda davam etdirir.

Bir ildən sonra Kamyar adlı övladını dünyaya gəlir. Ailə qurandan iki il sonra - 1954-cü ildə isə ərindən ayrılır. Məhkəmənin qərarı ilə Kamyar ərinə verilir.

Bundan sonra Füruğ Tehrana qayıdır və şeir yazmağa davam edir.

“Əsir” adlı ilk kitabı çıxır. 1958-ci ildə isə o İbrahim Gülüsdanla tanış olur. 9 ay Avropada yaşayır.

Həmin dövrdə o şeir yazmaqda davam edir. “Divar” və “Üsyan” adlı iki kitabı bir-birinin ardınca satışa çıxır.

Füruğ Təbrizdə iranlı cüzam xəstələri və onların problemlərindən bəhs edən film çəkir.

1962-ci ildə “Qara Ev” adlanan bu film dünyanın müxtəlif ölkələrində mükafat qazanır. Filmin çəkilişləri vaxtı tanış olduğu Hüseyn Mənsur adlı uşağı isə övladlığa götürür.

1963-cü ildə Füruğ “Yenidən Doğulma” adlı əsərini nəşr etdirir.

Bu kitabı ilə o, İran şeirində dərin və təsirləndirici dəyişikliklərə yol açır.

1967-ci il fevralın 13-də nahardan sonra saat 14.30-da Füruğ tələsə-tələsə studiyaya gedərkən qarşısına çıxan məktəb avtobusu ilə toqquşmamaq üçün sükanı fırladır.

Qəza baş verir və qəza nəticəsində onun boynu sınır. Füruğ 32 yaşında ölür.

Müasir İran şeirində əhəmiyyətli iz qoyan şairin ölümündən sonra yazdıqları “Soyuq Mövsüm” adlı kitabda cəmləşir. Michael Hillman 1987-ci ildə “Yalnız Qadın” adlı kitabında onun həyatı və şerlərini nəşr edir.

Bundan sonra isə onun şerləri və həyatı haqqında çoxlu məqalə və kitab çap olunur. Həyatı haqqında film çəkilir.

Füruğ Fərruhzad şeirlərində qadınların problemlərini əks etdirir, İran cəmiyyətinin qadınlara göstərdiyi ayrı-seçkiliyi tənqid edirdi.

Onun bu baxışları müxtəlif dövrlərdə mübahisələrə səbəb olmuşdu. Füruğ İran qadınların hüquqlarının qorunmasının və daha yaxşı şərtlər əsasında yaşamasının tərəfdarıydı. O, Şah rejimnə qarşı da çıxırdı.

Onu tənqid edənlər arasında şeirlərinin erotik olduğunu deyənlər də vardı.

Məşhur iranlı rejissor Abbas Kiyarüsteminin 1999-cu ildə çəkdiyi “Külək bizi sürüyəcək” filminin adı isə Füruğun bir misrasından götürülüb.

Həmçinin oxu
Füruğ Fərruxzad ŞEİRLƏR

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG