Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:58

Seçiciyə əsas mesaj


MƏTBUAT BİLMƏSƏ DƏ OLAR?

«Bu gün bizim seçiciyə çatdıracağımız yeganə pozitiv mesaj budur ki, müxalifət daxilində məsləhətləşmə gedir. Əminəm ki, bir müddət sonra həm kütləvi aksiyalar, həm də vahid siyahı məsələsində müxalifətin birliyinə nail olacağıq…»

Parlament seçkiləri ərəfəsində müxalifətin aparıcı qüvvələrinin birləşəcəyinə əmin olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidir. O, ötən şənbə Müsavat başqanı İsa Qəmbərlə keçirdiyi görüşdən danışarkən belə deyir. Amma həm o, həm də həmkarı bu haqda danışmağa meylli deyillər.

Müsavat başqanı hesab edir ki, indiki mərhələdə müxalifətdaxili proseslərin mətbuatda gen-bol işıqlandırılmasının xüsusi anlamı yoxdur. O «Yeni Müsavat» qəzetinə açıqlamasında deyib ki, önəmli olan siyasi qüvvələr arasında məsləhətləşmənin mövcudluğu, tərəflərin fikirlərini səsləndirməyə və bu fikirləri dinləməyə hazır olmasıdır.

MÜXALİFƏTİN İMİTASİYASI
Zəfər Quliyev


Bu mövzuda danışdığım ekspertlərə görəsə, müxalifət seçki hazırlıqlarında yubanır. «Turan» İnformasiya Agentliyinin eksperti Zəfər Quliyev:

«Ciddi hazırlıq hiss olunmur. Həm müxalifət mətbuatını, həm müxalifətin atdığı addımları izləyəndə bunu görmək olur. Seçkilərə çox vaxt qalmayıb. Amma yenə də hazırlıq hiss olunmur».

Ekspert deyir ki, müxalifət bu seçkilərdə nəyəsə nail olacağına inanmır. Bu səbəbdən də imitasiya ilə məşğul olur:

«Müxalifət başa düşür ki, seçkilərdə vahid siyahı ilə qatılsa belə, çətin nəsə əldə etsin. Son prezident, bələdiyyə seçkiləri də göstərdi ki, Azərbaycanda seçki formal prosedura çevrilib. Ona görə də müxalifət çətin seçim qarşısında qalıb».

Bununla belə Zəfər Quliyev hesab edir ki, seçkiqabağı müxalifət bütün qüvvələrini səfərbər etməli, özünü siyasi qüvvə kimi təsdiqləməlidir.

Onun fikrinə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli də şərik çıxır. Məmmədlinin fikrincə, müxalifətin bloklar yaratmaq niyyəti varsa, bu haqda qərarını tez verməlidi:

Anar Məmmədli
«Azərbaycanda parlament seçkilərinə təkbaşına qatılmaq çətindir, həm texniki, həm maddi baxımdan. Partiyalar seçkilərə pərakəndə qatılanda proses sönük və rəqabətsiz görünür…»

BLOKLAR DAĞILMASAYDI, REFERENDUM DA OLMAZDI


2005-ci ildə müxalifətin bir neçə aparıcı partiyası «Azadlıq» və «Yeni Siyasət» adlı bloklarda birləşdi. Amma seçkidən sonra parlamentə getməklə bağlı fikir ayrılığı «Azadlıq» blokunun parçalanmasına səbəb oldu.

Anar Məmmədli deyir ki, əslində bloklar elə yaradılmalıdır ki, növbəti seçkilərdə də birgə hərəkət edə bilsinlər:

«Gəlin düşünək 2005-ci ildə parlament seçkilərində iştirak edən «Azadlıq» və «Yeni Siyasət» blokları 2006, 2007, 2008-ci illərdə fəaliyyət göstərsəydilər, nələr olardı. 2008-ci ildə hər iki blok namizəd ortaya qoya bilərdi, seçki prosesinə ciddi təsir edə bilərdi. Və mənim şəxsi fikrimdir ki, 2009-cu il referendumu olmazdı…»

Buna görə də Anar Məmmədli müxalifətin birləşmək yönündəki cəhdlərini, bu yöndə apardığı məsləhətləşmələri yüksək qiymətləndirir. Amma bir şərtlə, ortada nəticə olarsa…
XS
SM
MD
LG