Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:09
BAYKAL HAQQINDA SEKS VİDEOSUNU HÖKUMƏTİN QARA KAMPANİYASI ADLANDIRIR

Mayın 10-da Cumhuriyet Xalq Partiyasının ofisində mətbuat konfransı keçirən Deniz Baykal keçən həftə onun haqqında bəzi internet saytlarında yayılan videoya görə istefa verdiyini elan edib. Keçən həftə bəzi internet səhifələrində yayılan videoda Deniz Baykal olduğu deyilən bir adamın xanım millət vəkillərindən biri ilə yatağa girdiyi göstərilib.

Deniz Baykal bu videonu hökumətin ana müxalifət partiyası liderinə qarşı bir qara kampaniyası olduğunu deyib.

Deniz Baykal hesab edir ki, bu çəkiliş texnologiyanın son imkanları səfərbər edilməklə çəkilib. Dövlət orqanlarının imkanlarından istifadə edilmədən belə bir videonu çəkmək mümkün deyildi. Onun fikrincə, Cumhuriyyet Xalq Partiyası hökumətin təklif etdiyi Konstitusiya dəyişikliyinə qarşı çıxdığı üçün ona qarşı bu cür hücum edilir.

Baykal bildirib ki, istefa verməsi bu hücumlar qarşısında geri çəkilməsi demək deyil.

ƏRDOĞAN VİDEONU İNTERNETDƏN YIĞIŞDIRMAĞA GÖSTƏRİŞ VERİB

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Deniz Baykalın onun hökumətinə yönələn ittihamlarını rədd edib. Ərdoğan bildirib ki, Deniz Baykalın dediklərindən heyrətə gəlib. Baş nazir vurğulayıb ki, Baykal istefa çıxışında əslində video haqqında iddiaları təkzib etməyib: “Bunları siyasi iqtidarın adına yazmaq iftiradır. Belə iddialar hadisənin vurduğu yaranın bir nəticəsidir. Baykalın iddiaları təkzib etməməsi bizim üzüntümüzü daha da artırıb” –deyə Ərdoğan bildirib.

Ərdoğan deyir ki, bu cür gizli çəkiliş və onun internetdə yayılması onların qəbul etdikləri əxlaq normalarına zidd bir hərəkətdir. Baş nazir deyib ki, o, həmin video haqqında xəbərlər yayılan kimi Rabitə nazirinə göstəriş verib ki, onun internetdə yayılmasının və izlənməsinin qarşısını alsın.

Yaxınlarda Cumhuriyət Xalq Partiyası qurultayı keçirilməlidir. Türkiyə mediasında belə fikirlər səslənir ki, Deniz Baykala bu hücumun müəllifi elə onun öz partiyasındakı qruplardan biri də ola bilər. İndi özü mayın 22-də keçiriləcək qurultayda iştirak etməyəcəyini desə də təhlilçilər onun bu qurultayda yenidən namizəd olacağı haqqında fikirlər var.

ADI BAYKALLA BİRLİKDƏ HALLANAN XANIM MİLLƏT VƏKLİ ONUN KATİBİ OLUB

Bu, Deniz Baykalın partiyasından ilk istefası deyil. O, 1992-1999-cu illərdə Cumhuriyət Xalq Partiyasının rəhbəri olub. 1999-cu ildə partiyası seçkidə uğursuzluğa düçar olduğu üçün rəhbərlikdən istefa verib. 2000-ci ildə isə yenidən partiyaya sədr seçilib.

Videoda iddia edilən xanım millət vəkli də Baykalın partiyasının təmsilçisidir. Əvvəllər partiyada Baykalın katibi olub. 2007-ci ildə partiya siyahısı ilə Ankaradan millət vəkili seçilib.

Türkiyə mediasının xəbərinə görə adı çəkilən xanım millət vəkili də videonu siyasi qarayaxma adlandırıb və bildirib ki, ailəsi ilə birlikdə bu qarayaxmanın öhdəsindən gəlməyə çalışır.

72 yaşlı Deniz Baykal ömrünün çoxunu T:ürkiyə siyasətində olub. Müxtəlif vaxtlarda Maliyyə, Xarici İşlər, Enerji və Təbii Sərvətlər naziri vəzifələrində çalşıb. Bir müddət Baş nazirin müavini olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG