Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:25
Abbas Atilay

"DAUN SİNDROMLU HAMAM"

Mən elə bilirdim ki, bütün uşaqların atası butulka yığandır.

Çünki gözümü açandan dünyama - divar qonşumuz bığlı Ədoş küçələrdə, zibilliklərdə eşələnib butulka yığmaqla yaşayardı. Butulka ilə yaşayardı, onun varoluşu idi butulka.

O qədər butulka ilə iç-içə keçmişdi ki, harada butulka görsəm bığlı Ədoşu, bığlı Ədoşu da görsəm butulka gözümün qabağında dikələrdi bütün rəngləri ilə. Buna görə elə düşünərdim ki, bütün uşaqların atası bığlı Ədoş kimi butulka yığandır.

Yalnız mənim atam butulka yığan deyildi, bəs nəçi idi?

Bunu bilmirdim. Ara söhbətlərdən eşitmişdim ki, atam anam mənə boyun olanda evimizin arxasındakı qonşumuz qancıq Səriyyəgilin televizor antenasını düzəldəndə hamamlarının damımdan düşüb beyin qanaması keçirmişdi, beyni zədələnmiş, halusinasiyaya tutulmuşdu.

Gözünə qara saqqallı biri görünərdi, onu özündən çıxararmış deyilənə görə.

Məni anam evdə doğub. Atam məcbur etmişdi bunu, guya mən evdə doğulmasam uşağı öldürəcək o qara saqqallı adam, belə demişdi anama. Otaqların birində mən doğulduğum gün isə o, digərində öldürmüşdü özünü.

Hər mənim doğum günüm sevinclə hüzn bir yerdə olardı, otaqların birində gülər, digərində ağlayardıq.

Mənim üçün aş süzəndə anam sevinərdi, axşam şər qarışanda isə evdən iyi gəlsin deyə yağda soğan qovurardı atam üçün.

Atamın ruhunu şad edəcəkdi bu soğan iyi bizi ağladaraq. Hər dəfə də soğan qızardanda anam üzünü qancıq Səriyyənin hamamı tərəfə çevirib ona qarğış tökərdi.

Anama görə atamın ölümünün əsas baiskarı qancıq Səriyyə idi, onun təkidi ilə atam onların hamamlarının damına qalxmış, oradan da yıxılıb bizi ağlar qoymuşdu.

Dəfələrlə anamın “Səriyyəni görüm o hamamdan təmiz çıxmasın!” dediyini bu qulaqlarımla eşitmişdim heç nə anlamadan.

Doğrudan da o hamam və qancıq Səriyyə yalnız bizə deyil, bir çoxlarının evinə qaranlıq çökdürmüşdü.

Atamın ölümü mənim üçün qaranlıq otaqda yaşanmış anlaşılmaz olsa da bığlı Ədoşun son anı gözlərim qarşısında yaşanmış unudulmaz xatirədir. Elə bil dünən olub.

Bizim evin arxasındakı qancıq Səriyyənin hamamı bığlı Ədoşgilin əl damına bitişik idi. Bu əl damında bığlı Ədoş müxtəlif illərdən cürbəcür butulkaları - butulka kolleksiyasını toplayırdı.

Bir gün axşamın qırmızısında bu əl damı gurultu ilə çökdü nə çökdü. Elə çökdü ki, bığlı Ədoşun necə həvəslə topladığı bu ala-bəzək butulkalardan biri də ələ gəlmədi.

Biz fərqli bir hadisə görmüşdük deyə sevincimizdən ora-bura tullanırdıq, yazıq bığlı Ədoş isə ayağını uçmuş əl damının çiy kərpicləri arasında parıldayan butulka qırıqlarına sürtərək siqaret çəkir, arada bir isə sakitcə “səni hamamda basdırım, hamam sahibi” deyib həmin anda heç bir məna daşımayan üzünü bizdən gizlədirdi.

Əvvəl-əvvəl bığlı Ədoş qancıq Səriyyəni sakit söyərdi hər axşam evə qayıdanda.

Amma sonralar hər birində bir xatirə yaşadığı o butulkaların həsrətindən idi ki, hər evə qayıtdığında üzünü butulka qəbiristanlığına tutub qancıq Səriyyəni nə ki var söyər, sonra da bütün məhəllə uşaqlarının dilinə düşən məşhur sonluğu deyərdi.

Elə olmuşdu ki, onun söyüşlü monoloqunun sonluğu nəinki yalnız uşaqların, hətta böyüklərin də dilinə düşmüşdü.

Hamı bir-birinə “bığlı Ədoş (öləndən sonra “rəhmətlik Ədoş” deməyə başladıq) demişkən, damın təpənə uçsun” deyərdi üzlərinə əsəbilik ifadəsi verərək.

Divar qonşumuz bığlı Ədoşun getdikcə qatılaşan söyüşlərini hər axşam dinləmək bizim əvəzolunmaz məşğuliyyətimizə çevrilmişdi. Onun evə dönüş vaxtını bildiyimiz üçün əvvəlcədən həyətə çıxıb özümüzü divar dibinə verər, onu gözləyərdik.

O, da həmişəki vaxtında gələrək qancıq Səriyyəni o ki var söyüb, “damın təpənə uçsun” deyər, biz də xısın-xısın gülərdik. Bizim oyuncaqsız keçən uşaqlığımızın sevincli anları idi bunlar.

Bığlı Ədoşun söyüşləri idi uşaq dünyamızda bizi xoşbəxt edən şey.

Onun özünü ifadəsi bizim uşaqlıqdan qaçışımız idi, o, özünü ifadə edirdi, özünü yenidən yaradırdı, biz isə böyüyürdük. Onun kədər yağan qəzəbli səsi bizim uşaqlığımızı böyüdürdü. Kiçik insanları böyük səbəblər ağlada bilməz.

Sonuncu gün bərk külək əsirdi mən yaşadığım küləksiz şəhərdə.

Biz bir az altdan-üstdən geyinib yenə bığlı Ədoş gillə bizim həyətin ortaq divarına söykənmiş, onu gözləyirdik. Həmin gün qeyri-adi hadisə baş verməliydi, ürəyimə dammışdı.

Çünki bığlı Ədoş bir az geciksə də yenə evinə qayıtmış, amma qancıq Səriyyə haqqında heç nə demədən içəri girmişdi. Qulağım səsdə idi, nəsə olacaqdı və özünü nə iləsə unudulmaza çevirəcəkdi.

Mən doğulduğum Küləksizlik şəhərində gecələr həmişə uzun olar.

O gecələrin zaman ölçüsü ərsiz dul qadınlardır. Yalnız qadınlıqlarını unutmuş bu qadınlar çadralı gecələrin dözülməz varlığını hiss edər.

O qadınları dul edən səncə, bu gecələr deyil? Bizim şəhərdə günəş batanda qadın dullaşır günəşin qırmızı yerində.

Bəzən ildırım çaxar, işığı dəyər sizə, sonra səsi yayılar ətrafa.

O gecə əksinə oldu, əvvəlcə gurultu qopdu, sonra bircə-bircə işıqlar gəldi qaranlıq evlərin pəncərəsinə.

O, səs bığlı Ədoşgil tərəfdə idi. Uşağı uzun səfərlərə çıxan avtobusun arxa təkərləri altında qalan ana səsinə bənzəyirdi o səs və dayanmırdı, getdikcə gecənin qaranlığına tüpürürmüş kimi ətrafa yayılırdı.

Bığlı Ədoşgilə ən yaxın qonşu biz idik, amma biz onların həyətinə girəndə bütün məhəllə camaatı orda bir-birinin arxasından boylanıb hələ də susmayan qadının baxışları gedən tərəfə baxırdı.

Qancıq Səriyyənin hamam divarının dibində bir kişi uzanmışdı yanı üstə, cinsiyyət orqanı görünürdü.

Onun cinsiyyət orqanının anlamı yox idi artıq. Bədbəxt hadisələrdə əxlaq olmaz – hamı ona baxırdı. Adamın başı partlamışdı.

Həmin gün uzun gecə qısaldı, günəşin batması, o qadın səsinin yayılması ilə səhərin açılması bir oldu.

Günəş çıxar-çıxmaz xəbər yayıldı ki, gecə bığlı Ədoş qancıq Səriyyənin hamamının divarına işəyəndə külək damın üstündən sökük bir daşı onun başına salıb öldürmüşdü.

Ağlamaq qiyamdır, nəyinki zəiflik. Ağlayırsa deməli barışmır.

Ədoş isə söyməklə özünü ifadə edirdi, bununla kifayətləndi, qiyam etmədi. Barışdı reallığı ilə.

Həmin gecənin dəhşətindən vaxtından əvvəl bir daun-sindriromlu uşaq doğdu bığlı Ədoşun arvadı.

Bəlkə də həmin gecə külək əsib hamam başından kərpici bığlı Ədoşun başına salmasaydı uşaq daun-sindromlu olmazdı. Hamamın bədbəxt etdiyi iki başsız ailə və iki xəstə uşaq.

Aradan illər keçdi, biz 2 daun sindromlu uşaq böyüdükcə hamam da bizimlə böyüdü, təmir edildi, bəzədildi, geniş pəncərələri kiçikləri ilə əvəzləndi. Hamam da yavaş-yavaş bizə bənzəməyə başladı.

Amma heç vaxt uçmadı. Halbuki, mən elə düşünürdüm ki, 2 ailənin dünyasını qaraldan bu hamam öz sahibəsini qucaqlayaraq yerə batacaq. Amma belə olmadı.

O, dağılmadı, lakin bizi daun xəstəliyinə yoluxdurdu.

Qancıq Səriyyə indi bu hamamı ibadət otağı edib, orda dua oxuyur, yeniyetmə qızlara dini dərslər keçir. İçərisi xalı-xalçalarla döşənib.

Qızlar yerə sərilib Səriyyənin dini xütbələrini dinləyir, ondan dərslər alırlar.

Deyilənə görə isə son dərslərin birində qızlar bardaş qurub oturmaq istəyərkən onlardan biri yerdə tərsinə çevrilmiş bir fotoşəkil görüb.

Həmin fotoşəkildə gülümsəyən daun sindromlu uşağın gözləri oyuqimiş.

Qız bu şəkili görən kimi əvvəlcə qorxudan çığırıb, sonra isə özündən gedib. Bu hamama görə qız ağlını da itirib.

HEKAYƏYƏ BURDA SƏS VER

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG