Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:35
Zamin Hacı

"QAYÇI"

Hamı elə bilir mən dünyanın ən xoşbəxt, ən varlı adamıyam.

Əslində isə mənim yalnız bircə qayçım, bir dənə də podnosum var, qalanları boş şeylərdir.

Podnosdan danışmaq istəmirəm, o əslində buraya qayçının hesabına düşüb, necə ki, bizim soyadlarımız adımızın yanına yazılır, çox vaxt heç nə ifadə eləmir.

Bu əhvalat çoxdan başlayıb, doğrusu indi tarixi heç xatırlamıram, yada salmağa, soruşmağa da kimsə yoxdur, ətrafımdakıların hamısı yaltaqlardır, tarixçilərim, saray salnaməçilərim də aləmi bir-birinə qatıblar.

Məsələn, doğum tariximi elə düzüb-qoşublar ki, indi mən məmləkətdə hamıdan böyüyəm, hətta orta məktəb kitablarında yazılanlara inansaq kosmosa da Qaqarindən qabaq uçmuşam. Rədd olsun hamısı...

Dərdim bu deyil. Sizə qayçım haqda danışmaq istəyirəm. Bu, mənim böyük problemimdir.

Neçə illər qabaq atam dünyasını dəyişməzdən öncə məni xəstəxana palatasına çağırdı.

O, bu ölkənin padşahı idi, hər cür imkanları var idi, ancaq ölümə qalib gələ bilmədi.

Məncə istəsə o, ölümün üzünə durub onu qazamata basa bilərdi, niyə istəmədi, məlum deyil. Bəlkə də çox qocalmışdı. Hə, qayçını da elə palatada mənə vəsiyyət elədi. Podnosla birgə.

Unudulmaz, isti duyğular yaşayıram indi də, həmin anları xatırlayanda...

Atamın baş cangüdəni podnosda qayçını palataya gətirəndə öncə çaşmışdım, düşünmüşdüm görəsən bu qoca - ağlınıza başqa şey gəlməsin, biz atamı ailə içində hərdən mehribancasına “Qoca” çağırardıq - indi nə plan qurub.

Axı bir dəfə o, müxalifət partiyasının sədrini dırnaqtutanla dişlək-dişlək eləyib öldürmüşdü – televiziyada isə bəyan eləmişdi ki, bu yaramaz dırnaqtutanla dövlət çevrilişi eləməyə hazırlaşıbmış.

Sonra hər yerdən dırnaqtutanları yığışdırdılar, camaat indinin özündə də uzanmış dırnağını gəmirib qopardır.

Podnos qızılı rəngdə idi, ancaq ucuz bir podnos idi, Çin malı, necə deyərlər.

Ortasında isə həmin möhtəşəm alət uzanmışdı, sanki dünya gözəli hansısa parlaq, alabəzək jurnala poza verirdi. Adam da qayçını sevə bilərmi? Mən deyirəm sevər! Bunu mən yaşamışam!

Qayçı mənim ilk və son məhəbbətimdir. Onsuz yaşamağı təsəvvür eləmirəm.

Atam qayçını mənə verib lap Milorad Paviçin qəhrəmanları sayaq dedi: “Yadında saxla, kəsmədiyimiz ağacların küləyi ömrümüzün üstündən əsir, biz hamımız çılpaq dərzilərik”. Bunu deyib canını tapşırdı.

Atamı dəfn elədik, el adətinə görə məni onun yerinə qoydular. Mən artıq prezident idim, hamı mənə baş əyirdi, ayaqqabılarımı yalamaq istəyənlərin uzun növbəsi var idi, hər gün aparatın önündə dururdular.

Bunlar məni maraqlandırmırdı, qayçı tamam gözümü tutmuşdu. Quşum qonmuşdu bu nəcib varlığa. Ona alət deməyə dilim gəlməzdi, deyənlərin də dilini sonralar kəsmişdim.

Bir nəfər kimi. Əgər dilsiz adamlar görsən, küçədən əl-qolunu ölçə-ölçə keçənlərlə rastlaşsan bil ki, mənim qayçımın qurbanlarıdır.

Mən qayçının həyatımda önəmini elə ilk gün anladım – hakimiyyətimin ilk günü. Atamı dəfn edəndə tabutun üzərinə qara lent bağlanmışdı, məni qabağa buraxdılar, lenti qayçı ilə kəsib podnosa qoydum.

Beləcə başlandı... Rəhmətlik atamın nə qədər uzaqgörən olduğunu, camaatın onu nə üçün elə bu cür – “uzaqgörən şəxsiyyət” adlandırmasının səbəbini də başa düşdüm.

Hara gedirdimsə qayçı da yanımda olurdu.

Hər şeyin açılış lentini mən kəsirdim, bu bir azara çevrilmişdi. Açılış da nə qədər olar, aman tanrım? Zavodlar, fabriklər, məktəblər, heykəllər, hətta çayxanalar və ictimai ayaqyoluların da açılışını mütləq mən etməliydim.

Yoxsa ölkədə həyat bir anın içində dayanardı.

Bir dəfə yatıb yuxuya qalmışdım, cangüdənlər də oyatmağa ürək eləməmişdi, həmin gün isə qonşu ölkənin prezidenti bizə qonaq gəlmişdi, təyyarə ilə, təyyarə nərdivanının lentini kəsən olmadığından prezident yazıq 3 saat yerə enə bilməmişdi.

Zarafatcıl ruhum var, o üzdən indiyəcən parlament tualetinin lentini kəsməmişəm, deputatlar hələ də iclaslarda pamperslə otururlar.

Mən lenti qayçı ilə kəsirdim, kəsiyi podnosa, qayçını isə ürəyimin başına, pencəyimin döş cibinə qoyurdum.

Televiziyaya inanmayın, orda elə görünür ki, guya mən qayçını da podnosa qoyuram, ancaq bunlar hamısı montajdır.

Yeri gəlmişkən, həmin çəkiliş lentlərini də qayçımla özüm kəsirəm. Yapışdırmaq televiziya işçilərinin boynundadır, nəyəsə yaramalıdırlar ya yox?

Gəlinlərin belindəki qırmızı kəmərləri, körpələrin göbəyini, əsgərlərin telini... hər şeyi mən öz qayçımla kəsirəm.

Mənim cürbəcür qayçılarım var bundan ötrü.

Ağacların budaqlarını doğramaq üçün qayçı, kabel naqillərini kəsmək üçün uzun saplı qayçı, qəzaya uğramış avtomobillərdən adamları çıxartmaq üçün hidravlik qayçı, dövlət başçılarının bağışladığı qızıl, gümüş, brilyant bəzəkli qayçılar (artıq bütün dünya mənim bu zəif damarımı bilir), dırnaqtutan, yapon istehsalı metaldan üç barmaq yerli dəllək qayçıları... uzun sözün qısası, hər cür qayçıdan ibarət mükəmməl bir kolleksiyam var.

Ancaq ən çox sevdiyim və gecələr yastığım altına qoyduğum qayçı – deyilənə görə bu insanı şər qüvvələrdən qoruyurmuş – atamın bağışladığı, lent kəsmək üçün olan sarı tutacaqlı, üstünə hansısa qədim dildə “ tsena 64 kopeek” yazılmış metal qayçıdır.

Kitabları da mənim bu qayçı sevgimin əsasında yazırlar.

Məsələn, bizim orta məktəbin tarix dərsliyində yazılıb ki, qədim yunanların tale ipini kəsməkdə görəvli sandığı ilahələrdən - moyralardan birinin – Atroposun qayçı ilə çalışması onun bizim ölkədə doğulmasını göstərir.

Axı mənim ölkəmin bir rəsmi adı da Atropatenadır. Axmaq tarixçilərim yazıblar ki, guya mən qayçı ilə məharətlə çalışmağıma görə məhz həmin Atroposun layiqli davamçısıyam.

Ümumiyyətlə, bizim bütün dərsliklərdə qayçılara aid xüsusi bölmələr var. Məsələn, elə həmin tarix kitabında ilk qayçını 3-4 min il öncə qədim romalıların qoyunları qırxmaq üçün düzəltdiyi yazılıb.

Bu mənim çox bəyəndiyim bir cümlədir.

Fizika dərsliyində isə prezidentin bir qırmızı lenti kəsmək üçün qayçının dişlərinə nə qədər qüvvə sərf elədiyini ölçmək haqda məsələ qoyulub.

Yeri gəlmişkən, mən həmişə bir xırda çətinliklə üzləşirəm, bu, qırmızı açılış lentlərini soldan, yoxsa sağdan kəsməyə başlamaqla bağlıdır.

Əgər ilk kəsiyi lenti tutduğum əlimin sağından edirəmsə məcburam sonra qolumun üstündən sol tərəfi kəsim. Bu zaman bir az diskomfort olur. Ehtiyatsız hərəkət eləsəm pencəyimi, üstəlik Allah eləməsin, qolumu da doğraya bilərəm.

Təhlükəsizlik Şurasının iclasında bu problemi qaldırmaq lazımdır.

“Yeməyə alçası var,
Atı var, dayçası var,
İti bir qayçısı var,
Yaşasın prezidentim!”

Bu isə yaltaq saray şairimin quraşdırdığı poemadandır, mən bunun mənasız əsər olduğunu anlayıram, ancaq ona ölkənin baş mükafatı “Şərəf qayçısı” ordenini vermişəm.

Qayçı əsl kişilərin alətidir, bunu anlamağınız gərəkdir. Gözünüz önünə iki əllə tutulan yumrusu, dik dişləri olan bir bağlı qayçı gətirin. Nəyə bənzəyir? Düzdür, bu axı əsl kişi orqanıdır!

Həm də buna görə mən ölkənin bütün baş meydanlarına qayçı heykəlləri qoydurmuşam.

İndi sizə problemimin nə olduğunu deyim.

Bütün bu qayçıların içində mən xoşbəxt ola bilmirəm, çünki bir gecə pis yuxu gördüm.

Gördüm ki, arvadım yastığımın altında gizlətdiyim qayçını oğurlayır, ölkəmizin xəritəsini kəsib kağız quş düzəldir. Sonra biz bu quşun belinə minirik, havada bu quş açıq qayçıya bənzəyir, ucqar zəmilərdə taxıl dənləməyə gedirik.

Zəmi də çoxdan biçilib, yerini də yandırıblar, külün içində dən tapmaq o qədər əzab verir ki...

Yuxudan qan-tər içində oyandım. Falçılar deyir ki, guya bu yuxu yaxşılığa yozulur, guya kim yuxuda qayçı görsə o, doğrunu yalandan ayıra bilərmiş.

Mən doğrunu yalandan ayırmaq istəmirəm.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG