Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:40
İŞARTI

Həqiqət bir kimsədən asılı deyil. Sonsuzluğun da sonunda həqiqət var. Onsuz da o, nə zamansa üzə çıxacaq. Bizim vəzifımiz öz imkanımız daxilində həqiqətin mümkün qədər tez üzə çıxmasına xidmət etməkdi. Amma üzə çıxan həqiqət adi bir qarışqanın məhvinə səbəb olacaqsa, mən o həqiqətə düşmənəm!

***

Bəzən insan ağlına elə qəribə fikirlər doluşur ki, onları ifadə etmək üçün mövcud olmayan, daha doğrusu qeyri-ənənəvi iki yoldan birini seçmək lazım gəlir, ya ölüb yazmalı, ya da yazıb ölməlisən!

***

Ədəbiyyat portalına elə şeir yerləşdirərəm ki, yer kürəsinin internet sistemi dağılar. Amma abırlı düşünüb, abırlı yaşamaq daha ləyaqətli deyilmi?

***

Əgər şair, digər dilə tərcümə olunarkən misralarının necə səslənəcəyini düşünərək yazırsa, artıq bu andan onun yazdığı tərcümədir.

***

Ən dadlı və xeyirli təam fizioloji yox, mənəvi toxluq verən təamdır.

***

Adam olmayan yerdə nə mələk olur, nə iblis. Gərək adamlar bir yerə cəm olsunlar ki, mələklər və iblislər zəhmət çəkib onların yanına təşrif buyursunlar.

***

Birdən elə olur ki, hər şey mənə şeir kimi görünür, hətta mətbəxin eyvanında küləyin ehmal-ehmal tərpətdiyi sarı soğan qabığı da...

***

Mən hamı üçün yazıram... Hamı susur... Axı niyə hamı susur? Axı mən hamı üçün yazıram...

***

Yaxşı yaxşıdı,
Faydalı yaxşı daha yaxşıdı.

***

Elə adam tanıyıram; adam olmağıma adamdı, amma eşşək adamdı...

***

Elə tərcüməçi tanıyıram; tərcüməsi tərcümə deyil, özü tərcümədi...

***

Elə adam tanıyıram; doğulub, bilmir; hətta ölüb, onu da bilmir...

***

Səfər mənə dedi:
– Baba, Allah hamıdan göydədi!
– Necə yəni? – istədim aydınlaşdırsın.
– Niyə başa düşmürsən ey... yəni Allah ən göydədi, ən göydə!..
Düz sözə nə deyəsən?! Ən yerdəki balaca Allahıma baxıb qəhərləndim...

***

Əsl həqiqətdə adam qayanın yanından keçir.
Amma ki, sən keçəndə qaya adamın yanından keçir sanki...

***

Heç nəyə susayıb
həsəd aparma,
Hanı su mənbəyi
səndən yaxşısı?
Bulaq, çeşmə deyib
qayalar yarma
Yaxşı sıx, çıxacaq
candan yaxşı su...

***

Fikir əsasdır. Fikri ifadə etmək imkanı fikir qədər əsasdır. YENİ o zaman yaranır ki, fikir fikri ifadə etmək məharəti ilə birləşir.

***

Ömrünün bitməyinə beş dəqiqə qalanda da özünü darıxdırma. Çalışıb yaxşı əmələ sahib olmaq üçün dörd dəqiqə də yetər!

***

Canın-qanın bahasına yaratdığın on sarayın olsa da, gərəkli vaxtda əlin yetməyən evin bir kərpici də sənin deyil.

***

Mənə demə ki, tarix yaz! Mən özüm tarixəm! Tarix necə tarix yaza bilər?

***

O qədər danışır ki, ağzından min sözün iyisi gəlir!

***

“Cırtdan” nağılını kamil saymaq olmaz. Çünki bu nağılda meşədə azan uşaqların valideynlərinin iztirabları yoxdur!

***

Həyatda bir dəfə yaşamaq çətindi!
...İkİ dəfə yaşamaq – mümkün deyil!

***

Gənc şair qardaşım! Öyrən, hər şeyi öyrən. Bəzən əlifba sırasını və yaxud vurma cədvəlini əzbərdən bilməmək də yazmağa mane olur.

***

Cümlənin sadəliyinə baxma. Çox zaman onu yazmaq üçün ömrün bütün əzablarını (lap olsun sevinclərini) təkrar yaşamaq lazım gəlir.

***

Uşaq ölümü – işıq ölümü...

***

Siz necə yazırsınız yazın, mən ənənələrin yolunda şəhid olacağam. Ədəbiyyat qurban sevir!

***

Qorxma, gözün kor olunca oxu, ayrı bir gözün açılacaq.

***

Özünə görə hər kəsin anası əvəzedilməzdi! Nə üçün? Sualın bu dünyada olmuş, olan və olacaq insanların sayı qədər cavabı var.

Həm də bu cavablar yüzdə-yüz üst-üstə düşür.

***

Pəncərədən baxıram. Qarşı yoldan bir qadın gəlir. Arvadıma bənzəyir. Amma o deyil. Çünki əlində yükü yoxdu.

***

Adam yadların yadlığından, doğmaların doğmalığından ölür...

***

Mən sağlığında Allahına qovuşan yeganə şairəm, başqaları yalan deyir!..

***

Mən insanlara nifrət edə bilmirəm. Çünki buna vaxtım yoxdu.

***

Ən böyük fəlsəfə həyat təcrübəsindədi. Sadəcə onu nəyəsə çevirmək gərəkdi.

***

İstisnasız olaraq bütün fövqəladə işlər fövqəladə vəziyyətdə – iki daşın arasında görülür... Sadə dillə desək, beşiklə məzarın arasında...

***

Ağıllı fırçayla sürtə-sürtə, arsız gülə-gülə dişini ağardır.

***

Elə də böyük fərq etməz ki, şahlar şairi və şairlər şahı Şeyx Nizami Gəncəvi bir fərd olaraq milli mənsubiyyətcə farsdır, yaxud türkdür... Əsas olan budur ki, o, bütün bəşəriyyət üçün qənimət bir şəxsdir. Çünki böyük ustad, dərin düşüncəli Nizami Gəncəvi DAHİDİR!

Nizami Gəncəvi farsın olsa da, olmasa da fars Nizami Gəncəvinindir...

Nizami Gəncəvi türkün olsa da, olmasa da türk Nizami Gəncəvinindir...

Bu söz sıralamasını dünyada mövcud olan bütün xalqların sayı qədər artırmaq olar.

Nizami Gəncəvi elə böyükdür ki, onun təfəkkürünün geniş miqyaslı aynasında əsasən fərasətli, elə o qədər də fərasətsiz hökmdarların müdaxiləsi ilə əmələ gələn çoxsaylı sınır təhrifləri, sərhədləri haşiyələyən girintilər, çıxıntılar, kəsintilər... nəinki dərhal ifşa olunur, həm də öz hökmünü, təsir gücünü itirir. Minlərlə səbəblər içində həm də buna görə nadir maddi, mədəni, mənəvi və əlbəttə ki, ədəbi hadisələr panoramasında Nizami Gəncəvi ayrıca və çox əhəmiyyətli bir hissədir.

Və nəhayət, Nizami Gəncəvinin milli mənsubiyyətinin müəyyənləşdirilməsinə sərf olunan enerji və dartışmalar onun sənətinin fövqəladə qüdrətinin açılmasına, bütün dillərdə heç olmasa fars dilində olduğuna yaxın ifadəsinə sərf edilsəydi, onda biz zaman-zaman insanı ucaldan, kamilləşdirən söz sənətinə həqiqi xidmət etmiş olardıq. Nizami Gəncəvi elə böyükdür ki, onu təkbaşına hər hansı bir xalq çəkib apara bilməz.

Nizami nə farsın, nə türkün övladıdır, Nizami Yer planetinin övladıdır. Elə buna görə də bu tükənməz xəzinədən Yer planetində yaşayan hər bir kəsə pay düşür.

***

Hər ömrün bir
yaz vaxtı var;
qonşuluqda
qız vaxtı var.
Hər ömrün bir
yay vaxtı var;
al Günəşə
tay vaxtı var.
Hər ömrün
payız vaxtı var;
saçların
bəyaz vaxtı var.
Hər ömrün bir
qış vaxtı var;
Haydı,
yır-yığış vaxtı var...

"525-ci qəzet"

Günün bütün mövzuları

XS
SM
MD
LG