Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:18

Şəhriyar Məmmədyarov: «Şahmatsız da yaşaya bilərəm»


Şəhriyar Məmmədyarov

Şəhriyar Məmmədyarov

Azadlıq radiosu:

- Şəhriyar Məmmədyarovun sonuncu oyunu prezident kubokunun blits yarışması oldu. Qalib oldu Azərbaycan şahmatçısı. 14 şahmatçının iştirakı ilə dairəvi sistem üzrə keçirilən yarışmada Şəhriyar Məmmədyarov və keçmiş dünya çempionu Rusiyalı Vladimir Kramnik hərəyə 10.5 xal toplayaraq birinci və ikinci yerləri bölüşdülər və Şəhriyar Məmmədyarov birinci oldu. Bu yaxınlarda Şəhriyarla bağlı başqa bir xəbər oldu və Şəhriyar Məmmədyarov Azərbaycan tarixində ən rekord göstərici yığdı FIDE reytinqinə gör. Onun indi FIDE reytinqi 2763-dür bu Azərbaycan üzrə ən rekord göstəricidir. O indi şahmat reytinqinə görə Azərbaycanda birinci yerdədir. Dünya üzrə 6-cı yerdədir. Xatırladım ki, dünya üzrə birinci yerdə olan şahmatçı əslən Norveçdən olan Maqnus Karlsendir. Ondan sonra gəlir Bolqarıstanlı Veselin Topalov, Amerikalı Fişer Anont və Ermənistanlı Levon Aryonyan. Sonra gəlir 6 – cı yerdə Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov. Bütün dünya üzrə 6 –cı yerdədir Şəhriyar. Bundan sonra nədir hədəf?

Şəhriyar Məmmədyarov:

- Əlbəttə hədəf birinci olmaqdır. Mən daha öncə 2007 – ci ildə artıq dünyanın dörd nömrəli şahmatçı olmuşam. Ondan üç il keçib, artıq dünyanın altı nömrəli şahmatçısı olmuşam. Bu gün sadəcə olaraq şahmatda rəqabət çox güclüdür bizdə. Bütün arzularım, bütün diqqətim birinci olmaqdır. Yəni yavaş – yavaş bu arzuya doğru gedirik. Mənim yeni reytinqim də onu göstərir ki, şahmatda indiyədək olan olduğum ən böyük reytinq bu gündür. Bakıda keçirilən sürətli şahmat üzrə iki turnirdə birində mən ikinci yeri böldüm. Birində isə dünya çempionu Vladimir Kramniki udaraq çempion oldum. Hər şey göz yolundadır, hər şey yaxşı gedir. Yaxın turnirdə yaxşı iştirak edib, reytinqi qaldırmaq və dünyanın bir nömrəli şahmatçısı olmaqdır.

Azadlıq radiosu:

- Bu nə dərəcədə çətin olacaq? Yəni kimi daha çox rəqib görürsən bu yolda?

Şəhriyar Məmmədyarov:

- Rəqiblər, şahmat aləmində elə bir şahmatçı yoxdur ki, bütün şahmatçılardan çox fərqlənsin. Məndən qabaqkı beş şahmatçının beşinə də mən qalib gəlmişəm. Bu onu göstərir ki, mən onların hamısına qalib gəldiyim üçün mən özüm də dünyanın bir nömrəlisi ola bilərəm. Hər bir orada olan şahmatçı birinci olmağa böyük namizəddir və mübarizə çox gərgin gedir orada. Əsas məqsəd birinci olmaqdır və o şahmatçılara qalib gəlməkdir.

Azadlıq radiosu:

- Şəhriyar adətən uğur qazanan Azərbaycanlıları kənardan çox dəvət edən olur öz komandasına. Səhv etmirəmsə siz Makedoniyada oynamısınız?

Şəhriyar Məmmədyarov:

- Bəli. Klublar arasında üç il arxa-arxaya mən Makedoniyanın «Alkaloyd» klubunda Avropa klublar çempionatında oynamışam. Ondan qabaq Rusiyanın klubunda oynamışam. Bu bizdə normal haldır. Başqa ölkənin klubları normaldır ki, məşhur futbolçular başqa ölkələrin klublarında oynayırlar. Bizdə də şahmatda elit oyunçuları başqa klublar dəvət edir, biz də oynayırıq. Amma çox sevindirici haldır ki, Azərbaycan tarixində ilk dəfə olaraq Azərbaycanın öz klubu yaranır. Azərbaycanın öndə gedən əksər şahmatçıları bu klubda oynayacaqlar.

Azadlıq radiosu:

- Bu klub nə formadadır? Tutaq ki kommersiya əsasları ilə maliyyələşəcək, yoxsa hökumətin nəzarəti altında olacaq?

Şəhriyar Məmmədyarov:

- Bunu futbolla müqayisə etsək, götürsək məsələn Barselona ya Mançester orada məşhur futbolçular gəlir, o klublarda iştirak edirlər amma bu ölkənin klubunu təmsil edirlər. Burada bizi maraqlandıran cəhətlər başqa ölkələrin klubunu təmsil etdiyimiz üçün öz şəxsi nəticələrimiz və haradasa gəlir yeri kimi baxırıq. Çünki belə turnirlərdə başqa ölkələrin klublarını təmsil etməklə ilk növbədə öz, şəxsi professional şahmatımızı fikirləşirik. Amma Azərbaycan klublarında oynayanda öz ölkəmiz üçün çalışırıq, çalışırıq ki, Azərbaycan klubu birinci olsun.

Azadlıq radiosu:

- Müsahibələrin birində demisiniz ki, imtina etdiniz xarici klubların təklifindən ki, Azərbaycan klubunda oynayasınız.

Şəhriyar Məmmədyarov:

- Əlbəttə bu il artıq çox ciddi bir şəkildə bizə dəvət olundu. Klub söhbəti neçə illərdir var idi, amma ilk dəfə bu qədər ciddi formada dəvət olunduq. Mən keçən il Makedoniya klubu ilə bütün kontraktlar bitdiyi üçün bu il başqa – başqa klublar dəvət edirdilər. Amma il təzə başladığı üçün hələ heç bir kluba razılıq vermirdim. Azərbaycan klubu dəvət edən anda açığı fikirləşmədən o təklifi qəbul etdim. İlk dəfə yaranmasına baxmayaraq xarici oyunçular da oynayacaqlar. Klubumuzun şərəfini başqa, elit səviyyəli şahmatçılar daha da gücləndirəcəklər.

Azadlıq radiosu:

- Şəhriyar öz təcrübəndən, səni Azərbaycanın ən uğurlu gənclərindən saymaq olar. Nədir uğuruq kökündə dayanan? Sənin nəticən nədir?

Şəhriyar Məmmədyarov:

- Əlbəttə uğur heç bir şey öz özünə yaranmır. Uşaqlıqdan, gənclikdən çəkdiyim məşqlər, əziyyətlər öz bəhrəsini verməyə başladı. İlk illərdən bəhrəsini vermədi. On illiyi keçəndən sonra başladı öz bəhrəsini verməyə. Bu da onu göstərir nə qədər əziyyətli yol gəlmişik. Nə qədər məşqlər, ciddi şəkildə və ciddi rejimdə məşqlərə fikir vermişik ki, artıq nəticəsini görürük.

Azadlıq radiosu:

- Mən sənin tanışlarından eşitmişəm ki, gərgin məşqlərinlə yadda qalmısan. Uzun müddətli analiz dəftərlərinlə, ən çətin oyunları analiz etməklə. Nə qədər məşq edirsən indi?

Şəhriyar Məmmədyarov:

- İndiki məşq sayı keçmişə çata bilməz. Bunu yaşla bağlı hesab edirəm. Mən uşaq olanda bizim atamız gənclikdən məşqçimiz olub həm də. Biz məşqlərə necə fikir verirdik. Təkcə şahmat yox, həm də fiziki hazırlıq. Şahmatın özü elə vaxt olurdu on saatlarla gündə məşğul olurduq. Elə gün olurdu 12 saat, 13 saat. Amma elə gün olurdu heç üç saat olmurdu. Sadəcə olaraq biz bu işlə heç zaman məcbur olduğumuz üçün yox, sevdiyimiz üçün məşğul olmuşuq. İstəyimiz olanda məşğul olurduq, istəyimiz olmayanda məşğul olmurduq. Amma çox sevindirici haldır ki, bizim hər zaman bu idman növünə şahmata çox böyük sevgimiz olub. Gəncliyimizdən bu günə kimi şahmatla məşğul olmaqdan yorulmuruq.

Azadlıq radiosu:

- Müsahibələrdən birində demişdin ki, Veselin Topalov Bolqarıstanda xalq qəhrəmanıdır. Səncə Azərbaycanda xalq qəhrəmanı kimdir?

Şəhriyar Məmmədyarov:

- Bilirsiniz, Veselin Topalov Bolqarıstanın kişilərdə bir nömrəli şahmatçısıdır. İkinci nömrəni heç kim tanımır. Çünki Bolqarıstanın həqiqətən bir qəhrəmanı var. Mən heç vaxt yadımdan çıxmaz, ilk dəfə Bolqarıstana turnirə gedəndə Veselin Topalovla hələ oynamamışdım, ilk oyunumu onunla oynayırdım. Çox həyəcanlanırdım. Çünki həqiqətən hansısa ulduzun evində, ona qarşı şahmat oynamaq çox çətin idi. Mən ilk oyunumu çox sürətli oynadım, yaşımız arasında olan fərq və mən onda şahmata təzə gəlmişdim. Demək olar ki, şahmatda rekord göstəricidə, öz vaxtımda 25 dəqiqədə mən onu mat etdim. Baxıram bütün insanların gözlərinə, bütün camaat gəlmişdi, Bolqarıstanın prezidenti də gəlmişdi açılışa oyunçuları dəstəkləməyə, gördüm bütün Bolqarıstan bir an şokdadır. Heç kim hətta alqışlamadı da. Bu qalibiyyəti, baxırdım onların gözünə mənə qəribə gəlirdi, o onların gözündə o qədər məğlubedilməzdir ki, onlara bu qəribə gəlirdi. Azərbaycan kimi ölkədə həqiqətən mən deyə bilərəm ki, bizim elit səviyyədə üç şahmatçı var. Ola bilsin Teymurla ikimiz beş ildən çoxdur elit şahmatda yüksək nəticələr göstəririk. Vüqar son iki ildə bizə qoşulub. Amma nəticələrə baxsaq Azərbaycanda üç güclü şahmatçı hansı ki, mənim fikrimcə bugünkü gündə kimisə kimdənsə ayırmağa düzgün baxmıram. Çünki üçümüz də ayrı – ayrı turnirlərdə Azərbaycanın adını qaldırmışıq. Birimizin məğlub olduğu turnirdə digərimiz qalib gəlməyə çalışmışıq. Azərbaycan şahmatçıları ayrı – ayrı oyunlarda qalib gəlməyə çalışmışıq.

Azadlıq radiosu:

- Şəhriyar, Teymur Rəcəbovla oyunda mən eşitmişəm, adətən rəsmi oyunlarda heç kim bir – birini üstələmir. Bəs qeyri rəsmi görüşlərdə Teymur udur yoxsa siz?

Şəhriyar Məmmədyarov:

- Çox heyflər olsun ki, mən qeyri – rəsmi görüş deyəndə sadəcə olaraq məşq toplantıları kimi götürə bilərəm. Elə bir şey də Azərbaycan şahmatçılarında yoxdur. Biz qeyri – rəsmi heç bir yerdə, heç vaxt görüşmürük. Biz sadəcə olaraq turnir vaxtı görüşürük. Bu üç şahmatçı yarışdan əlavə, kənarda sözün əsl mənasında bir – birini dəstəkləmir. Çünki biz heç birimiz bir – birimizə yeni gedişləri, ya oturub kimin nə baxdığını, kimin nə öyrəndiyini bölüşmürük. Bunun da əsas səbəbi odur ki, biz il ərzində çox oynayırıq və biz üçümüz bir – birimizə rəqibik. İki gündən sonra mənim Teymurla və Vüqarla oyunlarım var.

Azadlıq radiosu:

- Yəni pərdə arxasında oynamırsınız ki, bir –birinizdən öyrənərsiniz. Tanıyarsınız.

Şəhriyar Məmmədyarov:

- Alınmır bir – birimizlə məşqlər. Mən haradasa dörd gün qabaq Teymurla Bakıda oynadım. İndi ayın 7 –si gedib Rusiyada oynayacağıq. Göründüyü kimi çox görüşürük. Qeyri – rəsmi oynamağımız alınmır.

Azadlıq radiosu:

- Şəhriyar bəs tutaq ki, bu qədər məşq etdin bu sənin orta təhsilinə, ali təhsilinə necə təsir etdi?

Şəhriyar Məmmədyarov:

- Şahmatla orta təhsilim mümkün ola bilməzdi. Çünki on saat mən şahmatla məşğul olmağa vaxt ayırsam, üstəlik təhsilimə getsəm altı saat və hazırlaşsam belə çıxır ki, mən heç nəyə vaxt ayıra bilmərəm. Mən istəmirəm ki, iki işin arxasınca düşüb, heç birində uğurlu olmayım. Mən bir işi dəstəkləyib, uğurlu olmaq istəyirəm. Mən bir neçə illər ərzində şahmata görə orta məktəbi bitirdikdən sonra heç bir ali məktəbə daxil olmadım. Sadəcə olaraq öz şahmat məşqlərimi ciddi sürətdə davam etdirdim. Bizim ölkədə idmançılara qayğı var. Ona görə bizə hansısa şərait yaradıldı ki, biz idmançılar istədiyimiz yerdə təhsil alaq və bu təhsildə bizə böyük güzəştlər olundu ki, yarışlara gedək, təhsilimizi davam etdirək və təhsili hiss edək ki, ikinci növbədə təhsildir, ilk növbədə şahmatdır. Bu gün də öz təhsilimizi davam etdiririk.

Azadlıq radiosu:

- Yəni oxuyursunuz?

Şəhriyar Məmmədyarov:

- Bəli

Azadlıq radiosu:

- İxtisasınız nə olacaq?

Şəhriyar Məmmədyarov:

- İqtisadçı.

Azadlıq radiosu:

- Niyə məhz iqtisadiyyatı seçdin? Yəni barmağını hara uzatsan ora qoyacaqdılar?

Şəhriyar Məmmədyarov:

- Yox, açığı. Bizdə elə bir şey elə deyildi. Bu qədər asan olsaydı dörd il bundan qabaq oxumağa başlayardım. Sadəcə olaraq Azərbaycan iqtisadiyyatı xoşuma gəlir ona görə. Yəni hər bir şey gözəldir. Hər şey yaxşıdır bizim üçün. Mən sadəcə olaraq deyə bilərəm ki, mənim üçün ilk növbədə şahmatdırsa təhsilim ondan fərqlənir. Yəni ki, mən harada təhsil alıramsa alım şahmat mənim üçün üstündür.

Azadlıq radiosu:

- Şəhriyar sənə əvvəlcədən çoxlu suallar gəlib. Dünya çempionatının son turunda Amerika ilə oyunun qabaqcadan danışıldığı deyilir. Siz Azərbaycan ABŞ qarşılaşmasının heç – heçə bitəcəyini qabaqcadan bilirdinizmi? Dinləyicilərdən belə bir sual gəlib.

Şəhriyar Məmmədyarov:

- Əlbəttə bu bir az çətin sualdır mənim üçün. Son illərdə Azərbaycan şahmatının başına gələn həqiqətən ən çətin anlardan biri idi. Çünki biz Avropa çempionu olaraq bu dünya çempionatına qatılmışdıq. Bizim komandamızın son turda qalib gəlməyi bizə ən azı ikinci yeri təyin edirdi. Biz də Amerika üzərində son olimpiadada rahat qalib gəlmişdik. Hər kəs bizdən qalib gəlməmizi gözləyirdi. Çox heyflər olsun ki, son turda Vüqar Həşimov və Teymur Rəcəbov oyunlarda iştirak etmədilər. Turnir vaxtı şahmatçılar arasında çox söz – söhbətlər olur. Məşqçi ilə komandanın kapitanı və bəzi öndə gedən şahmatçılarla problemlər yaranmışdı. Amma mən şəxsən fikirləşirəm ki, bizim turnirimiz alınmışdı və çox yaxşı idi. Sadəcə olaraq son turda iki şahmatçımızın oynamamağı aydın məsələdir ki, normal halda bu iki şahmatçı çıxmalı deyildi. İki şahmatçının lider şahmatçılar da çıxdıqdan sonra bizim udmaq şansımız çox aşağı oldu.

Azadlıq radiosu:

- Bu kimin qərarı idi, məşqçinin yoxsa oyunçuların qərarı idi?

Şəhriyar Məmmədyarov:

- Sadəcə olaraq bir şey deyə bilərəm ki, bu məşqçinin qərarı deyildi.

Azadlıq radiosu:

- Belə çıxır oyunçuların qərarı idi.

Şəhriyar Məmmədyarov:

- Sadəcə olaraq bizim komandamızın tərkibində oyunçularla bəzi problemlər yaranmağa başladı. Mən çox heyflər olsun ki, fikirləşirdim ki, bizim komandamızın oyunçuları artıq o gənclik illərindən ayrılıb və komandamızın hamısı hər şey başa düşə biləcək və hər şeyi yerində edə biləcək oyunçulardır. Çox təəssüflər olsun ki, son oyunda bizə məhz böyüklük çatmadı. Komandada böyüklük çatmadı ki, Azərbaycanın ən güclü şahmatçıları oynasın. Bizdən zəif olan komandaya qalib gəlib ikinci yerə çıxmalı idik. Bu bizim qarşımızda duran ən böyük məqsəd ola bilməzdi. Çünki bu Amerikadır. Burada söhbət Rusiyadan və yaxud Ermənistandan getmirdi. O komanda ilə mübarizə aparıb artıq udmuşduq. Yəni komandamız Ermənistanla oyunda qalib gəlib, udmuşdu. Yer tuta bilmədik, dördüncü yer olduq.

Azadlıq radiosu:

- Başqa bir sual var, bir neçə dəfə demişdiniz ki, çempion olmaq üçün şahmatçı gərək lazımsız qayğılardan uzaq olsun. Yəqin ki, söhbət dövlət qayğısından gedir. Dövlət qayğısından gedir söhbət?

Şəhriyar Məmmədyarov:

- Açığı dövlət qayğısı, həvəskar şahmatçılar elə bilir ki, bir şahmat taxtası olsun iki kitab olsun, oturub şahmatla məşğul olacağıq və dünya çempionu olacağıq. Amma çox fərqlidir. Bizdə çox böyük müəllimlər, çox böyük texniki, xaricdə məşqlərin gedib, yoldaşlıq görüşlərində çox böyük maliyyə xərcləri lazımdır. Mən o sözü deyəndə onu nəzərdə tuturdum ki, bugünkü gündə yarışda oynayanda mən fikirləşəcəm ki, kənarda olan kiçik problemlər başımda olsa böyük maneçilik olacaq. Mən onu nəzərdə tuturdum ki, gərək qayğı olsun, şahmatçılar bu problemlərdən uzaq olsunlar.

Azadlıq radiosu:


- Başqa ölkələrdə də belədirmi? Yəni şahmatçıya dövlət qayğısı olur, yoxsa başqa ölkələrdə klub kimi, futbol klubları kimi, yəni kommersiya klubları var, rəqabətlər var, transferlərlə dolanırlar?

Şəhriyar Məmmədyarov:

- Ölkə qayğısı hər bir şahmatı yüksək səviyyədə olan məsələn Bolqarıstanı götürək, Topalov bu gün evində Mats oynayır. Matsın mükafatı böyük olur. Bunun hamısını ölkə prezidenti, ölkə dəstəyi edir. Karlseni götürək Norveç şahmatçısı, bu gün hansısa böyük kontraktları var və ölkə tərkibində bütün məşqlər, məsələn Karlsenin bu gün Kasparov müəllimidir. Kasparov Norveçdə onunla məşğul olur. Bunun nə qədər böyük dəstək olduğunu başa düşərsiniz ki, Karlsenin müəllimi Kasparovdur, amma bir şahmatçının müəllimi yoxdur. Fərq hiss olunacaq qədər böyükdür.

Azadlıq radiosu:

- Mən də eşitmişəm sənin müəllimin olmayıb.

Şəhriyar Məmmədyarov:

- Mənim müəllimin olmayıb demək, professional şahmat aləmində kimi götürsən, məsələn qrossmeyster, usta kimi şahmatçı müəllim olmayıb. Amma mənim məşqçim atam olub. Amma bu gün hiss etmək olar ki, atamın qurduğu məşq siyasəti çox məşqçilərin qurduğu məşq siyasətindən üstündür. Amma bugünkü gündə mən hansısa başqa – başqa köməkçilərə, məşqçilərə müraciət edirəm, çünki daha yüksəklərə qalxmaq üçün başqa şahmatçıların biliyindən istifadə etmək lazımdır.

Azadlıq radiosu:

- Qeyd etmək istəyirəm ki, Şəhriyar Məmmədyarovun iki bacısı da şahmatçıdır. Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova. Hər ikisi də qrossmeysterdir. Bir ailədə üç şahmatçı və üç qrossmeyster.

Şəhriyar Məmmədyarov:

- Əlbəttə sevindirici haldır və qeyd edim ki, mənim məhz məşqçi kimi atamızın böyük əziyyətini göstərir. Mənim kimi bacılarımın da məşqçisi atam olub. Bu çox sevindirici haldır. Amma çox istərdim ki, bacılarım da artıq dünya şahmat tacı uğrunda, qadınlar arasında mübarizəyə daha aktiv qoşulsunlar. Buna vaxt lazımdır. Onlar da bunun üçün çalışırlar. Bu gün də bilirəm ki, məşğul olurlar. Mən onlara uğurlar arzulayıram.

Azadlıq radiosu:

- Bir sual da var, şəxsi eviniz varmı, aylıq məvacib alırsınızmı?

Şəhriyar Məmmədyarov:

- Şəxsi evim var. Şəxsi evi keçən il prezidentimiz Avropa çempionluğundan sonra öndə gedə bütün Azərbaycan şahmatçılar ölkə prezidentindən ev hədiyyə alıb. Bu gün deyə bilərəm ki, var şəxsi evim. Federasiya tərəfindən Azərbaycan komandasına düşən bütün oyunçular aylıq hansısa məbləğdə maaş alırlar.

Azadlıq radiosu:

- Belə bir sual var, deyilənə görə Teymur Rəcəbova dövlət neft şirkəti himayədarlıq edir. Sizdə belə bir xüsusi himayə varmı?

Şəhriyar Məmmədyarov:

- Bir söz deyə bilərəm ki, mən sərhəd qoşunlarının idmançısıyam. Sərhəd qoşunlarının artıq il yarımdan çox turnirlərdə çıxış edirəm. Buradan öz minnətdarlığımı generalımız Elçin müəllimə də bildirirəm. Məni daha çox dəstəkləyən sərhəd qoşunlarıdır.

Azadlıq radiosu:

- Şah İsmayıl imzalı dinləyicimiz bizə Sankt-Peterburqdan yazır, Şəhriyar müəllimi salamlayırıq, ona yeni – yeni uğurlar arzulayırıq. Azadlıq radiosunun tribunası açıq olduğu üçün sizə sualım budur, indiki hakimiyyətin apardığı siyasəti bəyənirsinizmi? Mümkünsə müsbət və mənfi cəhətlərini sadalayın.

Şəhriyar Məmmədyarov:

- Mən belə suallara şahmatçı kimi cavab verə bilərəm. Hər bir sahənin öz biliciləri var, öz professionalları var. Şahmatçı kimi bizim Avropa çempionluğundan sonra, bizim şahmatda göstərdiyimiz qalibiyyətlərdən sonra bizi layiqincə qiymətləndirdiklərinə görə mən ölkə başçısına, bütün Azərbaycan xalqına minnətdarlığımı bildirirəm. Mən hiss edirdim ki, turnir vaxtı bizi necə güclü dəstəkləyirlər. Mən bir şahmatçı kimi çox razıyam.

Azadlıq radiosu:

- Bəs bir vətəndaş kimi?

Şəhriyar Məmmədyarov:

- Bir vətəndaş kimi mənə bu şəraiti yaradıblarsa əgər mənim öz nəticələrimə görə çalışırlar mükafatlandırmağa. Bugünkü gündə mən sakit, rahat yaşaya bilirəmsə ona görə təşəkkürümü bildirirəm.

Azadlıq radiosu:

- Elə təəssürat yaranır ki, siz sanki Azadlıq radiosunun dinləyicilərindən, bir qrup aktiv gənclərdən tamam aralanmış görünürsünüz. Hər şey yaxşıdır, rahatdır. Heç ictimai siyasi proseslərlə maraqlanırsınızmı?

Şəhriyar Məmmədyarov:

- Sözsüz ki, maraqlanıram. Bu gənclərin gözündən qıraqda qala bilməz. Mən şahmatçı olmasaydım, siz bugünkü gündə məni bura dəvət etməyəcəkdiniz. Çünki mən şahmatçıyam və şahmat nəticələrimi göstərmək üçün məni dəvət etmisiniz. Mən məhz şahmatçı olduğum üçün, mənə şahmatda göstərilən qayğı və şahmatçılara göstərilən işlərdən gedirsə mən bu gün şahmatdan danışmalıyam. Sizin suallarınıza bütün dinləyənləri də daha çox maraqlandıran mənim şahmatçı keyfiyyətlərimdir və şahmatçı həyatımdır. Ona görə mən şahmatçı kimi cavab verirəm.

Azadlıq radiosu:

- Belə bir sual var, demokratiya və ya diktatura? Taktiki gedişdə daha çox hansınsa üstünlük verərdiniz və nəyə görə?

Şəhriyar Məmmədyarov:

- Biz şahmatda azadıq və seçimimiz də azaddır. Hansı turnirdə oynayacağımız, hansı debütdə oynayacağımız, kimlərlə məşhur olacağımız, kimlərlə yarışa gedəcəyimiz, aydın məsələdir ki, müstəqil insanlarıq və öz seçimimizə özümüz cavabdehik.

Azadlıq radiosu:

- Nazlı yazır Bakıdan, sizin üçün şahmat nədir?

Şəhriyar Məmmədyarov:


- Bu sual artıq şahmat aləmində böyük populyarlıq alıb. Çox şahmatçılardan soruşanda şahmat sizin üçün nədir, yüksək səviyyəli, professional şahmatçılar bu suala belə cavab verirlər ki, şahmat bizim həyatımızdır. Amma mənə bu sualı verəndə həyatda hər şeydən həzz aldığım üçün, həyatda tək şahmatla yaşamadığım üçün deyə bilərəm ki, şahmat mənim həyatımın bir hissəsidir. Şahmat mənim həyatım deyil. Mən bugünkü gündə şahmatsız da yaşayaram. Şahmatsız da gözəl həyat sürərəm. Şahmat mənim həyatımın böyük hissəsini təşkil edir və şahmat oynamaqdan həzz alıram.

Azadlıq radiosu:

- Şahmat olmasa nə ilə məşğul olardınız?

Şəhriyar Məmmədyarov:

- Yəqin ki hansısa başqa idman növü ilə. Məsələn futbol, tennis. İdmana böyük həvəsim var, ona görə yəqin ki hansısa idman növünü seçərdim.

Azadlıq radiosu:

- Şəhriyar bəy, şersgamesdə sizi şah və ya şah akula adlandırırıq. İkinci addan incimirsiniz ki? Ataqam yazır Yerusəlimdən.

Şəhriyar Məmmədyarov:

- Həqiqətən də jurnalistlər və şahmat aləmində mənə şah kim müraciət edirlər. Adımın da bir hissəsi belə başlayır. Mən incimirəm xoşdur ki, belə müraciət edirlər. Təki adlarımız şah olsun, şah kimi müraciət etsinlər. Burada pis heç nə görmürəm.

Azadlıq radiosu:

- Aperon adlı dinləyici yazır, Azərbaycanda şahı mat etmək üçün nə etmək lazımdır?

Şəhriyar Məmmədyarov:

- Məndən daha güclü oyunçu fikirləşmək lazımdır, məndən daha güclü oyunçu olmalıdır ki, mat etsin. Fikirləşirəm ki, hələ buna bir az zaman lazım olacaq.

Azadlıq radiosu:

- Yəni sizdən güclü oyunçu ən azı hələ ki reytinqinə görə yoxdur.

Şəhriyar Məmmədyarov:

- Mən fikirləşirəm ki, Azərbaycanda yüksək səviyyəli şahmatçılar var, bir –birimizə qalib gəlməyi bacararıq yəqin ki. Çox şahmatçılarımız var ki, məsələn son prezident kubokunda da göstərildi ki, bizə qalib gələ bilər. Bizimlə eyni mübarizə üstələyə bilər. Amma desin ki, hansısa şahmatçı mən bu gün başlayacaq, udacam heç vaxt uduzmayacam belə bir şahmatçı yoxdur həyatda. Ümid edirəm ki, qarşıda Fişer kimi, Kasparov kimi şahmatçılar çıxacaq, heç zaman məğlubiyyətin nə olduğunu bilməyəcək. Və hər zaman qalib gələcək.

Azadlıq radiosu:

- Kramnik, Topalov, Anont bunlardan hansı ilə oynayanda ən çox narahatlıq keçirirsiniz?

Şəhriyar Məmmədyarov:

- Hər halda Bakı turnirinə qədər deyərdim Kramniklə, çünki mən ümumi hesabda Topalovdan üstünəm, Anontla bütün oyunlarda heç – heçə olub, indiyə qədər keçdiyim 6 oyunun hamısı heç – heçə olub. Topalovla keçdiyim 8 oyunun ikisini udmuşam, birini uduzmuşam, qalan hamısı heç – heçə olub. Kramniklə hesab pis idi, bir dəfə uduzmuşdum, dörd dəfə heç – heçə olmuşdu. Amma Bakıda keçirilən oyunda mini mastda qalib gəldiyim üçün sevinirəm. Bundan qabaqkı oyunda Monako turnirində mini mastda qalib gəldiyim üçün daha onu normal rəqib kimi qarşılayıram.

Azadlıq radiosu:

- Ataqam yazır Yerusəlimdən, evlisinizmi, deyilsinizsə nə zaman olacaq?

Şəhriyar Məmmədyarov:

- Evli deyiləm amma bu haqda fikirləşirəm.

Azadlıq radiosu:

- Başqa bir sual Kamal İsmayılovdan, salamlar, sizi də Şəhriyarı da salamlayıram. Məni və digər əcnəbi şahmat azarkeşlərini bir sual maraqlandırır, Kasparovdan sonra yeni bir dünya çempionu çıxacaqmı Fide versiyası üzrə? Sizcə sizin, Vüqar Həşimovun və Teymur Rəcəbovun hansınızın dünya çempionu olmaq şansı daha yüksəkdir?

Şəhriyar Məmmədyarov:

- Bu gün Azərbaycan şahmatı ən güclü günlərini yaşayır. Hətta mən iki il bundan qabağı götürsəm bu günü fərqləndirərdim. Azərbaycanın ən güclü şahmatçıları ciddi şəkildə bu adı qazanmaq üçün çalışırlar. Kasparov kimi şahmatçı olmaq, Kasparov kimi dünya çempionu olmaq həqiqətən çox çətindir. Bir şahmatçı ki, 25 il ərzində dünyanın bir nömrəli şahmatçısı olub və məğlubedilməz adını qazanıb. Biz çalışacağıq ki, dünya çempionu olaq və tarixə adımızı salaq. Dünyanın bir nömrəli şahmatçısı olaq.

Azadlıq radiosu:

- Sualım belədir, Yurdsevər imzalı dinləyici, ulduz xəstəliyinə tutulmamısınız ki hələ?

Şəhriyar Məmmədyarov:

- Ulduz xəstəliyinə gördüyünüz kimi, tutulmamışam. Burada tutulacaq səbəb də yoxdur, çünki öz karyeramızı davam etdiririk. Belə addım atmağa səbəb də görmürəm. Niyə biz başqalarından fərqliyik, niyə yaxşı olduğumuzu göstərməyə çalışmamalıyıq, bunu heç anlamıram. Necə varıq elə o cürük. Necə varıqsa elə olmağa çalışacağıq. Çalışacağıq dünya çempionu olaq, dünyanın bir nömrəlisi olaq, onda fikirləşəcəyik ki, şahmatda haradasa böyük nəticəyə nail olmuşuq və hansısa şahmatçılardan bir az daha yaxşı oynayırıq.

Azadlıq radiosu:

- İlqar İbrahimoğlu yazır, ona eşq olsun. Məncə dünyada bir nömrəli olmağa haqqı var. Salamlarımızı çatdırarsınız. Elçin İsmayılov yazır, o hansısa partiyaya üzv yazılıbmı? Olmayıbsa ona məsləhət görürəm müxalifət partiyasına üzv olsun, hakimiyyəti mat etmək üçün.

Şəhriyar Məmmədyarov:

- Heç bir partiyaya üzv deyiləm. Sadəcə olaraq yenə də dediyim kimi mən sadəcə şahmat taxtası arxasında mat etmək fikrindəyəm.

Azadlıq radiosu:

- Nə vaxtsa siyasətə qatılmaq, məsələn Kasparovun təcrübəsi kimi nə vaxtsa siyasətdə olmaq planınız varmı?

Şəhriyar Məmmədyarov:

- Mən bu günlə yaşayan insanam, fikirləşirəm ki, sabah maksimum fikirləşə bilərəm ki, sabah nə edəcəyəm. Planlarımı şahmatda qura bilirəm. Mənim çox sevdiyim belə bir söz var, allahı güldürmək istəyirsənsə plan qur. Mən fikirləşirəm ki, mənim ehtiyacım cənab prezidentimiz də şahmatçılara müraciətdə demişdi ki, idmançılar ölkəyə əsasən idmançı kimi lazımdır. Mənim üçün ən böyük şərəf odur ki, mən çempion oluram, bayrağımız qaldırılır, hamı deyir ki, Azərbaycan çempiondur. Həqiqətən bu mənim üçün fəxrdir. Biz idmançılar siyasətçilərin gördüyü işə yaxındır. Mən bayraq qaldıranda düşünürəm ki, Azərbaycan üçün ən böyük işlərdən birini görən adamam. Çünki həqiqətən mən bayrağımı qaldırıram, hamı ayağa qalxır, Azərbaycan himninə qulaq asır və biz onunla çox fəxr edirik. Mən fikirləşirəm ki, siyasətçi kimi bu günki gündə fikirləşməyə vaxtım yoxdur. Hələ ki gəncəm, hələ ki, enerjim var, sadəcə olaraq şahmatçı kimi uğurlarımı davam etdirmək istəyirəm.

Azadlıq radiosu:

- Yəqin bayrağın altında ağlamaq başqa bir duyğudur, gözəl duyğudur.

Şəhriyar Məmmədyarov:

- Keçən bil biz Avropa çempionu olanda Azərbaycan komandası, milli komanda çempion olanda o sevinci görmək lazım idi ki, necə sevinirdik. Həqiqətən gözəl sevinc idi. O anlar bizdə var, izləyirik. Yəni belə bir sevinci inanmıram ki, nədənsə bu cür sevinc əldə etmək olar.

Azadlıq radiosu:

- Katya Allahverdiyeva yazır, evdə bacıları ilə oynayanda görəsən kim udur? İnanıram ki, Şəhriyar udur.

Şəhriyar Məmmədyarov:

- Qadın şahmatçılarla kişi şahmatçılar arasında çox böyük fərq var. Bu özünü onda göstərir ki, dünya şahmatçılarından yüz kişi arasından sadəcə olaraq bir güclü qadın şahmatçı var. 99 – u kişidir. Kişilərlə qadınlar həqiqətən böyük fərqi var. Çalışıram çox xətirlərinə dəyməyim.

Azadlıq radiosu:

- Bir də ki, o nə vaxtsa kişiləri yenəcək bir qadın şahmatçı olacağına inanarmı? Sumqayıtdan ona çoxlu salamlar.

Şəhriyar Məmmədyarov:

- Çox sağ olsunlar Sumqayıtlılar. Mən buna inanmıram hansısa qadın şahmatçı bir gün çıxacaq və kişiləri udacaq. Şahmat tarixində bir güclü qadın məhz Yudit Poqar olub. Onun da maksimal göstəricisi dünyanın 14 nömrəli şahmatçısı olmuşdu. Kasparovla neçə illər oynadığı oyunların birində qalib gəlmişdi. Ona görə inanmıram.

Azadlıq radiosu:

- Başqa bir sual var sizə, prezidentin Dubaydakı mülklərinə münasibətiniz necədir?

Şəhriyar Məmmədyarov:

- Mən açığı bu haqda heç bir şey demək istəmirəm. açığı bu haqda eşitməmişəm də. Başqalarının var – dövləti həyatım boyu belə şeylər məni maraqlandırmayıb. Bu günki gündə belə şeyləri müzakirə etmək fikrim yoxdur.

Azadlıq radiosu:

- Şəhriyar 18 – 20 gediş hesablayırsan şahmatda. Bu peşə vərdişi həyatda hansısa formada, öz həyatdakı münasibətlərini yəni hesablayıb yaşaya bilirsən? Ya da davranışlarında.

Şəhriyar Məmmədyarov:

- Belə bir söz var, həyatda necəsənsə şahmatda da eləsən, şahmatda necəsənsə həyatda da eləsən. Biz professional şahmatçılar bunu başa düşmüşük. Çox böyük kömək olur. Şahmat mənə tək şahmat yox, ümumi yaşayış öyrədib. Bu günki gündə şahmatda 18 – 20 gediş edirəmsə bunun arasından da nə qədər variantlar çıxır. Bu onu göstərir ki, sualdan sual yaranır. Çox böyük, inanılmaz dərəcədə böyük köməyi olur. Bu günki həyat quruluşumda, həyatımın necə getməsində şahmatın böyük rolu var.

Azadlıq radiosu:


- Yəni həyata yansayır bu.

Şəhriyar Məmmədyarov:


- Oxşarlığı var həyata. Amma şahmatda daha uğurluyam nəinki həyatda yəni o gedişləri hesablamaq mənasında.

Azadlıq radiosu:

- Xətai imzalı dinləyici yazır, sizi salamlayıram Şəhriyar bəy. Sizin uğurlarınız tək məni yox eləcə də bütün Azərbaycan vətəndaşlarını sevindirir. Amma çox maraqlıdır siz mənim sualıma səmimi cavab verə biləcəksinizmi. Sizcə mən niyə öz dövlətimdə özümü qərib kimi hiss edirəm? Niyə görə öz dövlətimin vətəndaşlarının üzlərində xoşbəxt sima yox, əksinə nifrət və qəzəb var?

Şəhriyar Məmmədyarov:


- Çox sağ olsun suala görə, amma şahmatdan bir az kənar sual olduğu üçün çətinlik çəkirəm deməyə. Öz adımdan deyə bilərəm ki, xoşbəxtəm öz işlərimlə, özümlə yaxşıyam. Gələcəyimizə, insanlarımızın adına insanlarımızın gün – gündən daha yaxşı yaşamasına, ölkəmizin inkişaf etməsinə çox inanıram sadəcə olaraq arzu edirəm ki, çətinlikdə olan insanların işləri uğurlu olsun, allahdan səbir diləyirəm, səbirli olsunlar. Səbirli olsalar hər şey yaxşı olacaq.

Azadlıq radiosu:

- Salam Şəhriyar müəllim mən 8 yaşlılar arasında Avropa çempionatının gümüş medalçısı, 9-10 yaşlılar arasında Avropa məktəblər arasında Avropa çempionu və 10 yaşlılar arasında Azərbaycan çempionuyam. Şəhriyar müəllim, mən sizin dərslərdə və ya sizin keçirdiyiniz seanslarda iştirak etmək istərdim, xahiş edirəm deyəsiniz mən bunun üçün nə etməliyəm.

Şəhriyar Məmmədyarov:

- Bunun üçün siz yox, şahmat federasiyası bu işləri təşkil etməlidir. Şahmat federasiyası ən böyük adlara nail olmuş şahmatçılarla razılaşıb şahmatçılar da bizim öz biliklərimizdən gənclərə hansısa kömək edəcəyimizə məşq toplantıları keçirməlidirlər. Eyni vaxta seanslar keçirməlidirlər. Belə təkliflər olanda, keçən il də olmuşdu, mən dəstəklədim bu təklifi. İştirak etdim bu məşqlərdə, fikirləşirəm belə məşqlər çox olmalıdır, bütün Azərbaycan gəncləri qatılmalıdır ki, bizim 8-10 yaşında olan şahmatçılar hansı ki, sabah bizim yerimizi tutmalıdırlar, bizdən yaxşı olmalıdırlar, onlara dəstək olmalıyıq.

Azadlıq radiosu:

- Bir müddət əvvəl şahmat akademiyasının yaranması ilə bağlı mətbuatda məlumat yayılmışdı.

Şəhriyar Məmmədyarov:

- Şahmat Akademiyasının yaranması real işdir, təklifdir. Cənab prezidentimizin 2009- 2014 –cü illərdə şahmata ayırdığı yeni sənəd var, göstərilir ki, bu illər ərzində şahmatın inkişafı üçün daha çox işlər görülsün. Bura qatılan işlərdən biri şahmat akademiyasının, şahmat sarayının tikilməsidir. Belə bir saray tikilsə bayaqkı gənc şahmatçımızın vurğuladığı kimi seanslarda, məşq toplantıları o sarayda olacaq. Bütün gənc şahmatçılar o saraydan bəhrələnə bilərlər.

Azadlıq radiosu:

- Lalə imzalı dinləyicimiz yazır, belə vəziyyəti necə şərh edərdiniz. Siz çox – çox şöhrətli müsabiqəyə düşmüsünüz və hər şey canlı yayımda gedir. Görürsünüz ki, sizə oyunda kələk gəlirlər. Gözünüzə baxa – baxa sizi aldadırlar. Amma eyni vaxtda da sizə imkan verirlər ki, görəsiniz ki, sizin susmaq hüququnuzu da yaxşıya dəyərləndirəcəklər. Yəni siz susmaq hüququnuzun qarşılığını alacaqsınız. Siz hansı həqiqəti üstün tutursunuz: a) bərkdən haray salaraq düzlük tələb edirsiniz, b) səssizcə durursunuz və cəsarətinizin çatmadığını bildirirsiniz, c) qaş – gözlə başa salırsınız ki, rahat olun mən pulu götürəcəm. Öncədən təşəkkür edirəm.

Şəhriyar Məmmədyarov:

- Maraqlı sualdır. Amma belə bir şeyin başımıza gəlməsi sıfıra bərabərdir. Yəni mümkün olmayan şeydir. Ən azı ona görə ki, bütün oyunlar canlı gedir. Bizim səviyyəmizdə heç bir şahmatçı heç bir etikaya uyğun olmayan hərəkət etməzlər. O daha aşağı səviyyəli oyunçular ki, gənc şahmatçı aşağı səviyyəli oyunçuların başına gəlir. Uşaqlıqda olanda biz hakimə müraciət edirdik və hakimin təşkil etməsini istəyirdik. Əlbəttə belə hallarda çox emosional, qəribə hiss edirdi. Amma belə olan halda çox şahmatçılar öz hüquqlarını tələb edirdi hakimdən.

Azadlıq radiosu:

- Həyatda necə susmaq hüququndan tez- tez istifadə edirsən yoxsa?

Şəhriyar Məmmədyarov:

- Həyatda sakit insanam. Amma nədənsə narazı olsam deyərəm. Narazı olmadığım üçün demirəm. Vaxt var idi ki, 2006 – cı ildə federasiyada bəzi işlərdən narazı idim. Mən öz sözümü dedim. Amma bu gün heç bir şeydən narazı deyiləm. Yəni narazı deyiləmsə niyə səs salım. 2006 –da bütün şahmat həvəskarları bilir ki, federasiya ilə bağlı problemlər olmuşdu. Onda mən olimpiadaya getməmişdim. Öz tələblərimi tələb edirdim sona qədər ki, hər şey düzgün olsun və milli komandanın tərkibində ən güclü oyunçular olsun.

Azadlıq radiosu:

- Dinləyicimiz yazır, hörmətli qrossmeyster arzu edirik ki, dünya çempionu olasınız. Bakı şəhərinin yetirməsi dünya çempionu Hari Kasparovun Azərbaycana münasibəti və sizin Hari Kasparova münasibətiniz necədir? Səyyaf yazır.

Şəhriyar Məmmədyarov:

- Təəssüflər olsun ki, Kasparovun Azərbaycana münasibəti müsbət deyil. Biz şahmatçıların isə Kasparova münasibəti şahmatçı kimi şahmatı yüksək səviyyədə oynayıb. Son intervyusunda da Azərbaycan şahmatçıları haqqında xoşagəlməyən sözlər demişdi. Sadəcə olaraq mən belə insanlara söz yox, çalışacağıq ki, öz işlərimizlə, əməllərimizlə sübut edək ki, Azərbaycan bir dünya çempionu yetişdiribsə, qarşıda bir neçəsini yetişdirə bilər.

Azadlıq radiosu:


- Bir dinləyicimiz yazır, Azərbaycan futbolunda saxta sənədlərlə 20-23 yaşlılar 17 -19 yaş adı ilə milli komandada çıxış edirlər. Əsasən 92 – ci illər. Şahmatda da belə fırıldaqlar var yoxsa yox?

Şəhriyar Məmmədyarov:

- Futboldan fərqli olaraq şahmatda böyük nəticələrə gənc yaşlarından başlayırsan. Və şahmata gənc yaşlarından gəlirsən. Çox şahmatçılar var ki, 4-5 yaşlarından oynamağa başlayıblar. Necə 4-5 yaşlı şahmatçı yaşını azalda bilər? Mümkün deyil. Şahmatda çox az hallarda rast gəlinə bilər. Elə şeylər demək olar ki, mən görməmişəm öz gözümlə. Bizdə şahmatçı olmaq üçün, dünya çempionu olmaq üçün yaşı dəyişməyin əhəmiyyəti yoxdur, çünki şahmatda yaş azaddır. Bu gün rəqiblərim arasında elə şahmatçı var 40 yaş böyükdür, elə şahmatçı var 10 yaş böyükdür. Eləsi də var ki, 10 yaş balacadır. Bizdə böyük ehtiyac yoxdur. Hansısa gənc yaş turnirində ehtiyac olur. Ona da az insan əl atır.

Azadlıq radiosu:

- Ümumiyyətlə şahmatda istedaddır, şahmatçı kimi doğulur yoxsa bunu həvəslə, məşqlə əldə etmək olur?

Şəhriyar Məmmədyarov:

- İstedad şahmatda bir az hiss olunur. Amma istedadın məşqin kölgəsində qaldığı açıq aydındır. Sən istedadlı olub məşqlə məşğul olmasan heç nə əldə edə bilməzsən. Bəzi şahmatçılar var ki, şikayət edirlər ki, çox məşğul oluruq nəticəmiz olmur. Sual oluna bilər, necə ola bilər ki, iki şahmatçı məşğul olur, birinin yüksək nailiyyət göstərir, birinin nəticələri aşağı olur. Ona həyati iradələr də, insanın fiziki hazırlığı da bunlar hamısı böyük amildir. Bunlar hamısı bir şahmatçıda toplananda, bir şahmatçıda olanda onda dahi, yüksək səviyyədə şahmatçı olur. İstedadın olduğuna inanıram, amma böyük önəm vermirəm, çünki ilk növbədə məşqdir, ikinci növbədə allah insana böyük istedad veribsə sadəcə olaraq bir az müsbətdir.

Azadlıq radiosu:

- Şəhriyar nə mütaliə edirsiniz, nə oxuyursunuz hazırda?

Şəhriyar Məmmədyarov:

- Məhz şahmata görə vaxtımızın çox hissəsini aldığı üçün qəribə də olsa son zamanlar şahmata görə televiziyaya baxdığım üçün televiziyanı da yığışdırdım ki, şahmatla məşğul olum. Göründüyü kimi insan sırf şahmatla məşğul olsa axırda çox pis qurtara bilər. Şahmatçı hər şeyin içində olmalıdır, hər bir şeydən xəbərdar olmalıdır. Bütün insanlar necə yaşayırsa biz də o cür yaşamalıyıq. Çox sevirəm internetdə oxumağı gündəlik xəbərləri diqqətlə izləməyi, xoşlayıram baxım dünyada nə baş verir.

Azadlıq radiosu:

- Əli yazır Brüsseldən, qonağımıza bir sualım var. Niyə gerçəkləri danışmaq istəmir?

Şəhriyar Məmmədyarov:

- Mənim gözümdə gerçəklər budur. Ona görə mən öz gerçəklərimi bununla açıqlayıram.

Azadlıq radiosu:

- Bir başqa sual var, Kamal yazır İsveçdən, mən və başqa əcnəbi şahmat həvəskarlarını bir sual maraqlandırır. Azərbaycandan Kasparov kimi Fide versiyasından dünya üzrə çempion çıxacaqmı və nə zaman?

Şəhriyar Məmmədyarov:


- Bu suala artıq cavab verdim. Yaxın zamanda.

Azadlıq radiosu:

- Təşəkkür edirəm gəldiyinizə görə.

Şəhriyar Məmmədyarov:

- Təşəkkür edirəm dəvət etdiniz. Bütün sualları verən dinləyicilərə təşəkkür edirəm ki, bizi dəstəkləyib suallar verib. Çox maraqlı oldu, təşəkkür edirəm.
XS
SM
MD
LG