Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:59

Eyvaz Əlləzoğlu: "Səhv addım atmışam Azərbaycana gəlməkdə..."


"Oxu zalı"nda - əsəri Milli Kitab Mükafatı müsabiqəsinin onluğuna düşən yazıçılarla müsahibələrimiz davam edir. Bu dəfə həmsöhbətimiz Eyvaz Əlləzoğludur. O, müsabiqədə "Odunçu geri qayıdır" romanı ilə iştirak edir.

- Gürcüstanda anadan olmusunuz...

- Bəli. Bizim kənd Kaxetiyanın qapısı deyilən bir yerdir. Dörd tərəfi gürcü kəndləridir. Sarticala Muğanlı kəndi. Əslində «Sarticala» sözünün özü də türk toponimidir, sərt cala.

- Bakıya nə vaxt gəldiniz?

- 1992-ci ildən Bakıdayam.

1956-cı ildə Gürcüstanda anadan olub. Filoloqdur. Tbilisi Dövlət Pedoqoji Universitetini bitirib. Gürcü dilindən tərcümələr edir. Bir neçə kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
- Gəlişin səbəbi nə oldu?

- Artıq ali təhsil almışdım, «Gürcüstan» qəzetində çalışırdım. Sadəcə, həmin vaxt orada şovinizim, insan hüquqlarının pozuntusu vardı və bu məni sıxırdı. Əslində ikinci növ vətəndaş olmaqdan qurtulmaq istəyirdim. Ancaq anlayıram ki, çox səhv addım atmışam Azərbaycana gəlməkdə.

- Niyə?

- Çünki artıq mən orada formalaşmışdım. Gürcü ədəbi mühitini bilirdim. Milli özünüdərki bilirdim. Amma bunu çox təəssüf ki, Azərbaycanda görmədim. Həm də bizim sənət adamlarının dünya görüşünün bir qədər fərqli olduğu məni şaşırtdı.

- Neylədi o fərqlilik sizə?

- Özümə qapandım, təcrid olundum və başa düşdüm ki, mən bu coğrafiyanın adamı deyiləm.

O COĞRAFİYANIN ADAMIYAM


Çünki təbiəti, mühiti, hətta süfrə başındakı davranış da tamam fərqlidir.

- O coğrafiyanın gürcü, ya Azərbaycan kəsimindən söhbət gedir?

- Təbii Azərbaycan kəsimindən. Ancaq bu artıq sintez olub. Mən kök etibarı ilə tərəkəməyəm. Və bizim kənd də maldar bir kənd olub. bağ-bağat hardasa 70-ci illərdə salınıb kəndimizdə.

Bizə tatar deyirdilər. Düşünürdüm nədən? Bu «nədən» məni məcbur elədi ki, öz tariximizlə maraqlanım, onu vərəqləyim. Artıq 7-8-ci siniflərdə bilirdim ki, mən türkəm. Erməni müsəlman davası olub.

Dayım başa salmışdı bunları. Orada Vardziya Msxeti deyilən ərazidə türk abidələri qalıb. Onların hamısı haqda məlumatım var idi və çox xoşbəxtəm ki, həmin o yerləri at belində gəzmişəm.

O tərəfdə Türkiyənin dağları var idi, yaşlı adamlar o dağlara baxıb ağlayırdılar. Babalarımız nədən ağladığın soranda bildim ki, millətimiz türkdür. Sonra isə təbii ki, gürcü mədəniyyəti ilə təmasda oldu.

– At minməklə maşın minməyi necə fərqləndirmək olar?

- Təbii ki, çağa uyğunlaşmaq lazımdır. Amma bu xalqın özünün stixiyasıdı. Bu stixiyanı sözlə ifadə eləmək olmur. Yaz olanda elə bil ki, dağlar tərəkəmələri çəkib aparırdı. Və sovet dövlətinin təbliğatı nə onların dilinə, nə də mənəviyyatına təsir edə bilmədi.

KÜLƏKLƏR KİMİ HÜRR YAŞADILAR,

azad yaşadılar.

- Necə fikirləşirsiniz, ümumiyyətlə insan hüquqlarının sizin düşündüyünüz səviyyədə qorunduğu yer var?

- Yox. Əslində indii başa düşürəm ki, bunların hamısı bizim gənclik illüziyalarımızdan başqa bir şey deyilmiş. Hətta mən ən qatı gürcü millətçisi ilə də söhbət etmişəm, fikir bildirmişəm. Bəlkə mənim fikrimi bölüşməyib.

Amma növbəti dəfə rastlaşanda o mənimlə çox səmimi, şəxsi fikri olan bir adam kimi görüşüb. Amma çox təəssüf ki, mən burada həmişə öz şəxi fikrimi deməyə çəkinirəm və heç ehtiyac da duymuram.

- Harada baş verir bu - ədəbi mühitdə, ya ümumiyyətlə?

- Ümumiyyətlə. Ümumiyyətlə, daim özümə nəzarət.

- Nədi sizin şəxsi fikriniz ümumiyyətlə?

- Şəxsi fikrim mürəkkəb deyil, çox sadə şeylərdir.

- Məsələn.

- Evim olmaq, uşaqlarımı sağlam böyütmək, təhsil vermək, milli mənəvi dəyərlərimizi öyrətmək. Çünki

MİLLİ KÖKÜNÜ BİLMƏYƏN ADAMLARA ŞÜBHƏ EDİRƏM

- Bu sadaladıqlarınızın hansına nail ola bilmisiz?

- Uşaqlarımın ikisi də ali təhsil alır («Xəzər» və «Slavyan» universitetlərində). Evim yoxdur. Kirayələrdə, ya da yataqxanalarda yaşayıram. Amma bütün bunlara baxmayaraq yazıram. Yazmaya bilmirəm.

Bəlkə də gülünc görünür. Heç bir gəlir gətirməyən sahə, Adama düşməndən başqa heç nə qazandırmayan bir şey. Ancaq mən yazanda sanki o daxilimə yığılmış gərginliyi atıram.

- «Odunçu geri qayıdır» romanınız hətta təşkilatçılarının kim olduğunu bilmədiyiniz «Milli kitab mükafatı»nda onluğa düşdü.

- Düzü, bu işləri düzüb-qoşan mənim balaca oğlum Ayxan olub (o «Kiçikbəy» imzası ilə hekayələr də yazır). Mən iyirmiliyə düşəndən sonra bildim ki, müsabiqədə iştirak edirəm. Yəni ki, mən yazılarımı çapa da çox vermirəm. Bilirsiniz, ədəbiyyat aləmi çox qarışıb.

Qrafomaniya, oğurluq, «kopirovka» o həddə çatıb ki, artıq hamı rəyasət heyətində oturmağa, camaata qiymət verməyə iddialıdır.

Bu müsabiqənin keçirilməsinin bəlkə də yeganə müsbət cəhəti o olacaq ki, müəyyən adamlara-qrafomaniyaya, oğurluğa yox deyəcəklər. Oğurluq, köçürmə istər nəsrdə, istərsə də şeirdə dəhşətli dərəcəyə çatıb.

- Eləyir qoy eləsin də. Bəlkə o köçürən, oğurlayan da bununla xoşbəxt olur. Necə baxırsınız?

- Onsuz da eləyir. Biz kimsəyə qadağan edə bilmərik. Küçədə oturub kiməsə daş atmır ki. Yazmaq əslində gözəl şeydir. Ancaq ümumilikdə milli mənəvi dəyərlərimizə dəyən zərbəni kim müəyyənləşdirib kim kompensasiya edəcək - söhbət bundan gedir.

- Siz yazıçısınız ya yox?

- Deyim...

MƏNİ YAZIÇI KİMİ TƏQDİM EDƏNDƏ UTANIRAM

Ancaq mən daxilən yazmaya bilmirəm.

- Siz həm də Yazıçılar Birliyinin üzvüsünüz.

- Bəli, bir qələtdi elmişik (gülür).

- Uşaq vaxtı nə edirdiniz?

- Bir axsaq naxırçı var idi, Şaleko. Bir qoxaq oğlu var idi, tez–tez onu döyürdük.

- Başqa nə edirdiniz?

- Mən Tiflisdə təhsil aldığım dövrdə klassik musiqi, saz, teatr, kino tarixi ilə çox ciddi məşğul olmuşam. O cümlədən də rəssamlıq. Məsələn, indii rahatca rəsm əsərindən baş çıxara bilirəm.

Hətta dostlarımın sərgiləri keçiriləndə fikrimi soruşurlar. Mənim fikrim onlar üçün yetərli olur və bu mənim üçün xoşdur. İstəyirəm bunu övladlarıma da öyrədim. öyrənənlər də olur.

- Təsəvvür edin ki, özünüzün eviniz var, dolanışıq da ki, arzuladığınızdan da bir az artıqdır (baxmayaraq ki, sizin kimi adamlar çox şey arzulamırlar əslində), yəni hər cür şərait var və qalanı sizdən asılıdır. Neyləyərdiniz?

- Yəqin ki, yenə də yazardım. Kimsə şöhrət, ad üçün yazır. Mənsə içimdəki o sıxıntını kürüyüb atıram sadəcə. Bax budu bütün açması bunun.

- İçinizi təmizləyirsiniz.

- Bəli. Hər gecə yuxuma girən, xatirimə gələn kəndimizin o çox sadə adamlarından xilas olmaq istəyirəm.

- Adamlar var nə gəldi yığırlar içlərinə. Danışanda da görürsən ki, deyəsən heç yaxşı şeylər deyil içlərinə doldurduqları. Amma siz içinizi təmizləyirsiniz.

- Baxır adamına. Onun mühitinə. Mənim şüurumun alt qatında qalanlar indi üzə çıxıbdı.

Kəndimizin adamlarından yazıram. Evdəkilər oxuyub deyirlər ki, bunu o kəndin adamlarından başqa heç kim başa düşməyəcək. Göndər onlar oxusun. Çünki o ləhcədə yazıram.

Ancaq mən elə düşünmürəm. Mənim fikrimcə, hər coğrafiyanın insanının özünün hərəkət trayektoriyası, davranışı, əxlaqı, dünyaya baxışı var. Əslində biz bunu ədəbiyyata gətirsək, ədəbi dilin coğrafiyası da, qrammatik-leksik tərkibi də zənginləşər.

- Hansı küçə xoşunuza gəlir?

- Bakıda, yoxsa Tiflisdə?

- Ümumiyyətlə, görmədiyiniz şəhərin küçəsi də ola bilər.

- Qırmızı körpünü keçəndə necə balıq suya salınır, mən də elə canlanıram.

- O tərəfə, ya bu tərəfə keçəndə?

- O tərəfə. Tiflisə çatanda mən artıq öz suyumdayam.

Yəni ki, oğrusu, qulduru ilə də mən gürcü tipi ilə rahatam. Düşüncəsinə, necə hərəkət edəcəyimə bələdəm. Azərbaycanda isə o kodlar mənimçün qapalıdır. Ona görə də mən Azərbaycandakı insanlardan yazmaqdan çətinlik çəkirəm.

- İndi bunun günahı bu tərəfin oğrusundadır ya sizdə?

- Yox, məndədir. Mən artıq belə formalaşdığıma görə bu tərəfi bilmirəm.

Mən heç Azərbaycanın özünü düzgün tanımıram. Ancaq avtobus yolunun üstündəki, Yevlax və sair rayonları bilirəm. Çox istərdim gəzəm, görəm, necə ki, Gürcüstanın hər bir guşəsini görmüşəm.

- Bəs nə mane olur bu tərəfləri gəzməyə?

- Maddi imkansızlıq.

- Təklif edən, aparan olsa gəzərsiniz?

- Yox. Mən heç kiminsə cibinə, sponsorluğuna göz dikən deyiləm. 4-5 kitablıq yazım var. Evdə durur.

ABRIMA SIĞIŞDIRIB KİMDƏNSƏ ONLARI ÇAP ETDİRMƏK ÜÇÜN YARDIM İSTƏMƏRƏM

Ancaq öz imkanım hesabına olmalıdır.

- Onda siz bu tərcümələrdən əldə etdiyiniz gəlirlə nə vaxt vətənin bu tərəfini gəzə biləcəksiniz?

- Heç vaxt… Allah bilir.

- Nədi bədii ədəbiyyat?

- Əslində bədii ədəbiyyat oxucu üçün bir qurtum yaxşı şərab içmək kimi bir şeydi.

- Nə demək istəyirsiniz «Odunçu geri qayıdır» romanında? Niyə yazdınız onu?

- Həqiqət belədir ki, mən o vaxt kompüterdə yaza bilmirdim. İşlədiyim tərcümə mərkəzində Şahin adlı cavan bir oğlan var, dedi Eyvaz əmi, gəl sənə bir kompüter verim, yazmağı öyrən. Və mən ilk dəfə klavişə barmaqlarımı toxundurub birinci cümləni yazdım. Gündə sürətim bir az artdı və o roman oldu.

- Deməli o romanın ərsəyə gəlməsində …

- Şahinq Dadaşova minnətdaram.

- Romanın özü nəyə hesablanıb mahiyyət etibarı ilə?

- Mənim tanıdığım bir adam var idi. Nənəmin qonşusu idi. Həmin adamın atı, arabası var idi və o oduna gedirdi. «Odunçu geri qayıdır» əslində həmin adamın öz kəndinin, tanıdığı adamların keçmişinə qayıtmasıdı. Daim xatırlayır onları.

- Bəs siz hansı zamanın adamısınız?

- Mən həmişə irəli baxmağa çalışıram. Ancaq keçmişin üstündən xətt çəkmədən.

- Keçmişinizdən nə qalıb bu günə?

- Çox dost itirmişəm, sadiq qalanlar olub. ancaq son vaxtlar düşünürəm ki,

ƏN YAXŞI, ƏN YAXIN MƏNƏ AİLƏM, UŞAQLARIMDIR

Onlarla dost olmağa çalışıram.

- Bəs niyə son vaxtlar?

- O vaxt uşaqlar xırda idilər. Əvvəl məndən nağıl istəyirdilər. İndii isə tamam başqa şeylər umurlar.

- Jaketiniz tünd qırmızıdır. Bu rəngdən xoşunuz gəlir, ya təsadüfdür?

- Düzü hə, xoşum gəlir, bunu yoldaşım toxuyub mənə.

- Necə olacaq bu işlərin axırı?

- Yaxşı olmalıdır, əgər biz bir millət kimi bütün bölgələrimizi, müxtəlifliyimizi cəm eləyib intellektli adamlarımızı irəli buraxsağıqsa, işimiz yaxşı olacaq. Yox əgər hay-küy, çığır-bağır salanları irəli buraxsaq, pis olacaq.

- Sizdən sonra kitablarınızı neyləsinlər?

- Uşaqlara demişəm, ömür vəfa eləməsə bu işlərə onlar baxsınlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG