Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:16

Seyran Səxavət "QARA SİYAHI" ("Qaçaqaç" romanından bir parça)


Beşinci kursda oxuyanda «Adalar» adlı ilk şeirlər kitabım «Gənclik» nəşriyyatında işıq üzü gördü.

Yerə-göyə sığmırdım, sizə zarafat gəlməsin, tay-tuşlarımın içində məndən başqa heç kəsin bu yaşda, özü də tələbə ola-ola kitabı çıxmamışdı.

Bu o demək deyildi ki, mən onların hamısından istedadlı idim, xeyir, bu o demək idi ki, Allah başımın üstündə idi. Ancaq çox öyünürdüm...

1970-ci ildə universiteti qurtarıb iki il Frunzedə (Bişkek), əsgərlikdə tərcüməçi-zabit kimi xidmət elədim.

Əfqanlarla işləyirdim. Gündə altı saat sinxron tərcümə eləyirdim. Əfqan tələbələri Frunzedə Ali Hərbi Təyyarəçilik Məktəbində oxuyurdular.

İki ildən sonra hərbi xidmətimi başa vurub doğulduğum Füzuli rayonuna qayıtdım.

Bişkekdə mənə bir rəsmi məktub da vermişdilər: SSRİ Nazirlər Sovetinin qərarına əsasən, bir ay müddətində məni işlə və mənzillə təmin etməliydilər.

Ancaq SSRİ Nazirlər Sovetinin məlum qərarını Füzuli Rayon Partiya Komitəsində hərləyən yox idi.

Gündə raykoma ayaq döysəm də, xeyiri olmurdu. Beş-altı aydan sonra yenə birinci katibin qəbulunda oldum, mən onları bezdirmişdim, onlar da məni. Birinci katib dedi:

- A bala, axı sən bizdən nə istəyirsən, iş yoxdu də, heç olmasa kommunist olsaydın yenə bir şey fikirləşmək olardı.

- Noolsun ki, kommunist deyiləm, - dedim. - Pyətrovski də kommunist deyil, ancaq Moskva Dövlət Universitetinin rektorudu.

Birinci katib acı-acı gülüb dedi:

- Sən Pyətrovskisən?

- Yox, - dedim, - bəs sən Brejnevsən?

- Bu nə deməkdi, - o, bir az səsini qaldırdı.

- Bu o deməkdi, Pyətrovski Brejnevin yanında işləyir. Sən Brejnyev olanda, mən də Pyətrovski olacam. Onda əl-ələ verib işləyərik...

- Dur çıx burdan! - birinci katib yumruğunu stola çırpıb köməkçisinə baxdı.

Mən kabinetdən çıxdım. Neyliyə bilərdim ki? Çıxmasaydım milis rəisini çağırtdırıb deyərdi ki, «bunu basın qoduqluğa, qoyun ağlı başına gəlsin». Birinci katibin kəsdiyi başa sorğu-sual yox idi ki, rayonda Allahlıq eləyirdlilər.

Hirsimdən əsirdim. Geri qayıdıb təzədən içəri girdim:

- Yoldaş katib, gedirəm Bakıya, ordan Moskvaya, BMT-yə, hər yerə teleqram vuracam, - deyib getdim.

Üç gündən sonra dedilər ki, ikinci katib səni çağırır. Getdim. O dedi ki, sənə iş tapmışıq. Bir gündən sonra məni Füzuli Rayon İcraiyyə Komitəsində kənd sovetlərinə baxan şöbədə inspektor qoydular. İki-üç gündən sonra Bakıdakı dostlarımdan biri, Camal Yusifzadə teleqram vurdu ki, «Ədəbiyyat və incəsənət» qəzetində yer boşalıb, başını orda islat, burda qırxdırarsan.

Tərpəndim Bakıya. Yay vaxtları idi. Qohumum, kimya elmləri doktoru Ənvər Xudiyevi Fatmeyidəki bağında tapdım. O da Mirzə İbrahimovun kürəkəni, dostu, alim Arif Həsənovla görüşdü, mən Mirzə müəllimin yanına getdim və... «Ədəbiyyat və incəsənət» qəzetində işə girdim. Bərk sevinirdim: elə ayda iki dəfə Yazıçılar İttifaqına gəlib maaş almaq nəyə desən dəyərdi.

İndi isə Bakı-Yerevan qatarındayam. Yazıçılar İttifaqının «Ədəbiyyatı təbliğ bürosu»nun xətti ilə ezamiyyətə gedirəm, özü də Füzuliyə. 1974-cü ilin yaz ağzıdı. Üç nəfərik: Ağa Laçınlı, İsa İsmayılzadə və mən. Böyük qardaşım Xanlara zəng eləyib gəlməyimiz haqqında xəbər vermişəm – çox sevindi.

İsa İsmayılzadə səliqəli-səhmanlı adam olduğuna görə vağzala hamıdan qabaq gəlmişdi. Şair idi və sərbəst vəznin ən parlaq nümayəndələrindən biri idi. Çoxlu kitab oxumuşdu. «Ədəbiyyat və incəsənət» qəzetində baş redaktorun - Yusif Əzimzadənin müavini idi. Məsuliyyətli, bir az da qanunpərəst, gözündən vergül də yayınmayan əsl qəzetçi məharəti vardı. Hər yazıçını, şairi bəyənmirdi - heç hər adamı da.

O, məni görən kimi dedi:

- Ay qağa, gəl çıx də... Bu dağlar oğlu da gecikir.

- Harda olsa gələr, - dedim.

Qatarın yola düşməyinə hələ on beş dəqiqə vardı. Biz vaqona qalxıb yerimizi tutduq.

- Allah eləsin kupemizə başqa adam düşməsin, - İsa dedi, - elə özümüz olaq.

- Gələn olsa çoxdan gəlmişdi, - deyib onu sakitləşdirdim.

Mən neçə illərdi ki, şeir yazmırdım. Ona görə yazmırdım ki, yaza bilmirdim. Hətta Frunzedə (Bişkek) əsgəri xidmətdə olanda Məmməd Araz «Ulduz» jurnalındakı məqaləsində yazmışdı ki, «Seyran Səxavət niyə ədəbiyyatdan qaçaq düşüb?» Bu da məni tərpədə bilməmişdi, yaza bilmirdim də, zor deyil ki... Yaza bilməyəndə gərək yazmayasan. Sənin yaza bilməyə-bilməyə yazıb çap elətdirdiyini oxucu oxuya bilməyəcək. Gərək susasan. Sonralar bir jurnalist mənə sual vermişdi ki, o illərdə, təxminən beş il susmusunuz, heç nə yazmamısınız, səbəbi nə idi? Demişdim ki, o vaxt mən susmağımla ədəbiyyata xidmət eləmişəm.

Ağa Laçınlı o qədər tərbiyəli adam idi ki, bəzən bu, onun olduğu kimi görünməyinə mane olurdu - hamı elə bilirdi ki, şair Ağa Laçınlı fağır adamdı - elə bir zaman gəlmişdi ki, tərbiyəli, insaflı, mədəni adama fağır deyirdilər. Ancaq bu «fağır» Ağa Laçınlı Azərbaycan Yazıçıları İttifaqının üzvləri arasında yeganə oğlan idi ki, ağdamlıların qan-qan dediyi vaxtlarda, neçə-neçə qardaşın ağdamlı bacısını təyyarə ilə Moskvaya qaçırtmış, bir neçə il müddətində də üç oğul əkmişdi. Hamısı da ağıllı-kamallı, başaşağı uşaqlar... Fağıra bax də... Yaradıcılığı şifahi xalq ədəbiyyatından qaynaqlanırdı, ənənəvi şeirə üstünlük verirdi, qoşmaları Laçın bulaqları kimi onun ürəyində qaynayıb axırdı. Pedaqoji fəaliyyətlə məşğul idi, Azərbaycan Dövlət Universitetində ədəbiyyat fakültəsinin dekan müavini işləyirdi, arada bir elmlər namizədi də olmuşdu.

İsa İsmayılzadə Gürcüstandan, qədim Azərbaycan torpağından - Qarayazıdan idi. Ağa, Laçınlı-sından məlum idi. Məni də ki, azdan-çoxdan tanıyırsınız.

Bir dəfə Ağa Laçınlı mənə dedi ki, ay Seyran, neçə ildi universitetdə dərs deyirəm, bir nəfər gəlib xahiş eləmir ki, ay Ağa, filan uşağa qiymət yaz, kömək elə...

- Ağa, - dedim, - sən uşaqları kəsirsən?

- Yox, - dedi.

- Bir özün fikirləş də... Bax, elə bil ki, mənim oğlum sənin tələbəndi, oxudu-oxumadı qiymətini yazıb yola salırsan, kəsmirsən də...

- Ürəyim gəlmir axı... - Ağa dilləndi.

- Nə qədər ki, ürəyin gəlmir, yanına da heç kəs gəlməyəcək.

O, güldü:

- Düz deyirsən, - dedi.

İndi üçümüz Füzuliyə ezamiyyətə gedirdik. Ancaq orasını da deyim ki, burda Füzuliyə ezamiyyətə getməkdən daha çox, bizə getmək var idi - ata yurduma.

Qatar tərpənən kimi İsa portfelini açıb xeyli yemək-içmək çıxartdı, cecə arağı da öz yerində. Bakıda oxuyan, işləyən Gürcüstan uşaqları bir yana səfərə çıxanda pasportları ilə yanaşı cecə arağını da götürürdülər özləriynən. İsanın səliqəli olması bir az da onun vasvasılığından irəli gəlirdi. Kotlet, qızardılmış ət, göy-göyərti, üç-dörd dənə kartof soyutması, duz, qara istiot, dağlı çörəyi, pendir, üç dənə də yüz qramlıq yonma stəkan. Bu nazı-neməti görən Ağa Laçınlı da cumdu öz portfelinə:

- Neynirsən? - dedim.

- Maa da yemək qoyublar, - Ağa dedi.

- Stolun üstündə yer var? - Soruşdum.

- Yox...

- Bəs, sən hara çıxardırsan? - dedim, - yavaş-yavaş də.

- Düz deyir də... - İsa məni müdafiə eliyən kimi Ağa təkləndi, portfelinin ağzını bağlayıb gözünü süfrəyə zillədi.

Ağa ilə İsa üzbəüz oturdular, demək olar ki, kupe stolunun yuxarı başında, axı İsa məndən, Ağa isə ikimizdən də böyük idi. Mən də Ağanın böyründə oturdum və «əməliyyat» başladı. İsa demişkən, bir-iki qismət alandan sonra, İsa stəkanı götürüb dedi:

- Bu görüşümüzün, bu səfərimizin sağlığı olsun... Ancaq yaman tünddü ha, - Ağaya baxıb mənə göz vurdu.

İsa ilə mən çox rahat içdik, ancaq Ağanın sir-sifəti nə günə düşdüsə, inanın ki, tanımalısı qalmamışdı. O, bir-iki loxma yeyəndən sonra sifəti əvvəlki şəklini aldı və oldu bizim Ağa:

- Bərk araqdı, - dedi.

- Ay qağa, - İsa üzünü mənə çevirdi, - belə mətəl qalmalı işdi ee, getdi neçə il Moskvada oxudu, elə həmən Ağadı ki, durub.

- Moskvada oxuyanda noolur ki? - Ağa ikimizdən də soruşdu, ancaq mən qabağa düşdüm:

- Moskvada o olur ki, «Ağa Lançınlıyam elə bağlıyam». Yəni İsa deyir ki, Moskva dünya alkoqolunun paytaxtıdı, sən də neçə il o paytaxtın qanuni vətəndaşı olmusan, ancaq tükün də tərpənməyib, Laçınnan nə təhər getmişdinsə heylə də qayıdıb gəldin üstümüzə.

- Qağa, vallah, oğulsan. - İsa dedi.

- Seyran oğuldu, dizibərk oğuldu. - Bunu da Ağa əmələ gətirdi.

İsa, Ağa demişkən, bu bərk araqdan ikincisini süzdü, boşalmış şüşəyə baxıb onu qatlama stolun altına qoydu - deyəsən şüşənin ikinci həmlədən belə tez boşalması onun ürəyincə deyildi:

- Gərək ikisini götürəydim, - dedi.

İsanın bu gecikmiş özünətəklifinin heç bir mənası yox idi, söz idi də dedi və mənə baxan kimi Ağanın portfelini göstərib dedim:

- Ağanın portfelini açmamışıq hələ...

- İstədim ee bir şüşə alım, ancaq İsaya arxayın oldum, çünki neçə dəfə yola çıxmışıqsa cecə arağı həmişə olub, özü də bəsdi deyincə, - Ağa çəkinib eləmədən dilləndi, gülümsədi.

- Onda belə eliyək də... - Mən sətkanı götürdüm, - Ağa, bu badələri içək İsa qağanın sağlığına, səliqə-səhman göz qabağında, bunu qoyduq bir qırağa, İsa İsmayılzadə yaradıcılığı, onun yaradıcılığı heç kəsə bənzəmir, düzdü, Ağa?

- Haqq sözə nə deyəsən. - Ağa asta gəldi mətləbə.

- İsa, - mən davam elədim, - novator şairdi, yenilikçi, ənənəvi şeiri qeyri-ciddi qəbul eliyir, - bu cümləni deyəndə çönüb Ağaya baxdım, elə bil o içindən silkələndi, - o, belə hesab eləyir ki, yeni bir məktəb yaratmaq, Azərbaycan şeirinin adını göylərə qaldırmaq, göylərə yazmaq lazımdır. Onun «Ulduzların ad günü» kitabı şeirimizdə hadisədir. Düzdü, Ağa?

- Düzdü, - Ağa cavab verdi və əvvəlki cavabından fərqli olaraq, «haqq sözə nə deyəsən?»i ixtisara salıb, bir sözlə kifayətləndi. Çünki İsanın təsdiqində Ağa öz inkarını görürdü və bu, açıq-aydın ona ləzzət eləmirdi. Ancaq ləzzət eləsə də, eləməsə də kişinin yola götürdüyü arağın yüz qramını onun sağlığına içməliydik də. Ən azı məclis etikası, sosial ədalət prinsipləri bizi buna çağırırdı və biz də bu çağırışa səs verirdik.

İsa İsmayılzadə isə mənim bu tərifnaməmin qarşısında ancaq özünə məxsus olan abır-həya ilə qızarıb elə əriyirdi ki, başqa bir aləmi canlandırırdı. Neyləsin? Hamımız kimi onun da bu çoxşaxəli tərif qarşısında dözüb üstünə getməyə nə gücü çatırdı, nə də həvəsi vardı; hamımız kimi o da tərif götürən idi. Bu minvalla İsanı xeyli tərifləyəndən sonra sağlığın iliyini vurub mətləbə keçdim:

- İsa İsmayılzadənin sağlığına!

Stəkanları üçbucaq şəklində toqquşdurub başımıza çəkdik və yalnız dibinə qədər içib qurtarandan sonra İsa dedi:

- Gərək yarısın içəydik, yarısını da qağamızın sağlığına... - Başı ilə Ağanı göstərdi.

İsanın bu təklifi də «gərək ikisini götürəydim»ə oxşadı, elə bil ki, bir alma idi yarı bölmüşdülər.

- Eybi yox, mənim də sağlığıma qayıdanda içərik. - Ağa öz aləmində ortada olmayan pərtliyi aradan götürmək istədi.

- Seyranın da sağlığına ata yurdunda içərik. - Təklif verməkdən heç vaxt korluq çəkməyən İsa İsmayılzadə dedi.

- Heylə şey yoxdu, - mən dilləndim və kağız torbamın içindən bir araq çıxardıb stolun üstünə qoydum.

- Çox olmaz, ay qağa? - İsa şüşəyə baxıb gülümsündü.

Əgər desəydim ki, çox olar, İsa deyəcəkdi ki, onda adama cəmisi əlli qram, nə mən dilləndim, nə də o məlum cavabı verdi və biz bu mənada bir-birimizi elə rahat yola verdik ki, Ağa da hiss elədi. Onu da hiss elədim ki, bu hərəkətim, İsa öz yerində, Ağanın da xoşuna gəldi; mən bilən, o, sağlığının qayıdan başa qalmasını heç cür istəmirdi... Bu qatarın bu vaqonunda, bu vaqonun bu kupesində ədəbi avtoritet, ədəbi mövqe söhbəti də vardı axı...

Başımızı açıb necə iştah açmışdıqsa İsanın gətirdiyi təamlardan əsər-əlamət qalmamışdı - silib süpürmüşdük. Əslində, biz elə burda da dayana bilərdik, ancaq burası elə bir yer idi ki, dayanmaq, əl saxlamaq üçümüzə də çətin görünürdü.

İsa stolun üstündəki qırıntıları yığışdırmağı da heç birimizə etibar eləmədi - ona elə gəlirdi ki, o, hamıdan səliqəlidi və burda bir həqiqət də vardı. O, stolun üstünü təmizləyib zibilləri qəzetə bükəndən sonra qatarın pəncərəsindən tulladı. Sonra stolun üstünə qəzet sərdi və əli ilə qəzeti hamarlayıb, tumarlayıb üzünü Ağaya tutdu:

- Çıxart görək, qağa, - başı ilə Ağanın portfelinə işarə elədi. Ağa gözünə döndüyüm də nəyi vardı yığdı stolun üstünə. Mən arağın ağzını açıb süzdüm. Stəkanı götürüb dedim:

- Ağa, icazə verirsən?

- De, de gəlsin, dədənin kəl oğlu. - Ağa əlinin içi kimi bilirdi ki, onun sağlığına deyəcəm. Elə sağlıq deməliydim ki, İsanın sağlığından qorxaq olmasın. Hətta sağlıqqabağı Ağa məni ruhlandırıb istiqamətverici bir söz də dedi:

- De gəlsin, dədənin kəl oğlu, biz onsuz da bir torpağın adamıyıq, Laçın, Füzuli, yaylağımız-qışlağımız bir olub.

Bu sözlərdən sonra mən özümü əməlli-başlı toplayıb üzümü sərbəst şeirin parlaq nümayəndəsi İsa İsmayılzadəyə tutdum:

- İsa, olar? - dedim.

- Buyur, qağa, qağa, buyur, - İsa o qədər yaxşı idi ki...

- İsa, - mən dedim, - sən də, mən də bayatılardan, qoşmalardan doğulmuşuq, düzdü?

İsa onsuz da öz sağlığını almışdı, arxayın-arxayın dedi:

- Düzdü, qağa, düzdü.

- İsa biz, bayatıların, qoşmaların döşündən süd əmmişik, düzdü?

- Düzdü, qağa, düzdü.

Ağaya baxanda gördüm ki, o, elə oturub ki, bəlkə ömründə heç harda, heç yerdə belə rahat oturmamışdı - heç dədəsinin evində də.

Mən dedim:

- İsa, qağa, bu badələri içək Ağa Laçınlının sağlığına, çünki o, təpədən dırnağa şairdi, dədəsi onu şair əkib, nənəsi də şair bələyib.

İsanın səbbini bir az qabaq ən yüksək səviyyədə aldığıma görə o, Ağa kimi reaksiya vermirdi:

- Düzdü, qağa, düzdü, - deyirdi.

- Ağa Laçınlı paytaxtımıza kənd əxlaqı gətirib... o əxlaq kəndin özündən çox paytaxtımıza gərəkdi. Ağa Laçınlı nə yazıbsa özüdü, onun şeirlərində bic toxum, yad toxum yoxdu.

Bu, Ağanın lap ürəyincə oldu, o, bir az da pardaxlandı, mən bunu açıq-aşkar görüb bir az da irəli getdim:

- Ağa Laçınlı, ənənəvi şeirimizin ən saf bulaqlarından, ən gur bulaqlarından biridi - duru yerindəndi.

Ağa elə xoşbəxt idi ki... Onu yazdığı, çap etdirdiyi şeirlər yox, mən xoşbəxt eləyirdim.

- Ağa Laçınlı torpaq kimi saf toxumdu, - mən dedim, - Ağa elə Ağadı. Bunu içək Ağanın sağlığına!

Ağanın mənə, «onsuz da biz bir torpağın adamlarıyıq, yaylağımız-qışlağımız bir olub» deməsini bundan artıq doğrultmaq olmazdı ki.

Sonra da İsa mənim sağlığıma badə qaldırdı və dönə-dönə tapşırdı ki, «sən yazmalısan». İsanın bu tapşırığından belə çıxırdı ki, əgər mən yazmasam Azərbaycan ədəbiyyatının böyük bir ərazisi boş qalacaqdı. Hərdən Ağa da onun dediklərini təsdiq və müdafiə edirdi.

İsa bizim xahişimizlə təzə şeirlərini oxudu - təriflədik.

Ağa təzə şeirlər oxudu - təriflədik.

Mən köhnə şeirlərimdən bir-ikisini oxudum - təriflədilər.

İkinci şüşə dibinə çatıb quruyanda, bizim də yeyib-içmək həvəsimiz dibinə çatıb qurudu.

İsa şahmatını da özü ilə götürmüşdü. O, dedi:

- Heyif, heç biriniz oynaya bilmirsiniz... - təəssüfləndi, - Ağa, sizin kənddə şahmat-zad olmayıb ki?

- Yoox.

- Bəs uşaq vaxtı heç oynamırdınız?

- Oynayırdıq.

- Şahmaat? - İsa təəccübləndi.

Ağa güldü:

- Əə yoox, - asta-asta dedi.

- Bəs nə oynayırdınız? - İsa əl çəkmirdi.

- Çilingağac, qığmərə, löpük-coj...

İsa nə təhər güldüsə Ağa diksinən kimi oldu.

- Bəs indi neyliyək? - İsa dedi.

Mən dedim:

- Bir təklifim var, İsa, səndə ağ kağız var?

- Var, qağa, nədi ki?

- Çıxart, - dedim, - gəlin Azərbaycandakı «bezdarnı» yazıçıların, şairlərin siyahısını tutağın.

- Əla olar, - İsa təklifimi bəyəndi, - o qədərdilər ki, elə Horadizə qədər çatar... əla... qağa, biz deyək, sən də yaz.

Mən Ağa ilə yerimi dəyişib pəncərənin yanında əyləşdim. Kağızı stolun üstünə qoydum, qələmi əlimə alıb gözümü onlara zillədim. Birinci adı çəkməkdə xeyli çətinlik çəkdilər. Heç biri qabağa düşmək istəmirdi.

- Ağa, nooldu? - Mən ondan soruşdum.

- Dayan də... Gərək elə adları yazaq ki, nə şiş yansın, nə kabab.

Ağadan əlimi üzüb İsaya baxdım, o, məni çox gözlətməyib dedi:

- Qağa, Məmməd Rahimin bir şeiri çıxmışdı bu yaxınlarda, oxumadın onu?

- Bilmirəm, - dedim, - hansını deyirsən?

- Dəhşətdi ee... şeir adına ləkədi. Qoy yadıma salım, hə, deyir ki, «oturmuşdu metroda oğlanla qız yanaşı, cavan oğlan deyildi əsla qızın qardaşı». Yaz ora... elə birinci Məmməd Rahimdən başlayaq, - İsa qabağa düşdü.

Mən yazdım və hiss elədim ki, əgər birinci Məmməd Rahimdən, xalq şairindən, laureatdan başladıqsa, deməli, bu xəmir hələ çox su aparacaq... axırı xeyir olsun.

İsa ənənəvi şeirin nümayəndələrinin böyük əksəriyyətini siyahıya yazdırmışdı. Bəzən elə adamın adını deyirdi ki, Ağa dirəşirdi və Ağa dirəşəndə İsa deyirdi:

- Qoy hələlik yazsın, sonra yaddan çıxar, axırda bir də yenidən baxarıq də siyahiyə.

Ağa da o saat təslim olurdu.

Ağa Laçınlı sərbəst şeirin nümayəndələrinin əksəriyyətini siyahıya yazdırmışdı. Bəzən elə adamın adını deyirdi ki, bu dəfə də İsa dirəşirdi - İsa dirəşəndə Ağa deyirdi:

- Qoy hələlik yazsın, sonra bir də baxarıq, lazım olsa çıxardarıq.

İsa da razılaşırdı.

Yer üzündə bənzəri olmayan bu siyahıyaalmada mübahisəli məsələlər də ortalığa çıxır və dərhal da aradan qaldırılırdı. Tərəflərdən birisi - İsa, yaxud Ağa, bu siyahıya düşmək üçün bir nəfərin namizədliyini irəli sürürdü və bu ad mübahisə doğururdusa, təklifi verən adam, o şairin yaradıcılığından sitatlar gətirib onun «bezdarnı» olduğunu sübut edirdi, məsələ də öz həllini tapırdı, yəni zor işlədən yox idi.

Əli Bayramlıdan (Şirvan) Daşburuna qədər çox səmərəli işlədik; ancaq qurunun oduna yanan, tüstülənən yaş da az deyildi. İsa Ağanın, Ağa da İsanın acığına əks cəbhədən xeyli şair, yazıçı adı yazdırmışdılar. Mən özüm də xeyli adamın adını yazmışdım, qələm əlimdəydi də, ağına-bozuna baxmırdım.

Dediyim kimi, Daşburuna qədər yazıb dirəndik, bunlar nə qədər imiş?

On-on beş dəqiqə idi ki, heç kəs yada düşmürdü.

- Qağa, - üzümü İsaya tutdum, - bəlkə siyahini bağlayaq? - dedim.

- Dayan, tələsmə... neçə nəfər oldu cəmisi?

- İki yüz iyirmi doqquz nəfər, - dedim.

- Azdı, - dediyim rəqəm İsanı açmadı, xoşuna gəlmədi.

Siyahıya nəzər saldım, burda kimlər yox idi, xalq şairləri, xalq yazıçıları, əməkdar incəsənət xadimləri, laureatlar, vəzifəli yazarlar - bir sözlə, biz üçümüzdən başqa hamının adı orda idi.

Artıq toxdamışdıq. İsa ayağa durub dedi:

- Əlimi yuyub gəlirəm.

İsa kupedən çıxan kimi Ağa dedi:

- Əəə, İsanın da adın yaz ora... bu niyə şair olur əə, Mayakovski kimi yazır...

Vərəqi götürüb səliqə ilə yazdım: «İsa İsmayılzadə».

İsa qaytıdı, özündən çox razı idi, elə bil Azərbaycan ədəbiyyatını istedadsızların əlindən alıb birdəfəlik xilas eləmişdi, xilaskar missiyasını yerinə yetirmişdi.

Bir müddətdən sonra Ağa ayağa durdu:

- Mən də gedim əlimi yuyum.

Ağa kupedən çıxan kimi İsa dedi:

- Ay qağa, bu Ağanı da yaz ora, aşıqdı də, aşıq şeirinin vaxtı çoxdan keçib.

Vərəqi götürüb eyni səliqə ilə yazdım: «Ağa Laçınlı».

- Ancaq elə elə ki, görməsin. - İsa narahat oldu.

- Arxayın ol, - dedim, - bunu heç kəsə göstərmərəm...

Ağa qayıtdı, özündən İsa qədər razı idi, elə bil o da Azərbaycan ədəbiyyatını istedadsızların əlindən alıb birdəfəlik xilas eləmişdi - xilaskar Ağa Laçınlı!

Qəti qərara gəldim: nəinki əlimi yumağa, heç kupedən bir addım da kənara çıxmayacağam; Azərbaycan ədəbiyyatını yiyəsiz qoyub hara gedəydim ki?..

"Mediaforum"

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG