Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:19
Azərbaycanda hazırda əsas problem yaxşı qanunların pis icrasıdır. Beynəlxalq Şəffaflıq təşkilatının üç Cənubi Qafqaz respublikasında Avropa Qonşuluq Siyasətinin Fəaliyyət Planının icrası ilə bağlı hesabatın Azərbaycana aid hissəsində belə deyilir.

«Transparency İnternational» – Beynəlxalq Şəffaflıq təşkilatı Avropa Qonşuluq Siyasətinə qoşulmuş üç Cənubi Qafqaz respublikasında vəziyyətə dair hesabat yayıb. Hesabat həmin ölkələrin təsdiq etdiyi Fəaliyyət Planının icrasının monitorinqinə həsr edilir.

«Transparency Azerbaijan» təşkilatı da bu planın icrası sahəsində vəziyyəti öyrənərək mayın 6-da hesabatını yayıb. Hesabatda əsasən Azərbaycanda anti-korrupsiya islahatlarını nəzərdə tutuan üç sahəyə diqqət yetirlir: məhkəmə sistemində islahatlar, dövlət qulluğu və Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO qrupu) qarşısında öhdəliklərin icrası vəziyyəti.

AZƏRBAYCANA NEÇƏ BAL DÜŞÜB?
Hesabatda vurğulanan əsas məqam budur ki, Azərbaycanda beynəlxalq ictimaiyyətin yaxından dəstəyi ilə qanunvercilik bazası təkmilləşdirilib


Hesabatda vurğulanan əsas məqam budur ki, Azərbaycanda beynəlxalq ictimaiyyətin yaxından dəstəyi ilə qanunvercilik bazası təkmilləşdirilib. Amma xüsusilə də məhkəmə və dövlət qulluğu sahələrində qanunların real həyatda icrasında problemlər var. «Transparency İnternational» təşkilatının mütəxəssisləri Azərbaycandan qanunvericiliyin ümumi vəziyyətini 64.5 %-lə qiymətləndiriblər. Amma onların icrası sahəsində vəziyyətə 48 % qiyməti verilib.

Başqa beynəlxalq hesabatlarda, məsələn, «Global Integrity Report 2009» hesabatında da Azərbaycanda qanunların vəziyyətinə 100 mümkün baldan 88 verilib. Amma onların icrası 100 mümkün baldan cəmi 40-ı ilə qiymətləndirilib.

Hesabatda hər üç sahədə ayrı-ayrılıqda vəziyyət bu cür qiymətləndirilir:

MÜSTƏQİL MƏHKƏMƏ: GEDİLƏSİ UZUN BİR YOL...

Avropa Birliyinin yardımı ilə 2000-ci ildən bəri Azərbaycanda məhkəmə sistemində islahatlar aparılır. Əsas məqsəd də onların müstəqilliyinin artırılması, mənəvi və peşəkar standartlarının, statuslarının yüksəldilməsidir.

Məhkəmə sisteminin idarə edilməsi üçün qanunvercilik və təşkilati sahələrdə nəzərə çarpan irəliləyişlər əldə edilib. Bu, xüsusilə də hakim korpusunun peşəkarlığının artırılması, məhkəmə prosedurlarının müasirləşdirilməsi, məhkəmə dinləmələrinin sürətləndirilməsi sahələrindədir.

Məhkəmələrin icra hakimiyyətindən müstəqilliyinin təmin edilməsinə hələ çox uzun bir yol var
Amma məhkəmələrin icra hakimiyyətindən müstəqilliyinin təmin edilməsinə hələ çox uzun bir yol var. Bu sahədə ən vacib addımlardan biri məhkəmələrin büdcələri üzərində qərar vermək səlahiyyətinin icra hakimiyyətindən alınıb onların özlərinə verilməsi olacaq. Qanunvercilikdə bu nəzərdə tutulsa da, reallıqda məhkəmələrin büdcəsinə o biri hakimiyyət qolu, icra hakimiyyəti orqanları qərar verirlər.

Hakimlərin seçilməsi prosesinin birinci mərhələsində bəzi irəliləyişlər olsa da, yekun mərhələdə onların seçilməsində çox ciddi problemlər hələ də qalır.

Məhkəmə katiblərinin hazırlanması istiqamətində də ciddi narahatlıqlar var. Məhkəmə katibləri, ictimai müdafiəçilər, tərcüməçilər təlimlərə cəlb edilməli, onlara ödənişlərin dərəcələri artırılmalıdır.

Məhkəmə baxışları ümumən açıqdır. Amma bəzən siyasi mülahizələrlə prosesləri qapalı keçirilər.

Məhkəmə stenoqramları yazılsa da, bütün məhkəmə qərarlarının ictimaiyyətə elan edilməsi kimi bir qanuni öhdəlik yoxdur. Ümumilikdə, məhkəmə sistemində şəffaflıq 58 %-lə qiymətləndirilib. Bu da çox ciddi irəliləyiş deməkdir.

DÖVLƏT QULLUĞUNDA İSLAHATLAR. DAHA NƏYƏ EHTİYAC VAR?

Azərbaycanda dövlət qulluğunda qanunlarla onların icrası vəziyyəti arasında kəskin fərqlər var. 2005-ci ilin ortalarında Prezident yanında Dövlət Qulluğu Məslələri üzrə Komissiya yaradılıb. Bu komissiya dövlət işinə qəbul prosesində ciddi islahatlar həyata keçirib. Dövlət qulluğu vəzifələrində boş iş yerləri haqqında elanların verilməsi, rəqabət, test imtahanları, müsahibələr sahələrində hazırkı praktika əksər beynəlxalq standartlara uyğun sayıla bilər.

Eyni zamanda dövlət qulluqçularının təlimlərə cəlb edilməsi də yaxşılaşıb.

Bunlara baxmayaraq, dövlət qulluğuna qəbulda, qulluqçuların işində şəffaflığın və məsuliyyətliliyin təmin edilməsi, onların siyasi təsirlərdən, öz rəhbərlərinin qanunsuz qərarlarından qorunması kimi sahələrdə hələ də islahatlara ehtiyac var.

KORRUPSİYAYA QARŞI DÖVLƏTLƏR QRUPUNUN TÖVSİYƏLƏRİNƏ NECƏ ƏMƏL OLUNUR?
Qrupun Azərbaycana verdiyi əsas tövsİyələrdən biri korrupsiya yolu ilə əldə edilmiş gəlirlərin müsadirə edilməsi qaydalarının yenilənməsidir


Tövsiyələrin icrası sahəsində gözə dəyən irəliləyişlər var. Əsasən də müxtəlif idarələr arasında əməkdaşlığın təmin edilməsi, təlim-təhsil prosesinin inkişafı, korrupsiya hallarının aşkar edilməsi kimi sahələrdə uğurlar var. Amma bu istiqamətdə də görülməli işlər hələ çoxdur.

Qrupun Azərbaycana verdiyi əsas tövsİyələrdən biri korrupsiya yolu ilə əldə edilmiş gəlirlərin müsadirə edilməsi qaydalarının yenilənməsidir. Bura həm də üçüncü şəxslərin korrupsiyadan əldə etdikləri gəlirlərin müsadirəsi daxildir.

Bu tövsiyə qanunda əksini tapsa da, onun real tətbiqi görünmür. Məhkəmə qərarlarını icra edən rəsmilərin bu sahədə bilikləri artırılmalıdır.

Ölkədə dövlət idarələrində formalaşmış gizlilik ənənəsinin aradan qaldırılması istiqamətində də səylər gücləndirilməlidir. Bəzi dövlət idarələri bunun üçün özlərinin internet səhifələrini yaradıblar. Bu sahədə ən yaxşı nümunə Vergilər Nazirliyi ola bilər.

İnzibati sistemdə şəffaflıq sahəsində də bir çox tədbirlər görülməlidir. Qanunvercilik və sistemin özü dövlət qulluğunda olan adamı korrupsiya şübhələri barədə hesabat vermək, gəlir bəyannamələri təqdim etmək məcburiyyətində qoymalıdır.

Korrupsiya ilə bağlı cinayətlərə görə cərimələr, məmurların məsuliyyətinin təmin edilməsi sahəsində qanunvercilikəd bəzi çatışmazlıqlar aşkar edilib.

Qanunvercilik rüşvətə görə yalnız fərdlərin məsuliyyətini nəzərdə tutur. Məsələn, özəl sektorda olan hansısa bir şirkətin işçisi məmura rüşvət veribsə, qanun yalnız rüşvət verənin və alanın məsuliyyətini nəzərdə tutur. Bu işdə rüşvət verənin şirkətinə heç bir məsuliyyət qoyulmur. Bu vəziyyətə görə Azərbaycanın qanunvercilik sistemi dünya praktikasından geridə qalır.

Azərbaycan Avropa Qonşuluq Siyasətinə rəsmən 2004-cü ildə qoşulub. 2006-cı ildə onun Fəaliyyət Planını təsdiq edib.

Avropa Qonşuluq Siyasəti Azərbaycan üçün 10 sahəni prioritet elan edib. Hamısı eyni dərəcədə vacib olan həmin sahələr bunlardır:

1. Qağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışmaq,

2. Ədalətli və şəffaf seçkilər də daxil olmaqla ölkədə demokratiya gücləndirmək,

3. İnsan haqlarının qorunmasını, fundamental azadlıqları, qanunun aliliyini gücləndirmək,

4. Korrupsiya ilə mübarizəni gücləndirməklə biznes və sərmayə mühitini inkişaf etdirmək,

5. Gömrük sisteminin fəaliyyətinin təkmilləşdirilməsi,

6. Ətraf mühitin mühafizə edilməsi də daxil olmaqla iqtisadiyyatın balanslı və dayanıqlı inkişafını müdafiə etmək,

7. İdarəetmə praktikası ilə iqtisadi qanunverciliyin uyğunlaşdırılması,

8. Avropa Birliyi ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığı, enerji və nəqliyyat sahələrində tərəfdaşlığı gücləndirmək,

9. Hüquq, azadlıqlar və təhlükəsizlik həmçinin də sərhəd idarəetməsi sahələrində əməkdaşlığı gücləndirmək,

10. Regional əməkdaşlığı inkişaf etdirmək.

Azərbaycanda idarəetmənin Avropa Qonşuluq Siyasəti çərçivəsində öhdəlikləri vəziyyətinə gətirilməsi üçün «Transparency Azerbaijan» hesabatında Bakıya məhkəmə, dövlət qulluğu və şəffaflığın təmin edilməsi istiqamətində tövsiyələr verib.
XS
SM
MD
LG