Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:08
Türkiyəyə--Molla Nəfəsin 200 illiyi ilə bağlı TRT-nin hazırladığı “Pəncərə” verilişinə qatılmaq üçün Ankaraya gedən türkoloq Ramiz Əskər sürprizlə qarşılaşıb. Ona yeni yaradılacaq Avrasiya Tərcüməçilər Birliyinə sədr olmağı təklif ediblər. Ankaradan yenicə qayıtmış tanınmış türkoloqla atüstü müsahibə qarşınızdadır.

- Ramiz bəy, böyük türkmən şairi Molla Nəfəsin 200 illiyi deyəsən Türkiyədə də qeyd olunub...

- Elədir. Türkiyədə Molla Nəfəsin bir kitabı çıxdı. Bizdə iki kitab buraxıldığı üçün Türkiyənin diqqətini çəkib.

TRT-dən zəng çalıb məxsusi dəvət etdilər məni. Molla Nəfəsə həsr olunmuş “Pəncərə” verilişində iştirakımı istədilər. Ankaraya getdim.

Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlu həmin verilişin aparıcısıdır. Biz onunla 2007-ci ildən tanışıq. İlk dəfə Mahmud Kaşqarlının “Divan”ının tərcüməsindən sonra onun verilişinə dəvət olunmuşdum.

Bu dəfə də veriliş yazıldı. Mayın 30-da efirə gedəcək. Sonra Yaqub bəylə Avrasiya Yazarlar Birliyinə gəldik.

- Ramiz bəy, lütfən, bu birlik barədə bilməyənlərə bilgi verin.

- Bu birlik əsasən, türkdilli ölkələri öz içinə alan, bir az da Yaxın, Orta Şərqə - ərəb dünyasına meyl edən, islam ölkələrini—İranı, Əfqanıstanı, Pakistanı da öz çevrəsində birləşdirən bir təşkilatdır.

- Qaldığımız yerdən davam edək. Təklif necə gəldi?

- Elə oradaca Yaqub Dəliöməroğlu katibliyi çağırıb, bu məsələni müzakirə etməyi təklif etdi. Onun fikrincə, son dövrlər türk ləhcələri arasında uyğunlaşdırma, tərcümə problemləri çox aktuallaşıb.

Təsadüfi deyil ki, TÜRKSOY ötən il bununla bağlı elmi simpozium keçirmişdi. Biz də qatılmışdıq həmin simpoziuma. Yaqub bəy dedi ki, artıq dərin bir zərurət yaranıb ki, Avrasiya Tərcüməçilər Birliyi yaradılsın.

Təklif müzakirə olundu və məni bu birliyə sədr seçdilər. Avrasiya Yazarlar Birliyinin binasında ayrıca otaq ayırdılar. Məşhur bir tərcüməçi var—İmdad Əfşar, onu da sədr müavini təyin etdilər.

İmdad Əfşar lap bu yaxınlarda Rəsul Rzanın iri bir kitabını tərcümə edib. Anarın Nazim Hikmət haqqında yazdığı “Kərəm kimi” kitabını da tərcümə edib. Qeyd edim ki, indi Ankarada türk ölkələrinin UNESCO-su olan TÜRKSOY-un nəzdində 14 Cümhuriyyətdən—7 müstəqil, 7 muxtar Cümhuriyyətdən təmsilçilər işləyir.

Ev veriblər, ştatda çalışırlar. Onları cəlb etməklə TÜRKSOY çərçivəsində hər ölkədə bir Tərcümə Mərkəzi yaradılması qərara alındı. Həmin mərkəzləri əlaqələndirmək vəzifəsi də yeni yaradılan Birliyə həvalə olundu.

- Ramiz bəy, belə çıxır, Türkiyəyə səfərlər artacaq...

--Elədir, ayın 19-da yenidən Türkiyəyə gedəcəyəm. Hacəttəpə Universitetində Orxon-Yenisey abidələri ilə bağlı simpoziuma qatılacağam. Arada mütləq Avrasya Yazarlar Birliyinə baş çəkəcəyəm, TÜRKSOY-la danışıqlar olacaq.

Hansı ölkələrdə ilkin olaraq kimlər tərcümə ilə məşğuldur, onları dəqiqləşdirməliyik. Təbii ki, söhbət peşəkar tərcüməçilərdən gedir. Yerlərdə Birliyin özəklərini qurmalıyıq. Bunun üçün də maliyyə tapılmalı, ayrılmalıdır.

Vacib əsərlərin nəşrinə xüsusi vəsait qoyulmalıdır və s. Hələ işin əvvəlindəyik. Hər şey bundan sonra başlayacaq.

- Belə çıxır, daha sual verməyim. Deyirsiniz, hər şey bundan sonra başlanacaq...

- Niyə ki, sualsız deyim, məni Bakı Dövlət Universitetinin Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə elmi-tədqiqat laboratoriyasına müdir qoymaq istəyirlər. Hər şey razılaşdırılıb. Artıq rektora təqdimat da yazılıb...

- İkisi birdən?... Təbrik edirik! Azərbaycan mühacirəti AzadlıqRadiosunun da sevimli mövzusudur.

- Sağ olun!

Günün bütün mövzuları

XS
SM
MD
LG