Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:20
Rəsmi statistikaya görə son 3 ildə xarici vətəndaşlarla ailə quran Azərbaycan vətəndaşının sayı təxminən 4 faizdir. Əgər 7-8 il öncə Azərbaycan vətəndaşları əsasən qonşu ölkələrdən olan şəxslərlə nikaha daxil olurdularsa, son bir neçə ildə Avropa ölkələrindən olan vətəndaşlarla evlənənlərin sayı artmaqdadır. Şəxsi təcrübəsini bölüşən Bakı sakini Teymur Sadıqov deyir ki, xarici ölkə vətəndaşları ilə nikaha girmək o qədər də sadə məsələ deyil. Teymur Britaniyada yaşayan Latviya vətədaşı İnqrida Hidlayuşka ilə Azərbaycanda nikaha girmək fikrindədir. Ancaq Azərbaycanda bununla bağlı bir sına qanundankənar tələblərlə üzləşir:

«Əcnəbilərlə nikahın qeydə alındığı Səadət Sarayında mənə bildirirlər ki, ərizə vermək üçün mütləq İnqrida Bakıya gəlməlidir. Qanunda isə yazılıb ki, əgər əcnəbi çox uzaqdadırsa, o, səfirlik vasitəsilə bu məsələni çözə bilər. Qanundan sitatlar da kara gəlmir. Elə deyirlər ki, adam özü gəlsin Bakıya. Adamları incidir, sonra da 800-1000 manat alıb ərizələrini qəbul edirlər».

- Bəs sizdən də rüşvət istəyiblər?

- Məndən istəməyiblər. Heç istəsələr də vermərəm. Görünür onlar düşünür ki, əcnəbilərin yol xərci böyük olduğundan insanlar daha az məbləğə razı olacaqlar.
Vəkil İradə Cavadova


Vəkil İradə Cavadova isə deyir ki, Azərbaycan qanunvericiliyində xarici ölkə vətəndaşlardan nikaha girmək üçün ərizə verərkən Azərbaycana gəlmək tələb olunmur:

«Həmin şəxs bununla bağlı Azərbaycanın Britaniyadakı səfirliynə müraciət edə bilər. Onun ərizəsi Azərbaycan dilinə tərcümə ediləcək sonra da notarial qaydada təsdiq edilib nikahı qeydə almalı orqana təqdim ediləcək. Səadət Sarayının belə sənədi qəbul etməkdən imtinası mümkün deyil. Bu halda onlar qanunları pozmuş olacaqlar. Əgər vətəndaş yenə problemlə üzləşsə, Ədliyyə Nazirliyinə sorğu verə bilər».

SÜRÜCÜLÜK VƏSİQƏSİ ALMAĞIN 3 YOLU

AzadlıqRadiosunun «Qaynar Xətt»inə zəng edən Sumqayıt şəhər sakini Zahir Əliyev Azərbaycanda sürücülük vəsiqələrinin verilməsi üzrə ciddi problemlərin olduğunu bildirir. Onun sözlərinə görə, Sumqayıtda sürücülük kursuna bitirəndən sonra 4 dəfə sürücülük vəsiqəsi almaq üçün imtahan verib, amma vəsiqə ala bilməyib. Səbəbləri isə şikayətçi belə izah edir:

«Bakıda və bölgələrdə sürücülük vəsiqəsi almaq üçün verilən imtahan arasında böyük fərq var. Eşitmişdim ki, Bakıda artıq sürücülük vəsiqələri almaq üçün imtahanlar ədalətlidir, rüşvət yoxdur. Sumqayıtda isə bunların tam əksi ilə qarşılaşdım. 5 dil bilirəm, Bakı Dövlət Universitetini qırmızı diplomla bitirmişəm. Ancaq 4 dəfə sürücülük vəsiqəsi almaq üçün imtahan versəm də, kəsildim. Suallar uyğun qanunvericilikdə olmayan çaşdırıcı məqamlarla doludur. Kustar üsullarla hazırlanan testlərdə yazılanlar aşkar şəkildə insanları çaşdırmaq üçündür».

Sonda Zahir baş verənlərlə bağlı Sumqayıt Dövlət Yol Polisinin rəhbərliyinə şikayət edib:

«Nəticəsi o oldu ki, məni imtahan vermək üçün Bakıya göndərdilər və mən imtahan verib vəsiqə aldım. Orda qazandığım təcrübəyə görə deyirəm ki, Azərbaycanın bölgələrində sürücülük vəsiqəsi almaq üçün ya Bakıda imtahan verməyə qədər «mübarizə yolu» keçməlisən, ya orada hərdən görünüb hamıdan tez vəsiqə alanlar kimi 700-750 manat verməlisən, ya da o çaşdırıcı sualları yazan müəllimləri tapıb onlarla pul verib «hazırlaşmalısan».

Dövlət Yol Polisinin şöbə rəisi Kamaran Əliyev isə deyilənləri təkzib edir. Onun sözlərinə görə, ölkədə sürücülük vəsiqəsi almaq üzrə imtahanlar vahid test üzrə aparılır. Hər hansı rüşvət faktlarından, kustar üsullarla hazırlanmış üsullardan söhbət gedə bilməz.

MASALLIDA EV YERINƏ VƏD VERİRLƏR?

AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət göndərənlərdən bir də Masallı rayonunun Xıl kəndinin sakini Nadir Zamanovdur. Nadir Zamanov birinci qrup Çernobl əlilidir. İndi Bakıda Əlillərin Bərpa Mərkəzidə müalicə alan Nadir deyir ki, neçə illərdir icra orqanlarına müraciət etsə də, mənzil problemini çözə bilmir. Bu səbəbdən 3 azyaşlı uşağı olan ailə Cəlilabadın Göytəpə kəndində kirayədə yaşayır:

«Dəfələrlə Masallı icra hakimiyyətinə müraciət etmişəm. Ancaq mənə ev vermirlər. 3 uşaqla qapılarda yaşayıram. Masallıda əlillər üçün 36 mənzillik bina tikilib. 30 mənzilini paylayblar, 6 mənzil qalıb. Komissiya da təşkil edib mənim nə qədər ağır şəraitdə yaşadığımı görüblər, ancaq mənə ev vermirlər».

Masallı Rayon İcra Hakimiyyətinin İctimai siyasi şöbəsinin müdiri Seyfəddin Əliyev isə deyir ki, baş verənlərdən xəbərdardırlar. İndi İcra hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli bölməsinin yaratdığı komissiya əlillər üçün tikilən 36 mənzillik binanın paylanmamış 6 mənzili ilə bağlı 15 müraciəti araşdırır. Bu 15 müraciət sırasında Nadir Zamanovun da müraciəti var. Əgər komissiya uyğun saysa, əlilə ev veriləcək.

Ellada Quliyeva bu birotaqlı mənzildə böyüyü 10, kiçiyi 6 yaşı olan 3 oğlu ilə birlikdə yaşayır
İMİŞLI SAKİNİ 2 İLDİR SOSİAL YARDIM ALA BİLMİR


Azadlıq Radiosunun «Qaynar Xətt»inə şikayət göndərən İmişli rayon sakini Ellada Quliyeva aztəminatlı olsa da, ünvanlı sosial yardım ala bilməməsindən şikayətçidir. Pis şəraitli birotaqlı mənzildə böyüyü 10, kiçiyi 6 yaşı olan 3 oğlu ilə birlikdə yaşayan qadın son dərəcə ağır sosial durumda olduğunu bildirir:

«2 il öncə yoldaşım bizi tərk edib gedib. Bu daxmada çox ağır şəraitdə yaşayıram. Qonşuların yardımı olmasa, yaşaya bilmərəm. Bura heç ev də demək olmaz. Yaz-qış betonun üstündə yaşayırıq».

İmişlidəki kafelərdən birində işləyib gündə 2 manat alan qadın sənədlərini də toplaya bilmir. Bütün bunların səbəbi isə onun sözlərinə görə, pulunun olmamasıdır:

«2 ildir İcra Hakimiyyətinə, Əmək və Əhalinin Sosail Müdafiəsi Nazirliyinin İmişli bölməsinə müraciət edirəm. Ancaq mənə deyirlər ki, mütləq həyat yoldaşımdan boşanmağım haqda sənəd olmalıdır, ailənin gəlirləri ilə bağlı sənəd olmalıdır. axı hamı mənim hansı şəraitdə yaşadığımı bilir. Yoldaşımın isə harada olduğunu bilmirəm. Çox çıxılmaz durumdayam».

Mülki işlər üzrə vəkil Bəhruz Saıqov deyir ki, ölkə qanunvericiliyinə görə, ailənin ümumi gəlirləri ailə üzvləri arasında bölünəndə hərəyə 65 manat düşmürsə, bu ailənin ünvanlı sosial yardım almaq hüququ var. Ellada Quliyevanın 4 nəfərlikailəsinin aylıq qazancı isə bir nəfər üçün müəyən olunan minimum məbləğdən 5 manat da aşağıdır. Bu halda onun aylıq 200 manat ünvanlı sosial yardım almaq hüququ yananır. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İmişli rayon bölməsi dərhal bu qadının şikayətinə baxmalı və ona ünvanlı sosial yardım ayırmalıdır.

Buna da bax:

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG