Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:20

Yunanıstanda həyat iflic olub


Afina küçələrində polislə etiraz aksiyası iştirakçıları arasında qarşıdurma

Afina küçələrində polislə etiraz aksiyası iştirakçıları arasında qarşıdurma

Yunanıstanda ölkə boyu 24 saatlıq kütləvi tətil başlayıb. Tətilə həm özəl sektor, həm də ictimai idarələrdə çalışanlar qoşulublar. Aksiya iştirakçıları hökumətin üzləşdiyi daxili borc böhranından çıxmaq üçün ictimai xərcləri azaltmaq, vergilərin yüksəltmək, pensiyaları və bəzi sahələrdə əmək haqlarını dondurmaq kimi planlarına etiraz edirlər. Yunanıstan Avropa Birliyi və Beynəlxalq Valyuta Fondundan borc pul ala bilmək üçün həmin planı qəbul etməlidir.

YUNANISTANA VƏ ÖLKƏDƏN KƏNARA UÇUŞLAR DAYANIB

Amma etirazçılar hesab edirlər ki, hökumətin bu planlarının ilk və yeganə qurbanları yalnız sadə vətəndaşlar olacaqlar. Ona görə də planın qarşısı alınmalıdır. Ölkə iflic vəziyyətə düşüb. Yunanıstana və ölkədən kənara uçuşlar dayanıb.

Mayın 5-də Afina küçələrində polislə etiraz aksiyası iştirakçıları arasında qarşıdurma yaranıb. Polis parlamentin binası qarşısında qoyduğu maneəni yarmağa çalışan aksiya iştirakçılarına qarşı gözyaşardan qazdan istifadə edib. Yanğınsöndürənlər Afinada bir bankda baş verən yanğında üç nəfərin öldüyünü bildiriblər.

Dövlət idarələrində çalışanlar artıq dünəndən tətilə başlayıblar. Paytaxt Afina küçələrində mitinq keçirən aksiya iştirakçıları Avropanın müxtəlif ölkələrindən öz aksiyalarına dəstək xahiş ediblər.

YUNANISTAN ÜÇÜN ÖLÜM-DİRİM MƏSƏLƏSİ

Yunanıstanın Maliyyə naziri George Papaconstantinou etiraf edir ki, bu qənaət planları ağrılı olacaq. Ola bilər, Yunanıstanın indiki iqtisadi böhrana düşməsinə görə heç bir məsuliyyət daşımayan adamlar da indiki qənaət planından əziyyət çəkəcəklər. Amma çox sadə bir həqiqət var ki,
Afinada parlament qarşısında nümayiş, 05 may 2010
bu planın qəbul edilməsi Yunanıstan üçün ölüm-dirim məsələsidir.

Bu gün Berlində də kansler Angela Merkel Almaniya parlamentinə müraciət edərək Yunanıstana borc planlarını təsdiq etməyə çağırıb:

- Bu, Avropanın, həm də Avropanın daxilində Almaniyanın gələcəyi ilə bağlı məsələdir.

Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu Yunanıstana 110 milyard avro borc planı təsdiqləyib. Bunun 80 milyard avrosunu Avropa Birliyi, 30 milyard avronu isə Beynəlxalq Valyuta Fondu verməlidir. Avropa Birliyinin verməli olduğu borcun böyük bir hissəsi isə Almaniyanın payına düşür. Amma Almaniyada ictimai rəy Yunanıstana borc verilməsinə qarşıdır. Bu ölkədə hesab edirlər ki, kiminsə yol verdiyi səhvlərə görə, onlar xərcə düşməməlidirlər. Yunanıstana borc verilib-verilməməsi mayın 7-də Almaniya parlamentində müzakirələrdən sonra qəbul ediləcək qərardan asılı olacaq.

QLOBAL MALİYYƏ BAZARLARINDA TƏLATÜMLƏR

Yunanıstana veriləcək borcun nə qədər effektli olacağı üstündə narahatlıqlar qlobal maliyyə bazarlarında da təlatümlərə səbəbə olur. Dünən gecədən Avropadan ABŞ-a Wall Street və Asiya bazarlarına yayılan narahatlıqlara görə bazarda ciddi itkilər olub. Mayın 1-də avro dollara nisbətən son bir ildə ən aşağı qiymətə 1 avro 1.28 dollar səviyyəsinə düşüb.

Sərmayəçilər narahatdırlar ki, Yunanıstana iri məbləğdə pul verməklə avro pul vahidi işlədən İspaniya, Portuqaliya kimi ölkələri bürüyən ümumi borc problemini həll etməyəcək.

Afinada 1 May nümayişi
Avropa Birliyinin İqtisadi və Maliyyə Məsələləri üzrə komissarı Olli Rehn bildirib ki, Avropa üçün son bir ildə ümumi iqtisadi inkişafda irəliləmə olub. O, Yunanıstan böhranını bu ölkənin özünün uzun illərdən bəri borcunu gizlətməsinin nəticəsi olduğunu deyib:

BORCUNUN ARTIM DİNAMİKASINI GİZLƏDİB

- Əlbəttə, Yunanıstan Avropa Birliyi üçün bənzərsiz və xüsusi haldır. O, yeganə üzv ölkədir ki, illərlə borcunun artım dinamikasını gizlədib. İndi bu səhvlər düzəldilir.

AzadlıqRadiosunun rus redaksiyasının direktoru Yefim Fişteyn hesab edir ki, indi Avropa Birliyi məkanında ayrı-ayrı ölkələrin borc problemi üstündə yaranan böhranın səbəbi ümumi Avrointeqrasiya konsepsiyasında yaranan problemdir. Dövlətlər arasında iqtisadi və siyasi inteqrasiyanın sürəti eyni zamanda getmir. Ümumi valyutaya – avroya keçid dövlətlər arasında inteqrasiyadan tez aparıldı. Avropa Birliyində müxtəlif dövlət simvolları, parlament, icraedici orqanlar yaradılıb. Amma bunların heç birinin real funksiyaları yoxdur. Üzv ölkələrdə siyasi inteqrasiya daha çox əks istiqamətdə, bu dövlətlərin milli əsaslarla möhkəmlənməsi istiqamətində getdi. Yefim Fişteyn bildirir ki, hazırda dünyanın ən məşhur iqtisadçıları avro pul vahidi işlədən ölkələr arasında kəskin nəticələri olan biləcək parçalanma gözləyirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG