Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:08
Mayın 23-də Bakıda «Miss Azərbaycan-2010» müsabiqəsinin finalı keçiriləcək. Həmin gün 14 iştirakçı arasından Azərbaycan gözəli seçiləcək. Müsabiqənin prodüseri Nazim Səmədovun verdiyi məlumata görə, həmin qızları münsiflər 70-dən artıq qız arasından seçiblər. Elə müraciət edənlərin sayı da bu qədər olub. Bu isə təşkilatçıların elə də ürəyincə deyil. Seçilən qızlara gəlincə, onların intellekti, dünyagörüşü, oxuyub-oynamaq bacarıqları da yoxlanılıb.

Müsabiqəyə qatılan qızların məqsədinə gəldikdə, onların çoxu məşhur olmaq, beynəlxalq gözəllik yarışmalarında iştirak etmək istəyirlər.

BOYU STANDARTDAN AŞAĞI OLANLAR

Azərbaycanda gözəllik müsabiqəsi ilk dəfə 1996-cı ildə keçirilib. Belə müsabiqələrin keçirilməsi düz 10 il davam edib. 2006-cı ildən sonra isə gözəllik müsabiqəsi keçirilməyib. Builki müsabiqənin prodüseri Nazim Səmədov deyir ki, onlar daha peşəkar iş ortaya qoymaq istəyirlər. O, beynəlxalq standartların əsas götürüldüyünü desə də, müsabiqədə 175 sm-dən aşağı boyu olan qızların iştirak edəcəyini də bildirir:

«Bizdə milli müsabiqələrdə cürbəcür boy standartları olur. Bizdə 170 ən aşağı boydur, bundan aşağı boyda qız yoxdur. Ancaq təbii ki, beynəlxalq müsabiqələrdə iştirak edəcəyiksə, bizi boyu 175 sm olan qız təmsil edəcək. Bizdə 176, 178 sm hündürlüyündə də qızlar var. Əksəriyyət 170-dir...»

GÖZƏLLİK ONDUR, DOQQUZU DON...

Modelyer Fəxriyyə Xələfova da bu müsabiqədə münsiflər heyətinin üzvlərindən biridir. Təşkilat Komitəsi qızların geyimini də ona həvalə edib. Modelyer deyir ki, kiçik nöqsanlar olsa da, qızlar onu qane edir:

«Düşünürəm ki, bu qızların arasından yaxşı seçim etmək olar. Miss Azərbaycan seçimi üçün imkanlar var. Mən nöqsanları görə bilirəm. Ancaq seçilən 14 qız arasında gözəçarpan nöqsanlar yoxdur. Ümumi görüntü və proporsiya baxımından, mən paltarlarımdan bilirəm, demək olar ki, onlar lazımı kriteriyalara uyğundurlar».

İSLAMÇILAR ETİRAZ EDİR


Əvvəllər də gözəllik müsabiqələrinin keçirilməsi ölkədə birmənalı qarşılanmayıb. Xüsusilə dindarlar belə müsabiqələrin əleyhinə çıxırlar. Azərbaycan İslam Partiyasının şöbə müdiri Elçin Manaflı deyir ki, onlar builki müsabiqəyə də etirazlarını bildirirlər:

«Biz buna laqeyd qala bilmərik. Bu, sağlam ailələrə təsir edir. Bu iş baş tutmamalıdır. Bu, rüsvayçılıq, biabırçılıqdır. Hər şeyə əl atıblar, hər yerdən bizə zərbə vurublar. Bu da bir zərbədir».

GÖZƏLİN SORAĞI HARADAN GƏLƏCƏK?


Təşkilatçılar isə deyirlər ki, onlar müsabiqəni baş tutacağına əmindirlər.
Adətən Azərbaycanda keçirilən gözəllik müsabiqələrinin qalibləri olan qızların sorağı sonradan beynəlxalq müsabiqələrdən gəlmir. «Miss Azərbaycan – 2010» müsabiqəsinin təşkilatçıları vəd edirlər ki, bu il belə olmayacaq, qalib sonradan beynəlxalq müsabiqələrdə də ölkəni təmsil edəcək.

Şərhləri göstər

XS
SM
MD
LG