Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:41

Qərb sivilizasiyasının ən böyük tənqidçilərindən biri


İsveç - Le Klezioya Nobel mükafatı verilir. 10 dekabr 2008

İsveç - Le Klezioya Nobel mükafatı verilir. 10 dekabr 2008

NOBEL MÜKAFATÇILARINI YAXINDAN TANIYAQ

Qərb sivilizasiyasının ən böyük tənqidçilərindən biri.

Nobel mükafatlı fransız yazıçısı Jan-Mari Qustav Le Klezionu belə adlandırmaq da olar.

O özünü “bir tərəfdən hədsiz dərəcədə gözəl ixtiralar etmiş, o biri tərəfdən isə dəhşətli əməllər törətmiş Qərb sivilizasiyasının törəməsi” sayır.

Britaniyanın “Guardian” qəzetinin müxbiri onunla bu yaxınlarda Parisdə - latın məhəlləsindəki evində söhbətləşib.

Le Klezio öz həyat yoldaşı Cemia ilə birgə sonuncu mərtəbədə yaşayır.

Aprelin 13-də 70 yaşı tamam olmuş yazıçı nadir hallarda müsahibə verir.

“Guardian”ın müxbirinə etiraf edir ki,

“GÜNDƏLİK TƏDBİRLƏRDƏN QAÇIR”

“Siz məni festivallarda, təmtəraqlı məclislərdə görə bilməzsiz”.

O vaxtının çoxunu Fransada – Nitsa şəhərində keçirir. Amma Hind okeanındakı ada dövləti – Mavrikidə özünü daha çox “evindəki kimi” hiss edir.

Yazıçının ulu babaları Afrikanın cənub-şərqində yerləşən Mavrikiyə 18-ci əsrdə köçüblər.

Onlar əslən Fransanın Breton əyalətindən olublar.

Mavriki əvvəl Fransa, daha sonra isə Britaniya müstəmləkəsi olub.

Elə yazıçının əsərlərində də avropalıların başqa xalqlar, mədəniyyət nümayəndələri ilə üz-üzə gəlməsindən bəhs edilir.

Bu işdə ona öz şəcərəsinin tarixi “kömək edir”.

İndi yazdığı “Alma Mater” romanı da Le Klezionun öz ulu babaları haqqındadır.

“Onlar bir tərəfdən qul alan, o biri tərəfdənsə yüksək mədəniyyət sahibi olan yaxşı adamlar idilər. Bu elə bir ziddiyyətdir ki,

MƏN İNDİYƏCƏN ONU ÖZÜM ÜÇÜN HƏLL EDƏ BİLMƏMİŞƏM"

Le Klezionun ən məşhur əsəri olan “Səhra” 30 il əvvəl yazılsa da, 1 milyon nüsxəyə yaxın satılsa da, ingilis dilində bu ilin fevralında nəşr edilib.

Romanda 20-ci əsrin əvvəlində Afrika qəbilələrinin fransız müstəmləkəçilərinə qarşı üsyanları təsvir edilir.

Bu əsər qəsmən həyat yoldaşı Cemianın yazıçıya danışdığı hekayətlərdən qaynaqlanır. Cemia Mərakeşdə doğulub.

Onun hekayətləri yerli qəbilələrin işğalçılara qarşı müqaviməti haqqında idi.

“Səhra” əsərində tuareqlər xristian işğalçılara qarşı müqəddəs müharibə elan edirlər.

Le Klezio indi sivilizasiyalar arasında yaranan ziddiyyətlərin kökünü tarixdə axtarır:

“Tuareqlər üsyanı dinlə əlaqələndirirdilər. Qarşı cəbhədəkilər isə pula və topların gücünə inanırdılar.

Fransa öz pulemyot və gəmilərini yalnız tüfənglərlə silahlanmış insanların üstünə göndərəndə bu günkü vəziyyətin yaranması üçün zəmin hazırlayırdı.

Elə bir vəziyyət ki, insanlar müstəmləkəçilərin zülmündən azad olmaq, bu mübarizədə qəzəblərini “səfərbər etmək üçün” dindən istifadə edirlər.

Amma indiki vəziyyət həm də o dövrdəkindən fərqlidir, mütəşəkkil terrorçuluqla məşğul olan adamlar həmin qəzəbdən sui-istifadə edirlər”.

Le Klezio 1970-ci illərdə 3 il

PANAMADA HİNDİLƏR ARASINDA YAŞAYIB

O deyir ki, meşədə - Embera və Vaunana qəbilələri arasında keçirdiyi illər onun dünyagörüşünün formalaşmasında həlledici olub.

“Onlar üzlərini mavi, qara rənglərlə boyayırdılar. Amma Avropa geyimləri geyməyə məcbur idilər” – deyə Le Klezio xatırlayır.

“Bu mənim üçün bir daxili istintaq, dindirmə, öz-özümlə üzləşmə idi.

Mən 16-cı əsrdə Qərbin hindilərlə rastlaşdığı yerə yaxın idim.

Oradakı insanlar müasir dünyaya etiraz kimi öz kimliklərini, öz həqiqətlərini qoruyub saxlayırlar.

Mən bu incə qəlbli, sülhpərvər insanları anlamaq istəyirdim.

Mən onları ideallaşdırmıram. Amma onların cəmiyyəti mənim gəldiyim cəmiyyətdən çox-çox harmonikdir.

Bir avropalı kimi mən öz mədəniyyətimin dəyərindən əmin deyiləm.

Çünki bilirəm ki bu mədəniyyət nələr edib”.

Le Klezio etiraf edir ki, hindilərlə birgə yaşayışdan onu yalnız malyariya ayırıb.

“Mənim həmin xəstəliyə heç dözümüm yox idi, dava-dərmana ehtiyacım var idi”.

Yazıçı deyir ki, “hər şeyi yenidən öyrənərək” Qərb cəmiyyətinə qayıdıb.

“Amerikadakı hindi mədəniyyətini məhv etməklə fateh əslində özünün bir hissəsini məhv edib. Həmin hissəni şübhəsiz ki, daha o heç vaxt tapa bilməyəcək”.

Le Klezio Nobel mükafatına 2008-ci ildə "rəsmi sivilizasiyalar fövqündə bəşəriyyətin tədqiqatçısı olduğuna görə” layiq görülüb.

O indiyəcən 40-dan çox kitab çap etdirib: romanlar, memuarlar, uşaq ədəbiyyatı nümunələri, esselər. Bir də vaxtilə Qərb işğalına məruz qalan xalqların ədəbiyyatından tərcümələr.

“Guardian”

Günün bütün mövzuları

XS
SM
MD
LG