Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:55

Cəlal Əliyev Azər Ayxanı həbs etdirməyə yönəlmiş iddiasını geri götürdü


Akademik Cəlal Əliyev «Yeni Müsavat» qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxana qarşı iddiasını geri götürüb.

Cəlal Əliyev Azər Ayxana qarşı iddiasını xüsusi ittiham qaydasında irəli sürmüşdü.

«Media forum» saytı xəbər verir ki, akademikin iddiasını geri götürdüyünü onun vəkili Məzahir Sadıqov mayın 4-də Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə iclasında açıqlayıb.

Vəkil bildirib ki, akademik ictimaiyyətin çoxsaylı şikayətlərini nəzərə alaraq bu addımı atıb. O deyib ki, Cəlal Əliyev xüsusi ittiham qaydasında iddiasını geri götürsə də, «Yeni Müsavat»a qarşı məhkəməyə yeni iddia ilə müraciət edəcək. Vəkil akademikin yeni iddiasının əvvəlki kimi Cinayət Məcəlləsinə yox, Mülki Məcəlləyə əsaslanacağını bildirib. Akademik Mülki Məcəllənin 23-cü maddəsinə əsasən, şərəf və ləyaqətinin müdafiəsi barədə iddia qaldırıb qarşı tərəfdən 5 min manat həcmində təzminat tələb edəcək.

Azər Ayxan «Media forum» saytına açıqlamasında deyib ki, o, Cəlal Əliyevə müraciətlərin edilməsindən xəbərsizdir:

«İddianın geri götürülməsini ictimaiyyətdən müraciətlərin olması ilə, mətbuatda gedən yazılarla əlaqələndirdilər. Bizim belə bir müraciətlərin daxil olmasından qətiyyən xəbərimiz yoxdur. Yaxın ətrafımdan kimin Cəlal Əliyevə müraciət etdiyi mənə bəlli deyil. Görünür, onlar məsələyə belə forma vermək, iddianın geri götürülməsini belə əsaslandırmaq qərarına gəliblər. Hər halda, mən bu addımı müsbət qiymətləndirirəm. Bu addım Azərbaycan hakimiyyətini növbəti beynəlxalq tənqiddən və qınaqdan müəyyən mənada yayındırdı. Ölkənin ən tirajlı qəzetinin baş redaktorunun müavini barəsində xüsusi ittiham qaydasında iki məhkəmə prosesi var idi ki, onlardan biri artıq aradan qalxdı».

Cəlal Əliyevin iddiasına qəzetin 5 yanvar 2010-cu il tarixli sayında gedən məqalə səbəb olub. Məqalədə Cəlal Əliyevin «Bakı» mehmanxanasının sahibi olduğu bildirilirdi. O, bunu şərəf və ləyaqətinin təhqir olunması kimi qiymətləndirib. Cəlal Əliyev məhkəmədən redaktor müavini və məqalə müəllifinin CM-in 147 və 148-ci (böhtan və təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyirdi. Bu iddiayla müraciət etdiyi Nizami rayon Məhkəməsi iddianı təmin etməmişdi. Qərardan narazı qalan akademik fevralın 20-də Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdi.
XS
SM
MD
LG