Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:03
Nahar vaxtıydı, ac adamın iştahını daha da artıran yemək iyi otağa dolmuşdu. Amma heç də hamı yeməyə oturmamışdı, necə deyərlər, ağızlarıyla yeyirdilər, əlləriylə işləyirdilər. Elə nəzarət şöbəsinin rəisi Rübabə Məmmədova da işin nahar vaxtı da dayanmadığına işarə edib dedi ki, neyləsinlər, bu qədər yükü çeşidləyib çatdırmalıdırlar. Üstəlik, gün ərzində 35 minə yaxın məktub alırlar ki, onları da ünvanlar üzrə çeşidləməlidirlər.

Respublika Poçtdaşıma Mərkəzinin işçiləri işlərini bir dəqiqə də olsa dayandırmamağa ona görə məhkumdurlar ki, hər gün müxtəlif regionlardan, xarici ölkələrdən yüzlərlə bağlama alırlar və gün ərzində bu bağlamaları çeşidləyib, gömrükdən keçirib yiyələrinə çatdırmalıdırlar. Gömrük demişkən, AzadlıqRadiosuna Azərbaycan vətəndaşlarından dəfələrlə şikayət gəlib ki, onlara göndərilən mobil telefon və ya «netbook»lar üçün əlavə pul ödəməli olurlar. Məsələn, Sərxan yazır ki, o, internet vasitəsilə tez-tez müxtəlif mallar alır:

BİR NƏFƏR MƏNƏ DEDİ Kİ, TELEFONU GÖTÜRMƏYİN XƏRCİ VAR

- Həmişə də poçtalyon bağlamanı gətirib evə təhvil verib. Ancaq bu yaxınlarda ABS-dan dostumun mənə göndərdiyi telefonu almamışdım, poçtla əlaqə saxlayıb bunun səbəbini öyrəndim. Dedilər ki, gömrük işçiləri malı saxlayıb. Poçta getdim, məni gömrük işçilərinin yanına göndərdilər. Bir nəfər mənə dedi ki, telefonu götürməyin xərci var, bizi razı sal, malını verək. Dedim, şikayət eləyəcəm, dedilər, hara istəyirsən, şikayət elə. 15 manat verdim, bağlamanı götürəndə isə gördüm ki, açılıb.

ƏGƏR GÖZƏ ŞÜBHƏLİ BİR ŞEY DƏYSƏ…

Gömrük işçiləri danışmaq istəməsələr də, Poçtdaşıma Mərkəzinin çeşidləmə sexinin rəisi Əhliman Atakişiyev dedi ki, onlara gələn hər bir bağlama yoxlama cihazından keçirilir, əgər gözə şübhəli bir şey dəysə, onda bağlama onların işçilərinin iştirakıyla açılır:

Gələn hər bir bağlama yoxlama cihazından keçirilir
- Nazirlər Kabinetinin qərarı var ki, ölkəyə göndərilən bağlamadakı malın dəyəri 200 manatı keçərsə, onda gömrük rüsumu tutulmalıdır. Necə ki, xarici ölkədən maşın gətirəndə ona gömrükdən rüsum ödənilir, burda da elədir.

Əhliman Atakişiyevin sözlərinə görə, burdakı gömrük işçiləri yalnız malın dəyərini müəyyənləşdirirlər, amma rüsumu Bakı Gömrük İdarəsində məsul şəxslər tarifə uyğun təyin edirlər.

Bağlamaların açılmasıyla bağlı da şikayətlər eşidirik. Əhliman Atakişiyev deyir ki, adətən, bağlamaları açmırlar, amma əgər gömrük işçiləri nədənsə şübhələnsə, içinə baxırlar. Şübhə özünü doğrultmayanda, yenidən malı qablaşdırırlar. Bağlamanın açılmasını isə mərkəz işçilərinin iştirakıyla aktlaşdırırlar.

MÜŞTƏRİNİN HAQQI ÇATIR Kİ, O AKTIN SÜRƏTİNİ İSTƏSİN

Hüquq müdafiəçisi İradə Cavadova isə deyir ki, əgər bağlama açılıbsa, həmin səliqəylə də qablaşdırılmalıdır, çünki onu göndərənlər bunun üçün pul ödəyiblər:

- Poçtla bağlama göndərəndə xidmət üçün az pul ödənilmir. Bağlama harda açılıbsa, onu göstərən sənəd olmalıdır. Əgər akt bağlanıbsa, müştərinin haqqı çatır ki, o aktın sürətini istəsin.

Poçtdaşıma Mərkəzinin şöbə müdiri Rübabə Məmmədova isə deyir ki, onlar beynəlxalq poçt qaydalarına uyğun çalışırlar, amma gömrük işçilərinin qərarlarına qarışmırlar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən isə gün ərzində telefonlarımıza cavab verən olmadı.

Şərhləri göstər

XS
SM
MD
LG