Keçid linkləri

Təcili xəbərlər

İran Azərbaycan Tibb Universitetinin diplomlarını etibarsız sayır


«Azərbaycana son səfərimiz zamanı orada təhsil alan iranlı tələbələrin vəziyyəti və problemləri ilə yaxından tanış olduq. Azərbaycanda səhiyyə sahəsində təhsil alan tələbələrimizin vəziyyəti bizi qane etmir».

APA-nın «Mehr» agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri İranın səhiyyə nazirinin müavini Doktor Məhəmmədəli Mohəqqiqi deyib. O bildirib ki, İranın səhiyyə naziri Mərziyə Vəhid Dəstcerdi bu ilin fevralında Azərbaycana səfəri zamanı iranlı tələbələrlə görüşərək, onların vəziyyəti ilə maraqlanıb və məlum olub ki, tələbələrin kifayət qədər problemi var.

Nazir müavininin sözlərinə görə, Azərbaycanda iranlı tələbələrin təhsilinin səviyyəsi onları qane etmədiyindən Azərbaycan Tibb Universitetinin verdiyi diplomları etibarsız sayırlar:

«Ümumiyyətlə, Azərbaycanın bütün təhsil ocaqlarının adları İran Səhiyyə Nazirliyinin siyahısından silinib».

M. Mohəqqiqi bildirib ki, artıq İrandan Azərbaycana tibbin müxtəlif sahələri üzrə təhsil almağa tələbə göndərilmir, bu proses dayandırılıb.

Nazir müavini iranlı qız tələbələrin Azərbaycan universitetlərində şəkil çəkdirmək və müəyyən məsələlərdən ötrü baş örtüklərinin açılmasının tələb edilməsinə görə də nazirliyin narahatlığını ifadə edib.

M. Mohəqqiqi bu vəziyyətdən çox narahat olduqlarını, iranlı tələbələrin təhsil problemlərinin həlli üçün lazım olan tədbirləri görəcəklərini deyib:

«Xaricdə oxuyan tələbələrimizi təhsil qanununda nəzərdə tutulmuş qaydada ölkəyə gətirəcəyik».

Azərbaycan Tibb Universitetinin (ATU) tədris hissə müdiri Nəsimi Qasımov isə APA-ya bildirib ki, hazırda ATU-da iranlı tələbələr təhsil alırlar:

«Qaydaya görə, iranlı tələbələr geri qayıtdıqdan sonra imtahan verərək diplomlarını təsdiq etdirirlər. Bizdə olan qeyri-rəsmi məlumata görə, İran Ermənistana külli miqdarda fars tələbə göndərir və dərsə gedib-getməməsindən asılı olmayaraq, geri qayıtdıqdan sonra onların diplomlarını rahat tanıyır. Azərbaycana gələn iranlı tələbələrin böyük əksəriyyəti isə sonradan geri qayıtmır və Avropa ölkələrinə gedirlər. Məlumatımıza görə, Finlandiya, Almaniya və İsveçrədə onların diplomları tanınır. İrana qayıdan tələbələrin də böyük əksəriyyəti öz diplomlarını tanıtdıra bilir».

N. Qasımov deyib ki, əvvəllər Azərbaycanda tibb təhsili alan iranlı tələbələr diplomlarını tanıtmaq üçün ümumiyyətlə imtahana buraxılmırdılar:

«Lakin sonradan İranın Azərbaycandakı səfiri və səfirliyin tibb işlərini kurasiya edən müşaviri dəfələrlə universitetimizdə oldular, bundan sonra iranlı tələbələri orada imtahana buraxdılar. Tibb Universitetində təhsil alan xarici tələbələrin içərisində iranlı tələbələr daha yaxşı oxuyurlar. Son vaxtlar İranın özündə çoxlu tibb fakültə açılıb. Ola bilər, buna görə İran tərəfi belə bir açıqlama verib. Digər tərəfdən, Azərbaycan Tibb Universitetinə oxumağa gələn iranlı tələbələrin böyük əksəriyyəti azərbaycanlılardır. Onlar geri qayıtdıqdan sonra oradakı azərbaycanlıların gözünü açırlar. Buna görə də İran tərəfinin belə açıqlaması siyasi manevrdən və şantajdan başqa bir şey deyil».
XS
SM
MD
LG