Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:57

Aydın Xan "ATANIN GÖZ YAŞLARINDAKI SEVGİ" (Hekayə)


P.P.S. Bu ağsaqqalı hekayə qəhrəmanı ilə səhv salmayın. Kişi mənim atamdır və sağ-salamat özüykün yaşayır, mənə də dayaq durur...

P.P.S. Bu ağsaqqalı hekayə qəhrəmanı ilə səhv salmayın. Kişi mənim atamdır və sağ-salamat özüykün yaşayır, mənə də dayaq durur...

Cib telefonunun qəfil musiqili səsi ani olaraq onu internetdən ayırdı: bir qədər də diksinəntəhər oldu sanki, odur deyinə-deyinə əlini ünsiyyət cihazına tərəf atdı...

- Tamam ciddi deyirəm: atan ölür, hamıya zəng açdırmışam, gəlib çıxıblar, nəsə səni işindən ayırmaq istəmədim, fikirləşdim ki, keçib gedər, həmişə olduğu kimi sağalıb özünə gələr...

Anasıydı, arvad bir ağıza kədər dolu cümlələri ilə ürəyini üzdü...

Belə xəbərlər vaxtı həmişə zarafata salıb anasının ürəyindəki kədəri dağıtmaq istəyi ilə məşhur sözlərini təkrarlamaqdan qaçdı: "Siz qocalara deməmişəm, ölən - yayda dünyasını dəyişsin, kəndə gələsi olsaq, heç olmasa yeddi gün dənizdə çimib şəhərin boğanağını canımızdan uzaqlaşdıraq..."

- Ana, uşaq iki gündür birinci sinfə gedir, onu da gətirsəm, aləm qarışacaq bir-birinə...

- Gəlini gətir, eldən ayıbdır, sonra söz-söhbətin qarşısını almaq olmaz...

Dinməzcə həyat yoldaşına paltarları toplamağı tapşırdı: "Özünə də elə geyim seç ki, qohum-qonşunun arasında başı-aşağı olmayaq!.."

Bakıdan əyalətə qədərki üç yüz kilometrlik yolu sakitcə maşın sürdü: onsuz da danışası bir kimsəsə yox idi - uşaqlar yuxulamış, arvadı da, güman, röyanın beşinci qatındaydı. Elə beləcə yaxşıdır: öz içi ilə otuz səkkiz illik ömür cığırını xəyallamaqdaydı.

Atasıyla onunku heç vaxt tutmurdu: onun bu yaşa gəlib necə çatmasını nə kişi bilmişdi, nə də ki, atasının ömrünün sönməsi oğul kimi onu yandırmışdı. Düzünə qalsa, atası ona nə yad idi, nə də ürək sirdaşı...

Uzun yolu necə başa vurduğunun vərqinə varmadan ata ocağına çatan kimi kişinin uzadıldığı orta evə tərəf yeridi. Hər dəfə atası ağır naxoşlayanda şəhərdən gələn kimi onun yanında oturarar, zarafata salıb könlünü ələ alardı:

"Ata, onsuz da gedirsən, yolun uzaq - əbədi məkanadır. Orada sənə nə var-dövlət, nə də pul lazım olmayacaq. Düzünü de, pullarını harda gizlətmisən, heç olmasa bir kağıza yaz, qoy balışının altına, iş işdən keçəndən sonra tapıb ata malı kimi xərcləyim özüm üçün, ya da balacalardan ötrü..."

Kişi sanki bu zarafatın təsirindən dirçələr, bütün xəstəliyi donar, özünə gəlib ayağa qalxardı.

Əlbəttə, burada bir qədər şişirtməyə də yol verilir, həkimlərin səyi, bahalı dava-dərmanların gücünü də xatırlatmamaq, insafsızlıq olardı...

İndiki dəfə isə vəziyyət qəliz idi: Əzrayıl kişinin son nəfəsini kəsməkdəydi...

Anası onu görən kimi hönkürməyə başladı, bacıları, gəlinlər, qohum və qonşu qadınlar da tez-tələsik onun kədərini bölüşməyə çalışdılar...
Atası onu görən kimi baxışlarında bir yumşaqlıq ətrafa yayıldı: əli ilə hamının otağı tərk etməsini istədi.

Hamı çıxandan sonra kişi ölüvay səslə dilləndi:

- Gəlib özünü çatdırdın!

- Hə, ata, necəsən?

- Son anlarımdır, qonşu uşağı mənə dedi ki, barəmdə şeir yazıb İnternetdə çap etmisən...

Yaxşı ki, o şeiri çap edib özüylə gəzdirirdi...

- Elədir.

- Oxu...

- Xərci var, kişi!..

- Çərənləmə, ömrümün elə bir şeirlik zamanı qalıb...

O çantasından şeiri çıxarıb yavaşca oxumağa başladı:

- Şeiri beləcə adlandırmışam:

"Atama gizli sevgimin ətri..."

- Hm... - kişi dinmədi.

- Amma sən oradakı sözləri ürəyinə salma, poeziyada goplamalar, şişirtmələr olur...

- Oxu, tələs bir qədər...

O nə qədər istəsə də, səsindəki kədəri boğa bilmədi və gözündən yaş axa-axa oxumağa başladı:

"Poetik duyğular...

İndiyə qədər yazdıqlarımın içində məni hönkürdən yazım...

Dostum Səlim və oğlum Ayxana

Ata, atacan,
Uşaqlığımdan çoxmu uzaqdasan?!

Bu gün iş yerimin liftində
bir tanışdan sənin qoxun gəldi.
yaddaşımın uşaqlıq budaqlarını əydi,
içimdən gəldi keçdi ruhun -
ağrın, əzgin, yorğun, qocalmış...

Ata, atacan,
sən unutsan da,
mən yaddan çıxarammıram:
sənin əzazilliyini, bizi döyməyini...
Gecənin qaranlığına nur saçaraq
soyuq payıza, uzun qışa
hərarət gətirərək
biz səkkiz uşağın
üstündəki yorğanı düzəltməyini...

Ata, atacan,
İlahi, sən indiyə qədər də duymadın
mən, hər dəfə
yanağımdan öpəsən deyə,
qəsdən yorğanımı bir gecədə dəfələrlə
üstümdən atırdım qırağa...

Aman Allah, qəlbin daşdımı!
Niyə, niyə anlamırdın
Onda da, indi də sənin
tərli qoxun üçün
darıxırdım, ölürdüm...

Ata, atacan,
onda da indi də
bəhanən ola bilər ki,
səkkiz nəfərə, hələ üstəlik
ananıza - qadınıma,
öz anama, nə bilim, doğmalarıma,
sevgimi tən bölüşə bilməzdim...

Ata, atacan -
sənə heç vaxt ünvanlamamışam
bu əziz kəlmələri,
heç gözləmə də,
bundan o yana - ölümə tərəf də
söyləməyəcəyəm...
sənə olan sevgim -

qəlbimdə dərin çapıq...

Ata, atacan,
hər şeyi, bütün günahlarını
bağışlamağa hazıram:
anamın saçlarından yapışıb sürütləməyini,
bacılarımı döyməyini,
mənə şokalad alan dostunun
hədiyyəsini çölə atmağını,
qonşu kaftar qarının
yalanına görə məni incitməyini,
ac-yalavac uşaqlıq günlərimi -
itmiş yeniyetməliyimi,
dənizə getməyi qadağan etməyini ,
kino - televizoru seyr etməyi qoymamağını da...

Daha nələri, nələri - bir sözlə, KƏDƏRİ...

Zira, gecələr evə gec gəlməyini
(anam deyirdi ki, əylənməyə gedirdin:
Mamed müəllimgildə qumar oynayırdın...)
səhərlər işə tez getməyini,
uşaqlığımı zaman közünə atmağını
bağışlaya bilmərəm, keçəmmərəm...

Ata, atacan...

P.S. Dünən oğlum Ayxan
qayıtdı mənə ki, ata, atacan,
hər gün səhər tezdən getdiyin,
qaqaşım Şəpiylə mən yuxulayandan sonra
gecə qayıtdığın işin əlimə keçsə,
onu qaz sobasında yandıraram..."

Başı şeir söyləməyə elə qarışmışdı ki, atasının ağarmış simasındakı bir cüt göz yaşı son kəlmələri dilinin ucundan atasının qulağına tərəf ünvanlayanda gördü...

Kişinin qocalmış, sönükmüş yanağından damcılanan göz yaşları elektrik çırağın işığından çox qəribə parıldayırdı. Bu göz yaşlarındakı parıltı atasının oğluna olan sevgisiydi.

Son dəfə oğlunun şeirini dinləyib o dünyaya adlayan atanın donuq baxışlarında isə onun əksi parıldayırdı...

Əli ilə atasının gözlərini qapadanda sinəsini göynədən bir hönkürtüyə bayırdakı ağlaşma qarışdı...

Bakı, 21 sentyabr, 2009
artyazar.azeriblog.com

Aydın Xanın digər hekayələrini oxu

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG