Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:23
ƏVVƏLİ BURDA

- Məni məhz sizin yanınıza göndərdilər, - dedi.

Sonra isə söhbətin məcrasını dəyişmək üçün:

- Siqaret istəyirsiniz? Qonaq olun. Hətta siqaram da var, - deyə bizə ingilis siqaretləri və Havana siqarları uzatsa da, bundan imtina etdik.

Gözümü bir an belə ondan çəkmədiyimdən o, öz üzərində basqı hiss edirdi. Ona:

- Siz buraya heç də içinizdəki mərhəmət hissi gətirməyib.

Mən sizi tanıdım. Əsir alındığım gün sizi kazarmanın həyətində görmüşdüm. Onda siz də elə indiki cəlladlarımızın arasında idiniz, - dedim.

Onun iç üzünü açmaq niyyətimə baxmayaraq, bu fikirdən azca sonra daşınmağıma özüm də heyrət etdim, çünki onun kimliyi məndən ötrü artıq maraqsız olmuşdu.

Əvvəllər isə mən bir adamın yaxasından yapışırdımsa, ondan belə asan-asan qopmazdım. İndi isə heç ağız yormağa da həvəsim qalmamışdı. Çiyinlərimi ataraq, üzümü başqa yana tutdum.

Az sonra başımı qaldıranda belçikalının böyük maraqla mənə göz qoyduğunu gördüm. Onun mühafizəçiləri isə həsirin üstündə oturmuşdular.

Uzun-diraz Pedro darıxdığından heç bilmirdi canını hara qoysun, o biri əsgər isə elə hey başını yelləyirdi ki, yuxulamasın.

Qəflətən Pedro:

- Lampa gətirim? - deyə xəbər aldı.

Belçikalı cavabında başını tərpətdi və fikrimdən keçdi ki, deyəsən bunun mədəniyyəti bir bostan müqəvvasınınkından heç də artıq deyilmiş. Amma hər halda zalım adama da bənzəmirdi.

Həkimin soyuq, mavi gözlərinə diqqət yetirəndən sonra qət etdim ki, o, mənlik sahibi olmadığı üçün bu dərəcədə alçalmağa razılaşıb. Pedro eşiyə çıxdı, az sonra gətirdiyi nöyüt lampasını skamyanın bir qırağına qoydu.

Lampa sayəsində ətraf güclə işıqlanırdı, amma hər halda kor qaranlıqla müqayisədə buna da şükür etməliydik.

Ona qədər isə biz sanki zülmətin dibində oturmuşduq. Mən uzun müddət gözümü lampanın tavana saldığı işığa dikib durdum.

Tilsimlənibmiş kimi gözümü oradan ayıra bilmirdim.

Birdən bütün reallıq qeybə çəkildi. Tavandakı işıq da həmçinin. Gözümü açanda ağır və çəkilməz bir yük altında qalıbmış kimi diksindim. Yox, bu nə qorxu hissi idi, nə də ölüm qayğısı.

Buna hər hansı bir ad vermək mümkün deyildi. Yanaqlarım alışıb yanırdı, ağrıdan az qalırdı başım çatlasın.

Ağrı-sızıdan qıvrılaraq, yoldaşlarıma nəzər saldım. Tom üzünü əlləri arasına aldığından onun yalnız ağ, piy basmış peysəri gözə dəyirdi.

Balaca Xuanın vəziyyəti isə lap xarablaşmışdı: ağzı yarıaçıq qalmışdı, burnunun pərələri aramla qalxıb-enirdi.

Belçikalı yanaşıb, əlini oğlanın çiyninə qoydu: görünür, bu yolla o, ona ürək-dirək vermək istəyirdi, amma gözlərindən əvvəlki soyuqluq heç də çəkilməmişdi. Həkim üsulluca əlini uzadıb, oğlanın əlindən tutdu.

Xuan tərpənmirdi. Belçikalı üç barmağını onun biləyinin üzərinə qoymuşdu.

Bu ara soyuqqanlı üzünü bir azca da irəli əydi ki, arxasını tam mənə dönsün. Qəddimi bir az da qabağa əyincə, onun, saatına baxaraq oğlanın bilək nəbzini saydığını gördüm.

Oğlandan aralandığında Xuanın biləyi halsız şəkildə aşağı düşdü. Belçikalı gəlib divara söykəndi, sonra nə isə vacib bir şey xatırlayıbmış kimi bloknotunu çıxarıb, oraya nə isə yazdı.

Mən çılğınlıq içərisində düşündüm: "Əclaf! Həddin var, bir mənim də nəbzimi yoxla, onda görərsən ki, adamın başını necə əzirlər". Amma o mənə yaxınlaşmadı.

Başımı yuxarı qaldıranda mənə göz qoyduğunu gördüm.

Düz həkimin gözlərinin içinə baxdım. O, kübar bir tərzdə soruşdu:

- Necə bilirsiniz, zirzəmi çox da soyuq deyil ki?

Görünür, soyuq öz canına işləmişdi, çünki bu, onun göyərmiş sir-sifətindən bəlli olurdu.

- Yox, mən üşümürəm, - dedim.

Amma bu cavabdan sonra da o, öz sərt baxışlarını məndən çəkmədi.

Birdən hər şey mənə əyan oldu.

Əlimi üzümə çəkdim: üzümü tər bürümüşdü. Qışın oğlan çağında, bu bumbuz, yel vurub yengələr oynayan zirzəmidə məni tər yuyub aparırdı. Əlimi saçlarımda gəzdirdim: onlar da curumbul su idi. Tərdən kürəyimə yapışan köynəyimi sıxsaydın, yəqin ki, su tökülərdi.

Bir saatdan bəri məndən sel kimi tər getsə də, bunu heç hiss eləmirmişəm.

Bu sarı donuz isə bayaqdan bütün bunların fərqində imiş. Yəqin o, yanaqlarımdan axan təri süzərək düşünürmüş ki, bütün bunlar qorxunun və bəlkə də patoloji qorxunun nişanəsidir.

Özünü normal adam saydığı üçün və buradakı soyuğu normal adamlar kimi hiss etdiyindən o, bəlkə də qürrələnirmiş. Yaxınlaşıb, ona bir-iki çəkmək keçdi ürəyimdən.

Amma yerimdən dikəlmək üçün elə ilk cəhdimdə utanc və qəzəb hissi məni tərk etdiyindən laqeydləşərək təzədən skamyaya çökməli oldum.

Yenidən dəsmal çıxarıb, boyun-boğazımın tərini silməkdən başqa əlimdən bir şey gəlmədi.

Saçlarımın uclarından necə tər süzüldüyünü açıq-aşkar hiss etdiyim üçün artıq canım sıxılırdı.

Bir qədər sonra tərimi silməyə ara verməli oldum, çünki dəsmal yamyaş olsa da, tər kəsilmək bilmirdi. Altıma da su çıxdığından şalvarım skamyaya yapışmışdı. Birdən balaca Xuan dilləndi:

- Siz həkimsiniz?

- Həkiməm, - deyə belçikalı cavab verdi.

- Deyin… bu ağır və… uzun çəkir?

- Hə, bu… əgər… Yox, ani olur, - deyə belçikalı təsəlliyə keçdi. Bunu söylədiyi zaman onun üzü pullu müalicə ilə məşğul olan həkimlərinkinə məxsus bir ifadə almışdı.

- Amma eşitdiyimə görə… deyirlər ki… guya bəzən… birinci atəşlə iş bitmir.

Belçikalı başını yellədi:

- Birinci atəşlə əsas orqanlar sıradan çıxmazsa, belə olur.

- Onda tətiyi təzədən çəkib, adamı bir də nişan alırlar ki?

Bir az ara verərək, xırıltılı səslə əlavə etdi:

- Buna da müəyyən vaxt gedir?

Onu daha çox cismani əzablar rahatsız edirmiş və onun yaşında bu, təbii sayılmalıdır.

Mən isə belə şeyləri ağlımın ucundan belə keçirmirdim və bu cür qan-tərə batmağım da ağrılar qarşısındakı qorxumla bağlı deyildi. Yerimdən qalxıb, kömür yığınına tərəf getdim.

Tom bundan diksinib, qəzəblə məni süzdü: şəpşəplərim ətürpərdici səslər çıxarırdı. Öz-özümə düşündüm ki, görən mənim də üzümün rəngi onunku kimi solğundur?

Səma şairanə idi, dayandığım yerə işıq düşmürdü, başımı qaldıranda ilk öncə gözümə Böyük Ayı bürcü sataşırdı.

Amma indiki vəziyyətim əvvəlkindən bir az fərqlənirdi: əvvəllər, arxiyepiskopluq karserində saxlandığım vaxtlar mən istədiyim vaxt göy üzünün bir parçasını görə bilirdim və bu, içimdə müxtəlif xatirələr oyatmağa yetirdi.

Məsələn, sabahlar, göy üzü açıq mavi rəngdə və şəffaf olduğu vaxt Atlantik okeanın çimərlikləri yaddaşımda canlanırdı.

Günortaya doğru, günəş öz qızıl taxtına oturanda isə Sevilya barlarında zeytunla ançous (=duza qoyulmuş hamsa balığı – A.Y.) yeyib, mansanilya şərabı içdiyim vaxtlar xatirimə gəlirdi. Günortadan sonra kölgə tərəfə keçəndə isə arenanın tam yarısını örtən kölgə yadıma düşürdü, həmin vaxt arenanın digər yarısı qızmar günəş altda qovrulurdu.

O vaxtlar səmanı belə, yəni yarımçıq süzə bildiyim üçün qəlbim sıxılırdı. İndi isə səmanı tam rahatlıqla süzürdüm: bu dilsiz göylərlə bağlı yaddaşımda heç nə baş qaldırmırdı. Bu isə mənə daha çox ləzzət edirdi.

Öz yerimə qayıdıb, Tomun böyründə əyləşdim. Susurduq.

Bir müddət sonra o alçaq səslə danışmağa başladı.

Artıq sükut ondan ötrü dözülməz idi, yalnız danışmaq yoluyla o, özünün var olduğuna inana bilirdi. Üzünü başqa səmtə tutub danışsa da, mənə xitabən danışdığını təxmin etmək mümkün idi.

Çox yəqin ki, məni bu görkəmdə, yəni qan-tər içində və avazımış halda görməkdən ehtiyat edirdi: artıq biz onunla biri-birimizə bənzəməyə başlamışdıq və haradasa güzgü əvəzinə qarşıdakı sifətə göz atmağımız bəs idi.

O, üzünü aramızda yeganə canlı sayılan belçikalıya tutaraq:

- Sən bunu anlamağa qadirsən? - deyə xəbər aldı. - Mən isə yox.

Mən də alçaq səslə danışmağa başladım. Bu vaxt üzümü belçikalıya tutmuşdum.

- Nəyi deyirsən ki?

- Yəni bir az sonra başımıza gələcək hadisəni ağlımın kəsdirə bilmədiyini deyirəm. - Mən Tomdan əcayib qoxu gəldiyinin ancaq indi fərqinə vardım. Görünür, adi vaxtlara nisbətən iybilmə hissim güclənmişdi. Mən kinayə ilə:

- Eybi yox, bir azdan anlarsan.

Amma o yenə əvvəlki tərzdə sözünə davam etdi:

- Yox, bu ağlasığmazdır. Mən son nəfəsə qədər dəyanətlə dayanmağa hazıram, amma ən azından onu bilmək istərdim ki…

Belə çıxır ki, bir az sonra bizi eşiyə çıxaracaqlar. Bizimlə üzbəüz bu əclaflardan da bir dəstə düzüləcək. Sən bilən onlar neçə nəfər olacaq?

- Bilmirəm, beş də ola bilər, səkkiz də. Amma bundan çox olmazlar.

- Yaxşı. Deyək ki, səkkiz. Onlara: "Nişan al!" əmri verilincə mən üstümə səkkiz tüfəngin tuşlandığını görəcəyəm.

O zaman mən geriyə, divara doğru geri çəkilmək istəyəcək, divara söykənəyəcəm, hətta var gücümlə divara sıxılmağa cəhd edəcəyəm. Divar isə qorxulu yuxularda olduğu kimi məni geriyə itələyəcək.

Bax, bütün bunları təsəvvürümə gətirə bilirəm. İnan ki, həm də tam aydınlığı ilə!

- İnanıram, - dedim. - Bunu heç mən də səndən pis bacarmıram.

- Yəqin ki, bütün bunlar çox ağırdır.

Çünki onlar adamı eybəcərləşdirmək üçün onun ağzını və ya üzünü nişan alırlar, - deyəndə onun səsində qəzəb oxundu. - Mən indidən alacağım yaraları hiss edirəm, bir saat olar ki, boynum və başım ağrımağa başlayıb.

Həm də bu, həqiqi ağrıdan da betərdir, çünki həqiqi ağrını mən ancaq sabah səhər duyacağam. Görəsən ondan sonra nə olacaq?

Bununla onun nə demək istədiyini mən yaxşı anlayırdım, amma onun bundan agah olmasını istəmirdim.

Elə mən özüm də eyni ağrıları bütün bədənimdə hiss edir, onları yüngül yaralar və çapıqlar kimi varlığımda daşıyırdım.

Mən bu ağrılara nə öyrəşə bilirdim, nə də yoldaşım kimi onlara ciddi əhəmiyyət verirdim.

- Sonra? - deyə tərs-tərs xəbər aldım. - Sonra isə sən qurda-quşa yem olacaqsan.

Bunun ardınca o, artıq öz-özüylə danışmağa başladı, hərçənd yenə də gözünü belçikalıdan ayırmırdı.

O isə elə bil ki, əsil lal-kar idi. Onun buraya niyə gəldiyini mən yaxşı bilirdim: bizim fikirlərimiz onu heç də maraqlandırmırdı.

O buraya bizim indilik həyat eşqi qaynayan, amma ölümün ağzında bulunan bədənlərimizi tədqiq etmək üçün gəlmişdi.

- Bu eynilə qorxunc yuxuları xatırladır, - deyə Tom sözünə davam etdi. - Nə isə başqa bir şey haqda düşünmək istəyirsən, sənə elə gəlir ki, bunu bacarırsan və haradasa bir an sonra artıq nəyi isə qavramaq həddinə yetişirsən, amma bu yerdə hər şey dağılır, buxarlanır, puç olub gedir.

Öz-özümdən soruşuram: "Bəs sonrası?"

Cavab verirəm: "Sonrası olmayacaq." Amma bunun nə demək olduğunu yenə də anlaya bilmirəm.

Bəzən mənə elə gəlir ki, hardasa hər şeyi anlamışam… amma yenə də hər şey puça çıxır, təkrar ağrılar, güllələr və yaylım atəşləri haqda düşünməyə başlayıram.

Mən sənə and içə bilərəm ki, mən sözün əsil mənasında materialistəm və inan ki, ağlım hələlik başımdadır, amma yenə də bunlardan bir şey anlaya bilmirəm. Öz meyidimi gözümün qabağına gətirirəm, burada çətin elə bir şey yoxdur, hətta həmin vaxt onu görənin Mən olduğumu və bu meyidi nəzərdən keçirən gözlərin mənimkilər olduğunun da fərqindəyəm.

Özümə təlgin etmək istəyirəm ki, mən daha heç nə görməyəcək və bir də heç nə eşitməyəcəyəm, həyat isə yenə davam edəcək - əlbəttə, artıq mənsiz, başqaları üçün.

Amma belə fikirlər bizlərə yaddır. İnan ki, əvvəllər də nə isə bir şeyin intizarında mən kirpiyimlə od götürüb, sabahı dirigözlü açmışam. Amma indi, Pablo, bizi gözləyən tamamilə başqa şeydir.

O getdikcə üstümüzə çökür və buna özünü hazırlamaq heç də asan iş deyil.

- Mumla, - dedim. - Bəlkə sənin üçün keşiş-zad çağıraq? DAVAMINI OXU

Günün bütün mövzuları

XS
SM
MD
LG