Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:32
“Azərbaycandakı tarixşünaslıq başqa sahələr kimi sərbəst deyil, həddindən artıq siyasiləşib. Belə bir şəraitdə elmi fəaliyyət heç cür mümkün deyil...”

Bunu Azadlıq Radiosuna müsahibəsində Almaniyada yaşayan gənc azərbaycanlı alim Zaur Qasımov deyir.

O hazırda Almaniyanın Maynts Universitetində dərs deyir. Təxminən 6 il qabaq Almaniyaya gedib və artıq tarix doktoru elmi dərəcəsi qazanıb.

O deyir ki, Azərbaycanda tarixşünaslıqda bir senzura var, bəzi dövrləri yalnız

BƏLLİ SİYASİ ÇƏRÇİVƏLƏR DAXİLİNDƏ QİYMƏTLƏNDİRMƏK OLAR

“Azərbaycanın 20-ci əsr tarixinin bəzi mərhələlərini obyektiv araşdırmaq mümkün deyil. Məsələn, 70-80-ci illər.

Həmin dövrdə bütün Sovetlər Birliyində durqunluq hökm sürürdü və ələlxüsus Azərbaycanda durğunluq dövrü idi. Amma bizim tarxşünaslığımızda nədənsə bunu inkişaf dövrü kimi göstərirlər”.

Zaur Qasımov deyir ki, təkcə 70-80-ci illər yox, Azərbaycan tarixinin ilk müstəqillik dövrü – 1918-20-ci illər haqqında da Azərbaycanda obyektiv tədqiqat aparmaq çətindir.

“Bu məsələdə ən böyük problem Məhəmməd Əmin Rəsulzadə ilə bağlıdır. O, qərəzsiz tədqiq olunmur. Həmişə hansısa komtekstdə qiymətləndirilir.

Hətta adlar çəkiləndə Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov və başqalarının adları ondan qabaq çəkilir.

RƏSULZADƏNİN ADI YALNIZ KİMLƏRLƏSƏ BİR SIRADA ÇƏKİLİR,

onu müstəqil bir siyasətçi kimi görmürlər, yaxud görmək istəmirlər”.

Zaur Qasımov deyir ki, Azərbaycanın ikinci müstəqilliyindən təxminən 20 il keçsə də, hələ də sovet dövrünə demokratik ölkələrdə qəbul edilən münasibət formalaşmayıb.

O, Şərqi Avropa ölkələrini misal çəkir. Zaur Qasımovun özü Polşa tarixini araşdırır, Polşada sosialist respublikası dövrü tarixşünaslıqda sadəcə işğal dövrü kimi qəbul edilir.

Həmsöhbətim Azərbaycanda tarixşünaslığın ümumi səviyyəsinin ürək açan olmadığını da deyir.

O tək-tük sanballı alimləri çıxmaq şərtilə böyük əksəriyyətin dünya tarixşünaslıq elminin yeni nəzəriyyələrindən xəbərsiz olduğunu, yeni mənbələrlə tanış olmaq üçün ingilis və başqa Avropa dillərini bilmədiyini deyir.

ALMANİYADA OXUYAN AZƏRBAYCANLILAR HƏM ÇOXDUR, HƏM AZ...

- Bəzi məlumatlara görə, Almaniyada 300-dən çox azərbaycamlı tələbə təhsil alır. Bu ilk baxışda böyük rəqəm təsiri bağışlayır. Azərbaycanlı gənclər niyə görə Almaniyaya üstünlük verir?

- Əslində bu çox deyil. Bəlkə də burada təhsil alan Azərbaycan vətəndaşlarının sayı 450-yə yaxındır.

Amma müqayisə üçün deyim ki, Almaniyada oxuyan gürcü gənclərin sayı 3 minə yaxındır.

Yaxud Bolqarıstanı götürək. Onun əhalisi təxminən Azərbaycan qədərdir. Burada təhsil alan bolqar tələbələrin sayı isə 10 minə yaxındır.

Yəni Azərbaycandan gələn tələbələrin sayı bunlardan xeyli azdır. Əgər Azərbaycandakı varlı təbəqənin uşaqları əsasən Britaniyaya oxumağa gedirsə, kasıb və orta təbəqənin övladları Almaniyaya gəlir.

- Səbəb nədir?

- Çünki Almaniya hökuməti post-sovet məkanı üçün kifayət qədər təqaüd proqramları ayırır. 90-cı illərin əvvəlindən başlayaraq Almaniya Akademik Mübadilə Xidməti Bakıda Almaniyada təhsil almaq istəyən gənclər üçün proqramlar təklif edir və hər il 100-ə yaxın gənc bu proqramlarda qalib gələrək Almaniyanın müxtəlif universitetlərinə yollanır.

- Bəs alman hökumətinin keçmiş sosialist ölkələrində bu cür proqramların maliyyələşməsinə vəsait ayılrmaqda əsas məqsədi nədir?

- Bir tərəfdən Almaniya şərqi Avropada və keçmiş sovet ölkələrində demokratikləşmə və bazar iqtisadiyyatına keçid proseslərinə dəstək vermək istəyir. Digər tərəfdən burada Avropa Birliyinin öz yaxın qonşuları ilə yaxşı münasibətlər qurmaq, onları Avropaya inteqrasiya etmək istəyi var.

POLŞA VƏ AZƏRBAYCANIN TARİXLƏRİNDƏ OXŞARLIQLAR VAR

- Adətən xaricdə təhsil alan azərbaycanlı gənclər Azərbaycanla, Qafqazla bağlı temalarda araşdırma aparmağa meylli olurlar. Niyə məhz Polşa tarixini seçdiniz?

- Mən Polşanı tədqiq edərkən Azərbaycanı, Qafqazı düşünürdüm. Mənim magistr işim 80-ci illərdəki dissident hərəkatı – “Solidarnost” hərəkatı ilə bağlı idi, amma eyni zamanda Qafqazdakı dissident hərəkatlarını, Azərbaycanda Əbülfəz Elçibəyi, Gürcüstanda Zviad Qamsaxurdiyanı “Solidarnost”un rəhbərləri ilə müqayisə edirdim.

Doktorluq dissertasiyamda isə söhbət tarixin alətləşdirilməsindən gedirdi.

Və burada da Qafqaz ölkələrində bu sahədə olan vəziyyətə toxunulurdu. İndiki tədqiqatım isə Polşada keçən əsrin 20-30-cu illərində mövcud olmuş prometeizm hərəkatı ilə bağlıdır.

Bu hərəkat Qafqaz və Ukrayna ilə sıx bağlı idi. Sovet hökuməti qurulandan sonra Azərbaycan və Gürcüstandan Polşaya mühacirət edənlər olmuşdu.

O cümlədən Rəsulzadə. Rəsulzadənin polyak dilində yazdığı 20-yə yaxın məqaləsi var. Hətta 30-cu illərin sonunda onun Polşada “Azərbaycan istiqlal mücadiləsində” adında kitabı da çıxmışdı.

Prometezim hərəkatının əsas məqsədi vaxtilə zorla Rusiya İmperiyasına, daha sonra Sovetlər Birliynə daxil edilmiş xalqlara müstəqillik vermək idi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG