Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:31
Çağdaş Azərbaycan şeirinin seçilən imzalarından olan Günel Mövludun şeirlər kitabı işıq üzü görüb.

Kultaz.Com-un verdiyi xəbərə görə, kitabda müəllifin yeni şeirləri toplanıb.

Bu şeirlər Latın Amerikasının solçu qəhrəmanlarından tutmuş, Azərbaycanın ən ucqar əyalətində, çoxuşaqlı ailədə doğulan bir qızın sarsıntılarına qədər – mənəvi poeziyamızda az müraciət olunan bir çox mövzulara həsr olunub.

Bu şeirlərdə bircə həqiqət var, onun adı – İNSAN-dır.

Taleyi kiçik, adı böyük hərflərlə yazılan İNSAN!

Bu şeirlərin qəhrəmanları yazılmış taleyi yaşayanlar deyil, bununla barışmayıb, özü özünə tale yazan İNSANlardır!

Kitab “Qanun” nəşriyyatında “Ən Yeni Ədəbiyyat seriyası”nda işıq üzü görüb.

www.kultaz.com saytından həmçinin Günel Mövludun yeni şeirləri

Öküz qanı

Sabahdı, sübhdü, ertədəndi…
Yol gedirdik
Yanımdaydın, əlimdən tutmuşdun
Hər şey boş, hər şey mənasızdı
Ağrıyırdım: bir gecənin içində
İnsanlar yad
Dünya ögey
Hava soyuq
Sən qəddar olmuşdun
Ağrıyırdım…
Ağlamırdım: göyə baxırdım -
İnsanları xoşbəxt ölkələrə aparan
təyyarənin tüstüsü
upuzun, ağappaq, dümdüz bir yol cızmışdı göy üzündə…
Yola baxdım, sənə baxdım
İlk dəfə göylərdəki tüstüyə
Qoşulub gedə bilməmənin ağrısını yaşadım
Bir yandan da sən…
Amma bir tüstü ağrısının yanında
Sənin ağrın nəydi ki?

Sabahın soyuğunda
O yan-bu yana qaçan küçə itləri
Narın tüklü bədənlərini qızışdırırdılar
Yol uzunu isə
Laklı, taxta, satılıq it evcikləri düzülmüşdü
Heyvanlarını əzizləyən insanların
Ərköyün itləri üçün…
Beş addım o yanda
Varlıların yekəqarın evləri
Çoxmərtəbəli gözləri ilə
Üstən aşağı baxırdılar
Yaxınlıqdakı yoxsul komaların üzünə
Bir yandan da sən…
Amma o komaların kədərinin yanında
Sənin kədərin nəydi ki?

Yol gedirdik
Sabahdı, sübhdü, ertədəndi
Səhərin alaqaranlığında
Yüz insanı doyurmaq istəyən dörd kişi
Nəhəng bir öküzü yerə yıxıb
Başını kəsirdilər
Şırnaq-şırnaq torpağa axırdı,
torpağa hopurdu öküz qanı
Dəhşətə gəldim
İlk dəfə ağlıma cinayəti
öldürülən canlının gövdəsi ilə
ölçmək gəldi ağlıma
düşündüm ki,
bu nəhəng, qara öküzü bıçaqlayan
dörd insandan
çox-çox daha az qatildir
barmağı ilə qarışqanı basıb əzən qız
ayağının altındakı kərtənkələni tapdayan qarı
toyuğun başını üzən oğlan
öküzə baxdım, sənə baxdım
bədəninin iriliyinə baxdım
səni öldürsəm, adi insanları öldürənlərdən
daha çox qatil olardım demək
amma qorxmadım
dörd kişinin bıçaqladığı öküzün yanında
səni öldürmək nəydi ki?

Yol gedirdik
Yanımdaydın
Əlimdən tutmuşdun
Ağrıyırdım
Ağlamırdım
Ürəyim bulanırdı
Öküzün qanından
Sənin qansızlığından…

Sənin üçün Zemfiraya rimeyk

Nə olar, ölmə, yoxsa
Sənsiz dünya birtəhərdi
Bax, səni saxlamaq üçün
Şux mahnılar səfərbərdi

Səhərlər tez oyanaram
Oyanıb tək qalma deyə
Şairliyi soyunaram
Qoymur rahat sevişməyə

Ölmə, sənə söz vermişəm
Səni mən öldürüm gərək
Hələ ölmək istəmirəm:
Mən səninlə ölüm gərək

Ölmə, kəsilər nəfəsim.
Bircə an sən yoxsan deyə
Sən istə: saçımı kəsim
Qoymur rahat sevişməyə

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG