Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:34

Borxes: "Belələri üçün yazıçıdan daha çox müxbir kimi görünmək təhlükəsi var"


Russia -- Jorge Luis Borges portrait, 29oct1982, cropped
Russia -- Jorge Luis Borges portrait, 29oct1982, cropped
Mariya Ester Vaskesin Xorxe Luis Borxeslə müsahibəsi. İxtisarla tərcümə etdi: Gülər Qasımova.

20-ci əsrin ən böyük yazıçılarından olan Borxes öz yaradıcılığının əsas temalarını açır... Labirint, güzgü, təkrarlanan çevrə... Borxes onları hardan “tapıb”?

- Sənin üçün labirint mövzusu nə vaxt, harada və necə yaranıb?

- Yaxşı yadımdadır, hansısa kitabda dünyanın yeddi möcüzəsinin qravürası var idi, onlardan biri də Krit labirinti idi.

Quruluşu daha çox öküz döyüşü üçün arenanı xatırladırdı, amma kiçik oyuqlar şəklində pəncərələri də vardı .

O vaxt mən uşaq idim, fikirləşirdim ki, lupanı götürüb diqqətlə baxsam, Minotavrı görə bilərəm. Həm də, labirint çaşqınlığın aydın simvoludur, çaşqınlıq isə - buna Aristotelin təbirincə, metafizikanı yaratmış olan "heyrət" deyə bilərik – Çesterton kimi mənim üçün də ən adi hissdir,

Çesterton deyirdi: “İş günlərindən qabaq yaşanan heyrətdən başqa hər şey keçicidir”.

Bu çaşqınlığı ifadə etmək üçün – o çaşqınlıq ki, bütün həyatım boyu məni müşayiət edir və buna görə mən bəzən heç öz hərəkətlərimin mənasını da tam anlamıram - mən labirint simvolunu seçdim, daha doğrusu mənə labirint lazım oldu.

Elə bir tikili ki, insan içində azsın – məgər bu çaşqınlıq simvolu deyil? Mən bu mövzuya hər dəfə fərqli yanaşmışam, məhz buradan Minotavr obrazı və “ Asterinin evi” kimi hekayə yaranıb.

Asteri – Minotavrın adlarından biridir. Labirint mövzusu əlbəttə “ Ölüm və bussol”da, sonuncu kitablarımdakı bəzi şerlərdə də var; Tezliklə çıxacaq yeni kitabımda da Minotavr barədə şeirlər olacaq.

- Bəs güzgülər?

- Güzgülər - Hamburq üslubunda üç qapılı şkafla əlaqəlidir. Bizim evdə də bu cür şkaf vardı.

Ümumiyyətlə qırmızı ağacdan hazırlanan belə nəhəng şkaflar o vaxt bütün qədim Argentina ailələrində var idi...

Mən yatağıma girirdim, şkafın güzgülərində özümün üç əksini görürdüm və güzgülərin hər birinin mənim əksimi özü bildiyi kimi göstməsindən qorxurdum, birdən güzgülərin birində tamam başqa birisi ilə qarşılaşaram?

Bura - üzünü örtük altında gizlədən Xorasanlı Peyğəmbər haqqında oxuduğum poemanı (o, cüzamın eybəcərləşdirdiyi üzünü gizlədirdi) və Dümanın Dəmir Maskasını da əlavə et.

Başqa cür əks olunmaq və özünü qorxunc görkəmdə görmək qorxuları bir-birinə çulğaşırdı.

Digər tərəfdən güzgü əlbəttə ki, şotlandların kabus obrazı olan fetch (onun işi can alıb o biri dünyaya aparmaqdır) və hər yerdə bizi əkizimiz kimi izləyən alman Doppelgangeri ilə bağlıdır.

Bu haqda Cekil və Hayde haqda olan hekayədə və başqa hekayələrdə yazılıb.

Xülasə, mən güzgülərdən qorxurdum. Hətta mənim bu qorxu haqqında şeirim də var, orada mən Pifaqorun öz dostu haqqında işlətdiyi ikinci “mən” ifadəsini yada salıram.

Mənə həmişə elə gəlirdi ki, ikinci “mən” haqqında fikir onun ağlına güzgüdə, yaxud suda öz əksini görəndən sonra gəlib.

Uşaq vaxtı heç cür cürət edib valideynlərimə deyə bilmirdim ki, qorxuram, məni zil qaranlıq otaqda yatızdırsınlar.

Heç cür yata bilmirdim, elə hey gözlərimi açıb baxırdım ki, güzgüdə mənə oxşayan üzlər qalmaqda davam edir, yoxsa onlar əcaib şəkildə dəyişməyə başlayıblar.

Bununla yanaşı beynimdən “mən”in çoxluğu – dəyişən (tamam başqa və əvvəlki) “mən” barədə fikirlər keçirdi; bu haqda çox düşünürdüm.

Mənim hətta bu temada “Başqası” adlı hekayəm də var. O tema ki məndən qabaq onu Po və Dostoyekvski, Hofman və Stivenson inkişaf etdirmişdilər.

- Daim hərlənib eyni yerdən keçən - təkrarlanan çevrə, dünya anlayışı – bu ideya haradan yaranıb?

İtalo Kalvino və Xorxe Luis Borxes
- Bu ilk növbədə atamdan gəlir. Onda isə bu ideya məncə, XVIII əsr şotland filosofu Yumun “ Təbii din haqqında dialoqlar” əsərindən yaranmışdı.

İdeyanın mahiyyətində nə durur? Dünyanın ibarət olduğu elementlərin sayı məhdud, zaman sonsuz, hər bir an isə özündən əvvəlki anla sıx bağlı olduğundan bu kosmik prosesdə bircə anının təkrarlanması kifayətdir ki, ondan sonra gələnlər də təkrarlansın, pifaqorçuların və stoiklərin düşündüyü kimi dünya tarixi də çevrə kimi qapanıb.

Adətən bu fikri Hindistanla bağlayırlar, amma hind kosmoqoniyalarında, məsələn buddizmdə çevrələr bir-birini əvəzləyir, lakin təkrarlanmır.

Yəni insan bir həyatı dəfələrlə, yaxud sonsuz sayda yaşamır, amma hər bir çevrə ondan sonrakına təsir edir. Buna görə də başqa bir həyatda heyvan, bitki, İblis, yaxud kölgəyə çevrilmək, yenidən insan olmaq, yaxud yoxa çıxmaq mümkündür.

Nirvana – ali səadət elə budur: yenidən doğulma prosesinin çarxına düşmək və çıxmaq. Bu fikir məni həmişə narahat edib, mən dəfələrlə ona yaxın düşməyə çalışmışam.

Amma sonra buna inamım itdi. Özü də sadəcə inamım itmədi: hətta bizim bu söhbətimiz mənim “Tsikllər haqqında elm” essemdə deyildiyi kimi mininci dəfə təkrarlansa da, yenə də birinci söhbətimizdir, axı biz bundan əvvəlkiləri xatırlamırıq.

Təkrarlanma ideyasının mənası – bu haqda Rossetti öz şeirlərində çox gözəl deyib:

I have been here before; When, where or how I cannot tell. I knew the grass beyond the door, The keen sweet smell,

The sighing sound, the lights around the shore. You have been mine before...

(Bu diyar mənə tanışdır, mən burda olmuşam. Kim bilir nə vaxt? Necə? Qapı ağzındakı otlar... O xoş rayihə... Ləpələrin nəfəsi... O mayak... Sən də əvvəllər mənim olmusan...)


- bax, təkrarlanma ideyasının mahiyyəti odur ki, keçmişin doğurduğu hiss – özündə geriyə dönməz dəyişikliyi ehtiva edir. Tutaq ki, mən bizim bu söhbətimizin artıq nə vaxtsa olmasının mümkünlüyünü qəbul edirəm və bu cür düşünürəm:

“Axı mən bu haqda Mariya Ester Vaskeslə söhbət etmişəm və bütün bunları ona elə bu Milli kitabxananın bu zalında danışmışam”.

Bu o deməkdir ki. bu, ilk dəfə deyil baş verir, və bununla çevrələr təkrarlanmır. Özündən əvvəl baş vermiş çevrəni - yenidən doğulma çevrəsini xatırlamaq tsikllər haqqındakı elmi inkar edir.

Və daha bir arqument. Əgər bizim alnımıza öz həyatımızı dəfələrlə, yaxud hətta sonsuz dəfə yaşamaq yazılıbsa, onda yaşanılanları hər dəfə daha dəqiqliklə xatırlanamaq mümkün olmalıdır, bu isə ola bilər ki, keçmişi qismən dəyişsin. Yəni bu halda da nəzəriyyə iflasa uğramış olur.

- Yaxşı, gəlin pələnglərdən danışaq.

- Mən bu barədə “ Pələng qızılı” adlı şeirimdə yazmışam. Biz zooparkın yaxınlığında yaşayırdıq.

Mən az qala hər gün orda olurdum, amma hər şeydən çox – bizonlardan başqa – məni pələnglər cəlb edirdi.

Xüsusən də benqal kral pələngi. Mən ona saatlarla baxırdım - qızılı dərisinə və zolaqlarının naxışlarına.

Mən həm də leopardlarla, yaquarlarla, panteralarla və bu fəsilədən olan digər yırtıcılarla maraqlanırdım.

O şeirdə deyilir ki, həyatımda gördüyüm ilk rəng (mən o rəngi gözlərimlə deyil, bütün hissiyyatımla görürdüm), pələng dərisinin sarı rəngi idi və indi gözüm görməsə də, bütün rənglər arasında ancaq sarı rəngi dəqiqliklə ayırd edirəm.

İş elə gətirdi ki. sarı rəng məni başlanğıcdan sona qədər müşayiət etdi.

Şeirlər kitabımı da dekorativliyə modernist ehtirasıma görə yox, məhz bu səbəbdən “Pəlıəng qızılı” adlandırdım.

Digər tərəfdən pələng güc və gözəlliyin rəmzidir.

Yadımdadır, bacım bir dəfə maraqlı ifadə işlətdi: “ Pələng sevgi üçün yaradılıb”.

Bu, Kansinos-Assensin bir misrasını xatırladır: o, qadına deyir ki, “mən pələngdən də zərif olacağam”.

Çestertonun da – Bleykin şərin mənbələrinə aid şeirindəki pələng haqda buna oxşar fikri var (niyə qoyunu yaradan Allah həm də onu yeyəcək pələngi yaradıb?); həmin şeirdə deyilir ki, “Pələng qorxunc zərifliyin simvoludur”.

Burada pələngə məxsus gözəllik və yırtıcılıq xüsusiyyətləri birləşir. Hərçənd pələnglər başqalarından artıq yırtıcı deyillər. Sadəcə tülküyə hiyləgərlik, aslana isə şahlıq əlamətlərini şamil edirlər: bütün bunlar Ezopa gedib çıxan təmsil janrının şərtiliyidir...

- Sənin üçün daha bir mühüm mövzu – Buenos Ayres.

- Bəli, amma indiki Buenos Ayres yox, mənim uşaqlığımın və sonrakı dövrlərin şəhəri. Mən 99-cu ildə doğulmuşam və mənim Buenos-Ayresim dumanlı keçmişdə - 90-cı illərdə qalıb.

Bunun iki səbəbi var. Əvvəla, necə deyərlər “əvvəllər hər şey yaxşı idi”. Digər tərəfdən isə, məncə, ədəbiyyatı çağdaş dövr çəçivəsinə salmaq düz deyil. Ən azı ənənə bizə başqa şey öyrədir.

Dəqiq deyə bilmərəm, amma mənə elə gəlir ki, Homerin öz epopeyasına başlamasına qədər Troya müharibəsindən yüzilliklər keçməli idi.

Bunun praktik tərəfi də var. Müasirlikdən yazarkən oxucunu casusluq edib sənin səhvlərini tutmağa sövq edirsən.

Amma əgər hadisələr Turderdə və ya 90-cı illər Palermosunun sahilyanı rayonlarında baş verirsə, artıq heç kəs o vaxt insanların necə yaşayıb necə danışdıqlarını xatırlaya bilməz.

Bu müəllif üçün böyük azadlıq və cəzasızlıqdır. Bersqon demişkən, “yaddaşın seçmək xüsusiyyəti” var və yaxşısı budur ki, zəhmli və çaşdırıcı kobud gerçəkliyə yox, xatirələrə əsaslanasan.

Bundan başqa bu günün qayğılarından yazanları üçün həmişə yazıçıdan daha çox müxbir kimi görünmək təhlükəsi var.

Həmçinin oxu!
Xorxe Luis Borxes "QUM KİTABI" (Hekayə)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG