Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:51

Dini nəzarətə almaq cəhdləri artır


Bu il siyahıya Türkmənistan da daxil edilib
Bu il siyahıya Türkmənistan da daxil edilib
Dini etiqad azadlığı bütün dünyada getdikcə daha çox məhdudlaşdırılır. Xüsusən də insan haqlarını pozmasıyla ad çıxaran rejimlər tərəfindən.

ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlığı Komissiyasının son hesabatında belə deyilir.

«XÜSUSİ NARAHATLIQ DOĞURAN DÖVLƏTLƏR»

2009-cu ildə bu komissiya 28 ölkədə araşdırmalar aparıb və yuxarıdakı nəticəyə gəlib.

Komisisyanın tərtib elədiyi hesabatda 13 ölkə «xüsusi narahatlıq doğuran dövlətlər» qrupuna aid edilib. Bunların 8-i ötən il də var idi: Birma, Çin, Eritreya, İran, Şimali Koreya, Səudiyyə Ərəbistanı, Sudan və Özbəkistan. Bu ilsə siyahıya İraq, Nigeriya, Pakistan, Türkmənistan və Vyetnam aid edilib.

Komissiyadan Keti Kosman deyir ki, o ölkələrdəki hər hansı dinin daşıyıcısı öz etiqadına uyğun ibadət eləməyə, fikrini bölüşməyə çətinlik çəkir, həyatı üçün risk var, bu dövlətləri sözügedən siyahıya salırlar.

DİNİ AYİNLƏRİ DƏ NƏZARƏTDƏ SAXLAMAĞA ÇALIŞIRLAR

Kosmanın sözlərinə görə, repressiv rejimlər son zamanlar hakimiyyətlərini saxlamaq üçün dini ayinləri də nəzarətdə saxlamağa çalışırlar:

«Əgər hökumətlərin əsas fikri hakimiyyətlərini necə saxlamaqdan ibarətdirsə, o zaman onlar vətəndaş cəmiyyətinin ictimai rəyə təsir imkanlarını müxtəlif yollarla məhdudlaşdırmağa çalışırlar, sonra təbii ki, medianı nəzarətə alırlar. Əgər görsələr ki, hansısa başqa əqidə çoxlu insanı bir yerə toplaya bilər, onu da məhdudlaşdırmağa çalışırlar».

Hesabat müəllifləri hesab edirlər ki, bu cür rejimlərdə ümumilikdə təkcə dinə qarşı yox, dünyadakı
Səudiyyə Ərəbistanında az qala dini ekstremizmi bərqərar etməyə çalışırlar
insan azadlığına qarşı təhlükə törədə biləcək tendensiyalar müşahidə edilir.

Məsələn, Səudiyyə Ərəbistanında hətta az qala dini ekstremizmi bərqərar etməyə çalışırlar, İranda dindən siyasi rəqibləri məhv etmək üçün istifadə cəhdləri olur. Vyetnamda insanlar birbaşa fərqli dinlərə inandıqları üçün həbs edilə bilirlər, Misirdə bəzi cərəyanlar qadağan edilib, Pakistanda fərqli dini inanclara sahib olmaq həyat üçün təhlükəlidir və s.

Əvəzində isə bu cür rejimlərdə hökumət özü, müxtəlif dövlət qurumları vasitəsilə fərqli bir dini inanclar sistemini yaymağa çalışır.

Kosman deyir ki, ümumilikdə Avrasiyanın kommunizmdən qurtulan rejimlərində tez-tez dövlətin yenidən vətəndaşların dini etiqad azadlıqlarını nəzarətə götürmək cəhdləri var:

«Məncə, bu, dünyanın həmin hissəsindəki hökumətlərdə hələ də sovetlərdən qalan impulslarla darə edilmənin nəticəsidir ki, onlar insanların nə düşündüyünü, necə düşündüyünü nəzarətə almaq istəyirlər və alırlar».

RAMZAN KADIROVA QADAĞA

Məsələn, bu cür ərazilərdən danışanda hesabat müəllifləri Çeçenistanın da adını çəkirlər. Hətta 11 illik hesabatlar arasında ilk dəfə bu il ABŞ-ın Dini Etiqad Azadlığı Komissiyası konkret bir siyasi liderə qarşı sanksiya tətbiq edilməsini də istəyib.

Çeçenistanın prezidenti Ramzan Kadırovun insan haqları pozuntularına görə, ABŞ-a səfərlərinin qadağan edilməsi və hesablarının dondurulmasını istəyib.

Ramzan Kadırov Yaroslavl məscidində namaz qılır, 16 may 2007
Amma iş ondadır ki, bu komissiyanın tövsiyələrinə nə ötən il Obama administrasiyası, nə də ondan öncə Buşun prezidentliyi dövründə elə də çox önəm verilməyib.

QƏRİBƏSİ BUDUR Kİ…

Dini etiqad azadlığından danışanda, ABŞ Dövlət Departmenti özünün insan haqlarıyla bağlı hesabatlarına üstünlük verir. Məsələn, Dövlət Departamentinin İnsan haqları hesabatında Azərbaycanda 2009-cu ildə dini etiqad azadlığının martın 18-də keçirilən referendumdan sonra daha da məhdudlaşdırıldığı bildirilib. Departament dinin təbliğinin nəzarətə alınmasıyla balı düzəlişə və mayın 8-də «Dini etiqad azadlığı haqqında» qanuna dəyişikliklərə diqqət çəkirdi.

Sənəddə bildirilirdi ki, hesabat dövründə «Məscidlər bağlanıb, Yevangelist protestant dini qruplarına qarşı reydlər keçirilib. İslam və qeyri-ənənəvi xristian dini icmalarının yüksək vəzifəli və yerli məmurlar tərəfindən təqib və həbs edilməsi haqda məlumatlar var».

Qəribəsi budur ki, Dövlət Departamentinin hesabatında Azərbaycanda dini etiqad azadlığı durumundan söz açılsa da, ABŞ-ın Dini Etiqad Azadlığı Komissiyasının son hesabatında Azərbaycan haqda araşdırma aparılmayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG