Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:07

«Freedom House»: 2009-cu il mətbuat azadlığının geriləmə ili olub


Ötən il mətbuat azadlığının geriləmə ili olub. Bu azadlığı daha çox pozanlar isə Türkmənistan, Özbəkistan, Belarus və İrandır.

Dünyada azadlıqların vəziyyətini öyrənən Vaşinqtondakı «Freedom House» təşkilatının ən son açıqladığı hesabatında belə qeyd olunur. Təşkilat hər il 196 ölkənin çap, radio və internet azadlığını qiymətləndirən hesabatlar verir.

«Freedom House» təşkilatının tədqiqat direktoru Kristofer Valker:

«Bu il dünya üzrə daha bir tənəzzül qeyd etmişik. Arıdıcıl olaraq 8-ci ildir ki, itkilər nailiyyətlərdən daha çox olur».

«Freedom House» hər bir ölkənin hüquqi, siyasi və iqtisadi faktorlarını, mətbuat azadlığı sahəsindəki vəziyyəti, hökumətlərin mətbuata təzyiqini qiymətləndirir. Araşdırmaya görə dünyanın ancaq hər altı nəfərindən biri mətbuatı azad olan ölkədə yaşayır. Bu isə ötən illə müqayisədə geriləmənin olduğunu göstərir.

Bunun səbəbi isə birdir - Afrikadan Mərkəzi Asiyaya qədər hökumətlərin mətbuata nəzarəti artıb.

1982-ci ildən mətbuatı «Azad olmayan»lar sırasında duran İran son 30 ilin ən aşağı göstəricisini alıb. O, 10 ən repressiv ölkədən biri hesab olunur. İranda 2009-cu ilin iyun ayında keçirilən prezident seçkilərindən sonra onlarla jurnalist, redaktor, fotoqraf və bloqqer həbs olunub, bəziləri ölüm cəzasına məhkum ediliblər. Digər tərəfdən İran hökuməti həm də kabel yayımını dayandırıb, internet və mobil telefon kommunikasiyasını məhdudlaşdırıb.

Rusiya isə keçmiş Sovet ölkələrində mətbuat üçün təhlükəli ölkələrdən biri sayılır. Rusiya hökuməti demək olar ki, bütün KİV-nə nəzarət edir. Bu ölkənin mətbuat azadlığı indeksi ötən illə müqayisədə pisləşib. «Freedom House» 7-ci ildir ardıcıl olaraq Rusiyanı «azad olmayan»lar siyahısına salır.

Mətbuatı «Azad» hesab olunan Estoniya, Litva və Latviyadan və «qismən azad olan» Ukrayna və Gürcüstanda başqa keçmiş Sovet ittifaqı ölkələrinin hamısı, o cümlədən Azərbaycan «azad olmayanlar» sırasındadırlar. Bu ölkələrdə müstəqil mətbuat «ya mövcud deyil, ya da güclə fəaliyyət göstərir».

«Freedom House»un hesabatına görə Azərbaycan ötən il də qonşularından geri qalıb. 196 ölkə arasından 79-cu yerdədir. Hərçənd Gürcüstan 59, Ermənistan 66-cı yerlərdədirlər.

«Freedom House»un tədqiqat üzrə direktoru Kristofer Volker hesab edir ki, son on illiklərdə müşahidə olunan qloballaşma bu gün keçmiş Sovet İttifaqından yan keçir.

Hesabatda qeyd olunur ki, Rusiya və qonşu dövlətlərdə jurnalistlərə qarşı hücumlar ötən il lazımınca araşdırılmayıb. Eyni hal Meksikadan Əfqanıstana qədər müşahidə olunub.

«Freedom House»a görə, günahkarların cəzasız qalması jurnalistlər arasında özünü senzuranı və onlara qarşı yeni hücum cəhdlərini artırır.

Digər bir məqam da dövlətin indernetlə mübarizəsi olub.

İnternet ənənəvi mətbuatla müqayisədə daha azad məkan olaraq qalsa da, ötən il bütün dünyada onu məhdudlaşdırmaq üçün səylər güclənib. Çin və İrandan başqa Qazaxıstan kimi ölkələrdə də online məzmuna dövlət nəzarətini artıran qanun layihələri hazırlanıb.

Ötən il dünya üzrə mətbuat azadlığı geriləsə də, Ukrayna, Ermənistan və Moldovada müəyyən irəliləyiş qeydə alınıb. İraq «azad olmayanlar» sırasında olsa da bu ölkədə jurnalistlərin ölüm halları azalıb və seçkilər «nisbətən qərəzsiz» işıqlandırılıb.

Siyahıya bu il dünyada mətbuatı ən çox azad olan Skandinaviya ölkələri başçılıq edir.
XS
SM
MD
LG