Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:37
Yazıçı bu müsahibəni 1news.az saytına verib. Müsahibə azərbaycancaya ruscadan çevrilib.

- Əkrəm müəllim, Azərbaycan ədəbiyyatının indiki vəziyyətini necə qiymətləndirirsiz?


- Ədəbiyyat mənəvi birlik şəraitində yaxşı inkişaf edir. Biz Azərbaycan yazarları isə mənəvi cəhətdən bölünmüşük. Çoxlu sayda kitablar çıxır, amma faktiki olaraq oxumağa heç nə yoxdur.

Zahirən ədəbi proses davam edir, amma vahid və ahəngdar ədəbi həyat yoxdur. Mən belə həyat üçün çox darıxmışam. Vaxtilə mövcud olmuş, amma yoxa çıxmış, sanki kosmik qara dəlikdə itmiş oxucu üçün darıxmışam

Biz öz kitab rəflərimizi təzələmişik, amma özümüz yenilənməmişik. 21-ci əsrdə yaşayırıq, ədəbiyyat dərsliklərimizdə isə keçən əsrin 30-cu, 40-cı, 50-ci illərinin ruhu hakimdir.

Belə dərsliklər şagirdə əvvəlki kimi yaddır. Şagird çoxdan irəli, başqa bir dövrə adlayıb.

Dərslik isə onu özünün sıx hörülmüş torunda saxlamaqla ləngitməyə çalışır.

Konyuktura - ədəbiyyat üçün ölümcül zəhərdir. Fərqi yoxdur: sol, sağ, yapon, yaxud müxalifət. İndi musiqini sifariş verən konyukturadır.

O bizim ürəyimizi viran qoyur, onu yaradıcı enerjidən məhrum edir.

Əgər biz doğrudan da ciddi şəkildə ədəbiyyatımızda yeniliyə nail olmaq istəyiriksə, birinci dil və ədəbiyyat dərsliklərimizin yenilənməsindən başlamalıyıq.

Çünki həmin dərsliklər dəhşətli dərəcədə həyatdan geri qalıblar və qocalıq yuxusundan əziyyət çəkirlər.

- Bəs gənc yazıçılar haqda nə fikirdəsiz?

- Onlar müxtəlifdirlər. Onlar ədəbiyyata öz ürəklərinin hökmü ilə gəliblər. Bu sahədə boşluğu görərək onu doldurmağa çalışırlar.

Cavanlar arasında yeni ədəbiyyat uğrunda istedadlı mücahidlər var. Amma onlar arasında dava-dava deyən orta səviyyəlilər də var ki, onlar üçün əsas düşmən əslində elə istedaddır.

Məni xüsusilə sevindirən – qadın yazarlarımız arasında yeni imzalardır.

Onların cəsarətinə və sərbəstliyinə sevinirəm. Uzun illər mən ədəbiyyatın praktiki həyatında iştirak etmişəm. Sıravi işçi də olmuşam, redaktor da, nəşriyyat direktoru da.

Əsas ədəbi jurnalımıza uzun illər rəhbərlik etmişəm.

Bu təcrübədən çıxış edərək deyə bilərəm ki, qadın yazarların belə nəsli bizdə heç vaxt olmayıb. Bu bizim ictimai həyatda yeni və sevindirici bir haldır.

O ki qaldı yazıçıların yeni və qocalara bölünməsinə, mən bununla heç vaxt razı olmamışam. Bizim sahədə yaşın fərqi yoxdur. Yazıçı ya var, ya da yoxdur. Bu onun yaşından asılı deyil.

Bütün ağaclar eyni şəkildə çiçəkləyir, 100 yaşlı armud ağacı da, keçən il əkilən albalı da. Yaradıcılıq da çiçək açmaq kimidir. Qəlbin və yaddaşın çiçəkləməsi insanın hər yaşında ola bilər, yaxud heş vaxt baş verməyə bilər.

Elə adamlar var ki, təbiət onlara bunu qismət etməyib. Və belə adamlar bütün yaşlarda qocadırlar.

- Azərbaycan və dünya ədəbiyyatından gəclərə özlərini təkmilləşdirmək üçün nə mütaliə etməyi məsləhət görərdiniz?

- Düzü, heç bilmirəm nə məsləhət verim. Amma özüm çox oxuyuram.

Tez-tez - əvvəllər oxuduğum əsərləri təkrar mütaliə edirəm.

Az qala hər il “Don Kixot”a qayıdıram. İstedadla yazılan hər bir əsəri ona neçə dəfə qayıtmağımızdan asılı olmayaraq yenidən oxumuş oluruq. Gənclər isə nə xoşlarına gəlir, onu da oxusunlar.

Amma gərək çox oxusunlar ki, öz yazıçılarını tapsınlar. Bu yaşımda mən də ola bilər ki, bəzi yazıçıları tanımıram. Amma mənim az qala hər bir böyük ədəbiyyatda öz yazıçılarım var.

Rus ədəbiyyatında bu, Bunin, fransız ədəbiyyatında Flober, Kamyu və Sartr, ingilis ədəbiyyatında Dikkens və Berns, alman ədəbiyyatında Henrix Böll, amerikan ədəbiyyatında Selincer, Steynbek...

İspandilli Qabriel Qarsiya Markesi isə mən demək olar ki, fiziki şəkildə - öz qohumum kimi hiss edirəm. Hərçənd ispan dilində bircə söz də bilmirəm.

- Niyə son illərdə oxucuları yeni əsərlərlə sevindirmirsiz?

- Bu heç də belə deyil. Maraqlıdır, görəsən axır 10 ildə kimsə mənim “Əylisdən Əylisəcən” əsərim səviyyəsində kitab yazıbmı? Qeyri-təvazökarlığa görə üzr istəyirəm.

Mən həmişə ədəbiyyatda kəndli kimi “yer şumlamışam” və çalışmışam ki, məhsulum yeməli olsun. İndi hər yerindən duran zahiri bər-bəzək dalınca qaçır, bu mənə həmişə yad olub.

Mən başqalarından fərqli olaraq zahiri bər-bəzək dalınca qaçmayıb dayanmaq qərarına gəldim və düşünməyə başladım.

Moskvadakı tərcüməçim Tamara Kalyakina vəfat edəndən sonra əsərlərim rus dilinə tərcümə edilməyib. Buna görə də rusdilli oxucudan xeyli uzaq düşmüşəm.

- Əkrəm Əylisli indi nəylə məşğuldur?

- Sovet dövründə çap olunmayan əsərlərimdən ibarət kitab hazırlayıram.

Bu – üç təhkiyəli qeyri-ənənəvi roman olacaq. Daha sonra “Əylisdən Əylisəcən” xatirtələrimin ikinci hissəsi üzrində işləməyə başlayacam.

Həmçinin oxu
Əkrəm Əylisli "MÖHTƏŞƏM TIXAC" (Romandan parça)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG