Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:32

Müsavatçı gənci oğurlayıblar


Tural Abbaslı Müsavatın mitinqində döyüldükdən sonra, 11 iyul 2008
Tural Abbaslı Müsavatın mitinqində döyüldükdən sonra, 11 iyul 2008
Müsavat Partiyasının fəalı Tural Abbaslını aprelin 29-da, saat 11 radələrində özünü təqdim etməyən mülki geyimli şəxslər aparıblar. Hələ ki, onun harada olması barədə məlumat yoxdur. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov AzadlıqRadiosuna deyib ki, məlumatı araşdırırlar.

Milli Təhlükəsizlik Nazirliyinin rəsmisi Arif Babayev AzadlıqRadiosuna bildirib ki, Tural Abbaslı adında heç kimi saxlamayıblar.

Hadisə Nəsimi rayon ərazisində baş verib, Nəsimi rayon Polis İdarəsindən və onun 21-ci bölməsindən isə AzadlıqRadiosuna bildiriblər ki, bölməyə belə bir vətəndaş gətirilməyib, onlarda belə məlumat da yoxdur.

TURALI SÜRÜYÜB MAŞINA SALDILAR

Tural Abbaslı saxlanılarkən onun yanında olmuş dayısı qızı Naibə Həsənova danışır ki, Müsavat fəalını mülki maşınla aparıblar:

«Tural bizə qonaq gəlmişdi, vəhşi kimi tökülüşdülər üstünə. Mülki geyimli adamlar idi. Qolundan yapışıb dedilər ki, bizimlə getməlisən. Yaxınlaşıb qanunsuz hərəkət etdiklərini bildirdikdə məni təhqir edib kənara itələdilər. Turalı da sürüyüb maşına saldılar».

BU, TAMAMİLƏ ÖZBAŞINALIQDIR

Tural Abbaslı keçən il Dövlət Neft Akademiyasında baş vermiş qətliamın ildönümü ilə əlaqədar aprelin 30-da keçirilməsi nəzərdə tutulan gənclərin etiraz aksiyasının təşkilatçısıdır. Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı hesab edir ki, Tural Abbaslını hakimiyyət rəsmiləri məhz bu aksiyaya mane olmaq üçün saxlayıb: «Bu, tamamilə özbaşınalıqdır və Azərbaycan hakimiyyətinin hətta ən lokal etirazları zərərsizləşdirmək cəhdləridir».

Novella Cəfəroğlu
Hüquq müdafiəçisi Novella Cəfəroğlu AzadlıqRadiosuna müsahibəsində deyir ki, gün ərzində hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağa çalışıblar, amma nəticə olmayıb:

MƏLUMAT ÖYRƏNDİYİMİZ ADAMLARIN TELEFONLARI BAĞLIDIR

«Həmişə zəng vurub məlumat öyrəndiyimiz adamların telefonları bağlıdır. Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Yaşar Əliyevin də. Deyirlər ki, görüşdədir. Qanunla saxlanılan adam haqqında üç saat ərzində yaxınlarına, ya da vəkilinə məlumat verilməlidir».

Tural Abbaslı ilə bağlı oxşar hadisə keçən ilin mayında da baş vermişdi. Həmin vaxt gənclər mərhum prezident Heydər Əliyevin ad günü münasibətilə keçiriləcək Gül bayramına etiraz aksiyasına hazırlaşırdılar. Onlar bildirirdilər ki, ADNA–dakı faciədən cəmi 10 gün sonra şənlik keçirmək ölənlərin ruhuna hörmətsizlikdir.

Həmin vaxt Tural Abbaslını mülki geyimlilər yox, polis saxlamışdı, aksiyadan sonra buraxmışdı.

Bir qrup gənclər təşkilatı aprelin 30-da Neft Akademiyasında baş verən qətliamın anım mərasimini keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsə də, müsbət cavab almayıblar.

Ötən il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov Neft Akademiyasının binasına daxil olub, 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb, sonradan özünə atəş açıb. Hazırda bu hadisəylə bağlı məhkəmə araşdırması gedir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG