Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:07
- Ramiz bəy xoş gördük. İşlər necədir?

- Gedir, şükürlər olsun. Aktyorun işi rol almaqdır. Son vaxtlar tamamladığımız, diqqətə layiq işlərdən biri «Cavad xan» filmi oldu. Mən orada Sisianov obrazını oynadım. Deyirlər film yaxşı alınıb. Beləliklə də mənim bəxtimə bir gecədə azərbaycanlıların sevimli generalı Həzi Aslanovdan nifrət elədikləri general Sisianova çevrilmək düşdü.

- Hər halda bu keçidi edə bilməyin özü də şərtdir.

RAMİZ KƏVVAM OĞLU NOVRUZ
  • 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində anadan olub.
  • 1978-də M.Əliyev adına ADİİ-nun dram və kino aktyorluğu fakültəsini bitirib.
  • Ədil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alıb.
  • Təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət teatrına göndərilib.
  • O, 1981-ci ildə Akademik Milli Dram Teatrının truppasına daxil olub.
  • «Romeo» üçün yaşının artıq keçdiyini bildirsə də Kral Lir, Üçüncü Riçard, İblis və digər rollar var ki, onları məmmuniyyətlə oynayardı - deyir.
  • Yazdığı pyeslərin bəziləri ölkə teatrlarında tamaşaya qoyulub. Nə vaxtsa özü də səhnədə tamaşa qoyacağına əmindir.
  • O həm də kinoda yaratdığı rollarla tamaşaçıların rəğbətini qazanıb.
  • «Nizami» filmində Dərbənd elçisi, «Sizi dünyalar qədər sevirdim»filmində general Həzi Aslanov, «Cavad xan» filmində general Sisianov və sair rollara çəkilib.
  • Azərbaycan dövlət televiziyasında «Mən azərbaycanlıyam» verilişinin aparıcısıdır
  • 1993-cü ildə Əməkdar, 1998-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident mükafatçısıdır.
- Aktyor hər şeyə hazır olmalıdır.

- Demək olarmı ki, bir aktyor kimi daha çox şey edə bilərdiniz, amma mühit imkan vermədi?

BİZDƏ 2 İL ÇƏKİLMƏDİN ARTIQ UNUDULURSAN

- Eləyərdim, amma imkanım daxilində əlbəttə ki. Mən bir ara seriallara çəkildim. Baxmayaraq ki, kino lentinə çəkilməyən filmləri film saymıram. Özümün iştirak etdiklərimə gəlincə, bilirəm ki, onlara çəkilməməli idim. Hər halda obyektiv və subyektiv səbəbləri olmamış deyil. Bizdə nəinki Hollivud, heç Rusiya da deyil ki, oturub ssenarini seçəsən, hansına razılaşım deyə. Bizdə 2 il çəkilmədin artıq unudulursan. Digər tərəfdən gənclik dövrü keçir, artıq ailən olur və övlada deyə bilmirsən ki, sən otur gözlə, atan böyük sənətlə məşğul olacaq.

- Hər halda təklifi dəyərləndirməyin özü də peşəkarlıqdır.

ƏN AZ PUL ÖDƏNİLƏN PEŞƏDİR

- Əlbəttə. Bilmirəm nə qədər düzdür, amma eşitdiyimə görə Ömər Şərif təkcə ssenarini oxumağa 2-3 milyon pul istəyir (Ömər Şərif - əslən Misirdən olan tanınmış Amerika aktyoru - İ.R.). Halbuki, hələ bilinmir razı olacaq çəkilməyə ya yox. Amma aktyor razılıq verəndən sonra kino ilə məşğul olan adam aktyorların pulunu kəsməyi özünə borc sayır. Təəssüf ki, bizdə bu ən az pul ödənilən peşələrdən biridir. Tək bizim rejissorların psixologiyasında belə qalıb ki, əşşi aktyorun minnəti olsun ki, mən onu çəkirəm. Amma vaxt var idi, rejissor həqiqətən seçim edirdi. Məsələn, mən Həzi Aslanov roluna təxminən 19 nəfərin arasından seçilmişəm. Kim idim ki, Sumqayıt teatrından təzəcə gəlmişdim, heç kim də tanımırdı. Amma rejissor dirəndi ki, bu olmalıdır.

- Bəxtinizdən razı qalmaq olar də onda?

ALLAH HƏR 10 İLDƏN BİR ELƏ BİL BİR HƏDİYYƏ GÖNDƏRİR

- Hər 5-10 ildən bir mənim taleyimdə böyük bir hadisə baş verir. Məsələn, institutu bitirəndə ən böyük arzum Akademik Teatra işə düzəlmək idi. Getdim Sumqayıt teatrına, general Şıxlinskini oynadım, Bakıda Hökumə Qurbanova, Həsən Turabov, Məlik Dadaşov kimi böyük aktyorların diqqətini cəlb elədim. Mənimlə maraqlandılar və mən də bu maraqlanmadan istifadə etdim. Bir az keçdi, 28 yaşımda «Sizi dünyalar qədər sevirdim» filmi düşdü, Həzi Aslanov roluna çəkildim. Sonra Yavər Rzayevlə «Sarı gəlin» filmində işlədim. Çox maraqlı filmdir, təəssüf ki, çox az adam baxıb ona. Amma bir neçə kinofestivalda birinci mükafata layiq görülüb. Birmənalı qəbul olunmayan filmdi, yəqin bir az zaman keçməlidir. Deyirəm bəlkə də mən öz sənətimə vicdanla, məsuliyyətlə yanaşdığım üçündür ki, Allah hər 10 ildən bir elə bil bir hədiyyə göndərir.

- Amma bir 10 illiyə iki hədiyyə düşüb. 1990-cı illərdə həm əməkdar, həm də xalq artisti adına layiq görülmüsünüz.

- 90-cı ildən sonra çox böyük aktyorlarımız müxtəlif səbəblərdən teatrdan getdilər. Amma mən teatrda qaldım. Belə oldu ki, Heydər Əliyev hakimiyyətə qayıtdı və yenidən teatrla maraqlanmağa başladı. Gəldiyi tamaşalardan ilki də mənim də oynadığım Bəxtiyar Vahabzadənin «Hara gedir bu dünya» tamaşası oldu. Məni bəyənmişdi. Ondan sonra da «Fərhad və Şirin»ə gəldi baxdı. Mən Şahpulu oynayırdım. Tamaşadan sonra səhnəyə qalxdı, birinci mənə yaxınlaşdı. Dedi «görürsünüz, bu Şahpur təkcə öz dostuna xəyanət edir. Amma mənə nə qədər adam xəyanət edib». Ad almağım da bu səbəbdən, yəni işimə sadiqliyimdən olub.

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG