Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:11

Yol Polisi rəsmisi suallar qarşısında...


APRELİN 28-DƏ BAŞ DÖVLƏT YOL POLİSİ İDARƏSİNİN ŞÖBƏ RƏİSİ KAMRAN ƏLİYEV AZADLIQRADİOSUNUN «İŞDƏN SONRA» PROQRAMININ SUALLARINI CAVABLANDIRIB

«AZƏRBAYCANDA YOL POLİSİ RÜŞVƏT ALMIR»

Azadlıq radiosu:

- Təhlükəsizlik ayı keçirildi piyadalarla bağlı, nəticələr nədən ibarətdir, uğura nail olmaq olurmu?

Kamran Əliyev:

- Aprel ayının 15 – dən may ayının 15 – nə qədər «Diqqət piyada» şərti adı altında təhlükəsizlik aylığı keçirilir. Aylığın keçirilməsində məqsəd KİV nümayəndələrinin və ictimaiyyətin diqqətini bu problemlərə yönəltməkdir. Bilirsiniz ki, hərəkətin ən zəif iştirakçıları hesab edilən piyadalar hər il baş verən yol nəqliyyat hadisələrinin qurbanına çevrilirlər. Piyadaların vurulması ilə bağlı qəzalar Respublikada baş vermiş yol nəqliyyat hadisələrinin 40 faizini təşkil edirsə, Bakıda şəhərində belə qəzalar ümumi qəzaların 52 faizini təşkil edir. Bu aylarda yaz vaxtı, qeyd edim ki, təhlillər və analizlər nəticəsində məlum olub ki, ən çox piyadalar ilin may və noyabr aylarında piyadaların vurulması halları artır. Buna görə də profilaktik olaraq bu tədbir aprel ayının 15 – dən may ayının 15 – nə qədər keçirilir.

Azadlıq radiosu:

- Niyə yaz aylarında daha çox vurulur?

Kamran Əliyev:

- Burada havanın dəyişməsi rol oynayır. Qaranlığın tez düşməsi və yaxud da günün uzanması hamısı təsir edir, may ayında havaların qızması ilə bağlı küçələrdə, yollarda, səkilərdə piyadaların sayının artması da bu cür qəzaların baş verməsinə təsir edir.

Azadlıq radiosu:

- Piyadaları da cərimələyirsinizmi?

Kamran Əliyev:

- Bəli, piyadaları da inzibati xətalar məcəlləsinin 153 – cü maddəsinə müvafiq olaraq on manat məbləğində cərimə olunurlar.

Azadlıq radiosu:

- Mətbuatda belə bir söz oxumuşdum ki, qadınları cərimələmirlər, düzdür?

Kamran Əliyev:

- Qanunda belə bir şey ola bilməz. Qadınlara ayrı cəza tətbiq edilsin kişilərə ayrı. Yol hərəkəti iştirakçısı ümumi götürülür, qanunda kişi və ya qadın olması nəzərə alınmır.

Azadlıq radiosu:

- Bəs rəqəm var, nə qədər adam cərimələnib?

Kamran Əliyev:

- Bu ilin üç ayı ərzində 4200 – dən çox piyada inzibati məsuliyyətə cəlb edilib. Lakin aylıq başlayan gündən 12 gün ərzində 2000 –dən artıq piyada inzibati məsuliyyətə cəlb edilib.

Azadlıq radiosu:

- Belə çıxır ki, getdikcə azalır cərimələnənlərin sayı?

Kamran Əliyev:

- Mən qeyd etdim ki, üç ayda 4200 amma 12 gündə 2000 mindən çox.

Azadlıq radiosu:

- Başlandığı vaxtdan 2000 –dən çox.

Kamran Əliyev:

- Ayın 15 – dən indiyə qədər 2000 –dən çox piyada məsuliyyətə cəlb edilib.

Azadlıq radiosu:

- Bəs vəziyyət necədir cərimələnənlər azalır?

Kamran Əliyev:

- Dünən Bakı şəhərində bir dənə də olsun ölüm və ya xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınmayıb.

Azadlıq radiosu:

- Bəs cərimələnmə?

Kamran Əliyev:

- Qeyd etdim, iki mindən yuxarı.

«RADARLAR GİZLƏDİLƏ BİLƏR»

Azadlıq radiosu:

- Sualım odur ki, cərimələnənlər azalır yoxsa artır? Nəticə çıxaran və ya bu kompaniyadan faydalanan varmı?

Kamran Əliyev:

- Əlbəttə, bu kompaniyanın keçirilməsi sözsüz ki, piyadaların da yol hərəkəti qaydalarına riayət etməsinə təsir edib. Bunun təsiridir ki, son günlərdə piyadaların vurulması ilə bağlı qəzalar azalıb Bakı şəhərində. Ötən sutka ərzində Bakı şəhərində nəinki piyadaların vurulması hətta ölüm və xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi də qeydə alınmayıb.

Azadlıq radiosu:

- Xəttə dinləyici var.

Tofiq dinləyici:

- Sualım yolla əlaqədar olacaq. Bakı - Şamaxı yolu istifadəyə verilib. Çox gözəldir, alqışlayırıq. Amma bu yolla nəinki 90 – la getmək yolun əsas hərəkət istiqamətlərində kəsişən düz xətt qoyublar, yəni orada başqa nəqliyyat vasitəsini keçmək olmaz. Nişan da qoyublar yolun sağ tərəfində ki, yəni ötmək olmaz. Bu davamlı gedir Şamaxıya qədər az hissədə qırıq xətlər qoyurlar. Yüngül maşınla gedəndə qabaqda yük maşını gedir mümkün deyil keçmək. Keçən kimi də qabaqda polis durur, onlar bilirlər harada durmaq lazımdır. Düz yolda düz xətt qoyublar. Keçmək olmaz. Mənim sualım odur ki, radarlar gizli yerlərə qoyurlar. Elə yerlərə qoyurlar ki, sürücülər onu görmürlər, bilərəkdən təpədə ağacın dalına qoyurlar, sonra qabaqda saxlayırlar ki, filan nömrəli maşın sürət həddini aşmısınız.

Kamran Əliyev:

- Siz aşmaya aşmaya deyirlər?

Tofiq dinləyici:

- Yox aşırıq. Mən müfəttişə deyəndə ki, aşmışam, cəriməni ödəmirəm ünvanıma göndərərsiniz? Məndə tutaq ki dövlət maşınıdır, yaxud səfirliyin maşınıdır. Onlar məcbur edirlər ki, mütləq sənədi yazmalıyam. Sürət məhdudiyyətlərini təzə istifadəyə verilmiş yolda 70-dən yuxarı qoymurlar. O yol istifadəyə verilib, olmaz ki sürət həddini qoysunlar 90 ki, camaat rahat sürsün?

Kamran Əliyev:

- Bilirsiniz, sizin birinci sualın cavabından başlayım. Bakı – Şamaxı yolu aşırımlı ərazilərdən keçən yoldur. Orada yol patrul xidməti inspektorları müəyyən yerlərdə dayanıb avtomobilləri saxlayırlar. 120 km uzunluğu olan yolda hər bir km – də inspektor qoyulsa ora 120 inspektor qoyulmalı idi. O ki qaldı inspektorun təhlükəli ərazilərdə dayanması, onun orda dayanmasının müəyyən qədər də olsa sürücülərin ötmə əməliyyatlarının qarşısını alırsa, yüksək sürətin qarşısını alırsa bu o deməkdir ki, qayda pozuntularının qarşısının alınması həmin yolda hərəkət edən nəqliyyat vasitələrində olan sürücülərin və onun sərnişinlərinin həyatının xilas olması deməkdir. Orada döngəli ərazilər, təhlükəli ərazilər olduğu üçün bütöv xətt də var, sözsüz ki, bu tələblərə sürücülərin hamısı istisna olmadan riayət etməlidir ki, qəzalar baş verməsin. Radarların ümumiyyətlə tətbiqindən çəkinən sürücülər intizamsız sürücülərdir ki, sürət həddi müəyyən edilibsə ondan yuxarı nəqliyyat vasitəsini idarə etmək olmaz. Bəzi sürücülər müəyyən yerlərdə, təhlükəli ərazilərdə sürət həddini aşmaqla yol nəqliyyat hadisəsi törədirlər. Qeyd edim ki, respublikada 2008 – ci ildə baş vermiş yol nəqliyyat hadisələrinin 50 faizə yaxını sürət həddini aşılması üzündən baş vermiş hadisələrdir ki onların nəticəsində xeyli insan tələf olub. Bu ilin üç ayı ərzində qeydə alınmış 517 yol nəqliyyat hadisəsindən 226 – sı sürət həddinin aşılmasından baş verib ki, ölənlərin üç ay ərzində 179 nəfər dünyasını dəyişənlərdən 98 – i sürət həddinin aşılmasına görə tələf olan sürücü və sərnişinlərdir. Sürət həddinin aşılmasının qarşısının alınması üçün dövlət yol polisinin istifadə etdiyi texniki, xüsusi ölçmə cihazlardan biri radarlardır. Radarların tipləri müxtəlif olsa da təyinatları eynidir. Ona görə də sürücüləri qorxutmamalıdır ki, bu radarlar gizlədilib ya açıq aşkar qoyulub. Məsələ burasındadır ki, intizamlı sürücü heç vaxt radarın harada olmasından çəkinmir. Çünki o müəyyən olunmuş həddən artıq nəqliyyat vasitəsini idarə etmir və qaydanı da pozmur. Qaydanı pozmağa meylli olan sürücülər radarların müəyyən yerlərdə tətbiq olmasından narazılıq edirlər.

Azadlıq radiosu:

- Yəni bilərəkdən gizli yerlərdə istifadə edirsiniz.

Kamran Əliyev:


- Həm gizli, həm aşkar şəkildə istifadə oluna bilər. Hətta patrul avtomobillərin içində də quraşdırılmış xüsusi radarlar var ki, həmin radarlar nəinki stasionar vəziyyətdə hətta nəqliyyat vasitəsi hərəkətdə olduğu zaman belə qarşıdan gələn və ya onun qarşısında gedən avtomobilin sürət həddini müəyyən edə bilər. Bir məsələni də qeyd edim ki, əgər radar sizi qeydə alıbsa ehtiyac yoxdur ki, ünvana gəlsin. Çünki bu da artıq vəsait tələb edir, müddət tələb edir. Amma siz qayda pozuntusuna görə saxlanılmısınızsa, bu xüsusi cihaz vasitəsilə qeydə alınıbsa qayda pozuntusu həmin yerdə rəsmiləşdirilməli və sənədləşdirilməlidir. Sənədləşdirildikdən sonra siz bu qayda pozuntusuna görə hansı məsuliyyət nəzərdə tutulubsa nəqliyyat vasitəsini qeydiyyatda olduğu ərazi üzrə həmin sənədlərə tərtib edilmiş materiallar həmin ərazidə icra olunur və siz həmin ərazinin dövlət yol polisi bölməsinə müraciət etməlisiniz.

«YOL POLİSİ TƏHLÜKƏSİZLİK KƏMƏRİNDƏN İSTİFADƏ ETMƏYƏ BİLƏR»

Tofiq dinləyici:

- Kamran müəllimə bir tövsiyəmiz də olardı ki, yeni istifadəyə verilmiş yollarda sürət həddini heç olmasa 90 qoysunlar.

Kamran Əliyev:

- Bizim yollarımız indi düzəlir amma Şamaxı yolu elə də enli yol deyil. Bu yaxınlarda bir nəfər də müraciət etmişdi ki, haradasa 40 – cı km –də xeyli uzun xətt var, düz xətt çəkilib mən ondan soruşanda ki, siz həmin ərazidə yaşayırsınız dedi ki, həmin əraziyə yaxın yeni qəsəbə salınıb o qəsəbənin sakiniyəm. Mən də bilirəm ki, orada bütöv xətt olan ərazidə həddən artıq yol qəzaları baş verirdi. Mən özüm də bir neçə dəfə ağır qəzaların çəkilişində iştirak etmişəm. Bununla bağlı sual verəndə dedi, həqiqətən əvvəllər orada həddən artıq qəzalar baş verirdi. Amma indi xətt çəkiləndən sonra, ötmə əməliyyatının aparılması qadağan edildikdən sonra orada yol nəqliyyat hadisəsi qeydə alınmayıb. Hansısa sürücünün həmin ərazini gec getməsimi, salamat getməsimi yaxşıdır, yoxsa tələsib yol qəzası törətmək və özünün və başqa hərəkət iştirakçılarının həyatını təhlükədə qoyması yaxşıdır? Müəyyən yerlərdə yol infrastrukturu bizə imkan verirsə, təhlükəsizliyi təmin edirsə həmin yerlərdə hərəkət sürətinə icazə verilir. Zığ şosesindən aeroport istiqamətində gedən yolda avtomagistral statusu verilib, Həmin ərazidə, beton yolda maksimum sürət 110 km/saatdır.

Azadlıq radiosu:

- Daha bir dinləyici telefon xəttindədir.

Ülfət Tanrıverdiyev:

- Bizim yol polis əməkdaşları kəmər taxmadıqları halda necə insanlardan kəmər taxmağı tələb edə bilər? Özləri axı nümunə olmalıdırlar. Mən bir dəfə də kəmər taxan polis görməmişəm.

Kamran Əliyev:

- Yol hərəkəti haqqında qanunda konkret göstərilir ki, operativ nəqliyyat vasitələrinin sürücüləri yaşayış məntəqəsində təhlükəsizlik kəmərindən istifadə etməyə bilərlər. Buna qanun yol verir.

Ülfət Tanrıverdiyev:


- Hal – hazırda bir dəfə də olsun polis görməmişəm ki, kəmər taxsın.

Kamran Əliyev:

- Mən qeyd etdim ki, operativ nəqliyyat vasitələrinin sürücüləri təhlükəsizlik kəmərlərini taxmamalıdırlar.

Ülfət Tanrıverdiyev:

- Bizim yol polis əməkdaşları lüzumsuz yerə səs gücləndirici vasitələrdən istifadə edib, söyüşlə, kobud ifadələr işlətməklə insanları təhqir edirlər, insanla yuxarıdan aşağı baxırlar.

Kamran Əliyev:

- Konkret yaxşı olardı fakt göstərəsiniz. Bizim patrul avtomobillərimizin hamısı BMV–lərdir, «Volkswagen»lərdir, yuxarıdan aşağı baxmaları üçün yəqin yanlarından keçən avtomobillər onlardan da aşağı olmalıdır.

Ülfət Tanrıverdiyev:

- Hərfi mənada başa düşməyin. Sür eşşək burada maşın saxlamazlar, bunu polislər deyiblər.

Kamran Əliyev:

- Mən bunu birinci dəfədir eşidirəm. Hələ bizə elə ifadə ilə müraciət edən olmayıb ki, kimsə belə ifadə işlətsin.

Ülfət Tanrıverdiyev:

- Mən eşitmişəm və o sözə görə həmin polislərlə dalaşmışam.

Kamran Əliyev:

- Lazım deyildi dalaşmaq, sadəcə olaraq onların bu ifadələri ilə bağlı müraciət etməli idiniz. Ya Bakı şəhər yol polis idarəsinə ya da Daxili işlər nazirliyin.

Azadlıq radiosu:

- Belə suallar çoxdur, polisin nəzakətsiz davranışı ilə bağlı.

Kamran Əliyev:

- Ola bilər, mən demirəm ki, etik qaydalara hamı riayət edir.

Azadlıq radiosu:

- Onlara nəzarət edən varmı?

Kamran Əliyev:

- Nəzarət edən orqan var, amma onların etik qaydalara əməl etməməsi, kobud ifadələr işlətməsi ilə bağlı onların rəhbərliyinə, Dövlət yol polis idarəsinə müraciət etmək lazımdır konkret faktlarla ki, harada, günün hansı vaxtında, hansı polis əməkdaşı hansı ifadələri işlədib.

Azadlıq radiosu:

- O zaman onlar cəzalandırılırlarmı?

Kamran Əliyev:

- Bəli, intizam qaydasında onlar da intizam məsuliyyətinə cəlb edilirlər.

Azadlıq radiosu:

- Heç cəzalandırılan olubmu?

Kamran Əliyev:


- 20 nəfərdən çox belə əməkdaşlar Daxili İşlər orqanlarından xaric edilib. Elə əməkdaşlara qarşı heç kəs fərdi qaydada tədbir görməməlidir. Dinləyici deyir, mən onlarla dalaşmışam. Sizin ixtiyarınız yoxdur ki, yol polis əməkdaşı ilə dalaşasınız. Onların hərəkətindən narazılığınız varsa ya Dövlət Yol polisi rəhbərliyinə ya da ən azından yol hərəkəti haqqında qanunun 6-cı maddəsinin 6-cı bəndinə müvafiq olaraq məhkəməyə şikayət edə bilərsiniz.

«PİYADALAR İSTƏYİRLƏR Kİ, KEÇİDLƏR EVLƏRİNİN YANINDA OLSUN»

Ülfət Tanrıverdiyev:

- Bakı Sumqayıt yolu ilə gedərkən Masazır yolundan istifadə edirəm. Orada bir işarə var ki, ötmək qadağandır. O işarədən sonra bir işarə də qoyublar ki, bir km –dən sonra ötmə əməliyyatı qadağandır, lakin yerdə qırıq xətt var, ötmə əməliyyatı qadağanının bitməsi də bilinmir. Məni yol polis əməkdaşı saxlayır deyir ki, ötmək qadağandır işarəsini pozmusan. Mən ona sübut etməyə çalışdım ki, bir km –dən sonra işarənin bitməsi qeyd olunmayıb, yerdə xətlər də qırıq – qırıqdır.

Kamran Əliyev:

- Əgər nişanın altında xüsusi lövhə varsa və onun təsiri bir km-dirsə, bir km gedəndən sonra sizi heç kim inzibati məsuliyyətə cəlb edə bilməz. Əgər cəlb olunmusunuzsa qayda pozuntusunun qeydə alındığı yeri göstərməklə müraciət edə bilərsiniz ki, araşdıraq.

Azadlıq radiosu:


- Fuad Əliyev yazır, bəzi rayonlara gedilən yolda 60 km sürməlisən. Sizcə bu gülünc deyil? Uzun, boş yol və 60 km sürət.

Kamran Əliyev:

- Orada gülünc olan nə var?

Azadlıq radiosu:

- 60 km az sürətdir, yəqin onu nəzərdə tutur dinləyicimiz.

Kamran Əliyev:

- Ola bilər həmin vətəndaş üçün az görünsün. Amma təhlükəsizlik baxımından 60 normal sürətdir və yaşayış məntəqələrində hərəkət sürəti 60 –dır. Qeyd edim ki, bir çox Avropa ölkələrində yaşayış məntəqələrində sürət hətta 50 km/saat göstərilib. Adi bir məsəl deyim, Türkiyədə Qaradəniz sahili ilə rayonlararası gedilən yolda, yəni avtomagistral statusuna malik olan yoldur, bütün təhlükəsizlik tədbirləri də görülüb, lakin həmin yolda maksimum sürət 50 – dir.

Azadlıq radiosu:

- Amma söhbət burada yaşayış məntəqələrindən getmir, yəqin ki magistral yoldan gedir.

Kamran Əliyev:

- Rayonlararası yollarda sürət həddi 60 ola bilməz. Yalnız təhlükəli ərazilərdə və yaxud da yaşayış məntəqələrində. Rayonlararası yollarda sürət həddini 90 km - ə qaldırmaq olarsa, bu təhlükəsizdirsə əlbəttə həmin yollarda 90 km – lə sürməyə icazə verilir.

Dinləyici Vidadi:

- Şüvəlan qəsəbəsində yaşayırıq. Mərkəzi küçə «Almas İldırım küçəsidir» . Həmin küçədə Polis akademiyası yerləşir. Piyada keçidində fiziki qurğu qoyulub ki, avtomobillər məcburən sürəti azaltsın. Həmin küçədə iki məktəb var. Onların heç birinin qarşısında o məcburi qurğu qoyulmayıb. Yəni polislər daha çox qorunur bizdə nəinki məktəbli, kiçik uşaqlar. O küçədə bir svetofor var, qoyulub yol polisinə dönən yerdə. Amma Mərdəkanda avtovağzalın girişində əhali də sıxdır, avtomobil də çoxdur amma orada heç bir yerdə svetofor qoyulmayıb.

Kamran Əliyev:

- Həmin əraziyə baxış keçirmək lazımdır. Polis akademiyasının özü də dəmiryol keçidinin yaxınlığında yerləşir. Dəmiryol keçidinin yerləşdiyi ərazi təhlükəli sahələrdən hesab olunur. Həmin yolda süni, nahamar yolun salınması ola bilər. O ki qaldı yol kənarında yerləşən məktəblərə, ola bilməz ki, orada müvafiq yol nişanları olmasın, uşaqların keçməsini xəbərdar edən nişanlar, əgər yoxdursa bununla bağlı təhsil müəssisələrinin rəhbərləri də müraciət etsinlər, özümüz də həmin məktəblərin ərazisinə baxış keçirərik. Lazım gələrsə həmin ərazilərdə də müvafiq yol nişanları qoyula bilər. Orada orta məktəblərin qapısı yola açılmır. Gediş, gəliş qapısı birbaşa yola açılmadığına görə ola bilsin müəyyən yol nişanları yoxdur.

Dinləyici Zülfüqar:


- Mən Kamran müəllimin məhəlləsindən, Rəsulzadə qəsəbəsindən narahat edirəm. Elə sizin məhəlləyə dönəndə Novxanı tərəfdən gələndə qoşa xətlər ki var, məhəllə sakinləri öz evlərinə gedə bilmək üçün dönə bilməzlər ki, tıxacın olduğu vaxtda bir xeyli qabağa gedib, dönüb təkrar qayıdıb gəlməsinlər. Yolun kənarında dayanıb polislər, gizlin örtülü yolda, dönənləri saxlayırlar, kimdən nə alırlar buraxırlar.

Kamran Əliyev:

- Həmin ərazidə demək olar ki, xətlər qalmayıb, pozulub. Yeni xətlərin çəkilməsi zamanı müvafiq yerlərdə sola dönmək üçün nişanlama xətlərində xüsusi işarələr aparılacaq. Orada cəmi iki – üç svetofor var. O svetoforlardan dönmə əməliyyatını aparmaq müəyyən qədər digər nəqliyyat vasitələrinin hərəkətində ləngimələr aparır ki, bu da tıxacların yaranmasına səbəb olur. Nişanlanma xətləri yenilənəndə həmin ərazilərə dönmək üçün xüsusi nişanlanma nəzərə alınacaq.

Azadlıq radiosu:

- Nə vaxt?

Kamran Əliyev:

- O baxır nişanlanma xətlərinin aparılmasına.

Azadlıq radiosu:

- Onu siz aparmırsınızmı?

Kamran Əliyev:

- Onu bir çox ərazilərdə nəqliyyat nazirliyi aparır, bəzi yerlədə Dövlət Yol polisinin siqnal layihə istehsalat idarəsi tərəfindən aparılır.

Azadlıq radiosu:

- Mən bir məsələni qeyd edim. Tutaq ki, Nəqliyyat nazirliyinin tikdirdiyi körpülər olur ki, yollar çəkilir, piyada keçidləri olmur. Nəqliyyat nazirliyinin qarşısında yol çəkilib, amma orada hələ piyada keçidi qoyulmayıb. Qoyulsa da çox uzaqdadır. Adamlar sürətlə qaça – qaça yolu keçməli olurlar. Və ya Həzi Aslanov metrosunda sərhədçi kimi məşhur olan Dövlət sərhəd xidmətinin idman kompleksinin qarşısında yolu keçmək mümkün deyil.

Kamran Əliyev:

- Yeni salınan yollarda yerüstü və ya yeraltı yollar inşa olunub. Sadəcə olaraq bizim piyadalarımızın böyük əksəriyyəti istəyir ki, ancaq onun evinin yanında olsun.

Azadlıq radiosu:

- Nəqliyyat nazirliyinin özü də deyir ki, biz hələ layihəni tamamlamamışıq.

Kamran Əliyev:

- Ola bilər. Hamısını birdən etmək mümkün deyil. Nəqliyyat nazirliyindən bir qədər yuxarıda, təxminən 150 m yuxarıda yerüstü piyada keçidi var. Ondan istifadə etmək olmazmı?

«SÜRÜCÜLÜK VƏSİQƏSİNİ PULLA ALMAQ MÜMKÜN DEYİL»

Azadlıq radiosu:


- Şəhla Abusattar yazır, sürücülük vəsiqəsi deyirlər min manat olub, endirim filan olurmu?

Kamran Əliyev:

- Ona kim deyib ki, min manatdır. Sürücülük vəsiqəsini hər hansı bir marketdə satmırlar ki, qiyməti olsun. Sürücülük vəsiqəsini almaq üçün hər bir şəxs sürücülük kurslarına yazılmalıdır, sonra qeydiyyatda olduğu ərazinin qeydiyyat şöbəsində təcrübi və nəzəri imtahan verdikdən sonra sürücülük vəsiqəsinə görə 20 manat pul ödəyir, tibbi arayış təqdim edir və 15 manat da sürücülük vəsiqəsinin dəyər qiymətini ödəyir.

Azadlıq radiosu:

- Sənan yazır, sizə elə gəlmirmi ki, sürücülük vəsiqəsini 800-1000 manat verib almaqdansa, oxuyub alınsa respublika yollarında qayda pozuntularının və qəzaların sayı azalar. Xahiş edirəm, bu dəfə səmimi cavab verin

Kamran Əliyev:

- Gəlin soruşaq, bizə müraciət edən vətəndaşın sürücülük vəsiqəsi varmı, 800 manat pul verib alır?

Azadlıq radiosu:

- Siz deyirsiniz yəni mümkün deyil, sürücülük vəsiqəsini pulla almaq mümkün deyil?

Kamran Əliyev:


- Bu niyə pulla satılmalıdır.

Azadlıq radiosu:

- Məsələni belə qoyaq, pul verib sürücülük vəsiqəsi almaq mümkündürmü Azərbaycanda?

Kamran Əliyev:


- Yoxdur.

Azadlıq radiosu:

- Buna zəmanət verirsiniz?

Kamran Əliyev:

- Kimsə pul verib alıbsa gəlsin desin ki, pul verib almışam.

Azadlıq radiosu:

- Məsələ bundadır ki, rüşvətin verilməsi özü də cinayətdir. Adamlar adlarının çəkilməsini istəmirlər.

Kamran Əliyev:

- Əgər kimsə sürücülük hüququ alırsa, vəsiqəsi alırsa gedib oxumalıdır, bilməlidir, çünki bu onun özünə lazım olan məsələdir. Hamı deyə bilər ki, filan təhsil müəssisəni bitirmişəm, diplomu pulla almışam.

Azadlıq radiosu:

- Belə şikayətlər olurmu sizə ki, sürücülük vəsiqəsini pulla almışam?

Kamran Əliyev:

- Bəzən olur. Bizim internet sayta da gəlir, eyni məzmunlu suallar amma konkret faktlarla müraciət etmirlər. Deyilən şayiənin araşdırılması üçün konkret fakt lazımdır. Şayiə əsasında heç bir faktı araşdırmaq mümkün deyil.

Azadlıq radiosu:


- İndiyə qədər bu qədər danışılır, siz də Azərbaycanda olursunuz, bu məsələni araşdıran olubmu?

Kamran Əliyev:

- Bu imtahanlar verilir Dövlət Yol Polisində. İmtahan verən şəxslərin yanında. Hər bir şəxsdən ayrı – ayrılıqda imtahan götürülmür ki, deyəsiniz mən orada deyildim. Təsəvvür edin, 30 -40 adamın içində imtahan verilirsə, hamı görür ki, kim uğurlu verdi, kim uğurlu vermədi. Bu imtahanlar axı əməkdaş qəbul etmir, kompüter vasitəsilə, testlə həyata keçirilir. Kompüter özü təyin edir ki, həmin vətəndaş uğurla imtahan verdi yaxud kəsildi.

Azadlıq radiosu:

- Mən eşitdiyimə görə deyirəm, bu da şayiədir, kəsilənlər əsasən təcrübi hissədə kəsilirlər və onlardan pul tələb olunur.

Kamran Əliyev:

- Kim nəzəri imtahandan özü keçə bilirsə, öyrənib hər şeyi bilir, nəzəri cəhətdən mükəmməl öyrənib imtahandan keçirsə, sözsüz ki, o praktiki cəhətdən zəifdirsə, imtahanı keçə bilmirsə deyəcək qəsdən kəsdilər.

«YOL POLİSİ RÜŞVƏT ALMIR»

Azadlıq radiosu:

- Siz dediniz, daha çox yol qəzaları sürət yüksək olduğuna görə olur. Dünya bankının rəqəmlərinə görə 2009-cu ildə hər on min avtomobildən 10.3 qəza hadisəsi nəticəsində ölüm baş verir. Qərbi Avropada isə bu beş on dəfə azdır. Bu sürücülərə vəsiqəni dövlət vermirmi, bəs niyə onlar belə pis sürürlər?

Kamran Əliyev:

- Onu sürücülərin bilik səviyyəsi ilə götürmək lazım deyil. Bu gün Azərbaycanda sürücülər ən çox sürət həddini aşmağa görə yol qəzası baş verirsə savadsız sürücü olsa yolda 60, 70 yol nişanı varsa, sürücü bunu görürsə, lakin məsuliyyət hissi keçirmədən, o nişanın tələbini pozub yüksək sürətlə hərəkət edirsə ora xüsusi bilik, bacarıq, xüsusi istedad lazım deyil. Avropada müəyyən qədər ölümün sayının bizdən az olmasının bir fərqi var ki, onların nəqliyyat parkı yenidir. Bizdə nəqliyyat vasitələrinin təxminən 50 faizinin buraxılış ili on ildən yuxarıdır. Hətta 20 il, 30 il istehsal ili olan nəqliyyat vasitələri də istismar olunur. Amma xarici dövlətlərdə maksimum buraxılış ili əksər avtomobillərdə 8-9 il təşkil edir. Onların yol infrastrukturu tamam başqadır. Onlarda qarşı – qarşıya hərəkət çox azdır. Məntəqələr arası yolların əksəriyyəti avtomagistraldır. Ən azı qarşı hərəkət yoxdur. Nəqliyyat vasitələrinin əksəriyyəti daha təhlükəsizlik baxımından daha keyfiyyətlidir və standartlara cavab verirlər. Bizdə nəqliyyat vasitələrinin təxminən 40 faizi VAZ markalı avtomaşınlardır. Onların heç birində nə təhlükəsizlik yastıqları var, nə digər təhlükəsizlik tədbirləri görmək üçün qurğular var. Ona görə də bəzən hətta xırda toqquşmalarda belə insan xəsarəti və ya ölümlə nəticələnir. Amma müasir avtomobillərdə onu həm təhlükəsizlik kəməri saxlayır, həm də hava yastıqları, istər qarşıdan istər yandan. Bunların hamısı şərtdir. Ona görə də həmin dövlətlərdə qəzanın ağırlıq dərəcəsi bizdəki kimi olmur və nisbətən yüngül olur. Bir qəzada insan xəsarət alamdan ötüşə bilərdisə nəqliyyat vasitəsinin həddən artıq köhnəliyi, orada təhlükəsizlik tədbirlərinin olmaması artıq xəsarətlə deyil, ölümlə nəticələnə bilir.

Azadlıq radiosu:

- Biz dedik ki, əsas səbəblərdən biri sürətin artıq olmasıdır. Sürət isə sürücüdən asılıdır. Onun peşəkarlığından asılıdır.

Kamran Əliyev:


- Əksinə peşəkar sürücülər heç vaxt yüksək sürətlə idarə etmir

Azadlıq radiosu:

- Belə çıxır ki, sürəti artırırlar.

Kamran Əliyev:

- Sürəti artırmaq o demək deyil ki, o qaydaları bilmir.

Azadlıq radiosu:

- Bəlkə cəzalandırılacağından qorxmur? Mənim yadımdadır Avropada siz dediniz Avropa ölkələrindən birində dostlarımızdan biri ilə gedirdik. O dedi ki, əgər bizdə ballar artıq olsa 3-4 min dollar cərimə olacaq. Rüşvətlə qurtarmaq mümkün deyil.

Kamran Əliyev:

- Cərimələrin yüksək olması da təsir edir. Sürətə görə cərimələr üç maddə ilə tətbiq olunur. Müəyyən olunmuş hərəkət sürətinin 10 -30 km, həddində aşılmasına görə, 30 – 60, 60 – dan yuxarı aşılmasına görə bizdə maksimum sürət həddinə görə cərimə 40 – 60 manatdır. Avropada elə cərimələr var ki, sürücünün aylıq gəlirinin 90 faizi məbləğini təşkil edir. Cərimələr həddən artıq olduğuna görə onlar məsuliyyət hissini dərk edərək hərəkət sürətini artırmırlar. Onlarda avtomagistrallar həddən artıq çoxdur. Almaniyanın elə yerləri var, ümumiyyətlə sürət həddi təyin edilmir, avtomobil magistrallarda, ona görə də orada sürət artımından söhbət getmir. Bizim elə avtomagistral status verilmiş yollarımız yoxdur ki, hər yerdə yüksək sürətə icazə verək.

Azadlıq radiosu:

- Cərimələrin yüksəldilməsi başqa bir məsələ, yəni Avropa ilə Azərbaycanda yaşayış tərzi də eyni deyil. Amma yol polisi rüşvət alırmı?

Kamran Əliyev:

- Yol polisinin rüşvət alması üçün gərək konkret fakt olsun ki, biz deyək alır ya yox.

Azadlıq radiosu:

- Sizə məlumdurmu belə faktlar?

Kamran Əliyev:


- Bununla bağlı müraciətlər elə çox olmasa da olur, əsas etibarilə bizə müəyyən etik qaydalara əməl olunmaması ilə bağlı müraciət olunur. Bu məsələ də araşdırılır, təsdiqini tapanda sözsüz ki, yol patrul xidməti inspektoru da cəzalandırılır.

Azadlıq radiosu:


- Rüşvətlə bağlı cəzalandırılan olubmu?

Kamran Əliyev:

- Bununla bağlı, konkret deyə bilmərəm rüşvətə görə nə qədər əməkdaş cəzalanıb. Bununla bağlı bizdə kadrlar şöbəsindən gərək məlumat alaq.

Azadlıq radiosu:


- Amma var belə hadisə rüşvətlə bağlı.

Kamran Əliyev:

- Yox, mən konkret deyə bilmərəm cəzalandırılan əməkdaş var. Amma bilirəm ki, müraciətlər əsasında müəyyən qeyri etik normaların tələblərini pozduğuna görə intizam məsuliyyətinə cəlb olunan əməkdaşlarımız var.

«SÜRÜCÜLƏR QİSAS ALMAQ ÜÇÜN RÜŞVƏTDƏN DANIŞIRLAR»

Azadlıq radiosu:

- Dinləyici yazır, niyə Avropa ölkələrində olduğu kimi, gözdən əlillər üçün səsli svetoforlar yerləşdirilməyib. Nə vaxtsa olacaqmı?

Kamran Əliyev:

- Səsli svetoforlar var.

Azadlıq radiosu:

- Yəqin əksər hissələrdə yoxdur.

Kamran Əliyev:

- Gözdən əlil insanların daha çox hərəkət etdiyi ərazilərdə var. Fətəli Xan Xoyski küçəsinin Koroğlu Rəhimov küçəsinin kəsişməsində, akademik Həsən Əliyev küçəsinin Atatürk prospekti ilə kəsişdiyi ərazidə, Fətəli Xan Xoyski Ağa Nemətulla küçələrinin kəsişməsində səsli svetoforlar var.

Azadlıq radiosu:

- Yəqin çətindir müəyyənləşdirmək ki, gözdən əlillər daha çox harada hərəkət edirlər.

Kamran Əliyev:

- Gözdən əlillər cəmiyyətinin müraciəti ilə bağlı həmin ərazilərdə səsli svetoforlar yerləşdirilib. Bu svetoforları şəhərin bütün yerlərinə yerləşdirmək olmur. Bəzən həmin ərazidə yaşayan insanlar da səslərdən narazılıq edirlər.

Azadlıq radiosu:

- Belə plan varmı gələcəkdə səsli svetoforlar artırılsın?

Kamran Əliyev:

- Əgər müraciət olunarsa həmin ərazilərə baxış keçirilər. Zərurət olduğu halda həmin ərazilərdə svetoforların sayının artırılması nəzərdə tutulur.

Azadlıq radiosu:

- Ayaz soruşur saatda 80 km – lə hərəkət edən avtomobil qarşıda eyni istiqamətdə və eyni hərəkət yolunda gedən nəqliyyat vasitəsindən ən azı neçə metr aralı getməlidir ki, təhlükəsiz sayılsın?

Kamran Əliyev:


- O sürücünün özündən asılıdır. Ara məsafəsini sürücü özü seçməlidir, öz avtomobilinə uyğun seçməlidir. Buna konkret məsafə tətbiq olunmur. Nəqliyyat vasitəsi var ki, onun saxlanması üçün çox vaxt tələb olunur, nəqliyyat vasitəsi var ki, tormozlama məsafəsi daha az olur. Sürücü özü seçməlidir məsafəni ki, lazım gəldikdə, yəni qarşıda gedən nəqliyyat vasitəsinin qəfil tormozlaması zamanı yol nəqliyyat hadisəsi baş verməsin, yəni o toqquşmadan avtomobili yayındıra bilsin. Sürücü ara məsafəsini yalnız özü seçməlidir. Özünün hesab etdiyi təhlükəsiz məsafə qədər.

Azadlıq radiosu:


- Səxavət Soltanlı sual verir, xarici vətəndaşların idarə etdiyi avtomobillər bəzən saatda 140 km sürətlə getdiyi halda polis onu yox, həmin ərazidə saatda 60-70 km sürətlə gedən azərbaycanlı sürücünü saxlayır. Bunu necə izah edərsiniz?

Kamran Əliyev:

- Gedən avtomobildə sürücünün xarici vətəndaş olmasını kənardan necə təyin edir həmin yoldaş?

Azadlıq radiosu:

- Abu Ömər yazır, Azərbaycan Baş dövlət yol polis idarəsinin bir saylı rayonlararası imtahan qeydiyyat şöbəsində niyə görə kassa var, amma divarda dövlət rüsumları yazılmayıb. Camaatdan pul alırlar. Çek vermirlər. Niyə?

Kamran Əliyev:

- Elə şey ola bilərmi ki, əmanət kassasına pul verilsin, çek verilməsin?

Azadlıq radiosu:

- Amma hər halda dinləyici belə deyir

Kamran Əliyev:

- Deyir, amma siz elə bir əmanət kassası görmüsünüz ki, pul verilsin amma çek verilməsin. Bəs nə alınır onun əvəzinə?

Azadlıq radiosu:

- Fərid yazır, 20 yanvar körpüsünün altında beş yol kəsişir, heç bir işıqfor və ya patrul yoxdur. Hər gün orada qəza şəraiti yaranır. Bu nə vaxta qədər davam edəcək?

Kamran Əliyev:

- Orada körpü də var, körpünün altında dairə var. Ümumiyyətlə dairəvi yol ayrıcı təşkil olunmuş ərazilərdə svetoforlar tətbiq olunmur.

Azadlıq radiosu:

- Dinləyici yazır, Kamran bəy, siz Azərbaycanda yaşamırsınız deyəsən. Bu gün hər kəs 800 – 900 manat verib, sürücülük vəsiqəsi alır. Mən özüm belə almışam. Rüşvət.

«HAMISI AKTYOR OYUNUDUR»

Kamran Əliyev:


- Yaxşı olar o şəxs yazılı sürətdə müraciət etsin, araşdıraq, görək o hansı şəraitdə və necə alıb. Mən Azərbaycanda yaşayıram, məsləhət görərdim həmin adam özü də Azərbaycanda yaşasın. Bəlkə də o özünü başqa dövlətlərlə səhv salır. Mən bilmirəm bəlkə də DYP – nə müəyyən mənada ola bilsin onun sürücülük vəsiqəsi ilə bağlı, ya qayda pozmağa görə kimsə onu məsuliyyətə cəlb edib, hansısa yollarla o da qisas almağa çalışır. Ona görə də əgər elə bir fakt varsa yazılı sürətdə müraciət etsin, biz onun faktını araşdıraq.

Azadlıq radiosu:

- Dinləyici yazır, Avropada rüşvət yoxdur. Daydaya zəng vurmurlar.
Daydaya tez-tez zəng vururlar? İncidirlər dayday yol polislərini? Söhbət nədən gedir, bir video da var idi, necə sürücü yol polisini hədələyir və hətta onu yalvarmağa məcbur edir, yuxarılarda, hakimiyyətdə və ya rəsmi məmurlardan yaxınları var. Belə şikayətlər olur?

Kamran Əliyev:

- Elə roliklər ya aktyorların vasitəsilə çəkilir. Peşəkar aktyoru hamı tanıyır, ora peşəkar aktyor çıxmaz.

Azadlıq radiosu:

- Demək istəyirsiniz belə hallar yoxdur.

Kamran Əliyev:

- Yəni varsa biz də araşdırardıq. Polis əməkdaşıdırsa sözsüz ki biz onu tanıyardıq.

Azadlıq radiosu:


- Dinləyici yazır, bayaqdan qəzaların sürət həddini aşmasına görə baş verdiyini deyirsiniz. Heç araşdırmısınız ki, xaricdə sürət olan yollarda qəzalar nə qədər olur.

Kamran Əliyev:


- Onu araşdırmaq həmin dövlətin problemidir. Biz onların müəyyən praktikasından istifadə edə bilərik. Amma xaricdə baş verən qəzaların təhlili bizim funksional vəzifəmizə aid deyil.

Azadlıq radiosu:

- Zamin yazır, dünyanın heç bir ölkəsində radar gizlədilmir. Radara 100 m qalmış sürücüyə «Diqqət qabaqda radar var» bildirilir.

Kamran Əliyev:

- Elə sözləri ən çox xaricdə ömründə olmayan adamlar yazır.

Azadlıq radiosu:

- Dinləyici yazır, Azərbaycanda yol polisinə maaş verilmirmi? Əgər verilirsə onlar niyə sürücüdən çörək və çay pulu istəyirlər.

Kamran Əliyev:

- Bilirsiniz bu çörəkpulu istəmək, çay pulu istəmək mən inanmıram ki, kimsə öz mənliyinə sığışdırıb belə hərəkətə yol versin. Faktla danışmaq lazımdır. Mən niyə deyirəm, çünki sürücü əgər məsuliyyətə cəlb edilirsə sözsüz ki, o bunu özünə qarşı haqsızlıq kimi qələmə alır. Ona qarşı edilmiş haqsızlığa görə qisas almaq üçün həmin əməkdaşı yox, ümumilikdə yol polisini nişan seçir.

QATIQ QARADIR YA AĞDIR?

Azadlıq radiosu:

- Siz Bakıda işləyirsiniz, bütün ölkə üzrə necə arayış vermək olar ki, bu qədər yol polis əməkdaşının hamısı, Azərbaycanda korrupsiya reytinqi 150 – dən də yuxarıdır.

Kamran Əliyev:

- Korrupsiya reytinqi yol polisi ilə ölçülmür ki

Azadlıq radiosu:

- Bakıda əyləşərək, bu qədər yol polisinə necə zəmanət vermək olar?

Kamran Əliyev:

- Mən dedim ki rüşvətlə bağlı deyə bilmərəm belə fakt var ya yoxdur. Ola bilsin ki, belə fakt var amma mənim xəbərim yoxdur.

Azadlıq radiosu:

- Siz dediniz ki, yol polisi rüşvət almır. Belə bəyanat verdiniz.

Kamran Əliyev:

- Yol polisi rüşvət almamalıdır və almır. Mənim konkret faktım yoxdur ki, filan inspektor filankəsdən rüşvət alıb və bu fakt təsdiqini tapıb. Demirəm yox, bəlkə də haradasa bir inspektor kimdənsə rüşvət alıb, amma məndə o faktın təsdiqi yoxdur. Qanunda göstərilib ki, yol patrul xidməti inspektoru digər hərəkətlərə yol verməməlidir. Bu istər Yol hərəkəti haqqında qanunda da göstərilib, yol patrul xidməti haqqındakı təlimatda da var. Burada konkret göstərilib. Kimsə neqativ hallara yol verirsə onun özü də bu hərəkətə görə məsuliyyət daşıyır.

Azadlıq radiosu:

- Cavan imzalı dinləyici yazır, 102 nömrəsi super işləyir, səmimi deyirəm.
Abu Ömər yazır, Azərbaycan baş dövlət polis idarəsinin bir saylı imtahan qeydiyyat şöbəsində Mürşüd müəllim mülki formada pul alıb, iş görür içəridə. Belə də özbaşınalıq olar. Texpasportun dəyişdirilməsinə 120 manat alırlar.

Kamran Əliyev:


- Bizdə bir saylı imtahan qeydiyyat şöbəsində ümumiyyətlə Mürşüd müəllim deyilən şəxs işləmir.

Azadlıq radiosu:

- Ayaz yazır, sürücü qəza vəziyyətini görüb, buna reaksiya verməyə qədər orta hesabla üç saniyə vaxt gedir. Bu üç saniyə ərzində saatda 80 km sürətlə gedən avtomobil 60 metr dayanmadan gedir. Təhlükəsizlik məsafəsi ən azı bunun qədər olmalıdır.

Kamran Əliyev:

- Təhlükəsizlik sahəsini götürürsə, yaşayış məntəqəsində nəqliyyat vasitəsi 60 – la getməlidir. O ki qaldı, təhlükəsizlik məsələsinə təhlükəsizlik məsafəsindən ya ara məsafəsindən söhbət gedir. Təhlükəsizlik məsələsi ayrıdır, yol ayrıcına daxil olan zaman digər tərəfdən hərəkət üstünlüyünə malik nəqliyyat vasitəsinə yol vermək ayrıdır, eyni istiqamətdə gedən, qarşıda və ya arxada gedən nəqliyyat vasitəsi ilə ara məsafəsi bunlar başqadır. Onu qarışdırmasınlar.

Azadlıq radiosu:


- Dinləyici yazır, bir çox Avropa ölkələrində görmüşəm ki, yollar və hərəkət qanunları yüksək səviyyədədir. Axı bunun üçün lap çox iş də lazım deyil. Yolların işıqlandırılması, zolaqların boyanması və sürücüləri istiqamətləndirən lövhələr. Bu düşündüyüm qədər də böyük iş deyil. Niyə Azərbaycanda bu işlər görülmür?

Kamran Əliyev:

- Həmin yoldaş görünür o sahədə heç vaxt işləməyib və o sahədən bir qədər məlumatsızdır. O sahə ən çətin sahələrdən biridir. Yol infrastrukturunun inşa olunması. Bu heç də asan məsələ deyil. Son bir neçə ildə Bakı şəhərində, respublikanın avtomobil yollarında nə qədər dəyişiklik olub bu sahədə. Bütün istiqamətlərdə yollar yenidən inşa olundu. Bakı şəhərində nə qədər körpülər tikildi. Nə qədər yol ötürücüləri, Bakı aeroport şosesi, Mərdəkana qədər yollar yenidən quruldu. Bunların hamısı az işdirmi? Bir aeroport yolunda neçə dənə yerüstü piyada keçidi inşa olundu, və yaxud Nobel prospektində nə qədər yerüstü keçid inşa olundu? Yol nə qədər enləndi. Bunların hamısı böyük həcmli işlərdir. Ona heç də kiçik qiymət vermək düzgün deyil.

Azadlıq radiosu:

- Fuad yazır sizə, Kamran müəllim elə deyirsiniz ki, qatıq qaradır ki qaradır.

Kamran Əliyev:

- Sadəcə olaraq mən deyirəm ki, qatıq ağdır, siz deyirsiniz ki, qatıq qaradır.

Azadlıq radiosu:

- Burada əlliyə yaxın mesaj var, hamı deyir qatıq qaradır.

Kamran Əliyev:

- Yox, o əlliyə yaxın adamlar demək olar ki hamısı sizin radionun daimi dinləyiciləridir. Onlar həmişə burada iştirak edənlər və gələn qonağın da sözünə əks duran dinləyicilərdir. Mən qanunda nə var nə göstərilib, qanun nə tələb edir onu deyirəm. Kiminsə fərdi problemi varsa radio vasitəsilə araşdırıla bilməz. Qeyd etdiyiniz neqativ hallar efir vasitəsilə araşdırıla bilməz. Burada istənilən halda qarşı tərəf də iştirak etməlidir. Birbaşa əlaqəsi olan şəxs ki bu məsələlər araşdırılsın. Yoxsa gəlim yol polisində işləyən adam qoşulum sizə pisləyim ki belədir, yəqin onu gözləyirdilər.

Azadlıq radiosu:

- Günay yazır ki, siz elə danışırsınız ki, biz Ayda yaşayırıq ya da siz. Hamı səhv edir, sadəcə siz düz deyirsiniz.

Kamran Əliyev:

- Sizin elə bil ki, xüsusi burada provokasiyalı suallar var, hamı istəyir ki, yol polisini gözdən salmaq məqsədi daşıyan suallar verim, təsdiq edim belədir. Ola bilər, bizim əməkdaşlarımız var ki, neqativ hallara yol verirlər, amma məsələ bundadır ki, yaxşı olardı ki, cəmiyyətin üzvləri ən çox da sürücülər bu əməkdaşlar barədə bizə vaxtında məlumat versinlər.
XS
SM
MD
LG