Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:54

Uğurlu Fəxri "ƏXLAQ" (Esse)


(“Əxlaq” silsiləsindən birinci yazı)

Bir dəfə cavanlara evlənməyi məsləhət görən bir tanışıma nikahın bütün hallarda əxlaqa zidd olduğunu sübut eləməyə çalışdım.

Təbii ki, beyni ənənəvi əxlaq qəlibinin şəklinə düşmüş tanışıma mənim məntiqim təbiilikdən, normallıqdan, hətta əxlaqdan qıraq, özünün diliylə desəm, həyatın əleyhinə yönəlmiş məntiq kimi göründü.

Bu dəyərləndirmələrdən sonuncunun üstündə durmağa, mən bilən, dəyər: bəli, əxlaq həyatın əleyhinə yönəlib, çünki bizim həyatımız özünün bütün yazılmış-yazılmamış qanunlarıyla, «cəmiyyət əxlaqı» deyilən qondarma normalarıyla «başımızın üstündəki göy üzünə, bir də içimizdəki əxlaq qanunlarına» (Kant) ziddi.

Azadlığın qorunması hesabına bərqərar olunan əbədi əxlaq normaları şəxsiyyəti cəmiyyətlə üz-üzə gətirəndə bu həyat özünün bütün şirinliyi, gəldi-gedər xoşbəxtliyilə cəmiyyətin tərəfinə keçir, nəticədə əxlaq cəmiyyətin taxtına çıxarılan hakim normalara, dəyişən-döyüşən qayda-qanunlara, adət-ənənələrə daim müxalifətdə qalır.

Ancaq başqa müxalifətlərdən fərqli olaraq bu əxlaqın hakimiyyəti büsbütün ələ almaq cəhdi hələ heç vaxt gerçəkləşməyib, ən ciddi, ən qəddar (bu söz əbədi əxlaqa uyuşmasa da) həmlələrində belə bu əxlaq diz çökdürülüb, bəxtinə düşəndən artıq heç nəyi zəbt eləyə bilməyib, çarmıxa çəkilib, tonqalda yandırılıb, güllə qabağına qoyulub…

Buddizm, Xristianlıq, İslam bu məğlubiyyətin ən kədərli, ən faciəli görüntüləriydi.

Dünyanın arxivində belə faktlar bəs deyincədi.

Cəmiyyət qanunları ötəridi, deyirlər.

Doğrudan da, yüz il bundan qabaq Bakı küçələrində çadrasız gəzən qadınlara münasibətlə bu günün çadralı qadınlarına münasibət az qala fərqlənmir.

Belə dəyişkən cəmiyyət əxlaqı özünün mənasız qəddarlığıyla heyrət qarışıq acı təəssüf doğurur: dünən daşqalaq olunanlar nəyin üstündə o əzablara atılıblar?

Əgər o səbəblər indi nəinki kimisə daşqalaq eləmək üçün, hətta kiməsə güldən ağır söz demək üçün səbəb ola bilməzsə, onda bu günkü hücumların da səbəbləri haqqında düşünməyə dəyməzmi?

Ümumiyyətlə, bu adət-ənənələr, ictimai əxlaq normaları deyilən bu yazılmamış «mənəvi konstitusiyamız» öz maddələrinə belə tez-tez düzəliş verməklə bizi əbədi əxlaq qanunlarının cazibə dairəsinə salmayacaqsa, hər düzəlişdə bizi ideala bir pillə yaxınlaşdırmayacaqsa, onda bu keyfiyyət dəyişmələri kimə, nəyə gərək?

Bu, bizə ittihamlarımızın hədəfini dəyişməkdən başqa nə verəcək?

Yox, əgər bu keyfiyyət dəyişmələri, «mənəviyyat axtarışları» son nəticədə doğrudan da, bizi ideal əxlaqa, ideal cəmiyyətə, mütləq azadlığa aparıb çıxaracaqsa, üstəlik, bütün bunlardan ötrü dünyanın hər iyrəncliyindən keçməliyiksə, onda bu ilahi əxlaq deyilənin özü də bir növ əxlaqsızlıq deyilmi?

Əxlaq bütün hallarda Azadlığa bağlıdı, yəni əxlaqlı olmağın ən başlıca şərti azad olmaqdı. Şübhəsiz,

DÜNYANIN ƏN ƏXLAQLI ADAMI – ƏN AZAD ADAMDI

Həqiqi azadlıqsa yalnız sevgi əsirliyində gerçəkləşir.

Cinayət azadlığı qorxu dustağı olduğuna görə Azadlıq deyil, Azadlıq olmadığına görə də əxlaqlı deyil.

Zamanın ağır cərrahiyyə əməliyyatı nəticəsində beynimizin mədəmizə köçürüldüyü bu günlərdə, bu kölə təsəvvürlərinin əsirliyində biz azad olmadığımıza görəmi əxlaqlı deyilik, yoxsa əxlaqlı olmadığımıza görə azad deyilik?

Mənə elə gəlir, hər şey əxlaqdan başlayır, çünki əxlaq məqsəd deyil, vasitədi; Azadlıqsa məqsəddi.

Görən doğrudanmı, biz nədən üz çevirdiyimizi başa düşmürük?..

ƏBƏDİ ƏXLAQ QANUNLARI BİZİMLƏ BİR VAXTDA YARANIB, DAHA DOĞRUSU, HEÇ VAXT YARANMAYIB, O QANUNLAR RUHUMUZUN XASSƏSİDİ

O qanunların hər «bəndi», hər «maddəsi» haqqında ruhumuzun yaddaşında informasiya var. Azacıq çətin bir problemin toruna düşən kimi ağlımızın zəifliyini bəhanə eləyib düşünməkdən canımızı qurtarırıq.

Ancaq bir gerçəyi unutmaq olmaz:

ÇIXIŞ YOLU VARSA, ONU BİZ HAMIMIZ BİLİRİK!

Bizi bir-birimizdən seçdirən bütün maddi varlıqlardan, o cümlədən, beynimizdən fərqli olaraq hər şeyi bilən ruhlarımız əbədi bərabərlik şəraitində yaşayırlar, bu bərabərlik prinsipi heç vaxt pozula bilməz.

Ən çətin anlarda ağlımızın qapağını qaldırsaq da, ağıl əbədiyyətə bağlı suallar qarşısında acizliyilə acı təəssüf doğurur.

Səbəbini, məqsədini, nəticəsini bilmədiyimiz bir məsələnin çözülməsi üçün könlümüzə, intuisiyamıza bir sorğu göndərmək yetər, ancaq cəsarətsiz olduğumuzdan, əslində əbədiyyətə inanmadığımızdan (cəsarətsizliyin bundan başqa səbəbi yoxdu) biz həyatın ən iyrənc saydığmız qanunlarına belə tabeçilik imzası atmaqdan, demək olar, heç vaxt boyun qaçırmırıq, beləcə, hər məsələnin ən sadə həllindən yan keçirik.

İntuisiya, əxlaq isə bizə tamam başqa həyat boyun olur. Bu həyatın qanunlarından, bütün nisbi dəyərlərdən fərqli olaraq əbədi əxlaq planetlərdən, qalaktikalardan da kənarda dəyişməz qalır.

İçimizdə bu əxlaqı bərqərar eləməklə biz yerüstü ömrümüzü əbədi ömrümüzə calaya bilərdik.

Bu beşgünlük ömrü ölümün nəzəri altında bizə yaşadan həyatın qanunları isə ot-alaf cücərtməkdən savayı heç nəyə qadir deyil. Bu həyat özünün absurd təkrarçılığıyla yalnız yorğunluq, bir də bədbinlik doğurur.

Biz bütün bunları bilə-bilə (unutmayaq, biz hər şeyi bilirik!) öz əxlaqımızın səsini, könlümüzün istəyini riyakarcasına içimizdə azdırırıq, ən iyrənc əməlləri, ən saxta sözləri «adət-ənənə», «dədə-baba qaydası», «ictimai əxlaq», «müqəddəs yalan» adıyla bir-birimizə sırıyırıq: ölən adamdan zəhlən getsə də, yasda bir-iki damcı göz yaşı axıtmalısan, ya da heç olmasa, kədərləndiyini gözə soxmalısan, məclisdə bir ağsaqqal ağzına gələni danışsa da, sözünü kəsib irad tutmamalısan, ovqatının ən pis vaxtında biri halını soruşsa, mütləq «yaxşıyam» deməlisən…

Yaşadığım cəmiyyətdə siqareti gizlində çəkən, içkini daldada içən qadınları az görməmişəm.

Bu əməlləri qadına yaraşdırmasam da, deyirəm: bunları gizlətməmək daha əxlaqlı (əxlaqlı demirəm, daha əxlaqlı!) olmazdımı?

Ata-ananın istəyilə (ya da bir başqa səbəbdən) sevmədikləri bir yana, hətta iyrəndikləri adamlara ərə getməyə razılıq verən qızlar görmüşəm. Ancaq bu addımı atmamaq üçün valideyninlə, qohum-qardaşınla, lap bütün cəmiyyətlə düşmən olmaq daha əxlaqlı (əxlaqlı demirəm!) deyilmi?

Bu gedişlə biz ən böyük əxlaqsızlıq olan köləliyə haqq qazandırırıq, onu cavanlara əxlaq örnəyi kimi sırıyırıq.

Mən bilmək istərdim, qulun quldardan da əxlaqsız olduğuna kimin şübhəsi var?!

İlahi qanunlara sadiq qalan Əbədi Əxlaq Daşıyıcısı dünyayla normal münasibətlər qurmaq üçün cəmiyyətin tapındığı əxlaq qaydalarına aqressiv münasibətdən vaz keçməlidi, ancaq bu barışıq tək-tək hallarda baş tutur, çünki Əxlaq bu güzəştin özünü də rədd eləyir.

Nəticədə cəmiyyətlə toqquşan adam təkcə özünü yox, yaşatdığı dəyərləri də gülünc vəziyyətə salmaq qorxusuyla üz-üzə qalır.

Götürək elə yaşadığımız məmləkətdə imkanı olub rüşvət almayan adamlara on illər boyu göstərilən münasibəti; kütləvi əxlaqsızlıq yolunu tutmuş cəmiyyətin belə adamı axmaq saymaqdan başqa əlacı qalmır, ancaq onu tamamilə «qanundan kənar» elan eləmək heç vaxt baş tutmur, çünki hamının içindəki ilahi senzor (biz axı hər şeyi bilirik!) bu ittihamı qəti yaxına buraxmır.

Görünür, Əxlaqa yaxa verməmək cəhdi cəmiyyətdəki iblisanə ehtirasların özünütəsdiq metodu, özünə bəraət qazandırmaq üsuludu. Bu özünütəsdiq prosesində Əxlaqdan, Azadlıqdan, Allahdan başqa dünyada nə varsa, hamısı təsdiq olunur.

Əbədi Əxlaq Daşıyıcısı yalnız cəmiyyətin işlərinə sərt şəkildə qarışmamaqla, kütləvi əxlaqa kəskin müqavimət göstərməməklə özünü, öz əxlaqını cəmiyyətə təsdiqlədə bilər.

Ancaq dəyərlərin nə olduğunu hamıdan yaxşı bilən kəsin bu dəyərlərin dəyərini pis bilən, ya da heç qanmayan adamların təsdiqinə, belə bir legitimliyə ehtiyacı varmı?

Yəqin hamının, hamının timsalında Tanrının da təsdiqə ehtiyacı var…

Cəmiyyətin etimadnaməsini alan Əxlaq Daşıyıcısı, şübhəsiz, həyatın da güzəştlərindən yararlanır, bu mərhəmətin müqabilində cəmiyyətə daha «tərbiyəli» münasibət bəsləməyə məcbur olur. Belə «tərbiyəli davranışa» mükafat olaraq cəmiyyət bu adamı sitayişə gəlir, onunla hesablaşır, çoxdan unudulmuş bir Sevginin, Azadlığın, Əxlaqın yadigarı kimi onu sevir…

Ancaq o, cəmiyyətə mane olmağa başlayanda, adamlar ona nəsə uzaq, bilinməz, ancaq keçilməsi vacib olan tanış YOL kimi baxanda, onun əxlaqının çoxluğun əxlaqına çevrilmək «təhlükəsi» yarananda cəmiyyət onun ölümünə fitva verir, o öz əxlaqının layiq olduğu ən böyük mükafatı cəmiyyətdən alır.

Kamyunun «Yad» povestinin qəhrəmanını anasının yasında ağlamadığına görə saatlarla mühakimə eləyirlər.

Markesin «Yüz ilin tənhalığı» romanında gözəllər gözəli Remedios ürəyi qurşağından aşağıda olan adamların arasında sevgisinə açar tapmadığına, üstəlik, çılpaq gəzmək arzusunu heç cür gerçəkləşdirə bilmədiyinə görə yer üzünə səfərini yarımçıq qoyur…

Dünyanın arxivində belə faktlar da az deyil.

Biz sözün əsl mənasında allahlı olduğumuzu intuisiyamızın diktə elədiyi ilahi əxlaq qaydalarına sadiqliyimizlə sübuta yetirə bilərik, bunun üçünsə saxta etik normaların torundan, ruhumuzu dustaq saxlayan cəmiyyət qanunlarının zindanından qurtulmalıyıq.

Ancaq necə? Görünür, yenə də əlac gövdəmizin xarabalıqlarında mürgüləyən Allaha qalır.

Di gəl, biz Allahı da öz əxlaqımızın boyuna tutmuşuq, qədim insan təsəvvürlərinin təsiri altında biz hələ də tanrıya özəl qoruyucumuz kimi, cəza aləti kimi baxırıq: kiminsə başına daş yağdırırıq, kiminsə ömrünü kəsdiririk, kiminsə yolunu bağladırıq, ən yaxşı halda kiməsə uzun ömür sifariş veririk. Bu əxlaqın yaratdığı tanrı bizə hansı yeni əxlaqı gətirə bilər?..

Beləliklə, biz əxlaq konstitusiyamızın bir çox maddəsindən imtina eləməliyik, çünki bu əxlaq bizdən İsa peyğəmbərə dönük, tərbiyəsiz, Nəsimiyə kafir, Məcnuna maymaq, Don Kixota səfeh, Anna Kareninaya küçə pozğunu kimi baxmağı istəyir.

Biz bu əxlaqdan üz döndərməliyik, ancaq onu yeni cəmiyyət əxlaqıyla, daha bir silsilə saxta etika normasıyla, qondarma tərbiyə üsullarıyla əvəz eləməmək şərtiylə.

BİZİM TƏRBİYƏMIZ RUHUMUZUN YARANDIĞI GÜNDƏN VERİLİB, DAHA DOĞRUSU, HEÇ VERİLMƏYİB DƏ, O TƏRBİYƏ RUHUMUZUN DƏYƏRİDİ

Ruhumuzun düşərgəsi ürəyimiz şahiddi, biz indi nə qədər tərbiyəsizik.

Bəlkə də bir vaxt gələcək, boğazdan yuxarı cavab almamaq xətrinə biz yanımızdan ötən tanışların halını soruşmayacağıq, bir vaxt gələcək, saxta qayğıkeşlik, süni göz yaşları, dilucu maraqlar bizdən ötrü ən böyük qüsur sayılacaq.

Mənə elə gəlir, belə asan mənzilə yetişmək üçün əxlaqsızlığın bütün mərhələlərindən, bütün dolaylarından keçmək vacib deyil.

Neçə ki torpağın yaratdığı qanunlara sitayişdən usanıb Əbədi Əxlaqın cazibə dairəsinə düşməmişik, dəyişən, döyüşən əxlaqların savaş meydanında miskincəsinə həlak olacağıq.

Həmçinin oxu
Fəxri Uğurlu: “Dünya ilə münasibətlərimə aydınlıq gətirməklə məşğulam”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG