Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:13
Aprelin 24-də 1915-ci il hadisələrinin 95-ci ildönümü ilə bağlı çıxışında Obama yenə soyqırımı ifadəsini işlətmədi. O, keçən ilki çıxışından bir qədər fərqli çıxış etdi. Obama bildirdi ki, Meds Yeghern - Böyük Fəlakət erməni xalqının tarixində dəhşətli bir səhifədir və biz həmin vaxt ölənlərin xatirəsini yad etmək, keçmişdəki yanlışlıqların bir daha baş verməməsi üçün bu hadisəni həmişə xatırlamalıyıq.

Obamanın bu cür çıxış eləməsi ermənilərin çoxu üçün gözlənilməz olub. Çünki o prezidentliyə namizəd olanda söz vermişdi ki, bu qırğını soyqırımı kimi tanıyacaq. Obamanın bu vədini ermənilər yaxşı xatırlayırlar.

AMERİKA İLƏ TÜRKİYƏNİN SÖVDƏLƏŞMƏSİNİN NƏTİCƏSİ

Türkiyə üzrə mütəxəssis, Ermənistan Milli Akademiyasının Şərq Ölkələri Tədqiqatları İnstitutunun direktoru Ruben Safrasyan da Obamanın başqa cür çıxış edəcəyini gözləyənlərdən biridir. O deyir ki, Obamanın soyqırımı sözünü işlətməkdən yayınması Amerika ilə Türkiyənin sövdələşməsinin nəticəsidir.

Ruben Safrasyan fikirlərini əsaslandırmaq üçün kifayət qədər sübutlar gətirə bilmir. Bununla belə, xatırladır ki, martın əvvəllərində Nümayəndələr Palatasının Komitəsində soyqırımı haqqında sənəd qəbul ediləndə Ağ Ev bu sənədin qəbul edilməməsi üçün böyük səy göstərib. O vaxt dövlət katiibi Hilları Klinton demişdi ki, komitədəki səsvermə Ermənistanla Türkiyənin yaxınlaşma prosesi baxımından uyğun deyil.

GÜNAHKAR YEREVANDIR

Müxalifətçi İrs Partiyasının parlament fraksiyasının rəhbəri Stepan Safaryan isə Obamanın soyqırımı sözünü işlətməməsini prezident Serj Sarkisyan hökumətinin aprelin 22-də Türkiyə ilə Ermənistanın münasibətlərinin yaxşılaşdırılmasına dair protokolların ratifikasiyasını təxirə salması ilə əlaqələndirir. O bunda Yerevanı günahkar sayır. Deyir ki, Serj Sarkisyanın atdığı addımlar çox kiçik məsələləri həll etdi, əvəzində soyqırımın dünyada tanınması prosesinə böyük bir zərbə vurdu.

Stepan Safaryan
Sarkisyan demişdi ki, əgər Ermənistan görsə ki, Ankara münasibətlərin normallaşma prosesini davam etdirmək istəyir, bu proses davam edəcək.

Başqa bir erməni şərhçisi Manvel Sarkisyan deyir ki, Serj Sarkisyanın bəyanatının Obamanın fikrinə təsiri olmayıb. Onun fikrincə, Ermənistanla Türkiyənin münasibətləri çox mürəkkəb bir mərhələdədir:

«Azərbaycanda və Türkiyədə elə düşünürlər ki, Ermənistan sanki Türkiyə ilə sərhədləri açmaqdan ötrü ölür, ancaq belə deyil».

PROTOKOLLARDAN İMZASINI GERİ GÖTÜRMƏLİDİR


Daşnaksütun Partiyası 2009-cu ildə Ermənistanın Türkiyə ilə yaxınlaşma siyasətinə etiraz əlaməti olaraq Sarkisyan hökumətindən ayrılıb müxalifətə keçib. Bu partiya hesab edir ki, Sarkisyan danışıqlar prosesini dondurmaq fikri ilə kifayətlənməməli, bir az da irəli gedib protokollardan imzasını geri götürməlidir. Bu ilin əvvəlində Ermənistan parlamentində qəbul edilmiş qanuna görə, hökumət əvvəllər imzaladığı beynəlxalq müqavilələrdən çıxa bilər.

Sadə ermənilərə gəldikdə isə, onların çoxu Türkiyə ilə münasibətlərin yaxşılaşmasında nikbin deyillər. 70 yaşlı müəllim Angela Xalasyanın valideynləri Osmanlı imperiyası dövründə Türkiyədən qovulanlardandır.

O deyir ki, biz Türkiyə kimi ölkədən nə gözləyə bilərik. «Məgər tarix bizə dərs keçməyib? Biz Türkiyə ilə bir yola gedə bilmərik. Ermənistan hakimiyyəti necə bu qədər sadəlövh ola bilər?» - deyə, o sual edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG