Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:10

İcra hakimiyyəti ADNA-nın həmrəylik aksiyasına icazə vermədi


Meriya Azərbaycan Dövlət Neft Akademiyasında törədilən qətliamın ildönümündə aksiyaya icazə verməyib.

Bakı şəhər İcra Hakimiyyəti hesab edir ki, Dəmir Yolu Vağzalının qarşında yerləşən Cəfər Cabbarlı meydanı nəqliyyatın intensiv hərəkət etdiyi ərazi olduğundan toplantı keçirilməsi üçün məqsədəuyğun deyil. Meriya C. Cabbarlı meydanı əvəzində aksiya üçün 3 yeri təklif edir:

Bunlar Binəqədi qəsəbəsinin İdman Sağlamlıq Kompleksinin stadionu, Səbail rayonu, 20-ci yaşayış sahəsində sürücülük məktəbinin həyətindəki meydança və ya Xətai rayonunda yerləşən meydançadır.

Aksiya təşəbbüskarlarından Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Tural Abbaslı AzadlıqRadiosuna bildirib ki, gənclər təşkilatları mitinqi Cəfər Cabbarlı meydanında keçirmək niyyətindədirlər:

«Əslində bu, siyasi aksiya deyil, anım mərasimdir. Hakimiyyətin də, müxalifətin ümumi dərdidir o gənclər. Burada daha çox hakimiyyət tərəfindən addım atılmalıdır ki, gəlin, birlikdə həmin şəhidləri anaq. Yəqin ki, Cəfər Cabbarlı meydanında aksiya keçirməyə cəhd edəcəyik. Bunun siyasiləşməsini istəmirik. Gənclərin fikri önəmlidir və ümumi qərar olacaq. Orada olacaqsa da, olmayacaqsa da gənclərin əksəriyyətinin ümumi qərarı olacaq. Orada siyasi ambisiya, iddiaları ortaya qoymaq niyyətimiz yoxdur».

Ötən il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı 29 yaşlı Fərda Qədirov tələbə və müəllimlərə «Makarov» tipli tapançadan atəş açıb. Nəticədə 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs binanın dəhlizində həmin silahla öz həyatına da son qoyub.
XS
SM
MD
LG