Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:39
«Heç bir qüvvə tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulmasına imkan verməyəcəyik. Rəngli yuxular görən yoldaşlar elə yuxu görə-görə də qalacaqlar. Bir daha hörmətli millət vəkillərini əmin etmək istərdim ki, Azərbaycan prokurorluğu bundan sonra da dövlətçiliyimizə daim öz sadiqliyini nümayiş etdirəcək». Bunu öz vəzifəsini saxlayan Baş prokuror millət vəkilləri qarşısındakı çıxışında dedi.

O həmçinin siyasi korrupsiya haqqında ittihamlar irəli sürən partiyaların maliyyə mənbələrinin araşdırılmasının zəruriliyindən danışdı və bildirdi ki, bu qüvvələr ölkədə siyasi sabitliyi pozmaq istəyirlər.

Milli Məclis Zakir Qaralovun yenidən Baş prokuror təyin olunmasına razılıq verdi. Bu razılığın əldə olacağı əvvəlcədən gözlənilən idi. Çünki ötən həftə prezident parlamentə Zakir Qaralovun təqdimatını göndərəndən sonra hakim partiya təmsilçiləri ilə yanaşı bitərəflər və bəzi siyasi qüvvələrin nümayəndələri də onu dəstəkləyəcəklərini elə Milli Məclisin foyesindəcə bildirmişdilər. Bununla belə, müzakirələrdə sözügedən təqdimata qarşı çıxanların da olacağı bəlli idi.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynovun geniş təqdimatından bir qədər sonra çıxış edən Pənah Hüseyn dedi ki, qanunvericiliyə görə, baş prokuror prokurorluq fəaliyyəti haqqında Milli Məclisə məlumat verir. Amma o deputat olduğu müddətdə bir dəfə də bunun şahidi olmayıb. Heç nə vaxtsa bu qurumun qanunvericilik təşəbbüsü ilə çıxış etdiyini də xatırlamır.

DEPUTAT İTTİHAMI

Pənah Hüseynin sözlərinə görə, baş prokuror nəinki deputat sorğularını cavablandırır, heç Azərbaycan ictimaiyyətində ciddi rezonans doğurmuş və məhkəməsi başa çatmış hadisələr barədə də məlumat vermir:

«Bunların başında əlbəttə Elmar Hüseynovun qətli məsələsidir. Əgər prokurorluq baş prokurorun dediyi kimi, bu məsələni başa çatdırıbsa, ağır cinayətin təqsirkarlarını müəyyənləşdiribsə Milli Təhlükəsizlik Nazirliyi gecə - gündüz nəyin üzərində işləyir? Bu onu göstərir ki, baş prokurorluğun da əslində həmin cinayətin üstünün ört–basdır edilməsi və yaxud başa çatdırılmaması ilə məşğul olması haqqında ittihamlar doğrudur. Rəhmətlik Ziya Bünyadovun qətli haqqında bu məsələ özünü göstərir. Hacı Məmmədovun məşhur bandası işində özünü göstərir. Cənab baş prokuror Zakir Qaralovun dövründə iri cinayət işlərinin hamısının axırında biz qanunauyğunluq müşahidə edirik. Cinayət işləri açılır, istintaq başa çatdırılır. Axırında bu və digər qaranlıq şəxslər qalır və göstərilir ki, onlar ya xaricdə gizlənmişdir, ya da respublikaya gətirmək mümkün olmamışdır. Siyasi xarakterli istintaq işləri bu şəkildə keyfiyyətsiz başa çatdırılır. Baş prokuror öz fəaliyyətində qanunu əsas tutmaq əvəzinə siyasi tərəf kimi iştirak edir.
Pənah Hüseyn
2005 və 2010–cu illər ərzində Elmar Hüseynovdan başqa 11 jurnalistin döyülməsi, təhqir olunması, incidilməsi, naməlum şəxslər tərəfindən işgəncə verilməsi haqqında şikayətlər verilmişdir, amma bunların heç biri açılmamışdır. Mən məhz prokurorluq tərəfindən iri korrupsiya faktının açılmasının şahidi olmamışam».

Pənah Hüseynin sözlərinə görə, Zakir Qaralovun bir sıra hallarda prokurorluq haqqında qanuna zidd olaraq siyasi tərəf kimi mövqe tutmasını təsdiqləyən faktlar kifayət qədərdir. Deputat deyir ki, əvvəl-axır Azərbaycanda siyasi hakimiyyətə, prezidentə yox, qanuna xidmət edən prokuror olacaq. Lakin bu cənab indiki baş prokuror Zakir Qaralov deyil.

Amma səsvermənin nəticələrindən bəlli oldu ki, həmin iclasda cəmi 5 deputat Pənah Hüseynlə həmfikirdir. Qalanlar növbəti beş ildə də ölkənin baş prokuroru kimi məhz Zakir Qaralovu görürlər. Deputatlar Mübariz Qurbanlı, Aydın Həsənov, Azay Quliyev və digərləri cənab Qaralovun indiyə qədərki fəaliyyətini yüksək dəyərləndirdilər. Bu məsələdə bitərəf ümumiyyətlə olmadı.

PROKURORLUĞUN PARLAMENTLƏ UĞURLU ƏMƏKDAŞLIĞI…

Etimada görə prezident başda olmaqla hamıya minnətdarlığını bildirən Zakir Qaralov özü isə nitqini əsasən Pənah Hüseynin çıxışı üzərində qurdu. Dedi ki, Milli Məclislə prokurorluğun uğurlu əməkdaşlığı bu qurumun qanunvericilik təşəbbüsündən istifadə etməsinə ehtiyac qoymayıb:

«Möhtərəm prezidentimizin siyasi iradəsinə uyğun olaraq ölkədə məqsədyönlü korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilir. Məlumat vermək istərdim ki, bu idarənin son beş il ərzində 480 şəxs barəsində 265 işin istintaqı aparılaraq aidiyyatı üzrə məhkəmələrə göndərilmişdir. Yalnız 2009–cu ildə 133 cinayət işi tamamlanaraq məhkəməyə göndərilmiş, hal–hazırda korrupsiyaya qarşı mübarizə idarəsinin icraatında 48 cinayət işinin istintaqı aparılır.

Dəfələrlə bildirirlər ki, guya Azərbaycanda jurnalistlər təqib olunur, onlara qarşı qanunsuz hərəkətlər həyata keçirilir. Xüsusi bildirmək istəyirəm ki, jurnalistlərə qarşı törədilən hər bir qanunsuz hərəkət dərhal baş prokurorluq tərəfindən nəzarətə götürülür və sona qədər bütün bu araşdırmalar həyata keçirilir. Bir çox hallarda da bunlar öz təsdiqini tapır».

Zakir Qaralov artıq 10 ildir ki, ölkənin baş prokurorudur. Bu müddət ərzində onun fəaliyyətinə münasibət də birmənalı olmayıb. Ancaq 2009-cu ildə «Prokurorluq haqqında»
Erkin Qədirli
qanuna edilən dəyişiklik cənab Qaralovun 3-cü dəfə – yəni daha 5 il müddətinə bu posta təsdiqlənməsinə şərait yaradıb. Belə ki, həmin dəyişikliklə bir nəfərin 2 dəfədən artıq baş prokuror seçilməsinə qoyulan məhdudiyyət ləğv olunub.

AZƏRBAYCANDA İSTİNTAQ TAMAMİLƏ SAXTA APARILIR

Hüquqşünas Erkin Qədirliyə görə isə beynəlxalq təcrübədə vəzifə müddətinin uzadılmasına məhdudiyyət ona görə qoyulub ki, eyni adamın uzun müddət vəzifədə qalaraq ondan sui-istifadə etmə təcrübəsi təsisatlanmasın. Özü də bu yeni bir şey deyil. Qədim dövrlərdə – demokratik Yunan, Roma dövlətlərində də belə məhdudiyyətlər olub.

Erkin Qədirli deyir ki, əslində Azərbaycanda bu kimi halların müşahidə olunmasının əsas səbəbi Konstitusiyada bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasıdır:

«Demokratik təsisatları oturuşmamış, bir çox hallarda isə heç oturuşmamış cəmiyyətlərdə zaman məhdudiyyəti nəzərdə tutulmayan vəzifələrin təsis olunması çox mənfi haldır. Qaldı ki, prokurorluğun fəaliyyətinə, ümumiyyətlə prokurorluq, istintaq orqanları haqqında ictimai rəyin mənfi olmasını doğru sayıram. Və artıq Avropa İnsan Haqları Məhkəməsində Azərbaycan hakimiyyətinin uduzduğu işlər də onu göstərir ki, istintaq tamamilə saxta aparılır».

Erkin Qədirli əlavə edir ki, yaxşı peşəkar kadrın seçilməsi vacib haldır. Amma indi Azərbaycanda tətbiq olunan artıq adama yox, bütövlükdə məhkəmə, hüquq sisteminə bağlı olan məsələdir. Və bu sistemi kökündən islah etmək lazımdır. Çünki o yaxşı heç nə vəd etmir.

Şərhləri göstər

XS
SM
MD
LG