Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:35
«Bu gün peyğəmbərimizlə İmam Həsən əleyhüssəlamın şəhadətidir. Hər il olduğu kimi Şəhidlər Xiyabanına mərasim keçirməyə gedirik. Polis deyir ki, «təkbir» demə. Təkbir Allahu Əkbər deməkdir. Yəni Allah böyükdür. Deyir bunu demək olmaz. Bayraqları qaldırmağa da qoymurlar, deyirlər salın aşağı».

Bu il fevralın 13-də Bakıda dinc yürüş keçirmək istədiklərini deyən dindarlarla polis arasında qarşıdurma yaranmışdı. Dindarlar polisin onlara maneə yaratdığını deyirdilər.

Dindarlar hesab edirdilər ki, ölkədə xüsusilə onlar – yəni İslam dininin daşıyıcıları ənənəvi mərasimləri vaxtında və müvafiq yerlərdə keçirməkdə sərbəst deyillər.

Aprelin 26-da isə Bakıda Dini Liderlərin Ümumdünya Sammiti başlayıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə sammitin Bakıda keçirilməsinin mühüm amil olduğunu və Azərbaycanın dünyadakı nüfuzundan xəbər verdiyini deyib.

İSLAM BİZİM MÜQƏDDƏS DİNİMİZDİR

Azərbaycan prezidenti İlham Əliyev də bütün dinlərin rəhbərlərinin Bakıya gəlməsini mühüm hadisə adlandırıb.

Çıxışı zamanı o bildirib ki, Azərbaycan Avropa ilə Asiya arasında təbii bir körpüdür. Burada müxtəlif dinlərin, millətlərin nümayəndələri daim bir ailə kimi yaşayıblar:

«İslam bizim müqəddəs dinimizdir və biz öz milli və dini ənənələrimizə çox sadiqik. Eyni zamanda Azərbaycan bütün dünyaya açıq ölkədir. Keçən il Bakı İslam Mədəniyyətinin paytaxtı seçilmişdi və bununla əlaqədar həmin il çoxsaylı tədbirlər keçirilib. Mən o vaxt da söyləmişdim, bu gün də demək istəyirəm, ümid edirəm ki, gün gələcək Bakı Avropa Mədəniyyətinin paytaxtı da seçiləcək».

Prezident hesab edir ki, beləliklə də Azərbaycan Avropa və Asiya, xristian və müsəlman dünyasının əlaqələrinin inkişafı işində daha da böyük töhfələr verəcək.

Onu da deyək ki, sammit qonaqlarının statusu baxımından nə qədər ali tədbir olsa da, o azərbaycanlılar üçün daha çox bütün ermənilərin katolikosu II Qaragenin Bakıya gəlməsi illə diqqəti çəkirdi.
Ermənilərin katolikosu II Qaragen
Baxmayaraq ki, erməni katolikosunun son anda Bakıya gəlməkdən imtina edəcəyini düşünənlər də vardı, amma o gəldi. Çıxışı zamanı regiondakı problemlərə toxunan II Qaregin rifahı, əmin-amanlığı dünyadakı müharibələrə, terrora son qoyulmasında, sərhədlərin açılmasında gördüyünü də bildirib:

BU BİZİM BORCUMUZDUR

«Regionda problemlərin həlli üçün səylər gücləndirilməlidir. Bütün məsələlər yalnız dinc yollarla, beynəlxalq hüquq normalarına və xalqların hüquqlarına uyğun şəkildə həll edilməlidir. Mən bütün ermənilərin katolikosu kimi Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə birlikdə bu istiqamətdə fəaliyyətimi gücləndirəcəyəm. Bu bizim borcumuzdur».

Sammit çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiyanın patriarxı Kirill, eləcə də bütün ermənilərin katolikosu II Qaregin arasında üçtərəfli görüş keçirilib. Görüş sonrası brifinqdə patriarx Kirill müxtəlif məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını da müzakirə etdiklərini, görüşün yekunlarına dair bəyannamə imzalandığını bildirib. Kirilin sözlərinə görə, bu sənəd siyasi danışıqlar atmosferinə də təsir göstərəcəyinə ümid yaradır.

YENİ SİTUASİYA YARADAN BİR MƏSƏLƏ

Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzi - DEVAMM-ın rəhbəri Hacı İlqar İbrahimoğlu deyir ki, əslində bütün ermənilərin katolikosunun indiki müharibə şəraitində Bakıya gəlməsi özünün gözlənilməzliyi ilə Türkiyə-Ermənistan protokolları qədər yeni situasiya yaradan bir məsələdir. Ancaq bununla belə, bu tədbir həm də Rusiyanın yeni dini rəhbəri Kirilin Qaregini Bakıya gətirə biləcək qədər imkana malik olduğunu nümayiş etdirməsidir.

İlqar İbrahimoğlu
İlqar İbrahimoğlu bu sammitin pərdəarxası, görünməyən geopolitik məqamlarının olmasını da istisna etmir. O hesab edir ki, hər halda Azərbaycanın yararlanması baxımından bu sammit kifayət qədər əhəmiyyətli hadisədir:

«Bu hadisə məscid sökməklə, daxildə müsəlmanları incitməklə heç uyğun gəlmir. Düşünürəm ki, bu məsələləri birdəfəlik yığışdırsalar, daha yaxşı olar. Amma ümumilikdə bu Azərbaycanın hazırda faydalana biləcəyi imkanlar yaradır. Əslində bu fürsətlərdən sivil nailiyyətlərə çatmaq üçün istifadə etməlidirlər».

Prezidentin dediyi kimi, Bakının gələcəkdə Avropa Mədəniyyətinin Paytaxtı seçiləcəyi məsələsinə gəlincə, DEVAMM rəhbəri arzu edir ki, əgər bu baş verərsə, həmin il mahiyyətə uyğun keçsin. İslam mədəniyyəti ilinin aqibətini yaşamasın.

ABŞ Dövlət Departamentinin Azərbaycanda din azadlığına dair son hesabatında da deyilirdi ki, hakimiyyət vətəndaşların əksəriyyətinin din azadlığına hörmət edir, ancaq bəzi qeyri-ənənəvi dini qruplarla bağlı vəziyyət fərqlidir.

«2009-cu ildə bəzi məscidlər bağlanıb, yevangelistlərə qarşı dövlət səviyyəsində reydlər və lokal hücumlar baş verib. Həm müsəlman, həm də xristian qeyri-ənənəvi qruplara qarşı təhdidlər olub. Bəzən dindarlar qanuni əsas olmadan, dini baxışlarına görə saxlanıb və dindirilib» - hesabatda belə deyilirdi.

Şərhləri göstər

XS
SM
MD
LG