Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:08

Volfqanq Borhert “SOLĞUN ƏTİRŞAHLAR” (Hekayə)


Onlar qaş qaralanda tanış oldular. Sonra qadın kişini evə dəvət elədi, o da gəldi.

Qadın ona mənzilini də, stol örtüklərini də, mələfələrini də, üstəlik boşqablarını da, çəngəllərini də - nəyi vardısa - onu göstərdi.

Amma onlar bu vaxt günün aydın işığında bir-birinə baxanda kişi qadının burnunu gördü.

“Gör nə cür burnu var, elə bil başqa sifətdən kəsilib-tikilib, - fikirləşdi. – Hətta buruna da oxşamır. Daha çox hansısa tərəvəzə oxşayır.

İlahi, özün rəhm elə, burun deşiklərinə bax! – fikirləşdi. – Onlar da heç bir-birinə uyğun yerləşməyiblər! Ümumiyyətlə bir-biriylə uyuşmurlar.

Burun deşiyinin biri ensizdi, dairəvidi. O birisisə dibsiz deşiyə oxşayır. Qara, girdə, sirlidi”.

O, cib dəsmalını çıxarıb alnını sildi.

- Dəhşətli istidi, elə deyil, - qadın dilləndi.

- Hə də! – kişi cavab verib onun burnuna baxdı.

“Dübbədüz tikilib, - təzədən fikirləşdi. – Üzündə tamamilə kənar əşyadı. Hətta dərisi də başqadı. Daha qaraşındı.

Bəs bunun deşiyi – heç bir uyğunluq yoxdu! Ya da bu Pikassodakı kimi müəyyən xüsusi harmoniyadı”, - qəfildən ağlına gəldi! – Belə hesab eləyirsiniz, Pikasso düz yoldadı? – soruşdu.

- Necə dediniz? Pi...ka...

- Yox ey, bunu elə-belə dedim, - kişi nəfəsini dərib qəfildən keçidsiz-filansız soruşdu. – Sizə nolub, nə vaxtsa qəzaya düşmüsünüz?

- Bu nə deməkdi? – Qadın anlamadı.

- Hə... – o çaşqın halda susdu.

- Hə, burnumu deyirsiniz?

- Hə də, onu deyirəm.

- Yox, burnum həmişə belə olub. – Qadın bunu lap çəkinə-çəkinə dedi. – Həmişə belə olub.

“Lənət şeytana!” Az qala bunu deyəcəkdi, amma ucadan yalnız:

- Doğrudanmı belədi? – dedi.

- Axı mən əslində çox harmonik insanam, - qadın pıçıldadı. – Əgər mütənasibliyi necə sevdiyimi bilsəydiniz! Bax heç olmasa, pəncərədəki ətirşahlarıma fikir verin. Onlar necə dururlar, biri solda, biri sağda. Tam mütənasiblikdi. Yox, inanın, mən yalnız görkəmcə beləyəm. Yalnız görkəmcə.

Bu vaxt qadın əlini onun dizinin üstünə qoydu, kişiyə elə gəldi, qadının qeyri-adi sirayətedici baxışı beynini yandırır.

- Üstəlik bütünlüklə nikahın, birgəyaşayışın tərəfindəyəm, - qadın lap astadan, bir qədər utancaqlıqla dedi.

- Mütənasiblik xətrinə? – kişinin ağzından çıxdı.

- Harmoniya xətrinə, - qadın ona mülayimcəsinə düzəliş verdi, - harmoniya xətrinə.

O ayağa durdu.

- Necə, artıq gedirsiniz?

- Hə, mən... hə, gedim.

Qadın onu qapıyacan ötürdü.

- Axı mən heç görkəmim kimi deyiləm, - qadın təzədən başladı.

E, nə deyirsən, - kişi fikirləşdi, - burnun ki səni ələ verir. İfşa kimi üzünə tikilib. Ucadansa dedi:

- Əslindəsə, bu ətirşahlar kimisiniz, sizi beləmi başa düşüm? Başdan-ayağa mütənasibsiniz, düzdümü?

Sonra geri çevrilmədən pillələri enməyə başladı:

Qadınsa pəncərənin ağzında durub onun ardınca baxırdı.

O, kişinin aşağıda ayaq saxlayıb alnını dəsmalla necə sildiyini gördü. Amma bu zaman onun necə rahatlıqla, kinayəylə güldüyünü görmədi.

Bunu qadın görmədi, çünki gözlərini yaş örtmüşdü. Ətirşahlar da kədərlənmişdilər. Hər halda onların ətri kədərliydi.

Tərcümə: Nəriman Əbdürrəhmanlı
“Novella və hekayələr” tərcümə toplusundan

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG