Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 21:03

Özəlləşmənin «özəllikləri»


«Qaynar Xətt»ə gələn növbəti şikayət
«Qaynar Xətt»ə gələn növbəti şikayət
«Bütün hüquq-mühafizə orqanlarına, Prezident Aparatına 18-dən çox ərizə göndərməyimə baxmayaraq, bu vaxta kimi bir dənə də ərizə yoxlanılmayıb. Bu onu göstərir ki, Azərbaycanda hüquq-mühafizə orqanları ədalətsiz, «yuxarıdakıların» sifarişi ilə qərarlar verir».

Bunu İnsan Haqları Reabilitasiya Mərkəzinin rəhbəri Eyvaz Cavadov deyir. O iddia edir ki, hüquq-mühafizə orqanlarında hökm sürən ədalətsizlik ucbatından hüquqlarının müdafiəsində aciz qalıb.

E.Cavadovun sözlərinə görə, prezident Heydər Əliyevin 2003-cü il tarixli «Xüsusi maşınqayırma və konversiya müəssisələrinin özəlləşdirilməsi haqqında» sərəncamına əsasən 2006-cı ildə keçirilən hərracda Xaçmaz Kondensator zavodunun yeməkxanasını 4 nəfərlə bir yerdə özəlləşdirib.

«MƏHKƏMƏ SAXTAKARLIQ EDİB»

E.Cavadov deyir ki, 2008-ci ildə zavoda yeni direktor təyin edilib. Əsl həngamə də bundan sonra başlanıb. Direktorun yeməkxananın qanunsuz özəlləşdirilməsi haqda 1 saylı Yerli İqtisad Məhkəməsində qaldırdığı iddia təmin olunmur. Bundan sonra iddiaçı Apellyasiya Məhkəməsinə müraciət edir.

E.Cavadovun şikayəti elə Apellyasiya Məhkəməsinin verdiyi qərardandır:

«Bakı Apellyasiya Məhkəməsi qanunsuz, əsassız bir qərar çıxarıb. Məhkəmə saxtakarlıq edərək, prezidentin 19 mart 2003-cü il tarixli sərəncamında düzəliş edərək Xaçmaz Kondensator zavodunu 1178 saylı sərəncamdan çıxarıb, prezidentin sərəncamı ilə özəlləşdirilən obyektlər sırasına daxil etmişdir».

Xaçmaz Kondensator zavodunun direktoru Ağasəf Qədirov məhkəməyə bildirib ki, yeməkxana zavodun əsas binasından ayrılaraq qeyri-qanuni özəlləşdirilib. O qeyd edib ki, 27 sentyabr 2006-cı il tarixli 463 saylı fərmanla Xaçmaz Kondensator zavodu Müdafiə Nazirliyinin tabeliyinə verilib.

Eyvaz Cavadov deyir ki, 2005-ci ildə zavodun keçmiş direktoru Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə məktubunda yeməkxana binasının zavodun köməkçi sexi olduğunu, əsas istehsalat sexlərindən və inzibati binadan tam ayrı yerləşdiyini və gələcəkdə müəssisənin özəlləşdirilməsinə heç bir təsiri olmadığını göstərib.

YEMƏKXANA ZAVODA QAYTARILSIN

Bakı Apellyasiya Məhkəməsinin 9 dekabr 2009-cu il tarixli qərarında isə göstərilib ki, Xaçmaz Kondensator zavodu ölkə prezidentinin qərarı ilə özəlləşdirən müəssisələr sırasına aiddir. Buna baxmayaraq, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ölkə prezidentinin 2000-ci ildə verdiyi 432 saylı fərmanın müddəalarını pozmaqla yeməkxana binasını zavoddan ayıraraq özəlləşdirib.

Məhkəmə yeməkxananın sahəsinin boşaldılaraq Xaçmaz Kondensator zavoduna qaytarılması barədə qərar qəbul edib.

Ekspert Hafiz Babalı deyir ki, əgər zavodun direktorunun yeməkxana binasının zavoddan ayrı özəlləşdirilməsi ilə bağlı məktubu varsa, özəlləşdirmə qanunu icra olunub:

«Qanunvericiliyə əsasən yeməkxana müəssisənin məktubu əsasında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən tam qanuni şəkildə özəlləşdirilib. Əgər özəlləşdirilən obyekt müəssisənin ərazisindən uzaqdadırsa, xüsusi əhəmiyyət kəsb etmirsə, obyekt yeməkxananın işçiləri tərəfindən kollektiv şəkildə özəlləşdirilibsə, deməli, özəlləşdirmə tam qanuni şəkildə həyata keçirilib».

KOMPENSASİYA BARƏDƏ QƏRAR ÇIXARILMALIDIR


H. Babalı deyir ki, ən azından məhkəmə bu şəxslərə vicdanlı alıcı kimi dəymiş ziyanın ödənilməsi barədə qərar çıxarmalıdır:

«Belə oxşar problemlər çoxdur. Azərbaycanda indiyə qədər 40 mindən çox obyekt özəlləşdirilib. Həmin obyektlərin özəlləşdirilməsi zamanı bütün hallarda qanunun aliliyinin gözlənildiyini söyləmək düzgün deyil. Özəlləşdirməyə açılmış bir müəssisə tam hüquqi qaydada özəlləşdirilir. Lakin sonradan məhkəmə qaydasında özəlləşdirmənin nəticələri ləğv olunursa, özəlləşdirmədə iştirak edən şəxslərə dəymiş ziyan dövlət tərəfindən ödənilməlidir».

MÜLKİYYƏT HÜQUQUNUN KOBUD POZUNTUSU

Hüquqşünas Azər Nağıyev isə deyir ki, hökumət tərəfindən rəsmi qaydada özəlləşdirməyə açıq elan edilən müəssisənin nəticələri sonradan məhkəmə qaydasında hər hansı bir əsasla ləğv edilirsə, bu hal həm də mülkiyyət hüququnu kobud şəkildə pozur:

«Son məhkəmə qərarından Konstitusiya Məhkəməsinə və Avropa Məhkəməsinə müraciət etmək mümkündür. Həmçinin özəlləşdirmədə iştirak edən şəxslərə dəymiş ziyanın ödənilməsi ilə bağlı yeni bir iddia qaldırmaq olar».

A.Nağıyevin sözlərinə görə, özəlləşdirmə sahəsində mövcud olan bu cür proseslər vətəndaşlarda inamsızlığın yaranmasına səbəb olur.
XS
SM
MD
LG