Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 20:37

Azərbaycan kinosu – qəliz və vacib...


«Bəşəriyyətin xilası» filminin çəkilişi
«Bəşəriyyətin xilası» filminin çəkilişi
«Ay camaat, bu kino ki var, bu çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib...».

Azərbaycanda məşhur olan «Bəyin oğurlanması» filmindəki Hidayət müəllim Bakıdan kino çəkməyə gələnlərə kömək etmək istəməyən həmkəndlilərinə kinonun əhəmiyyətini bu cür çatdırmaq istəyirdi. Bu sitat sonradan kinonun əhəmiyyəti haqqında danışanların dilində zərb-məsələ çevrildi. Kino mütəxəssislərinin çoxu isə bu qəliz və vacib sənətin uzun müddət Azərbaycanda qəliz vəziyyətə düşdüyünü xüsusi vurğulayırlar.

«Film həm dövləti, həm də xalqı yaşadan atributlardan biridir» deyən kinorejissor Rüfət Əsədov bildirir ki, baxmayaraq ki, son illər bu sahədə inkişaf gözə dəyir, ancaq texniki problemlər hələ də qalır:

Müasir avadanlıqlar yoxdur, lentlər bizdə aşkarlanmır, Moskva və İranda aşkarlanır. Bir də yaxşı ssenarilər yoxdur»
YAXŞI SSENARİLƏR YOXDUR


«Müasir avadanlıqlar yoxdur, lentlər bizdə aşkarlanmır, Moskva və İranda aşkarlanır. Bir də yaxşı ssenarilər yoxdur».

Rüfət Əsədov ancaq sənətə ümidlə baxan kinorejissorlardandır. Azərbaycan kinosunun inkişaf edəcəyinə inananlardandır:

«Antonioninin sözüdür, deyir çəkməyə imkanım yoxdur, ancaq mən yazıram. Çəkilməsə də mən hiss edirəm ki, hansısa siyahıda mənim müəyyən bir filmim var».

Bakı kinosevərləri isə deyirlər ki, onlar daha çox əcnəbi filmlərə baxmağı sevirlər. Hər halda mənimlə söhbət edən bir qrup gənc belə fikirləşdiyini deyir:

TƏZƏ FİLM ÇƏKİLMƏLİDİR

- Çünki bizdə təzə çəkilən film olmur...

- Məncə, Azərbaycan kinosunda vəziyyət heç də yaxşı deyil, ancaq yəqin ki, gələcəkdə düzələcək...

- Azərbaycan kinoları ilə aram yoxdur.

Rejissor Elxan Cəfərov
- Bir kinoya neçə dəfə təkrar baxmaq olar…Təzə çəkilən film olsa, eşidib bilərdik, demək yoxdur. Ona görə də təzə film çəkməlidirlər.

... Azərbaycan kinosunun əsas istehsalçısı - Cəfər Cabbarlı adına «Azərbaycan» kinostudiyasında səssizlikdir. Baxmayaraq ki, rejissorlar kino sənayesinin son iki ilini 5 il əvvəlki illərlə müqayisə edəndə şükürlə danışırlar. İndi kinostudiya ildə 3-4 film çəkir.

Rejissor Elxan Cəfərov
günortadan sonra «Bəşəriyyətin xilası» adlı filminin yaradıcı heyətini kinostudiyanın həyətinə yığmaqla bu səssizliyi pozmuşdu. Detektiv janrında olan filmin məzmunu narkomaniyadan bəhs edir. Elə filmin yaradıcı
heyəti də bəşəriyyəti narkomaniyadan xilas etməyə çalışır.

«Bu gün biz hamımız – kino ilə məşğul olan adamlar gələcək Azərbaycan kinosunun strukturunu qururuq. 90-cı illərdən sonra böyük bir tənəzzül dövrünün sonlarına çatmışıq» deyən rejissor çəkilişdə verdiyi qısa fasilə zamanı Azərbaycan kinosunu dirçəltməyin yollarından danışır:

GƏNCLƏRİ CƏLB EDİRİK

«Gənclərin kinoya cəlb olunması prosesi ilə məşğuluq ki, kino populyarlaşsın. Biz filmi o istəklə çəkirik ki, ilk növbədə Azərbaycanda uğur qazansın. Əlbəttə, bunu Azərbaycanda göstərməyə imkan olmalıdır. Bir-iki premyera yetərli deyil. Çox istərdik ki, bizim çəkdiyimiz bu film Azərbaycan kinosunun inkişafına töhfə versin».

Aktyor Kənan Mahmudov isə o qənaətdədir ki, kino sənayesi o vaxt inkişaf edəcək ki, yaradıcı adam ətalətdən xilas olmağa çalışacaq, gecə-gündüz işləyəcək:

«Yüksək inkişaf deməyək, çünki elə deyil. Ancaq inkişaf var. 70-80-ci illərdəki məhsullara birdən-birə qayıtmaq olmaz. Bunun üçün vaxt lazımdır. Gənc simalara, yeni rejissorlara yer vermək lazımdır. Yeni ssenarilər, yeni fikirlər lazımdır».

Gənc simalara, yeni rejissorlara yer vermək lazımdır
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev
bu yaxınlarda demişdi ki, indi Azərbaycan kinematoqrafiyasının inkişafına daha çox şərait yaradılır, hər il dövlət büdcəsindən qısametrajlı və tammetrajlı filmlərin çəkilməsi üçün 6 milyon manat ayrılır. Kinematoqrafçılar İttifaqının katibi Əsəd Əsədov 5 il əvvəlki ilə müqayisədə indi xeyli inkişaf olduğunu deyir:

NAZİRLİK KİNOYA DİQQƏT VERİR

«Nazirlik bu gün kinoya diqqət verir, gənclərə imkan yaradır. Azərbaycan kinosunun gələcəyi gənclərdən asılıdır».

Əsəd Əsədov deyir ki, kinoya qayğı indiki templə inkişaf etsə, bir neçə ilə texniki problemlər aradan qalxacaq:

«Onda biz nə Moskvadan, nə də İrandan asılı olacağıq».

ZALDA CƏMİ 5 NƏFƏR VARDI

Gənc kinorejissor Tahir Əliyev isə nikbin görünmür:

«Mən Bakı zooparkı haqqında sənədli film çəkmişdim. Zalda cəmi 5 nəfər vardı. Bu, Azərbaycan kinosunun taleyidir. Başqa cürə mümkün deyil».

Azərbaycanda ilk film 1898-ci ildə çəkilib. Azərbaycan filminin əsası «Bibiheybətdə neft fontanı yanğını», «Balaxanıda neft fontanı», «Qafqaz rəqsi» bədii kinosüjetləri ilə qoyulub.
XS
SM
MD
LG