Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:37
ABŞ UKRAYNANI, QIRĞIZISTANI İTİRDİ, İNDİ DƏ AZƏRBAYCANI İTİRMƏK ÜZRƏDİR...

İsa Qəmbər Azərbaycanda Amerika əleyhinə kampaniyaya start verildiyindən yazır. Və sual edir ki, bəs niyə məhz indi İlham Əliyev və Azərbaycan hakimiyyəti anti-Amerika təbliğatı aparmağa başlayıblar? Cavab elə bloqçunun özündən gəlir:

«Bunun səbəbi göz qabağındadır. ABŞ Azərbaycanın ərköyün rejimindən yorulubdur və bu yorulma müxtəlif şəkillərdə təzahür edir. «Washington Post» qəzetində Dubay mülkləri ilə bağlı yazı hər kəsin yadındadır. Və görünür Vaşinqtonda nüvə təhlükəsizliyi ilə bağlı çox önəmli tədbirə İlham Əliyevin dəvət edilməməsi, İlham Əliyevin çox möhkəm xətrinə dəyib. Yəni Rusiyanın, Ukraynanın, Qazaxıstanın, Ermənistanın, Gürcüstanın iştirak etdiyi önəmli bir tədbirə İlham Əliyev dəvət olunmayıb. İlham Əliyev bundan narazıdır. Məhz buna görə qəzəblidir, buna görə gedişlər edir. Və bu cür bəyanatlar da verildi ki, Prezident Aparatının nümayəndələri tərəfindən, əgər Amerika Azərbaycana bu cür münasibət göstərəcəksə, Azərbaycan da adekvat addımlar atacaq. Sual verildi ki, adekvat addımlar nədən ibarətdir? Və indi məlum oldu ki, ilk addımlardan biri kimi Azərbaycan tərəfi ABŞ tərəfi ilə birgə hərbi təlimlərin keçirilməsindən imtina edib. Bu kökündən yanlış bir qərardır...».

AMERİKANIN SEÇİMİ METYU BRAYZADIR

8 aydan sonra ABŞ Azərbaycana səfir təyin etməyə qərar verib və onun seçimi Metyu Brayzadır...
Əli Novruzov yazır ki, rəsmi Bakının anti-Amerika isteriyası bu günlərdə çətin günlərini yaşayır. «Coca-Cola» şirkəti gözlənilmədən yoxlanıb və cərimələnib, hökumətyönlü deputatlar ABŞ-la neft müqavilələrinə son qoymağa çağırır. Digər tərəfdən, Azərbaycan amerikalı həmkarları ilə hərbi təlimləri təxirə salır. İndi isə şayiə gəzir ki, 8 aydan sonra ABŞ Azərbaycana səfir təyin etməyə qərar verib və onun seçimi Metyu Brayzadır...

AZƏRBAYCAN ÜÇÜN MİTİNQLƏRİN ZAMANI KEÇMƏYİB


Əli Kərimli hesab edir ki, Azərbaycan üçün mitinqlərin zamanı keçməyib:

«Beynəlxalq birliyin və medianın son günlərdə sərgilədiyi prinsipial mövqe hakimiyyət dəhlizlərində qorxunu artırıb. İsterik bəyanatlar verirlər. Amma şübhəsiz ki, daha çox öz xalqımızdan qorxurlar. Qorxurlar ki, bir gün əzilən 100 minlər, milyonlar ayağa qalxıb, pozulan hüquqlarını tələb edər.

Yadınızdamı, hökumət mitinqləri zorla dağıdıb, qadağan edəndən sonra insanların bir daha meydanlara qayıtmaması üçün İlham Əliyev belə bir tezis ortaya atdı ki, guya Azərbaycan üçün mitinqlər dövrü artıq keçilmiş mərhələdir? Həm hökumətə xoş gəlmək istəyən, həm də sıradan bir yaltaq kimi görünmək istəməyən «intellektual» yaltaqlar dərhal işə başladılar. Hər fürsətdə artıq daha mədəni, daha müasir mübarizə vasitələrinin olduğunu vurğulayaraq, mitinq və nümayişləri də artıq «vaxtı keçmiş», «köhnəlmiş», hətta «çağımıza yaraşmayan» mübarizə vasitələri kimi təqdim edirdilər».

Bu yaxınlarda özünə bloq yaradan yazıçı Əli Əkbər hələ ki, fəal bloqçudur. Son postlarından birində azadlıq intizarı çəkdiyini yazır:

«Bir dəfə yazmışdım ki, indiki rejimdən daha pisini təsəvvür etmək əxlaqsızlıqdır. Mən nə müsavatçıyam, nə cəbhəçi. Bunlardan hansı iqtidara gələcək, yoxsa tamam başqa bir partiyamı hakimiyyəti ələ alacaq – məni bir o qədər də maraqlandırmır. Mənim indiki rejimlə obyektiv səbəblərə söykənən, onurğama işləmiş, bütün varlığımı bürümüş şəxsi-qərəzliyim var. Onun sadəcə olaraq rədd olub getməsini istəyirəm. Mənim bu iqtidara nifrətimin, iqtidarın neft və Dubay sevgisindən daha şiddətli olduğuna inanıram».

DÖVLƏT QULLUQÇUSU, DÖVLƏT SEVGİLİSİ YOXSA DÖVLƏT XADİMİ

Elnur Məcidli yazır ki, dövlət və hakimiyyət anlayışları bir-birindən ayrı məfhumlar olsa da bunu Azərbaycana aid etmək mümkün deyil. Hazırkı hakimiyyət, dövlət anlayışını özününküləşdirib və özəlləşdirib:

«Dövlət orqanlarında çalışmaq üçün YAP-a üzv olmalı, müxalif-fərqli fikir səsləndirməməlisən. Halbuki, dövlət bütün Azərbaycan xalqının ortaya qoyduğu məhsuldur, dövlətçiliyin təməlində fikir müxtəlifliyi əhəmiyyətli rol oynayır. Bir dövlətin inkişafı üçün həmin dövlətdə müxtəlifliyin, fikir zənginliyinin olması vacibdir. Monoton fikir, ideologiya, tək lider üzərində qurulan idarəçilik sisteminin dövlətçiliklə əlaqəsi yoxdur».

HƏRƏSİ BİR ÇALARDA, HƏRƏSİ BİR RƏNGDƏ

Hələ mən gündən bozarmış, yağış və küləkdən cırılmış bayraqları demirəm. Bu, dövlətə hörmətsizlikdir
Firudin Allahverdi hesab edir ki, Azərbaycan bayrağına hörmətsizlik olunur. Bloqçuya görə bayrağın tərsinə asılması bir yandan, dalğalanan bayraqların rəngi də bir-birindən fərqlənir:

«Türkiyə bayrağındakı qırmızı rəngin, Pakistan bayrağındakı yaşıl rəngin xüsusi tonları var. Bu dövlətin xüsusi qurumları tərəfindən müəyyənləşdirilir və dəyişilməz qalır. Hər kəs öz ürəyi istədiyi qırmızının və ya yaşılın üzərinə ay-ulduz çəkərək bayraq düzəltmir. Eləcə də keçmiş SSRİ bayrağındakı qırmızı Türkiyə bayrağındakından fərqlənir. Fransız bayrağındakı göy və qırmızının da xüsusi tonları müəyyənləşdirilib. Bu məsələ çox mühümdür və istənilən ciddi dövlətin qanunvericiliyi ilə müəyyən olunur.

Bizdə isə elə deyil. Hər hansı idarənin, məktəbin qarşısında, ya da bayram günlərində şəhərin yol dirəklərinə bərkidilmiş bayraqlara fikir verin. Hərəsi bir çalarda, hərəsi bir rəngdə. Hələ mən gündən bozarmış, yağış və küləkdən cırılmış bayraqları demirəm. Bu, dövlətə hörmətsizlikdir, bəli! Amma əvvəlcə dövlət özü-özünə hörmət qoymalıdır ki, sonra bunu vətəndaşlarından tələb edə bilsin...».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG