Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:31

Necə öldüyümü görürsünüz də...


(Mənbə: adyazar.az, çevirdi: Günel Mövlud)

Dahi Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin müsahibəsini sizə təqdim edirik. Bu müsahibə 2004-cü ildə "Literra" jurnalında dərc olunub. Müsahibənin müəllifi Migel Palasiodur.

- Müəlliminiz kim olub?

- Mənim üçün müəllim o kəslərdir ki, bir insanın öz şəxsiyyətini formalaşdırmasına, həyat yolunu seçməsinə, bacarığını inkişaf etdirməsinə təsir edə bilirlər. Belə adamlar az olmayıb.

Xüsusilə ana tərəfdən babam, polkovnik Nikolas Rikardo Markes Maxiya. Babam əla zərgər idi, qızıldan balaca balıqlar, üzük, boyunbağı, bilərzik və bir çox başqa şeylər düzəldirdi. Mən onun evində böyümüşəm.

Babam mənə çox şey öyrətdi, iştirak etdiyi vətəndaş müharibələrindən danışdı, təbiət sirlərini açdı.

Müxtəlif sözlərin mənası barədə babama o qədər sual verirdim ki, kişi axırda naəlac qalıb, lüğətə əl atmalı olurdu.

Elə bir vaxt olmayıb ki, o, balaca nəvəsinin marağını qulaqardına vursun, nəyisə başa düşməkdə ona kömək etməsin. Polkovnik Markes doğmalarımın arasında yeganə adam idi ki, məni başa düşürdü.

Uşaqlıqda, yeniyetməlik vaxtı güclü təxəyyülüm vardı, özümdən cürbəcür hoqqalar çıxarır, hadisələr, dostlar uydururdum. Sağlam olduğum halda hamını ölümcül xəstə olduğuma inandırırdım.

Həyatıma maraq qatmaq, onu daha parıltılı, rəngli görmək istəyirdim. Buna görə məni danlayırdılar, "gopçu", "zəvzək" deyirdilər.

Babam yeganə adam idi ki, uydurmalarıma görə məni danlamırdı. Bəlkə də o, bu balaca gopçuya baxanda gələcəyin böyük yazıçısını görürdü.

Bir dəfə çəkdiyim gülməcələri ona göstərəndə, babam dedi: "Bu uşaq nəsə uydurmağa bələkdən vərdiş eləyib". Babam öləndə səkkiz yaşım vardı. Və yazıçılığımın bütün mahiyyəti həmin səkkiz ildə özümlə nə baş verdiyini anlamaq, təsvir etmək cəhdidir.

İkinci müəllimim litseydə mənə ispan dili və ədəbiyyatını öyrədən Karlos Xulio Kalderon Ermida oldu.

Onun sevimli şagirdi idim. Don Karlos litseyin təlim-tərbiyə işləri üzrə müdiri idi. Hər dəfə hoqqabazlığıma görə cəzalandırılmağım lazım gələndə, o, məni parta arxasında əyləşdirib, sabahkı dərs üçün hekayə yazmağa məcbur eləyirdi. Məni yazmağa da o həvəsləndirdi.

Ədəbiyyatdakı müəllimlərimə gəlincə, dörd ad çəkə bilərəm.

Ümumiyyətlə, ədəbi təsir vacib məsələdir. Uzun müddətdir ki, bu, məni düşündürür. Lap sütül vaxtlarımda əlimə Kafkanın "Çevrilmə" əsəri keçdi. Oxudum və əməlli-başlı sarsıldım.

Yadımdadı, o vaxt özümə dedim: "Budur, tapdım! Əgər ədəbiyyat budursa, onda yazmağa dəyər!"

Kafka mənə başa saldı ki, ədəbiyyatda qadağan və mümkünsüz bildiyim şeyləri nəinki etmək olar, hətta lazımdır. Kağız-qələm götürüb, yazmağa başladım.

İlk hekayələrim Kafkanın təsiri altında yarandı. İndi onları əsərlərimdən ibarət antologiyalara salırlar. Bunu doğru hesab eləmirəm, çünki ilk ədəbi təcrübələrim həddən artıq intellektuallaşdırılmış əsərlərdir və öz həyatımla, reallıqla yaxından-uzaqdan əlaqəsi yoxdur. Mənimsə insanlara demək istədiyim bunlar deyildi.

Uilyam Folkner də mənə çox şey öyrədib. Daha doğrusu, o, şəxsi qənaətlərimi təsdiqləyib.

Onun təsvir etdiyi dünya mənim yazmaq istədiyimə çox oxşayır, sadəcə, Folkner Cənubi Amerikanı yazıb. Həmin yerlər dünyaya gəldiyim Karib sahillərinə, Arakatakaya çox oxşayır.

Otlaqlar, palmalar, ağ dəmirdən damı olan evlər, dəmiryollar, qatarlar - bunların hamısı Cənubi Amerikada da, mənə doğma olan yerlərdə də var.

Məsələ burasındadır ki, Arakatakanı "Yunayted frut kompani" abadlaşdırmışdı. Bu şirkət özü ilə bura amerikan təcrübəsini, məişətini, həyat tərzini, Cənubi Amerikadakı, əvvəllər Meksikanın ərazisi olmuş, latındilli, latın mədəniyyətli ştatların ab-havasını gətirdi. Odur ki, Folkner də mikrodünyamın bir hissəsinə çevrildi.

Virciniya Vulf da mənə qəribə təsir göstərib. Bu qadının heyrətamiz zaman hissiyyatı var. O, ən dəqiq, real saniyələri, dəqiqələri, saatları, günləri təsvir edib, bununla belə bütöv bir əbədiyyət zəncirini yaradıb. Onun kitabları mənə yazmağı öyrədib.

Daha bir yazar var ki, adını çəkməyə bilmərəm.

Bu, nikaraqualı şair Ruben Dariodur. Həyatımın kitabı hesab etdiyim "Patriarxın payızı"nda mən Darionun və Karib xalqlarının şeirləri ilə oynamışam. Məncə, böyük, feodal diktatorların zəmanəsi üçün Dario ən tipik şairdir.

"Patriarxın payızı"nda roman boyu onun şeir dili ilə oynayırdım. Darionun şeirləri olmasaydı, "Patriarxın payızı" da olmazdı...

- Həyatınızdan və yazıçı karyeranızdan razısınız?

- Yəqin ki, hə. Həyat və karyeramdan narazı olduğumu desəm, hamıya qəribə gələr. Yaşımın da elə bir vaxtıdır ki... İndi 76 yaşımda durub, özümü "qəlbi daima gənc", "hər şeyi başdan başlamaq istəyən" ahıl adamlar kimi aparmağım axmaqlıq olardı.

Axı mən Fidel Kastro deyiləm ki, lap elə bu dəqiqə başımı növbəti cəncələ salmağa hazır olum.

Bəlkə də insanda elə qeyri-təbii yaşam ehtirasının olması yaxşıdır. Buna görə hərdən Fidelə paxıllığım tutur. Qocalmağımdan məyus olduğumu da deyə bilmərəm. Mən həmişə qocalığa hazır olmuşam.

On yaşım olanda dostlarım mənə "ağsaqqal" ləqəbi vermişdilər. Həmişə yaşıdlarımdan böyük görünməyə can atırdım və dostlarım deyirdi ki, mən özümü lap ağsaqqal kimi aparıram.

Yaşımdan böyük görünmək istəyi uzun müddət məni tərk etmədi. Tez-tez hiss eləyirdim ki, babam kimi danışıram. Həyat və yazıçı karyeramda vacib mərhələ yarım əsr qorxduğum memuar yaradıcılığı oldu.

Var gücümlə çalışdım ki, bu anı gecikdirim.

Yer üzündəki sürdüyüm ömrün haqq-hesabını aparmaqda maraqlı deyildim - mən, sadəcə, yaşamaq istəyirdim. Bir şey də var ki, ömrün boyu oxucuya təxəyyül məhsulunu, olmayan şeyləri sırıyasan və qəfildən ona çılpaq həqiqəti demək məcburiyyətində qalasan! İki il əvvəl bu sınaqdan da keçə bildim.

"Həyatını nağıl etmək üçün yaşamaq" adlı birinci memuarımdakı 579 səhifənin hamısı Qabriel Qarsia Markesdən eşitdiyiniz təmiz həqiqətdir. Xatirələrimi hələ 1989-cu ildən yazmağa başlamışdım.

Amma 2000-ci ildə belə, onları nəşr nədi, heç adam arasına çıxarmaq olmazdı. Naşirlərim isə bu cür fikirləşmirdilər. Onlar məni həvəsləndirir, tələsdirirdilər və nəticədə demək olar ki, əlyazmanı əlimdən zorla aldılar.

Dörd yüzə yaxın düzəlişi sonradan edəsi oldum. Kitabın leytmotivini ifadə edən epiqrafı da sonradan əlavə etdim: "Həyat yaşananlardan yox, yadında qalan və nağıl edə bildiyin şeylərdən ibarətdir".

Müəyyən bir zamanı keçəndən sonra fərqinə vardım ki, Qabriel Qarsiya Markes adlı insan bir deyil, iki həyat yaşayır. Bu həyatlardan birini tanıyıram, bu öz həyatımdır, getdiyim yoldur.

O biri həyatımda baş verənlər isə məndən asılı deyil. Həmin həyatımda mən əslində cəsarətim çatmadığı şeyləri edirəm. Bu ikiləşmə şöhrət quşu başıma qonandan sonra yarandı.

Qəzetlərdə, jurnallarda iştirak etdiyim tədbirlər (əslində, o tədbirlərdən heç xəbərim də yox idi) barədə yazmağa başladılar. Mətbuatda dünyanın müxtəlif yerlərində oxuduğum mühazirələrimdən, verdiyim müsahibələrdən, qəbullardan, görüşlərdən xəbər tuturam. Maraqlı budur ki, mən o müsahibələri verməsəm belə, hər sözün altından qol çəkməyə hazıram.

Nə qədər qəribə olsa da, uydurma müsahibələrim özümün verə biləcəklərimdən qat-qat maraqlı, oxunaqlıdır. O müsahibələrdə mənim fikirlərim, həyata baxışlarım, zövqlərim daha yaxşı ifadə olunur. Hələ bu harasıdır?!

Neçə dəfə olub ki, dostlarımın evində qonaq olanda onların kitabxanasındakı kitablarımda öz xəttimlə, sevdiyim mürəkkəb qələmlə, vərdiş etdiyim tələm-tələsik tərzdə yazılmış avtoqraflarımı görmüşəm.

Bir dəfə də olsun, fırıldağa tuş gəlmiş dostlarıma bu avtoqrafların mənə məxsus olmadığını deməyə ürək etməmişəm.

Çünki bunu sübut etmək mümkün deyildi. Həm də istəmirəm, məni zəhlətökən qoca kimi tanısınlar.

"Ekiz qardaş"ımın fəaliyyəti bununla da bitmir. Hər səfərimdə mənimlə yaxından tanış olan, ən azı bir dəfə görüşən və görüşün əziz xatirəsini qəlbində sevə-sevə yaşadan adamlarla qarşılaşıram. Elə insanlar var ki, guya hansısa qohumumla dostluq edir.

Həmin adamı təsvir edəndə məlum olur ki, hər kimdisə, sadəcə, qohumuma oxşayır. Mexikoda bir sinyor tanıyıram, o eyzən Akapulkolu qardaşım Umberto ilə qurduğu kef məclislərindən danışır.

Hətta bir dəfə qardaşımın araçılığı ilə ona göstərdiyim köməyə görə mənə təşəkkür də elədi. Uzun illər o sinyora Akapulkoda Umberto adlı qardaşımın olmadığını deməyə cəsarət etmədim.

Belə şeylər həyatımda çox olub. Bu hadisələrdən çoxunu on altı il əvvəl "İkinci "Mən"im" adlı məqalədə birləşdirib çap etdirmişdim.

Ümid edirdim ki, "ekiz qardaşım" bu məqaləni oxuyandan sonra başa düşəcək ki, etdiyi hərəkətdən artıq xəbər tutmuşam.

Və mənim adımdan ağlına, ağzına gələni etməyəcək. Amma heç vecinə də olmadı. Hələ də qulağıma çatır ki, mənim adımdan min cür hoqqalar çıxarır.

Son illər məni əsəbiləşdirən şeylərdən biri də ölümümlə bağlı idi. Mətbuat inadla məni öldürüb, basdırmağa başladı. Neçə dəfə olub ki, televizoru açanda "Bu gün yazıçı Qabriel Qarsia Markes dünyadan köçdü" xəbərini eşitmişəm.

Bir vaxtlar bu məni özümdən çıxarırdı, amma yavaş-yavaş azı iki aydan bir çəkən ölüm xəbərimi eşitməyə alışdım.

Bu yaxınlarda Mexiko restoranlarından birində tanış jurnalist məni görəndə heyrətlə dedi:

"Sinyor, mən bu gün radiodan sizin ölüm xəbərinizi eşitdim". Əlimdən nə gəlir? Dedim ki, "necə öldüyümü görürsünüz də…". İki il əvvəl isə özünü ağıllı hesab eləyən bir qoçaq internetdə vəsiyyət məktubumu yerləşdirmişdi. Səmimi pərəstişkarlarımın belə vulqar şeylər yazdığıma inanması məni həm utandırır, həm də ağrıdır.

Bunların hamısı qədərindən artıq olan şöhrətin fəsadlarıdır.

Bununla heç nə etmək mümkün deyil. Mənim ikinci "mən"im Qabriel Qarsia Markeslə hesablaşmadan bu gen dünyada kef eləyir, şöhrətimin dənizində üzür, ağlına gələni edir.

Bəlkə də xəbəri yoxdur ki, əslində biz bir-birimizə heç oxşamırıq! O, Qabriel Qarsia Markesin həyatını yaşayıb, kef elədiyi vaxtda mən yazı masasının arxasında qocalmaqla, məğrur tənhalığıma qapanıb, keçmişi gövşəyimə gətirməklə və bu dünyada can gəzdirməklə məşğulam...

- İndi ruhunuzun vəziyyəti necədir?

- On ildir ruhum narahat və həyəcanlıdır.

Yaşadığımız dünya çox böyük sürətlə, pis mənada dəyişir və biz hamımız bu dəyişikliyi öz köynəyimizdə yaşayırıq.

Dünya o qədər dəyişib ki, hərdən elə bilirəm, mən bu həyatdan heç nə qanmıram. Bəlkə də islaholunmaz romantikin, xəyalpərəstin biriyəm, amma bu dünyanın sabah, birigün necə olacağı məni maraqlandırmır.

Buna görə də, bir çox həmkarlarımdan fərqli olaraq, fikirləşdiyimi ictimaiyyətə açıq deyə bilirəm. Bu, çoxlarının xoşuna gəlmir, mənim ictimai fəallığımı qınayırlar.

İspaniya Kolumbiya vətəndaşlarına vizasız rejim tətbiq etməyənə qədər bu ölkəyə səfər etməmək qərarımı pisləyirlər. Kuba inqilabını dəstəkləməyimi qınayırlar. Siyasi aksiyalarda, həmçinin Kolumbiya hakimiyyəti və partizanların arasındakı sülh danışıqlarında iştirakımı pisləyirlər. Düzdü, mənim səsim heç nəyi həll etmir.

Necə ki, hər hansı sadə vətəndaşın səsi təklikdə heç nəyi həll edə bilmir.

Bəşəriyyətin problemlərini heç kim təkbaşına həll edə bilməz.

- Gələcəyə nəsə planlarınız var?

- Mənim gələcək üçün həmişə bir planım olub - yazmaq.

Yazmadan bir gün də yaşaya bilmərəm. Son altı ildə görürəm ki, yaman tələsirəm. Yaşamağa tələsirəm. Xatirələrimi yazıb qurtarmağa tələsirəm. Bir çox işimi axıra çatdırmağa tələsirəm.

Bununla belə, həmişə yaşadığım kimi yaşamağa çalışıram. Arzularım əvvəlki kimi çoxdur.

Bu arzulardan biri və qorxuram ki, ən uzaq olanı köhnə dostlarımı geri qaytarmaqdır. Şöhrətin zirvəsinə qalxandan sonra ətrafıma baxıb gördüm ki, heç kim yoxdur. Qorxdum.

Günün 24 saatını hamının gözü qarşısında ola-ola hamıdan təcrid olunmuş bir həyat yaşamaq sizə asan gəlməsin. Bax, mənim yazıçı həyatımın böyük bir hissəsini narahat edən əsl tənhalıq budur.

Romanlarım, hekayələrim, povestlərimdəki əsas mövzü budur - tənhalığın hakimiyyəti və hakimiyyətin tənhalığı. Tale mənimlə qəddar oyun oynadı, ömrümün qürubunda tənhalığa gömdü: şöhrətin tənhalığı isə hakimiyyətin tənhalığına çox oxşayır. Hakimiyyətin tənhalığına uyğun gələn ən parlaq misal, köhnə dostum və böyük hörmət bəslədiyim milli lider Fidel Kastrodur.

Amma Fidel mənim bu nəzəriyyəmi yumşaq desək, qəbul etmir.

- Bəs ailəniz...

- Ailəmi, doğmalarımı, yaxınlarımı çox sevirəm. Onlara ancaq yaxşılıq arzu eləyirəm və bacardığım qədər sevindirməyə çalışıram. Ailədə hər şey yaxşıdısa, yaradıcılıqda da hər şey yaxşı olur.

Ədəbi uğurlarımın çoxunu doğmalarımın sevgisinə, dəstəyinə borcluyam. Bütün qəlbimlə arzu edirəm ki, ayrılıq və dava-dalaş kimi şeylər bizim ailədən yan keçsin.

- Sehrbaz olsaydınız, nə edərdiniz? Özünüz üçün...

- İfrat bədii, ağıllı ifadələri bir qırağa qoyub, səmimi desəm: canımı boğazıma yığmış bu xəstəlikdən yaxamı qurtarardım.

- Bəs doğmalarınız üçün...

- Onların xoşbəxtliyi üçün insani gücümlə bacarmadığım şeyləri edərdim.

- Yaradıcılığınız üçün...

- "Yüz ilin tənhalığı"nın bütün nəşrlərini, nüsxələrini yığışdırardım. Ən pis halda, onu təzədən yazardım. Mən bu əsərimdən utanıram, çünki bir sıra səbəblərdən onu lazım olduğu kimi yaza bilməmişəm...

Həmçinin oxu
Qabriel Qarsia Markes "İri qanadlı çox qoca adam" (Hekayə)

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG