Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:10
ORXAN PAMUKUN «BAŞQA RƏNGLƏR» KİTABINDAN

Artıq otuz ildi yazıram. Bu sözləri də çoxdan təkrarlayıram.

O qədər çox təkrar söyləmişəm ki, daha həqiqətə oxşamırlar, çünki artıq yazıçılığımın otuz birinci ilidi. Amma hər halda demək ləzzət verir: artıq otuz ildi romanlar yazıram, amma bu da tamam doğru deyil.

Aradabir başqa şeylər: oçerklər, tənqidi məqalələr, İstanbul, yaxud siyasət haqqında qeydlər, nitqlər yazıram…

Bununla belə, məni həyata bağlayan əsas həvəsim romanlar yazmaqdı.

Bir çox böyük yazıçılar məndən daha uzun müddətdi yazırlar, bu prosesə xüsusi fikir vermədən yarım əsrdən artıqdı yazırlar…

Dönə-dönə, vəcdlə, sevgiylə oxuduğum Tolstoy, Dostoyevski, yaxud Tomas Mann kimi böyük yazıçıların yaradıcılıq həyatısa, ümumiyyətlə, otuz il yox, əlli ildən artıq çəkir.

Mən yazıçılıq fəaliyyətimin otuz ilinə niyə böyük əhəmiyyət verirəm?

Bunu ona görə eləyirəm ki, kitabın yazılması, xüsusilə də adətim kimi romanın yazılması prosesi barədə danışmaq istəyirəm.

Özümü xoşbəxt eləmək üçün mən hər gün müəyyən ədəbiyyat dozası almalıyam.

Bu məsələdə hər gün bir qaşıq dərman qəbul eləməli olan xəstəyə oxşayıram.

Uşaqlıqda öyrəndim ki, şəkərli diabet xəstələrinin normal həyat tərzi keçirmələri üçün hər gün onlara iynə vurmaq lazımdı, buna görə də belələrinə çox yazığım gəlirdi, hətta mən elə bilirdim, yarıölüdülər.

Mən də ədəbiyyatdan asılılığıma görə yarımçıq yaşayıram. Əvvəllər, xüsusilə gənclikdə fikirləşirdim ki, məni real həyatdan uzaqda, buna görə də yarıölü vəziyyətə məhkum sayırlar.

Bəlkə də bu vəziyyəti yarıkabus vəziyyət saymaq daha düzgün olardı.

Hətta tez-tez mənə elə gəlirdi, ölüyəm, öz cəsədimə ədəbiyyatın köməyilə həyat verməyə çalışıram.

Ədəbiyyat mənim üçün dərmandı.

Qaşıqla, yaxud inyeksiya təki qəbul olunan ədəbiyyat, hər gün «qəbul eləməli olduğum» ədəbiyyat – belə demək mümkünsə, mənim «dozam» – müəyyən xüsusiyyətlərə və müəyyən tərkibə malik olmalıdı.

Hər şeydən qabaq «dərman» yaxşı olmalıdı.

Keyfiyyət altında mən səmimiyyəti və siqləti başa düşürəm. Mənə dünyasına inana bildiyim hər hansı dərin romandan bir parça oxumaq qədər başqa heç bir şey xoşbəxtlik gətirmir, məni həyata səsləmir.

Eyni zamanda azacıq həsəd kölgəsi heyrətimi korlamasın deyə, artıq müəlliflərin sağ olmamalarına üstünlük verirəm.

Yaşlandıqca görürəm ki, ən yaxşı kitabları artıq ölmüş yazıçılar yazıblar.

Əgər onlar hələ sağdılarsa, gözəgörünmədən, kabus kimi bizim arxamızda dolaşırlar.

Ona görə də böyük yazıçıları küçədə görəndə həyəcan keçiririk, elə bil kabuslar görürük və gözlərimizə inanmadan onları uzaqdan seyr eləyirik. Çox az cəsarətli adamlar kabusa yaxınlaşıb ondan avtoqraf istəyir.

Bəzən öz-özümə deyirəm, bir müddətdən sonra bu yazıçı da öləcək onun kitabları bizi daha qüvvətlə həyəcanlandıracaqlar.

Amma əlbəttə ki, həmişə belə olmur. Əgər yazıramsa, mənə hər gün tamamilə başqa ədəbiyyat «dozası» lazımdı.

Çünki mənim xəstəliyim kimi xəstəliyə tutulmuş adamlar üçün ən yaxşı dərman, ən böyük xoşbəxtliyin mənbəyi hər gün yarım səhifə yaxşı mətn yazmaqdı.

Artıq otuz ildi, mən demək olar, hər gün iş otağımda, masamın arxasında ən azı on saat yazıram.

Əgər yazılanlardan layiqli hesab edilib çap olunanları hesablasaq, otuz il ərzində orta hesabla gündə bir səhifədən az alınır.

Üstəlik də yazdıqlarım «layiqli» saydığım səviyyədən bir qədər azdı.

Bu da özümü bədbəxt saymağımın iki vacib səbəbidi. Amma istəyirəm, məni düzgün başa düşəsiniz: ədəbiyyata bu qədər bağlı olan mənim kimi yazıçı yaratdığı kitabların sevincini hiss eləyəcək, yaxud onların uğuru, ya da sayıyla qürur duyacaq qədər səthi adam deyil.

Ədəbiyyat ona öz həyatını xilas eləmək üçün yox, yaşadığı ağır gündən canını qurtarmaq üçün lazımdı.

Günlərsə həmişə ağırdı. Əgər siz yazmırsınızsa, həyat çətindi.

Çətindi, ona görə ki, yaza bilmirsiniz. Bir də ona görə ki, yazırsınız, axı yazmaq çox çətindi.

Başlıcası, bu çətinliklərin arasında ümid qazanmağı bacarmaq günü yaşamaqdı, əgər kitabla onun səhifələri sizi başqa aləmə aparırsa, həmin gün sevinmək , özünü xoşbəxt hiss eləmək baş tutub.

Yaxşı işləyə bilməyəndə, yaxud hər hansı kitabdan zövq almayanda nə hiss elədiyimdən söz açmaq istəyirəm.

Əvvəlcə dünya mənə xoşagəlməz, hətta bir qədər iyrənc görünür; məni tanıyanlar dərhal bunu sezirlər, çünki bu dünyaya oxşamağa başlayıram.

Məsələn, axşam qızım üzümün kədərli görkəmindən dərhal başa düşür ki, gündüz istədiyim kimi işləyə bilməmişəm. Bunu ondan gizləməyə çalışıram, amma bacarmıram.

Belə çətin dəqiqələrdə mənə elə gəlir, ölümlə həyat arasında fərq yoxdu.

Heç kəslə danışmaq istəmirəm, bu vəziyyətimi görənlər də mənimlə danışmaq istəmirlər.

Ümumiyyətləsə, hər gün günortadan sonra, saat birdən üçəcən buna bənzər, ancaq yüngül formada bir şey keçirirəm, amma artıq bilirəm ki, bunun ən yaxşı dərmanı işləmək, oxumaqdır, əgər vaxtında hərəkətə gəlməyə başlayıramsa, tamamilə canlı meyitə çevrilməzdən əvvəl vəziyyəti xilas eləyə bilirəm.

Əgər səfərlər, qazpulu ödəmək, orduda xidmət (bu, çoxdan olub), siyasi hadisələr (bu yaxınlarda olub) və müəyyən bir maneələr üzündən uzun müddət mürəkkəb – kağızdan dərmanımı qəbul eləmirəmsə, dərddən daşa dönürəm.

Cismim özümə çətinliklə tabe olur, ayaqlarım keyləşir, başım dördkünc vəziyyət alır, hətta deyəsən, tərim də nəsə başqa cür qoxu verir. Bu əzablar da uzun müddət sürə bilər: həyat adamı ədəbiyyatdan uzaqlaşdıran cəzalarla doludu.

Mən tünlük siyasi yığıncaqda iştirak eləyə bilərəm; universitetin dəhlizində dostlarımla söhbətləşə bilərəm; bayram günündə qohumlarımla şam yeməyi yeyə bilərəm; televizorda gördükləriylə beyni dolu olan baxışlarımız bir-birinə düz gəlməyən yaxşı bir adamla söhbətə girişməyə cəhd göstərə bilərəm; vacib işgüzar görüşdə iştirak eləyə, yaxud vizaya şəkil üçün fotoqrafın yanına gedə bilərəm – qəfildən göz qapaqlarım ağırlaşır, günün günorta çağı yuxuya gedirəm.

Bəli, yəqin mənim əsas tələbatım ədəbiyyat yox, arzulara daldığım otaqda tək qalmaqdı.

Tək olanda bütün bu yığıncaqlar, ailə və universitet görüşləri, yaxud bayram ziyafətləri orda iştirak eləyən adamlar kimi, mənə çox xoş gəlir.

Bu bayram ziyafətlərini xəyalımda canlandırdığım təfərrüatlarla tamamlayıram, adamlarısa daha əyləncəli eləyirəm.

Mənim xəyallarımda əlbəttə ki, hər şey maraqlı, sirli, həqiqi olur. Bu yaxşı tanış olan aləmdən yeni aləm yaradıram.

İndi ən başlıca şeyə çatdıq. Yaxşı işləmək üçün çox darıxmalıyam; çox darıxmaq üçün həyatın bulaq kimi qaynadığı yerdə olmalıyam.

Məhz orda, səs-küyün ortasında, bir yığın telefonun zəng çaldığı bir ofisdə, yaxud günəşli dəniz qırağında doğmaların, əzizlərin əhatəsində, yaxud yağışlı havadakı dəfndə, yəni tezliklə özümü hadisələrin lap ortasında hiss eləyəcəyim bir vaxtda qəfildən duymağa başlayıram ki, əslində baş verən hadisələrdə iştirak eləmirəm, əksinə hər şeyə qıraqdan baxıram.

Xəyala dalmağa başlayıram. Əgər ovqatım pisdisə, yalnız nə qədər darıxdığım barədə düşünürəm.

Əgər yaxşıdısa, daxili səs mənə otağa qayıdıb masanın arxasında oturmağı əmr eləyir.

Belə halda başqalarının özlərini necə apardıqlarını bilmirəm, amma mənimkimilər yalnız bu cür yazıçı olurlar. Həm də mənə elə gəlir, bu halda adətən poeziya yox, nəsr, roman yaranır.

Beləliklə, hər gün mütləq qəbul elədiyim dərmanın başqa keyfiyyətləri barədə də öyrənirik. İndi aydındı ki, onun fəal komponentləri darıxmaq, adi həyat və xəyal gücüdü.

Bu etirafdan aldığım zövq, özüm barədə səmimi danışanda duyduğum qorxu məni haqqında danışmaq istədiyim çox ciddi, vacib məqamın dərkinə aparır.

Mən kitab yazma prosesinin çox sadə nəzəriyyəsini təklif eləyirəm, bu ondan başlayır ki, birinci mərhələdə iş ən azı mənim kimi yazıçılar üçün təskinlik, dərmandı; biz romanlarımızın mövzu və formalarını gündəlik xəyal tələbatımıza uyğun seçirik.

Romanın yaradılmasına fikirlər, ehtiraslar, hiddət, arzu təsir göstərir, bütün bunları bilirik.

Sevdiklərimizi sevindirmək, düşmənlərimizi alçaltmaq, vəcdə gəldiyimiz şeyləri tərifləmək, sevdiyimiz barədə danışmaq, qəti bilmədiyimiz şey barədə məmnunluqla mülahizə yürütmək, nəyisə ləzzətlə xatırlamaq, ya da ümumiyyətlə, xatırlamamaq, sevilməyi arzulamaq, oxumağı arzulamaq, siyasətlə maraqlanmaq, kiminsə tələbatını ödəməyi istəmək, şəxsi məhvedici ehtiraslar – bunlar, çoxlu digər anlaşılmaz, mücərrəd istəklər bizi gizli, ya açıq yönəldir…
Elə həmin istəklər də haqqında danışmaq istədiyimiz xəyallarımıza təsir göstərir.

Biz istəklərimizin hardan yarandığını və xəyallarımızın nə olduğunu dəqiq bilməyə bilmərik, amma yazmağa başlayanda istəyirik ki, onlar bizi yönəltsinlər, hardan əsdiyi məlum olmayan külək kimi, arxadan itələsinlər.

Hətta demək olar, bu gizli qüvvələrin iradəsinə tabe oluruq.

Biz hara üzəcəyini bilməyən gəmi kapitanına oxşayırıq… Amma şüurumuzun bir tərəfiylə hər halda harda olduğumuzu hara üzmək istədiyimizi dərk eləyirik.

Mən hətta küləyin iradəsinə tamam tabe olanda da, tanıdığım vəcdə gəldiyim başqa yazıçılarla müqayisədə öz əsas istiqamətlərimi təxmini bilirəm, hara getdiyimi ehtimal eləyirəm.

Mən yola çıxmazdan qabaq plan tuturam: yazmaq istədiyim hekayəni gəminin hansı limanlara yol alacağından, hansı yükü götürəcəyindən, hansı yüküsə boşaldacağından, səyahətimin təxminən nə qədər sürəcəyindən asılı olaraq, hissələrə bölürəm, bütün bunları xəritədə qeyd eləyirəm.

Amma bununla belə, yelkənlərim qabarıb hekayəmin yönünü dəyişməyi qərara alanda buna müqavimət göstərmirəm.

Əslində, qabarmış yelkənlər altında gedən gəmi tam, bütöv olmalıdı.

Elə bil bir-birinə axan, hər şeyin öz aralarında bağlı olduğu, hər kəsin hər şeyi bildiyi xüsusi yer və zaman axtarıram. Külək də get-gedə sakitləşir, mən də sakitliyin içində durduğumu görürəm.

Bununla belə hiss eləyirəm ki, duman bürümüş bu sakit sularda da romanımın asta-asta irəli üzüb gedəcəyinə kömək eləyəcək bir şey gizlənib…ARDINI BURDA OXU

Günün bütün mövzuları

XS
SM
MD
LG